Slimfit
  1. DÜNYA

Beyrut partlayışı – “dağıntının” altından kimlər çıxacaq? – TƏHLİL

Beyrut partlayışı – “dağıntının” altından kimlər çıxacaq? – TƏHLİL
Sakura

Beyrut partlayışı – “dağıntının” altından kimlər çıxacaq? – TƏHLİL

Avqustun 4-də yerli vaxtla saat 18 radələrində Livanın paytaxtı Beyrutda dəhşətli partlayış baş verdi. Beyrut dənizlimanının 12 saylı anbarında baş verən partlayış nüvə bombası səviyyəsində dağıntılara səbəb oldu. Bu günə olan məlumata əsən hadisə nəticəsində 137 nəfər dünyasını dəyişib. 5 mindən çox yaralı var. Ancaq hazırda axtarış-xilasetmə işləri davam etdiyi və 100-dən çox itkin şəxsin olması səbəbindən itkilərin sayının artacağı gözlənilir.

Atom bombası effekti

İlkin ehtimala görə partlayışa 2750 ton ammonium-nitrat maddəsi səbəb olub. Partlayış zəlzələ effekti verib, şəhərin bir qisimi dağıdıb. Partlayışın yaratdığı titrəmə Beyrutdan 240 km uzaqda olan Kipr adasında da hiss olunub. 10 kilometr kənarda isə zəlzələ kimi hiss olunub.

İlkin araşdırmalara əsasən partlayış nəticəsində 300 min insan evsiz qalıb. Partlayış limanda baş verdiyi üçün ətrafdakı sənayə və ticarət mərkəzləri, anbarlar dağılıb. Beyrut valisi Mərvan Abbud bildirib ki. partlayış Livan paytaxtında 10-15 milyard dollar ziyan vurub.

Qərb mediasının yazdığına görə, partlayışa səbəb olan maddə 2013-cü ildə Batumi limanından Mozabikə yola salınan “MV Rhosus” adlı Moldova bayrağı altında üzən gəmidə olan 2750 ton amonium-nitrat olub. Ancaq yolda gəmidə “ciddi istifadə pozuntusu”, liman xərclərinin ödənməməsi kimi şikayətlər səbəbindən Beyrut limanında gəmiyə həbs qoyulub. Bir müddətdən, daha dəqiqi 11 aydan sonra gəminin kapitanı Preşkov və heyət gəmidən buraxılır. 2014-cü ildə isə məhkmə qərarı ilə təhlükəli yük gəmidən boşaldılıb anbara yığılıb.

Beyrut limanı

Beyrut limanı hazırda dünyada iş qabiliyyətinə görə 171 aktiv yük limanı arasında 38-ci yerdədir. Eyni zamanda Yaxın Şərqdə 6-cı ən böyük və işlək dəniz limanı hesab olunur. Aralıq dənizi sahilində olan Beyrut Limanı İordaniya, Səudiyyə Ərəbistanı, İraq və digər körfəz ölkələrinin Aralıq dənizi ilə əsas bağlantısını təşkil edən limanlardan biridir.

Beyrut Limanı 2017-ci ildə 313 milyon dollar gəlir əldə edib. Həmçinin limandan Livan hökuməti 2017-ci ildə 124 milyon dollar xalis gəlir əldə edib. Limandan ildə 1,2 milyon konteyner daşınır.

Regionun ən böyük limanlarındna olan Beyrut limanında konteyner, avtomobil, quru və maye yük, anbarbarlar da daxil olmaqla sərnişin vağzalı olan 1,2 milyon kv.m əraziyə sahibdir. Eyni zamanda 1 milyon kv.m su hövzəsinə sahibdir. 5655 metr uzunluğunda sahil zolağını əhatə edir. Liman 12 anbardan ibarətdir. Bunların içərisində 120 min ton tutumu olan taxı anbarı da var. Yeri gəlmişkən, bəzi media orqanlarında partlayış nəticəsində Livanın ərzaq ehtiyatının məhv olduğu haqda iddialar ortaya atılsa da, hökumət ərzaq probleminin olmadığını bildirir.

İlk dəfə 1894-cü ildə fəaliyyətə başlayan Beyrut limanı 1925-60-cı illərdə fransızların idarəçiliyində olub. 1960-ı ildən Livan hökumətinə verilib. Ancaq 1975-ci ildən 1990-cı ilə qədər davam edən vətəndaş müharibəsində Beyrut şəhəri kimi liman da dağıdılıb və istifadəyə yararsız hala düşüb. Lakin müharibədən sonra yenidən bərpa olunaraq işə başlayıb.

Qəza, yoxsa qəsd?

İlkin versiyaya görə, partlayışa səbəb anbarda həyata keçirilən qaynaq işləri olub. Anbardakı açıqlardan mıəhsulun oğurlanmasının qarşısını almaq məqsədilə omonium-nitrat saxlanılan anbardakı dəliklərdə qynaq aparılan zaman yanğın baş verib və nəticədə partlayış olub.

Lakin bir çoxları, o cümlədən ABŞ prezidenti hadisədə qəsd ehtimalına işarə edir. Prezident Donald Tramp deyib ki, “hazırda Beyrutdakı partlayışın hücum olub-olmadığını heç kim bilmir”.

ABŞ Müdafiə Naziriyi Beyrut limanındakı partlayışla bağlı araşdırma aparır. ABŞ prezidenti partlayışla bağlı ilk mesajında “qorxunc hücum” ifadəsini işlədib.

Eyni zamanda Livan prezidenti hökumətə hadisənin araşdılması və günahkarların müəyyən edilməsi 4 gün vaxt təyin edib. Liman rəhbərliyi isə ev həbsinə alınıb.

Livanın keçmiş baş naziri Səəd Həririnin liderlik etdiyi “Mustəqbəl” (Gələcək) Hərəkatı partlayışla bağlı şübhəli məqamların olduğunu iddia edir. Onlara görə partlayış “hücum” da ola bilər.

Hadisədən dərhal sonra bir neçə istiqamətdə şübhəlilər meydana çıxıb. Bunlar İsrail, Hizbullah və ABŞ-dır. Partlayışın baş verdiyi 12 saylı bölmənin Hizbullaha məxsus olması iddiaları, eyni zamanda videogörüntülərdə ilk kiçik yanğından sonra kənardan naməlum cismin yanğın yerinə uçması və bundan sonra böyük partlayışın baş verməsi, eləcə də bəzi mütəxəssislərin omonium-nitratın kənardan müdaxilə olmadığı təqdirdə bu şəkildə partlaya bilməyəcəyi ilə bağlı rəyləri şübhə dumanını daha da qatılaşdırıb.

Bəzilərinə görə, limanı İsrail vurub. Bu iddianı gücləndirən element İsrail baş nazirinin 2018-ci ildə BMT-də çıxışı zamanı Livan paytaxtı Beyrutun xəritəsində bəzi iddialara görə məhz liman ərazisini göstərərək burada Hizbullaha məxsus silah anbarının olduğu iddia edib. Lakin səl fotoda Netanyahunun Beyrutun fərqli rayonuna işarə etdiyi məlum olub.

Başqa bir versiyaya görə isə partlayışın arxasında Livan hökuməti ilə Mərkəzi Bank arasında gizli münaqişə dayanır. Son partlayış daxili siyasi mübarizədə ciddi rol oynayacaq və eləcə də bəzi problemlərin üstünü örtmək üçün vasitə olacaq.

Söhbət ondan gedir ki, Livanda iqtisadi vəziyyət sürətlə pisləşib. İyunun əvvəlində Livanda ABŞ dolları qəflətən 50 faiz bahalaşıb. 1 ABŞ dolları 4 min Livan lirəsindən 6 minə yüksəlməsi onsuz da ağır olan iqtisadi vəziyyəti daha da pisləşdirib. Əhali qiymətlərin və həyat şərtlərinin bahalı olduğu Livanda hökumət və Mərkəzi Bank əleyhinə şüarlar səsləndiriblər.

Livanda dövlət borcu 90 milyard dolları ötüb. Hətta hökumətin defolt olacağı ilə bağlı iddialar gündəmə gəlsə də, Baş nazir Diyab hökumətin fəaliyyət göstərəcəyini deyib. Livan hökuməti BVF-dən ildə 2 milyard dollar olmaqla 10 milyard dollar kredit almaq üçün danışıqlar aparır.

İyulun 1-də Livanda davam edən iqtisadi böhran nəticəsində çörək qiymətləri 33 faiz bahalaşıb. 900 rqamlıq çörəyin qiyməti 1500 lirədən 2 min lirəyə qaldırılıb.

Hökumət ərzaq qıtlığını Livandakı 1 milyon suriyalı qaçqın və ərzağın Suriyaya satılması ilə izah edir. Ərəb mediası isə Hizbullahın 7 ildir Suriyada savaşdığını və Livandan ərzağı Suriyaya satdığını və dolayısı ilə iqtisadi vəziyyətin ağırlaşmasında Hizbullah və İran amilini qabardır. Burda bir həqiqi məqam ondan ibarətdir ki, Hizbullaha görə son illərdə ABŞ Livana yardımları azaldır. Hizbullahın parlament və hökumətdə təmsil olunması Vaşinqtonu narazı salır.

Digər tərəfdən, qurudan yalnız Suriya və İsraillə sərhədi olan Livanın yeganə faktiki quru əlaqəsi Suriya üzərindən həyata keçirir. Mühairbə səbəbindən bu əlaqələr məhdudlaşıb və Livan 1 milyondan çox suriyalı qaçqın qəbul etməklə daha da pis vəziyyətə düşüb.

Digər tərəfdən, ABŞ, İsrail və regional müttəfiqləri İranı Livandan sıxışdırıb çıxarmaq üçün Hizbullahı zəiflətməyə çalşır. Hizbullah isə xeyli güclüdür və üstəlik Taif anlaşması (1989) Hizbullaha Livanda silahlı qüvvə saxlamaq hüququ verir. Bu səbəbdən də son 3 ildə Hizbullahın zəiflədilməsi prosesində Livana təzyiqlər həyata keçirilir. Ancaq mauruni keçmiş ordu generalı prezident Mişel Aun Hizbullahla bir sıra məsələlərdə anlaşdığı üçün Qərbin təzyiqlərinə boyun əymir. Lakin görünür ki, Livanın uzun zaman müqavimtə göstərməsi də çətin olacaq.

Partlayışın “altında qalanlar”

Görünür ki, bu hadisə tezliklə ciddi siyasi müstəvidə qalmaqala çevriləcək. İyunun 6-da Beyrutda baş verən etiraz aksiyaları sosial-siyasi şüarlarla başlasa da. Sonradan məzhəb gərginlyinə və Hizbullah əleyhinə çevrildi. Təbii ki, qarşı tərəfdə öz arqumentləri və imkanları ilə müdafiə olunmağa çalışır.

Bu hadisənin də Livanda daxili siyasətdə materiala çevriləcəyi və siyasi rəqiblər arasında qarşılıqlı ititham vasitəsinə çevrilməsi gözlənilir. Məhz bu səbəbdən də partlayışın siyasi təsirinin bundan sonra hiss olunacağı ehtimal yüksəkdir. Xüsusən də bu hadisədən sonra xarici ölkələrin yenidən Livana hərbi və təhlükəsizlik qüvvələri yerləşdirməsi ehtimalı yüksəlir.

Yeri gəlmişkən, bu gün Livan parlamentinin spikerinin müavini (Livan siyasi sisteminə əsasən prezident müuruni xristian, baş nazir sünni, məclis sədri isə şiə olmalıdır – müəllif.), xristian siyasətçi Elie Ferzli beyrut limanındakı partlayışı araşdırma qüçün beynəlxalq komisisya dəvət edilməsinə qarşı çıxıb. O, bunu Livan dövlətinin gözdən salınması addımı kimi qiymtələndirib.

Livan Qabaqcıl Sosialist Partiyasının lideri, druz siyasətçi Vəlid Cumbulat isə Beyrut partlayışıilə bağlı beynəlxalq istintaq komissiyasının yaradılmasını və yaxın zamanlarda məzhəb əsaslı olmayan seçkilərin keçirilməsi çağırışı edib. Həmçinin mövcud hökuməti tənqid edib.Artıq Livanda siyasi gərginlyin ilk addımlarının atıldığını demək olar.

Yeri gəlmişkən, Livan beynəlxalq məhkəməsi 2005-ci ildə terror nəticəsində öldürülmüş baş nazir Rəfiq Həririnin işi ilə bağlı avqustun 7-də yekun qərarı açıqlamalı idi. Ancaq partlayış səbəbindən qərar 18 avqusta təxirə salınıb.

Məhz 2005-ci ilin fevralında R.Həririnin öldürülməsindən sonra beynəlxalq təzyiqlərdən sonra Suriya ordularını Livandan çıxarmalı olub. Uzun müddət terrora görə Suriay ittiham olunsa da, rəsmi Dəməşq bu ittihamları rədd edib. R.Həriri sui-qəsdindən çıxış etmiş olsaq, Livanda növbəti siyasi partlayışın olacağını deyə bilərik.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR