Slimfit
  1. AZƏRBAYCAN

Bayrağımıza görə gözünü itirən adam

Bayrağımıza görə gözünü itirən adam
Sakura

Bayrağımıza görə gözünü itirən adam

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. İlk dəfə 1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul olunub.

İkinci dəfə isə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin 5 fevralında bayraq Respublikamızın Ali Soveti tərəfindən təsdiq edilib. Ona görə də, 9 noyabr Azərbaycanda hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Müstəqillik illəri ərəfəsində bayrağımızın xalqa yenidən tanıdılmasında bir çox insanların zəhməti olub. Onlar sovet rejimi və təhlükəsi ilə qarşı-qarşıya qalsalar da, heç nədən qorxmadan, milli kimliyimizi təsdiq edən bayrağımızı meydanlara çıxarıb, dalğalandırıblar.

Belə insanlardan biri də Yaşar Türkazərdir. Bayraqdar deyir ki, Azərbaycan bayrağının ilk möhürü onun gözünə vurulub. Belə ki, 1988-ci il mayın 28-də bayrağımızı Bakı küçələrində dalğalandıran Yaşar Türkazər elə həmin gün bayrağa görə gözünün birini qurban verib. 

AzVision.az bayraqdarın o illərlə bağlı söhbətini təqdim edir:

- 32 yaşım var idi. O zaman mən Elektron Hesablama Maşınları zavodunda fəhlə işləyirdim. 1987-ci ildə “Çənlibel” ədəbi birliyinə gəldim. Həmin təşkilatı Azərbaycan Milli Azadlıq Hərəkatının təməl daşını qoyanlardan olan Məhəmməd Hatəmi yaratmışdı. “Çənlibel” mənə çox böyük təsir etdi. Ora gedəndə SSRİ-nin dağılması mənim heç ağlımdan da keçmirdi. Azərbaycanın bütövlüyünü istəyirdim.

1988-ci ilin 19 fevral mitinqdən başqa, həmin ilin 16-18 may aksiyalarında, 9 iyun mitinqində iştirak etmişəm. 1988-ci ilin 11 sentyabrda məni, Hatəmini və bir sıra iştirakçıları tutdular. Bizə xəbərdarlıq olundu və buraxdılar. Həmin ilin 22 sentyabrında məni, Hatəmini və Mənsur Əlisoyu yenidən tutdular. Çünki həmin gün Şəhriyarın təziyyə törənindən qayıdanda yolu şüarlarla keçdik. Şüarlarımız da Qarabağ məsələsinə, Azərbayacanın müstəqilliyinə aid idi. Bizi Kukla Teatrının qarşısında saxladılar. O vaxtın pulu ilə 300 manat cərimələnib, buraxıldıq. Ertəsi gün, sentyabrın 23-də zavodda “Şah İsmayıl Xətai adına Elmi Ədəbi Birliy”i, yəni, “Çənlibel”in bir şöbəsini yaratdım.

Bir məsələni də qeyd edim ki, Kommunist partiyasının Mərkəzi Komitəsinə Qarabağdan haray məktubları gəlirdi. O məktublarda ermənilərin “Topxana” meşəsində törətdikləri vəhşiliklər əks olunurdu. 1988-ci il noyabrın əvvəllərində həmin məktubları çap etməyə başladılar. Bu məktublar xalqı tərpətməyə başladı. Həmin ilin noyabr ayının 14-də Məhəmməd Hatəmi Sabirin heykəlinin yanında mitinq təşkil etdi. İknci mitinq isə noyabrın 16-da baş tutdu. Mən bu iki mitinqdə iştirak edə bilmədim. Noyabrın 17-də artıq zavoda xəbər yayıldı ki, Lenin meydanında mitinq gedir. Növbəti mitinq isə noyabrın 20-ə təyin olunmuşdu. Ondan sonra mənim taleyim meydanla bağlandı.

Noyabrın 19-da tribunadan aşağıda - camaatla tribunanın arasındakı aralıqda dayanmışdm. Bu vaxt iki oğlan - Salman Hüseynov və Elşad Ziyadov əllərində kağız, üstündə də bayraq şəkli meydana daxil oldular. Dedim, bu, nə bayraqdır? Dedilər, Azərbayacanın əsl bayrağı. Ona kimi heç kim Azərbaycanın əsil bayrağını tanımırdı. Həmin günə qədər iki filmdə milli bayrağımızı görmüşdüm. Amma nəzərimdən qaçıb. Biri “Doktor Nəriman”, digəri isə Çingiz İldırım haqqında olan film idi. Ancaq filmlər ağ–qara rəngdə olduqların görə, bayrağın rənglərini ayırd etmək mümkün deyildi. Tanımırdım.

Ertəsi gün onlar parçadan bayraqları meydana gətirdilər. Komsomolçular onları tutmaq istəyirdilər, biz qarşısını aldıq.
Millətin ehtirasını, coşğusunu görmək lazım idi. İnsanlar boğazlarından kəsib, pullarını müstəqilliyimizlə bağlı məsələlərə xərcləmək üçün verirdilər. Məhəmməd Hatəmi həmin pullardan götürüb Bəxtiyar Tuncay adlı meydan fəalına verdi ki, parça alıb, bayraq tikdirsin. Bəxtiyar Tuncayın bacısı gecə ilə bayrağımızın eskizini çəkdi, anası Suğra xanım isə bir neçə bayraq tikdi. Ertəsi gün, ayın 21-də bayaraqlar meydana gətirildi. Təsəvvür edin ki, camaat tanımırdı. Hamı bir-birindən soruşurdu ki, “Bu, kimin, haranın bayrağıdır?” Bayarağı tutan ilklərdən biri də mən olmuşam. 

Ancaq bunlar nə Bəxtiyara, nə də mənə ucuz başa gəldi. Bəxtiyar Tuncay 5 aylıq, mən isə 30 günlük həbs olundum. 1989-cu ildə Məhəmməd Hatəmi tutuldu. Bundan sonra biz başqa bir fəadinin - şair İsfəndiyar Coşqunun başına yığışdıq. O, həyatının 50 ilini Azərbaycanın azadlığı və bütövlüyünə həsr edib. Mayın 28-də Həsən Mehracın, Azərin başçılığı ilə Nizami muzeyinin yaxınlığında aksiya keçirdik. Həmin gün 70 ildən sonra ilk dəfə Bakı küçələrində bayrağımızı dalğalandırırdım. Aksiyanı 30-40 adamla başladıq, amma minlərlə insan bizə qoşuldu. Həmin gün dünyanın ən xoşbəxt insanı idim.

1989-cu il iyulun 8-də “Birlik” cəmiyyəti növbəti aksiyasını keçirdi. Bu dəfə milislər bizi Flarmoniyanın yaxınlığında saxladılar. O vaxtlar çox qüvvətli idim, üstümə hücum etdilər ki, bayrağı əlimdən alsınlar, ancaq ala bilmirdilər. Buna görə də mayor İnşallah Babayev gözümə bir yumruq vurdu. Nəticədə gözümün biri ömürlük əlil oldu. Gözümə vurulan bu yumruğu bayrağımızın ilk dəfə rəsmiləşməsinin möhürü saydım.

Bayrağımızdan danışarkən, istərdim iki nəfərin də adını çəkim: Cahid Hilaloğlu və Çingiz Abdullayev. 1956-cı ildə Cahid Hilaloğlu Sovet hakimiyyətinə etiraz olaraq, üçrəngli bayrağı Qız Qalasının üzərində qaldırdığına görə 4 il azadlıqdan məhrum edilib. Onlar əslində iki nəfər olmayıblar. 15-ə yaxın aktyor və rejissor etiraza qoşulmuşdu. Onlardan biri də Nazim idi, bu yaxınlarda vəfat edib. Gənc Tamaşaçılar teatrında çalışırdı. Bu insanlar canlarından keçmişdilər. 

O hərəkəti ikinci dəfə 1989-cu il, mayın 28-də Faiq Həsənov adlı bir şəxs də etmişdi. Cahid Hilaloğlunu şəxsən tanıyırdım. Aktrisa Naibə Allahverdiyevanın atalığı idi.

Bax, bayrağımızı bu çətinliklər, əziyyətlər hesabına ortalığa çıxardıq. Mən tutulan günü atam mikroinfarkt keçirmişdi. Elə bilmişdi ki, 1937-ci ildəki hadisələr təkrar olunacaq və güllələnəcəm.


Şahanə Rəhimli
AzVision.az 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR