Slimfit
  1. SİYASƏT

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH
Sakura

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Məlum olduğu kimi bu ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi. Düşünmək olardı ki, artıq Azərbaycanda və ümumilikdə regionda əmin-amanlıq hökm sürəcək, insanlar rahat və firavan həyat sürməyə başlayacaq, dövlətlərin isə qarşılıqlı hörmət, qonşuluq və sosial-iqtisadi, mədəni inkişafı, əməkdaşlıq dövrü başlayacaq. Amma təəssüf ki, bunu qəbul etməyən, regionda gərginliyin qalmasını, münaqişənin yenidən artmasını istəyənlər, insanların ölümündə, evlərindən didərgin düşməsində, faciələrində və sair bu kimi proseslərdə öz maraqlarını güdənlər həm Ermənistan daxilində, həm də beynəlxalq səviyyədə vardır.

Ens.az-ın məlumatına əsasən,bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.

Azərbaycanın əldə etdiyi uğuru gözü götürməyənlərin dərhal hərəkətə keçdiyini qeyd edən ekspert bildirib: “Onlar əvvəlcə Qarabağdakı erməni əhalisinin öz evlərini kütləvi şəkildə tərk etməsini təşkil etdilər, bəzi hallarda hətta sakinləri buna məcbur etdilər. Bunu bəhanə edərək hələ heç erməni əhalisi Qarabağı tam tərk etməmiş, yəni, öz təşkilatçılığı ilə həyata keçirdikləri proses tam yekunlaşmamış Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməyə, böhtanlar yağdırmağa başladılar. Əvvəlcədən yazılmış ssenariyə uyğun olaraq Avropanın bəzi institutlarında, müxtəlif kürsülərdə “etnik təmizləmə”, “genosid” və bu kimi sərsəm fikirlər eşidilməyə başlandı. Baxmayaraq ki, Azərbaycana tərəfi ilk gündən ən yüksək səviyyədə erməni əhalisinə müraciət edərək, onların Azərbaycanın vətəndaşlığını qəbul etməyə, qanunlarımıza tabe olaraq evlərini tərk etməmələri ilə bağlı müraciət ünvanlamış, təhlükəsiz və daha rahat yaşayışlarına təminat vermişdi. Lakin Azərbaycan dövlətinin bütün xoş məramı, humanist addımları görməməzlikdən gəlinir, əksinə ölkəmizə qarşı fəaliyyət daha da artır, əsassız ittihamlar edilərək regionda vəziyyəti gərginləşdirmək üçün cəhdlər edilir”.

Əhməd Abbasbəyli deyib ki, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamə və tövsiyələr onun beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir. Sanki bunlardan həvəslənən Ermənistan hökuməti də baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması kimi qələmə verərək sərsəm bir münasibət açıqlayıb.

“Qəribədir ki, müəyyən mənada bitərəf və obyektiv mövqe nümayiş etdirən bəyanat və açıqlamalar da, misal üçün, BMT-nin Azərbaycandakı nümayəndəliyinin “BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır” kimi bəyanatını və yaxud, regiona səfər edən BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının vəziyyəti müsbət qiymətləndirməsi və Azərbaycanın yerli əhaliyə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini təsdiqləməsi ilə bağlı açıqlamalarını, belə, bu cür xəbis düşüncə daşıyıcıları görməzdən, eşitməzdən gəlirlər, öz bədxah əməllərini, ölkəmizə qarşı, onun yürütdüyü siyasətə qarşı böhtan və iftira kompaniyasını davam etdirirlər.

Bu çirkin xəbis niyyətli qüvvələrin təsirini azaltmaq, dövlətlər və millətlərarası münasibətləri gərginləşdirən “qazanqarışdıran”, “çömçətutan” əli kəsmək üçün regionda sülhün və təhlükəsziliyin təmin edilməsinə çalışan yerli qüvvələrin, ictimai siyasi fəalların, vətəndaş cəmiyyətlərinin fəallaşmasına, əməkdaşlığın qurulmasına, informasiya mübadiləsinə ehtiyac vardır. Azərbaycanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini istiqamətində göstərdiyi fəaliyyət, reinteqrasiya prosesində addımları beynəlxalq səviyyədə daha intensiv təşviq edilməlidir”, - deyə siyasi ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə dünyaya nümunə olacaq dərəcədə, kifayət qədər xoşməramlı və humanist addımlar atılıb. Sadəcə bir neçə fakta diqqət yetirsək, Azərbaycan tərəfin nə qədər haqlı, bizi sevməyənlərin, bədxahların isə yanlış və qərəzli olduğu birmənalı aşkar görünür.

“Azərbaycan Prezidentinin “Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” sözlərini xüsusi vurğulamaq lazımdır. Əlavə olaraq, hələ ilk günlərdən Qarabağda yaşayan insanların hüquq və təhlükəsizlik məsələlərini özünün daxili işi hesab edən Azərbaycanın bununla bağlı dəfələrlə konstitusiya çərçivəsində təminatlar verdiyini bəyan etməsi, Azərbaycan Hökumətinin “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” dəvəti ilə bağlı çağırışları, rəsmi Bakının açıqladığı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planı və sair məlumatlar da bu istiqamətdə atılan mütərəqqi addımlar, regionda sabitliyin yaradılması məqsədilə görülən tədbirlər sırasındadır.

Zənnimcə, Prezident İlham Əliyevin qonşu Gürcüstana işgüzar səfəri zamanı Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması naminə çox maraqlı ideya və fikirlər səsləndirməsi və ötən ilin oktyabrında Gürcüstana növbəti səfəri zamanı bir daha “Qafqaz Evi” ideyasını gündəmə gətirməsi region tarixində yeni səhifəsinin açılması üçün bir şansdır. Regionda ən müxtəlif formatlarda əməkdaşlıqdan söhbət getsə də, bu gün “Qafqaz Evi” ideyasının gerçəkləşməsinin aktual olduğuna əminəm, istənilən halda bu formatın masa üzərində olduğuna şübhə etmirəm. Strateji əhəmiyyət kəsb edən bu əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda yeni mühit yarana bilər, yeni düzən formalaşar və böyük iqtisadi layihələrin reallaşmasına şərait yaranar. Hər halda, Cənubi Qafqazda səmimi olaraq sülh və əmin-amanlıq istəyənlər bu istiqamətdə öz töhfələrini verməlidirlər. Düşünürəm ki, Ermənistan da regionun bütün mənalarda lider dövləti olan, otuz il davam edən müharibəni qalibiyyətlə başa vuran Azərbaycanın təklif etdiyi bu formata daha həssas yanaşmalı, fürsəti qaçırmamalıdır”, - deyən Əhməd Abbasbəyli fikirlərini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR