ABŞ Cənubi Qafqazı strateji baxımdan özü üçün çox mühüm region hesab edir
ABŞ Cənubi Qafqazı strateji baxımdan özü üçün çox mühüm region hesab edir.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri “Amerikanın səsi” teleradio şirkətinə müsahibəsində dünən Azərbaycana səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz Cənubi Qafqazı strateji baxımdan özümüz üçün çox mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla sərhəddə yerləşən Azərbaycandan gedir”, - o deyib.
Boltonun sözlərinə görə, səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla İrana qarşı sanksiyalar və onların Azərbaycana təsirlərini müzakirə edib.
“Biz İranın nüvə proqramı ilə bağlı bağlanan sazişlə razılaşmadığımız üçün sanksiya siyasətini fəal şəkildə davam etdirmək niyyətindəyik. Yeni sanksiyaların tətbiqini gözləyirik, ancaq istəmirik ki, bu, bizim Azərbaycandakı dostlarımıza zərər yetirsin”, - ABŞ prezidentinin müşaviri bildirib.
“Əminəm ki, hər iki tərəf üçün qəbuledilən olan variant tapacağıq və bununla Azərbaycana zərər vermədən İrana qarşı maksimum təzyiq həyata keçirə biləcəyik”, - o əlavə edib.
Bolton qeyd edib ki, Dağlıq Qarabağ problemini də müzakirə edib.
“Hesab edirik ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq, hər iki tərəfi qane edəcək nəticə əldə olunması xüsusilə vacibdir”, - o bildirib.
ABŞ prezidentinin müşaviri istisna etməyib ki, Donald Trampsəlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər.
“Bu, Konqres tərəfindən təsdiqlənib. Hakimiyyətin icra qolu eyni siyasi xəttə sadiq olmaya bilər və bizim konstitusiyamıza əsasən, xarici siyasəti məhz prezident müəyyən edib. Bir çox hallarda müxtəlif prezidentlər alışlar həyata keçirmək üçün bu düzəlişin qarşısını alıblar və biz daim bunu müzakirə edirik”, - o deyib.
1992-ci ildə Konqresdə qəbul edilmiş düzəlişlərə əsasən, ABŞ administrasiyası tərəfindən dövlət səviyyəsində Bakıya yardım göstərilməsi qadağan edilib. Uzun illərdir, Azərbaycan diplomatları bu düzəlişin ləğvinə çalışır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət