Bitki yağlarını alarkən diqqətli olun
Bitki yağları müxtəlif vitaminlər, zülallar, karbohidratlar, turşu və digər faydalı maddələrlə zəngindir. Onların tərkibində xlorogen, limon turşuları, fitin, olein, yağ turşuları, efir yağları və s. vardır. Bütün bunlar bitki yağlarını balanslaşdırılmış qida rasionumuzun ayrılmaz hissəsinə çevirir.
Rafinə edilmiş bitki yağlarını bir-birindən fərqləndirmək çox çətindir. Bunlar dadsız, iysiz, rəngsiz, sudan yüngül olan bir-birindən fərqlənməyən yağ kütləsi olacaqdır. Rafinasiya yağın müxtəlif çirklənmələrdən, pestisid qalıqlarından və digər zərərli qatışıqlardan təmizlənməsi prosesidir. Bu zaman yağ emal edilərək onun tərkibində olan sərbəst yağ turşuları, fosfolipidlər kənarlaşdırılır, yağ laylara ayrılır və təmizlənmiş yağ yuxarı qalxır. Daha sonra o yenidən yuyulur və filtrə edilir. Bu emal nəticəsində yağ təmizlənir və demək olar ki, dadını, qoxusunu itirir.
Rafinə olunan yağ istifadə üçün daha xoşdur. Belə ki, bu zaman onda kəskin spesifik iy olmur. Lakin rafinə olunmamış bitki yağı orqanizmə daha faydalıdır, çünki onun tərkibində bir çox vitaminlər iştirak edir. Bəzi istehlakçılar məhz spesifik qoxusu və dadı olan rafinə olunmamış bitki yağlarından istifadəyə üstünlük verirlər. Rafinə olunmamış yağ daha uzun müddətə saxlanıla bilər.
Nəzərə almaq lazımdır ki, yağın tərkibində az da olsa zərərli maddələrin mövcud olması və insan orqanizmində yığılması, zamanla müxtəlif xəstəliklərə yol aça bilər. Lakin yağların tərkibində insan orqanizminə xeyir verən, bəzi xəstələr üçün məsləhətli olan vitaminlər də vardır. Məsələn, günəbaxan yağı immunitetin saxlanılması, qan dövranı üçün, zeytun yağı həzm prosesi pozulmuş, qara ciyər, ürək xəstəlikləri, beynin fəaliyyəti və mədə köpü problemi olan insanlar üçün xeyirlidir.
Hər bir istehlakçı bilməlidir ki, qablaşdırılmamış bitki yağlarının istifadəsi təhlükəlidir. Bir qayda olaraq bu yağlar çəlləklərdə üzərində məhsul haqqında heç bir məlumat əks olunmadan realizə olunur. Ona görə də bitki yağlarını alarkən ilk öncə onların qablaşdırılmasına, istehsal tarixinə, yararlılıq müddətinə, həmçinin məhsulun istifadə təyinatına diqqət yetirilməlidir. Hətta qablaşdırılmış bitki yağlarını alarkən diqqətli olmaq vacibdir. Belə ki, bitki yağlarını seçərkən butulkada çöküntünün olub-olmamasına diqqət yetirilməlidir. Çöküntünün olması yağda oksidləşmənin olmasının göstəricisidir. Belə məhsullarda acı tam olur və isitmə zamanı köpüklənir.
Bitki yağlarının üzərində "xolesterinsizdir" yazısına aldanmayın. Bəzi istehsalçıların bu məlumatı malın üzərində yerləşdirməsinə baxmayaraq bilin ki, bu qatqı bitki yağlarının tərkibində heç bir halda mövcud olmur.
Bu qəbildən olan yağları işıq şüalarının altında və istidə saxlamaq olmaz. Havadakı oksigen, rütubət və işıq bitki yağlarının korlanmasına səbəb olan əsas amillərdir. O üzdən onları işıq düşməyən, otaq temperaturunda nəmdən uzaq və ağzı bağlı qablarda və soyuducuda saxlamaq məsləhətdir.
Bitki yağlarının istifadə və saxlanma müddəti əsasən istehsalçı tərəfindən təyin edilir. Rafinə olunmamış əla növ bitki yağlarını 12 ay, rafinə olunmuş birinci növ yağları isə 18 ay saxlamaq olar. Saxlama zamanı mütləq istifadə tarixinə diqqət yetirilməlidir. Bu qəbildən olan məhsulların az həcmdə alınıb istifadəsi daha məqbuldur. Nəzərə alın ki, bitki yağlarının təkrar istifadəsi qadağandır. Belə ki, məişətdə hər hansı qidanın hazırlanmasında istifadə olunan bitki yağının digər yeməklərin bişirilməsində yenidən istifadəsi yolverilməzdir. Bu halda onun tərkibində yaranan maddələr insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət