Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bəşəriyyətin böyük oğlu – o, hələ 100 il əvvəl millətlərə istiqlal, insanlara azadlıq istəyirdi

Bəşəriyyətin böyük oğlu – o, hələ 100 il əvvəl millətlərə istiqlal, insanlara azadlıq istəyirdi
Sakura

Bəşəriyyətin böyük oğlu – o, hələ 100 il əvvəl millətlərə istiqlal, insanlara azadlıq istəyirdi

Hər xalqın öz böyük oğlu var və onlar öz böyük oğulları ilə qürur duyurlar.

Bu böyük oğulların sırasında məşhur dövlət xadimləri, sərkərdələr, ixtiraçı alimlər, inqilabçılar, böyük ziyalılar olur. 
Sərkərdə və padşahları ilə fəxr edənlər daha çoxdur. Bir padşah və ya sərkərdə nə qədər çox ölkə işğal, fəth edibsə, o qədər böyük sayılır.

Amma bizim xalqın böyük oğlu nə 30-40 il dövlət idarə edən padşah olub, nə də işğalçı sərkərdə. O, böyük ziyalı olub, dostları ilə birlikdə yoxdan bir dövlət qurub, fəqət dövrün, zamanın gərdişi ona bu dövləti yaşatmaq, qüdrətli etmək imkanı verməyib.

O böyük oğul Rəsulzadədir. Məhəmməd Əmin Rəsulzadə, bakılı balası, axund oğlu, nakam övladlar atası, qürbət ellərdə “vətən, vətən” deyə-deyə ömr sürən, sonda qardaş ölkədə gözünü vətən həsrəti ilə yuman böyük kişi.

Rəsulzadənin nə qədər böyük tarixi şəxsiyyət olduğu onun əsərlərindən, fəaliyyətindən boylanır. O, 18-ci əsrdə ABŞ-da yaşasaydı, bu zəkası, dünyagörüşü, prinsipləri, erudisiyası, xarizması ilə ö ölkənin rəhbəri olardı, adı Vaşinqtonla, Ceffersonla birlikdə çəkilərdi.

Burada heç bir şişirtmə yoxdur. Məhəmməd Əmin Rəsulzadə və dostları Azərbaycan dövlətini təsis edəndə 34 yaşı olub; onun universitet təhsili olmayıb, amma Parisdə, Berlində, Londonda, Sankt-Peterburqda ən yaxşı universitetləri bitirmiş adamların lideri olub; o, heç də varlı adam olmayıb ki, məhz maddi imkanına görə digərləri qarşısında üstünlüyə malik olsun, bununla belə, hər kəs sırf ideyasına, xarizmasına, düşüncələrinə görə onun liderliyini qəbul edib.

Rəsulzadə “İnsanlarla hürriyyət, millətlərə istiqlal!” şüarı ilə çıxış edəndə Afrika ölkələrinin tamamı, Asiya ölkələrinin əksəri böyük dövlətlərin müstəmləkələrindən ibarət idi. Dünyada 50-60 dövlət vardı və onlar 150-yə yaxın müasir dövləti işğal altında saxlayır, istismar edirdilər. Məhz belə bir vaxtda o, millətlərə istiqlal tələb edirdi.

Rəsulzadə insanlara hürriyyət tələb edəndə bəşər əhlinin yüzdə yetmişi qul-kölə durumundaydı, yüzdə doxsanı despotik, avtoritar rejimlərdə hüquqsuz halda yaşayırdılar, ən adi insan haqlarından, seçib-seçilmək, 8 saatlıq iş rejimində işləmək hüququndan məhrum idilər. “İnsanlara hürriyyət” şüarı Rəsulzadədən 50-60 il sonra populyarlaşdı, hər kəsin dilinə düşdü, günümüzdə də nəinki aktuallığını itirməyib, hətta daha da aktual olub. Amma təsəvvür edin ki, xalqımızın böyük oğlu bu şüarı 100 il əvvəl səsləndirib.

Fazil Əhməd adlı şəxsin şəkli.

O vaxt dünyada demokratiya və insan haqları söhbəti edənlər də yox idi. Yer üzündəkı demokratik ölkələrin sayı 20 civarında idi və Rəsulzadənin qurduğu Azərbaycan dövləti parlamentli respublika olaraq bu iyirmiliyə daxil olmaq əzmindəydi.

Rəsulzadə siyasi mübarizədə ədalətli rəqabət cigiləri tətbiq etmiş şəxsdir. Məhz o, dindən istifadə edən partiyaların siyasi arenada fəaliyyət göstərməməsinin vacibliyini yazdığı məqalədə əsaslandırmış, dinin dövlətdən ayrı olmasını məqsədəuyğun saymışdı. Mömin bir ailədə böyümüş siyasi xadim özü belə mömin olduğu halda, dinin siyasətə alət edilməməsini mühüm saymışdı. Günümüzdə bir çox ölkələrdə siyasətə atılan və rəqibləri qarşısında üstünlük qazanan din tüccarlarını görəndə bir daha Rəsulzadənin nə qədər aydın baxışlara, nümunəvi əxlaqa, siyasi etikaya malik bir adam olduğu anlaşılır.

Bu gün onun haqqında bəzi-para xoşagəlməz şeylər yazanlar da var: Stalinlə münasibəti, Hitlerlə əlaqəsi-filan.

Birincisi, Rəsulzadə ilə Stalinin 1907-20-ci illər arasındakı münasibətləri mərdliyin, sədaqətin bariz nümunəsidir. Bu ideya adamları fərqli dünyagörüşə malik olsalar da bir-birinin həyatını xilas ediblər. Düzdür, Rəsulzadənin ölümdən (onu neft quyusuna atmaq istəyirmişlər) xilas etdiyi Stalin sonradan qanlı diktatora çevrilib, amma onun necə zalım bir tiran olacağını nəinki Rəsulzadə, heç öz inqilabçı yoldaşları da bilməyib.

Alman faşistləri ilə əlaqə yaratmasına gəlincə, ulu öndər bunu sırf azərbaycanlıların həbs düşərgəsindən xilas edilməsi və tarixi fürsətdən yararlanaraq Azərbaycanın istiqlalının bərpa olunması şansı kimi baxıb. Nə Hitler dünyanı tutub gedəcəkdi, nə də Almaniya dünya ağalığı statusunu uzun müddət sürdürə biləcəkdi.

Təəssüf ki, Rəsulzadə kimi tarixi şəxsiyyətlər hər əsrdə bir dəfə doğulur. Millət belə liderlərin sayəsində imzasını imzalar içinə çıxara bilir, xalq bu cür liderlərin qaldırdığı bayrağın altına sığınaraq bu canavarlar dünyasında özünə təhlükəsiz vahə düzəltməyi bacarır.

Tarixi şəxsiyyətlərimizin qədrini bilək, hörmətini saxlayaq, irsini qoruyaq. Anlayaq ki, onlar olmasaydı... nələr olardı.

 

 

Mənbə : Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR