Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?
UNEC-də “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzusuna həsr olunan tədbir keçirilib.
Universitetdən Trend-ə bildirilib ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə “Elm həftəsi” çərçivəsində elmi fəaliyyəti canlandırmaq məqsədilə yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin seminarlarının keçirildiyini bildirib. Bugünkü tədbirin “Bir kəmər bir yol” mövzusuna həsr olunduğunu deyən rektor, bu layıhənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verə biləcəyini deyib. Bunun üçün “Bir kəmər bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu diqqətə çatdıran Ədalət Muradov tədbirin UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin və “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının təşəbbüsü ilə təşkil olunduğunu qeyd edib.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-də iqtisadiyyatın və elmin aktual mövzularına həsr olunan müzakirələrin aparıldığını və tədqiqatların genişləndirildiyini bildirib. Müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdıran akademik, Qədim İpək Yolunun bərpası ilə bağlı 90-cı illərin əvvəllərində onun rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açıb. Azərbaycanın qlobal dünya iqtisadiyyatında ən böyük layihə sayılan “Bir Kəmər Bir Yol” layihəsinin fəal iştirakçı olduğunu bildirən komitə sədri, bu kimi layihələrin ilk növbədə ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. Çinin əldə etdiyi iqtisadi uğurda məhz həmin milli maraqların qorunduğunu bildirib.
Millət vəkili Tahir Mirkişili mövzunun aktuallığına diqqət çəkərək, layihənin iqtisadi və geosiyası tərəflərindən danışıb. Bu gün ən geniş ticarətin Avropa və Asiya arasında aparıldığını deyən millət vəkili, dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu bildirib. Millət vəkili Çinin irəli sürdüyü layihənin həm maliyyə, həm də əhatəlilik baxımından çox böyük olduğunu, 65 ölkəni əhatə edən layihəyə təxminən 4 trilyon dollara qədər vəsaitin qoyulmasının nəzərdə tutulduğunu deyib. “Bir kəmər Bir yol” layihəsində 6 marşrutdan yalnız birinin Azərbaycandan keçdiyini və Azərbaycanın layihəin yükdaşımalarında ən zəngin “dəhlizə” malik olduğunu diqqətə çatdırıb. Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə qarşılıqlı inkişaf etdiyini və hər iki ölkə arasında xarici ticarət dövriyyəsinin son 9 ayda 2,4 dəfə artdığını deyən millət vəkili Azərbaycanın informasiya tranzitində də maraqlı olduğunu bildirib. T.Mirkişili ölkənin “Bir kəmər bir yol” layihəsində mərkəzi rola sahib olması üçün insan kapitalına ehtiyac olduğunu vurğulayıb. O, universitetlərin kadr hazırlığında aparıcı rol oynadığını və UNEC-in bu istiqamətdə güclü elmi potensialının olduğunu qeyd edib.
“Bir kəmər bir yol” Alyansı Baş katibinin elm və texnologiyalar üzrə müavini Ph.D Li Renying çıxış edərək, UNEC-in təşəbbüsü ilə keçirilən tədbirin “Bir kəmər bir yol” layihəsində Azərbaycanın və Çinin iqtisadi maraqlarının öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Azərbaycanlı və çinli alimlərin əməkdaşlıq istiqamətində araşdırmalar aparmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu diqqətə çatdıran L.Renying unversitetlərin bu baxımdan böyük rol oynadığını diqqətə çatdırıb. Sonra çinli alim “Bir kəmər bir yol” layihəsinin məqsədi və perspektivləri barədə təqdimatla çıxış edib.
Çıxışlardan sonra Azərbaycanın regional bazarlarda iştirakının genişləndirilməsində layihənin rolu, regional və milli iqtisadi əhəmiyyəti, investisilayaların Azərbaycana cəlb edilməsi potensialı, layihə çərçivəsində ali təhsilin maliyyələşdirilməsi və digər suallar cavablandırılıb.
Tədbirdə Elmi əməkdaşlıq üzrə dünya təşkilatının prezidenti (Almaniya) Elçin Xəlilov Azərbaycan və Çin alimlərinin birgə hazırladıqları konsepsiyanı təqdim edib. Bildirib ki, 5 il müddətinə ərsəyə gələn konsepsiyada “Bir kəmər bir yol” layihəsi çərçivəsində tarixi İpək Yolunun Xəzər marşrutu və onun bərpa imkanları əks olunub. E.Xəlilov təqdimatda qədim İpək Yolunun Azərbaycan ərazisindən keçdiyini tarixi sənədlərə əsasən xəritələrdə göstərib. Həmin yolun müasir dövrdə bərpa imkanları barədə yeni ideyalar ortaya qoyub.
Tədbir müzakirələrlə davam edib. TRASEKA-nın Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vuqar Zeynalov, “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.
Rektor “Elm həftəsi” çərçivəsində 5 gün müddətində UNEC-də iqtisadiyyatın aktual mövzularına həsr olunan müzakirələrin aparıldığını deyib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində araşdırmaların aparılmasının vacibliyindən danışan Ədalət Muradov, “Bir kəmər bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyacın olduğunu və bu istiqamətdə UNEC-in təşəbbüslə çıxış edəcəyini bildirib. Rektor layihə ilə bağlı mütəxəssis çatışmazlığını nəzərə alaraq, “Bir kəmər bir yol” alyansı ilə birlikdə çinlilər üçün UNEC Eksterndə Xəzər dənizi ilə bağlı distant sertifikat proqramının reallaşdırılacağını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət