Böyük Britaniya ABŞ-ın “Huawei”in təhlükəsizlik təhdidləri” barədə təqdimatını qəbul etmədi
Mənbənin verdiyi məlumata əsasən, Birləşmiş Ştatlar rəsmiləri tərəfindən müəyyyənləşdirilmiş təhdid “planlaşdırma zamanı əvvəlcədən nəzərə alınıb”.
Boris Conson: “Britaniya ictimaiyyəti ən yaxşı texnologiyadan istifadə etməyə layiqdir”
Britaniya hökuməti Donald Tramp administrasiyasının nümayəndə heyəti tərəfindən dramatik şəkildə təqdim olunan “Huawei” texnologiyalarından 5G şəbəkələrində istifadənin təhlükəsi haqqında məlumatın öz xüsusi xidmət orqanları tərəfindən nəzərə alındığını bildirib.
İmtina onunla əsaslandırılır ki, Britaniya kəşfiyyatı Çin şirkətinin bu ölkənin vətəndaşlarına təqdim etdiyi texnologiyanın təhlükəsizlik təhdidlərinin idarə edilə bilinməsinin mümkünlüyü haqqında rəyini dəyişməyəcək. Birləşmiş Krallığın “Huawei” cihazlarından istifadə edib-etməyəcəyi barədə yekun qərar məhz bu qurum tərəfindən verilməlidir.
Britaniya hökumətindəki mənbədə deyilir: “Birləşmiş Ştatlar tərəfindən təqdim olunan materialda əks olunan təhlükə əvvəlcədən də tərəfimizdən müəyyən edilib və planlaşdırma zamanı nəzərə alınıb”.
Bazar ertəsi günü Tramp administrasiyasının yüksək vəzifəli məmurlarından ibarət nümayəndə heyəti “Huawei” tərəfindən iddia olunan təhlükəsizlik təhdidlərinə aid yeni texniki sübutları nümayiş etdirmək üçün Birləşmiş Krallığa səfər edib və Britaniyadan 5G texnologiyasına tam qadağa qoyulmasını xahiş edib.
Müvafiq rəsmilər və nazirlərlə görüşlərdən sonra jurnalistlər üçün təşkil edilmiş qısa brifinqdə nümayəndə heyətinin üzvlərindən biri Böyük Britaniyanın “Huawei” tərəfindən təqdim olunan yüksək sürətli 5G mobil telefon şəbəkəsindən istifadəyə icazə verməsinin “ağılsızlıqdan başqa bir şey olmayacağını” bildirib.
Heyət üzvlərindən biri Çinin gələcəkdə “Huawei” cihazlarının proqram təminatındakı nasazlıqdan izləmə məqsədi ilə istifadə edə biləcəyini bildirsə də, ABŞ rəsmiləri təqdim etdikləri dosyelərin konkret nədən ibarət olduğunu açıqlaya bilməyəcəklərini deyib.
“Huawei”cihazlarındakı nasazlıqlar Çin Kommunist partiyasının ictimaiyyəti təsir altında saxlaması üçün şəxsi məlumatların toplanması məqsədilə qəsdən yaradılıb”, - deyə rəsmilərdən biri qeyd edib.
Keçən ilin yazında Tereza Mey tərəfindən qəbul edilmiş 5G şəbəkəsinin “qeyri-özül” sahələrində “Huawei” cihazlarının istifadəsinin məqbul hesab edilməsi haqqında ilkin qərardan sonra, Birləşmiş Krallıq “Huawei” haqqında yekun qərarını tezliklə qəbul etməlidir.
ABŞ nümayəndə heyəti səfər zamanı nazirlərlə yanaşı, xüsusi xidmət orqanları ilə də görüşlər keçirib. Eyni zamanda, ötən həftə İran böhranının zirvədə olduğu bir vaxtda Vaşinqtonda səfərdə olan Xarici işlər naziri Dominik Raabla da bu mövzuda danışıqlar aparılıb.
Mühafizəkarlar partiyasından olan millət vəkili Bob Sili Böyük Britaniyanın “gələcəkdə peşman olacağı qərarı gözüyumulu qəbul etmək yolunda” təhlükədə olduğu barədə xəbərdarlıq etmişdir. Sili yekun qərarın parlamentin tərkibinin təsdiqindən sonra verilməsinin labüdlüyünü bildirib.
Sili “ConservativeHome” internet səhifəsində “Xarici kəşfiyyat və təhlükəsizlik komitələrinə təyin ediləcək yeni sədr dərhal “Huawei” məhsullarının istifadəyə yararlılığı haqqında araşdırmaya başlamalıdır” çağırışını edib.
ABŞ nümayəndə heyəti yeni kəşfiyyat materialları ilə yanaşı, şirkət haqqında yeni şübhələrin yaranmasına səbəb olan hesabatlar da təqdim edib. Bu hesabatlardan biri “Huawei” şirkətinin əməkdaşlarının tərcümeyi halları haqqında olub. Təhqiqata əsasən, şirkətin 100 nəfərə qədər əməkdaşının Çinin hərbi və kəşfiyyat qurumları ilə bağlantıları mövcuddur.
Bundan əvvəl Boris Conson “Huawei” texnologiyasına alternativ variant təklif etmək öhdəliyinin Vaşinqtonun üzərində olduğunu bildirərək, Böyük Britaniya və ABŞ arasındakı kəşfiyyat məlumatlarının mübadiləsi haqqında razılaşmanı təhlükə altına qoymaq istəmədiyini də əlavə edib.
Yeni ildə ilk müsahibəsini “BBC Breakfast” verilişinə verdiyi zaman Baş nazir deyib:
“Britaniya ictimaiyyəti ən yaxşı texnologiyadan istifadə etməyə layiqdir. Biz hər kəs üçün geniş qiqabit zolaqlı internet təqdim etmək istəyirik. Əgər insanlar bir şirkətə müxalif çıxırlarsa, bizə alternativ variant da təklif olunmalıdır”.
Eyni zamanda, o, əlavə edib:
“Digər tərəfdən, gəlin səmimi olaq. Birləşmiş Krallığın Baş naziri olaraq mən, milli təhlükəsizliyimizə və ya “Five Eyes” Alyansındakı tərəfdaşlarımız ilə (Böyük Britaniya, Kanada, ABŞ, Yeni Zelandiya və Avstraliya) əməkdaşlığımıza xələl gətirəcək hər hansı bir infrastruktur qurmaq istəmirəm”.
ABŞ rəsmiləri gələcəkdə Böyük Britaniya ilə kəşfiyyat məlumatlarının mübadiləsinə xitam verilə biləcəyi barədə xəbərdarlıq etmiş və Britaniyanın 5G şəbəkəsində “Huawei” avadanlığından hər hansı istifadənin qarşısıalınmaz təhlükəsizlik təhdidlərinə səbəb olacağını iddia edib.
“Huawei” şirkəti İngiltərə hökumətinin yekun qərarını “əsassız iddialara deyil, dəlillərə əsaslanaraq” verəcəyinə əmin olduğunu bildirib. Şirkət təqdim etdiyi texnologiyaların Çin tərəfindən nəzarət üçün istifadəsinin mümkünlüyünü inkar etmiş və bir çox qərb şirkətlərinin də əvvəllər xüsusi xidmət orqanları ilə əlaqəsi olmuş işçilərinin olduğunu bəyan edib.
Şirkətin vitse-prezidenti Viktor Çjan əlavə edib:
“Biz Baş nazirin Böyük Britaniya ictimaiyyətinin ən yaxşı texnologiyalardan istifadə etməyə layiq olması ilə bağlı fikri ilə tamamilə razıyıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət