Slimfit
  1. MEDİA

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü
Sakura

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü

Yarandığı gündən biri digərini tamamlayan və daima qarşılıqlı əlaqədə olan anlayışlardır  kitab və müəlliflik. Bəs  Müəlliflik hüququ nədir?  Müəlliflik hüququ ilk dəfə XVII əsrin əvvəllərində İngiltərədə tətbiq edilib və daha sonra bazar iqtisadiyyatı qanunları ilə yaşamaq istəyən başqa ölkələrdə də qəbul olunub. Bu hüququn beynəlxalq aləmə gerçək çıxışı XIX yüzillikdə başlanıb və müəllif hüququnun tanınıb-qorunmasına dair ikitərəfli və çoxtərəfli beynəlxalq çalışmalar da o vaxtdan gündəmə gəlib.

Bildiyimiz kimi, müəllif hüquqları haqqında ilk qanun 1710-cu ildə aprelin 10-da İngiltərədə qəbul edilmiş Şahzadə Annanın statutu sayılır.

Müəlliflik hüququnun tarixi “müəlliflik” anlayışından irəli gəlir. Bu uzun yol əsrlər boyu ibtidai-icma, təbii anonim (adsız), tanrılaşdırılmış təxəllüs mərhələlərini keçmiş və nəticədə şəxsi müəlliflik səviyyəsinə çatmışdır.

V əsrdən artıqdır ki, müəlliflik hüququ və kitab dünyada birgə, yanaşı addımlayır. Bu cütlüyün müasir nüfuzu cəmiyyətin intellektuallaşmasında və mədəniyyətin zənginləşməsindəki  rolu ilə izah edilir. Müəllif hüququ əqli mülkiyyətin  ən vacib,  mürəkkəb və dəyərli  elə bir hissəsidir ki, onun qorunması və idarə edilməsi ilə dünya miqyasında iki böyük beynəlxalq təşkilat məşğul olur.Bunlardan biri  160-a yaxın üzvü olan ÜƏMT-nın Bern Konvensiyası,digəri isə  YUNESCO-nun 80-dən artıq üzvü olan “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasıdır. 

YUNESCO   25 oktyabr-16 noyabr 1995-ci il tarixində keçirilmiş 28-ci sessiyasında  23 apreli Ümumdünya Kitab və Müəlliflik hüququ günü elan etməsi barədə qərar vermişdir.

Respublikamızda ilk belə tədbir 22 aprel 1999-cu ildə Müəllif Hüquqları Agentliyi  (hazırda Əqli Mülkiyyət Agentliyi)  və Yeni Yazarlar qurumu  tərəfindən keçirilmişdir. YUNESCO-nun məlumatına əsasən, 23 aprel tarixi İspaniya əyaləti olan Kataloniya ilə bağlıdır və Müqəddəs Georgi günü kimi səciyyələnir. Həmin gün hər hansı satılan kitaba ənənəvi olaraq bir qızılgül qoşulurdu. Aydındır ki, 23 aprel gününün bayram kimi qeyd edilməsi üçün digər əsaslı səbəblər də mövcuddur. Bir sıra məşhur yazıçı və şairlərin anadan olma və ya vəfat etmə günü (Migel de la Servantesin, Vilyam Şekspirin, Moris Dryüonun, Vladimir Nabokovun, Azərbaycanın məşhur sərkərdəsi, artilleriya üzrə dərsliklərin müəllifi general  Əliağa Şıxlinskinin) bu tarixlə bağlıdır.

YUNESCO-nun    Web-saytında bayramın qeyd edilməsi ilə bağlı gözəl bir kəlam vardır: “Kitab və oxumaq həmişəki kimi vacibdirlər. Bunlar mətnin müəllifi tərəfindən virtual aləmlə (kainatla) interaktiv dialoq yaranması alətləridir və yaranan intellektual təsəvvürlər unikal, hər hansı oxucu təxəyyülündən asılılıqdadır”.

Azərbaycanın müasir müəllif-hüquq dairəsi çox maraqlı və mürəkkəb bir sistemdir.  “Hər kəsin əqli mülkiyyət hüququ vardır və müəlliflik hüququ qanunla qorunur”.  Azərbaycan Respublikasının yeni Konstitusiyasının 30-cu maddəsində yazılan bu sözlər sahənin vacib və prioritet olduğunu təsbit edir.

Beynəlxalq standartlara uyğun olaraq, milli müəlliflik hüququ institutu üç vacib tərkib hissədən ibarətdir:

- hüquqi-normativ baza (qanunvericilik aktları);

- icra mexanizmi (səlahiyyətli milli idarəetmə orqanı);

- hüquqların təminatı (üsullar, metodlar və s.).

Azərbaycan rəhbərliyinin uzaqgörən daxili və xarici siyasəti nəticəsində müəllif-hüquq sahəsində ölkəmizin beynəlxalq əlaqələri genişlənmiş , o, bir sıra Konvensiya və beynəlxalq təşkilatların üzvü olmuşdur.

Azərbaycan Respublikası əqli mülkiyyət hüquqlarının qorunması sahəsində geniş beynəlxalq əlaqələr qurmuşdur. 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvü olan Azərbaycanın bu sahədəki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən: "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına (1999); "ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında" Konvensiyasına (2001); "İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında" Roma Konvensiyasına (2005); "Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi"nə (2005) və "Ümümdünya  Əqli Mülkiyyət Təşkilatının İfalar və fonoqramlara dair Müqaviləsi"nə (2005) qoşulmuşdur.

Azərbaycan Respublikası həmçinin YUNESCO-nun "Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası"na (1997) qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur.

Beləliklə, Azərbaycan Respublikası müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində ən vacib konvensiya və sazişlərin hamısında iştirak edir.

2001-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanmışdır.

3 mart 2006-cı ildə Bakıda imzalanmış və Azərbaycan Respublikasının 30 may 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı" əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə böyük təsir göstərmişdir.

Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan işlər, beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində atılan müntəzəm addımlar daima bu işə dövlət qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan Respublikası Prezidentinin  “ Azərbaycan Respublikasının Müəllif  Hüquqları Agentliyinin təmin edilməsi haqqında”  6 sentyabr 2017-ci il tarixli Fərmanı  müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsini, bu sahədə yeniliklərə yollar açılmasını stimullaşdıran ən vacib sənədlərdəndir.

 

Şəhla Tahirqızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR