Slimfit
  1. AZƏRBAYCAN

BDU-nun 100 yaşı tamam oldu

BDU-nun 100 yaşı tamam oldu
Sakura

Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 100 il ötür.

Femida.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi barədə qərar qəbul edilib, nizamnaməsi təsdiqlənib.

Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Juze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olub. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil alıb.

Xalq Komissarlar Sovetinin qərarı ilə 1930-cu ildə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib. İkinci Dünya Müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilib. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.

Ümummilli lider Heydər Əliyev də bu universitetin məzunu olub. Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilib. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamı ilə BDU Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıb.

BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur. Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitet Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

BDU-da 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.

Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR