Bələdiyyələr niyə qanuzusuzluq edir? Deputatdan cavab
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə bəzi bələdiyyə sədrlərinin qanunsuz fəaliyyəti artiq açıqlanıb. Belə ki, Neftçala, Ucar, Cəlilabad, Ağdaş Gədəbəy, Qusar rayonlarının bələdiyyə sədrləri fəaliyyətləri zamanı qanun pozuntularına yol veriblər. Bu zaman dövlət büdcəsinə külli miqdarda ziyan dəyib.
Gələcəkdə bələdiyyə sədrlərinin özbaşınalığını aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a açıqlamasında bu cür nöqsanlara yol verilməsinin mənfi olduğunu bildirib.
Deputat bu cür hallarla mübarizədə Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib:
“Düşünürəm ki, bələdiyyə sədrlərinin qanunauyğun fəaliyyət göstərməsi baxımından belə halların aşkarlanması, qarşısının alınması digər bələdiyyə sədr və üzvləri üçün də ibrət olmalıdır ki, gələcəkdə onlar işlərində bu cür nöqsanlara yol verməsinlər. Eyni zamanda, bu məsələdə maarifləndirmə işi çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan da Ədliyyə Nazirliyinin üzərinə çox böyük vəzifələr düşür. O vəzifələri Ədliyyə Nazirliyi yerinə yetirməyə çalışır”.
Parlamentari bələdiyyə sədrlərinin öz üzərlərində çox işləməli olduqlarını xüsusi vurğulayıb:
“2019-cu ilin sonunda ölkəmizdə bələdiyyə seçkiləri keçirildi. Bələdiyyə üzvləri və sədrlərinin korpusu əhəmiyyətli dərəcədə yeniləndi. Yeni seçilmiş bələdiyyə sədrlərinin müəyyən treninqlərdən, təlimlərdən keçməsinə, Milli Məclisin Regional Məsələlər Komitəsinin iclaslarına daimi olaraq cəlb edilmələrinə, xarici təcrübə ilə də tanış olmalarına ehtiyac var. Ən əsası qanunauyğun fəaliyyət göstərmələri üçün həm hökumət, həm də Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülsün”.
Komitə üzvü ortaya çıxan nöqsanlardan danışarkən sui-istifadə hallarının, nöqsanların sayının azalmağa doğru getdiyini də istisna etməyib:
“Düşünürəm ki, yaxın gələcəkdə yeni seçilmiş bələdiyyə üzvlərinin sədrlərinin fəaliyyətində böyük irəliləyişlər görəcəyik”.
Bələdiyyələrin həyatına inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyinin 2019-cu il illik məruzəsində onlayn iclasda baxılıb və plenar iclasa tövsiyə edilib.
Pozuntulara yol vermiş və əməllərində cinayət tərkibinin olması ehtimal olunan hallar var. Əsasən 6 rayonun bələdiyyə sədridir. 1606 bələdiyyə sədri arasında 6 bələdiyyə sədrinin olması cüzi faizdir. Ancaq bu da mənfi haldır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət