Bayram Səfərov: Dağlıq Qarabağdakı sadə ermənilər Azərbaycanın qanunları altında yaşamaq istəyirlər
Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir. Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
O qeyd edib ki, Qarabağ erməniləri bizimlə birgə yaşamaq istəyirlərsə, Azərbaycanın üçrəngli bayrağının altından keçməli, dövlətimizin şəxsiyyət vəsiqəsini daşımalıdırlar: “Əgər bunu istəmirlərsə, gedib Ermənistanda yaşasınlar”.
İcma rəhbəri qeyd edib ki, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir: “Əgər torpaqlarımızı xoşluqla azad etməsələr, onlar üçün yaxşı olmayacaq. Birincisi, ehtiyac, səfalət içərisində olan sadə xalq yenə də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət