Başçı 250 minlik maşın istədi, amma bunu aldı
Kəlbəcər Rayon İcra Hakimiyyəti avtomobilin alınması üçün tender elan etmişdi. Artıq avtomobil alındığı üçün tender başa çatmış hesab olunur.
Bu sözləri Axar.az-a Kəlbəcər Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov İcra Hakimiyyətinin yeni xidməti avtomobil almağa görə açıq tender elan etməsi haqda danışarkən deyib.
O qeyd edib ki, tender vasitəsilə avtomobil icra başçısı üçün deyil, onun birinci müavini Eldəniz Mehtiyev üçün alınıb:
“Artıq ikinci il idi ki, icra başçısının birinci müavininin xidməti avtomobili yox idi. Birinci müavin üçün xidməti avtomobil alınmalı idi. Dövlət büdcəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayrıldı. İcra başçısı təklif etdi ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan işlənmiş “Mersedes Benz S 350” avtomobili alınsın. Sadəcə həmin büdcəyə uyğun avtomobil tapmadıq. Sonra da yerli istehsal olan Azərmaş ASC-nin “Xəzər Pejo” (“Khazar Peugeot”) sedan markalı avtomobili alındı”.
H.Bağırov bildirib ki, icra başçısının xidməti maşını “Toyota Avalon”dur.
H.Bağırov onu da əlavə edib ki, maşın dünən alınıb və hələlik, dövlət nömrə nişanı alınmayıb.
Qeyd edək ki, bir neçə gün öncə icra başçısı üçün “Mersedes S350” markalı avtomobilin alınması ilə bağlı tender elan olunması haqda xəbərlər yayılmışdı. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu.
Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və “Mersedes S350”-nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı.
“Mersedes Benz S 350” markalı avtomobilin satış qiymətinin 250 min manat olduğu bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət