BƏƏ 5G şəbəkəsini işə salmağa hazırlaşır
Birləşmiş Ərəb Əmirlikləri yeni nəsil 5G mobil rabitə şəbəkəsini inkişaf etdirməyə hazırlaşır.
Ölkənin ən iri telekommunikasiya şirkəti “Etisalat” elan edib ki, BƏƏ-də 5G şəbəkəsini artıq bu il işə salmağa hazırdır. AZƏRTAC xəbər verir ki, infrastruktur və şəbəkə super sürətli xidmətə artıq hazır vəziyyətə gətirilib.
Şirkətin texniki komandaları bütün ölkənin 5G ilə təmin edilməsi üçün hazırda 600 nöqtə yaradırlar. Şəbəkə və infrastruktur 5G-nin dəstəklədiyi mobil telefonların BƏƏ-də satışına başlanan kimi xidmət göstərəcək.
Böyüklüyünə görə BƏƏ-nin ikinci operatoru - “Du” şirkəti də 5G şəbəkəsinə investisiyalarla birbaşa bağlı olan kapital xərcləri bu il 40 faizə qədər artırmağı planlaşdırır.
Hər iki operator bildirib ki, 5G şəbəkəsi hazırdır və 5G-nin dəstəklədiyi qurğuların bazara çıxarıldığı məqamı gözləyir.
«Etisalat» şirkətinin böyük vitse-prezidenti Səid Al Zaruni bildirib ki, yeni şəbəkə məlumatların ötürülməsi üçün xeyli yüksək sürət təmin edəcək. Onun sözlərinə görə, 5G texnologiyası olan istifadəçilər saniyədə 4,5 giqabit maksimal sürətdən istifadə edə biləcəklər, halbuki 4G şəbəkəsində maksimum sürət saniyədə təqribən 600 meqabit təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət