Dərc edildi: Baxış sayı: 2373
Bizi məhv edə biləcək 8 bitki
İnsanlar hələ qədimlərdən bitki əkib becərməyə və ondan qida kimi istifadə etməyə başlayıb. Ancaq elə bitkilər də var ki, onlar dekorativdir və yalnız gözəllik xatirinə evdə saxlanılır. Bitkiləri çox sevən insanlar var ki, onlar gözəl çiçək açan, gözəl yarpaqları olan otaq bitkiləri haqda heç bir araşdırma aparmadan onları alır və qulluq edərək günün çox saatını onlarla məşğul olurlar. Amma bəzi güllərə nəinki yalın əllə toxunmaq, hətta otaqda saxlamaq belə sağlamlıq üçün çox təhlükəlidir. Evdə uşaq və heyvanlar varsa, bu hal xüsusilə təhlükəli ola bilər.
Medicina.az hansı bitkilərin otaqda saxlamağın sağlamlığa ciddi ziyan vura biləcəyini araşdırıb:
Diffenbaxiya – çox yayılmış və gözəl görünüşlü otaq bitkilərindəndir. Bitkinin yaprağı qoparılarkən və ya gövdəsi zədələndikdə ifraz olunan şirə çox təhlükəli hesab olunur. Əgər uşaq və ya ev heyvanı bu bitkinin şirəsini udarsa, o zaman çox güclü zəhərlənmə baş verir. Bundan əlavə, diffenbaxiyanın şirəsi dəridə qıcıqlanma və yanıq əmələ gətirə bilər.
Oleandr - parlaq çəhrayı çiçəkləri ilə diqqəti cəlb edir. Oleandr şirəsinin orqanizmə düşməsi korluq yaradır. Onun iyi isə insanın özünü pis hiss etməsinə və başgicəllənməyə səbəb olur.
Kroton – bu bitki də otaq bitkiləri arasında çox yayılıb. Gözəl görünüşü ilə hər bir evə yaraşıq verə bilən bu bitki əslində gözəl olduğu qədər də təhlükəlidir. Belə ki, şirəsi dəridə yanıqlara səbəb ola bilir. Əgər şirə daxilə düşərsə, o zaman qətiyyətlə demək olar ki, insan ən yaxşı halda reanimasiyaya yerləşdiriləcək. Letal nəticə də mümkündür.
Azaliya – gül həvəskarları arasında tanınan bir bitkidir. Ağ, çəhrayı, qırmızı, sarı rənglərdə olan gözəl çiçəkləri ilə diqqət çəkir. Onlardan məhz Azaliya Simsa (Hind Azaliyası) şirəsinin orqanizmə düşməsi bağırsaq sancıları və qıcolmaya səbəb olur.
Mimoza – azərbaycanca adı Küsdümotudur. Toxunulduqda yarpaqları və budaqları yığılır. Adını da buradan alıb. Bitki ilə uzunmüddətli təmas isə saçların tökülməsinə, bəzən isə tam keçəlliyə səbəb ola bilər. Məsələ burasındadır ki, bu bitki özündən insanı zəhərləyən toksik maddələr xaric edir.
Həmişəyaşıl sarmaşıq – lianşəkilli kol bitkisidir. Bitkinin tünd yaşıl yarpaqları və əmələ gətirdiyi giləmeyvələr çox zəhərlidir. Ona görə də bitki ilə birbaşa təmasda olmaq məsləhət deyil.
Adenium – kiçik ağaca bənzəyən çox populyar otaq bitkisidir. Çəhrayı rəngli çiçək açır. Bitkinin özü, əsasən də şirəsi çox zəhərlidir. Orqanizmlə təmasda olduqda zəhərlənmə və yanma əmələ gətirir.
Monstera – adətən bu bitkini daha çox ictimai yerlərdə və ya botanika bağlarında becərirlər. Bitkinin şirəsi dəriyə düşdükdə yanıq, həzm sisteminə düşdükdə isə mədə-bağırsaq pozulmasına səbəb olur. Gözə düşdükdə isə ziyan vura bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət