Slimfit
  1. AZƏRBAYCAN

Baş nazirin ticarət elçisi: "Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edə bilər"

Baş nazirin ticarət elçisi: "Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edə bilər"
Sakura

Baş nazirin ticarət elçisi: "Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edə bilər"

"Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur"

London. 1 noyabr. REPORT.AZ/ Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, Baronessa Emma Nikolsonun "Report"a müsahibəsi.

 

- Azərbaycan və Böyük Britaniya arasındakı hazırkı iqtisadi əlaqələri necə dəyərləndirirsiniz?

- Azərbaycan və Böyük Britaniya arasında əlaqələr yüksək formada inkişaf edir. Biz birgə çox yaxşı işləyirik, Bakıdan başlayan qaz kəməri əməkdaşlığımızın ən gözəl nümunələrindən biridir. Mən Azərbaycanla sıx əlaqədə olmaqdan məmnunam. Əlbəttə ki, Böyük Britaniya Azərbaycanda ən böyük investordur və mən tərəfdaşlığımız nəticəsində yaranan iş yerləri, iqtisadi inkişaf və enerji təhlükəsizliyindən çox razıyam.

- İki ölkə arasında ticarət dövriyyəsinin artırılması potensialı varmı? İqtisadi əməkdaşlığı hansı sahələr üzrə inkişaf etdirmək mümkündür?

- Həm neft-qaz sektorunda, həm də iqtisadiyyatın bir sıra digər sahələrində yüksək səviyyəli ticarət üçün böyük potensial mövcuddur. Böyük Britaniya şirkətləri Azərbaycanda kənd təsərrüfatı, səhiyyə, aerokosmika, bərpa olunan enerji və rəqəmsal texnologiyalar kimi bir sıra sahələrlə maraqlanırlar. Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, ötən həftə Azərbaycan Energetika Nazirliyi ilə BP arasında İngiltərənin "WS Atkins" şirkəti üçün Azərbaycanın hidroelektrik enerjisi sahəsində qiymətləndirmə aparmaq haqqında saziş imzalanıb.  

Əlbəttə ki, Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra da İttifaq ilə ticarət əlaqələrini geniş formada davam etdirəcək. Bununla belə, Azərbaycan kimi Aİ-dən kənarda olan ölkələrlə ticarət əlaqələrimizi genişləndirmək imkanı əldə edəcəyik.

- Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahələrində hansısa layihələr həyata keçirməyi planlaşdırır?

- Böyük Britaniya Azərbaycanın istədiyi bütün sahələrdə ona kömək etməyə hazırdır. Məsələn, turizm sahəsində. Düzgün strukturlaşdırılmış turizm hər bir ölkə üçün böyük gəlir mənbəyidir. Son 30 ildə Böyük Britaniyada turizm sahəsi inkişaf etməkdədir və hazırda dünyanın ən çox turist cəlb edən ölkələrindən biridir. Həmçinin mən xeyli sayda Böyük Britaniya vətəndaşının artıq Azərbaycana səfər etməsindən çox məmnunam.

Azərbaycan öz idman nailiyyətləri və müxtəlifliliyi ilə dünya səviyyəsində tanınır. Bizim xalqımız idmana böyük maraq göstərən xalqdır. Azərbaycan dünyada şahmat kimi bir çox sahələrdə liderlik edir. Böyük Britaniya da şahmatın inkişafına üstünlük verir.

 

- Böyük Britaniya Azərbaycanda qeyri-neft sektoruna qoyduğu investisiyaları artıracaqmı? Artıracaqsa, bu hansı layihələr vasitəsilə və həcmlərdə ola bilər?

- Artıq Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur. Mən daha çox imkanların olduğunu düşünürəm. Məsələn, Azərbaycanı London fond birjasında təqdim etmək imkanına sahib olduğum üçün çox xoşbəxtəm. Bu irəliyə doğru atılan böyük bir addımdır.

Azərbaycanın yeni maliyyə xidmətləri ilə tanış olmaq və onları Londonun bərabərhüquqlu xidmətləri ilə birləşdirmək də çox maraqlıdır.

- Azərbaycanın hansı məhsulları Böyük Britaniyadakı müştərilər üçün maraqlıdır və daha hansı məhsullar ixrac edilə bilər?

- Azərbaycanda baldan tutmuş xalçalara qədər çox gözəl məhsullar istehsal olunur. Böyük Britaniya da Azərbaycan məhsullarına olduqca böyük maraq göstərir. Bu da Birləşmiş Krallığa daha çox Azərbaycan məhsullarının ixracına imkan yaradır.

Azərbaycana müntəzəm olaraq səfər edə bildiyim üçün olduqca şanslıyam. Artıq son bir neçə ildə 10-12 dəfə Azərbaycanda olmuşam və bu səfərlərim zamanı Azərbaycan məhsulları ilə daha da yaxından tanış olmuşam. Məsələn, üzərində gözəl və qədimi naxışlar olan şarflarınızı çox bəyənirəm.

- İki ölkə arasında yeni səfərlər, ya da müqavilələrin imzalanması nəzərdə tutulubmu?

- Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Böyük Britaniyaya səfər etmək arzusunu mənə bildirib, ancaq hələ ki, dəqiq bir tarix yoxdur. Amma mən artıq Milli Fermerlər Birliyi və Britaniya Kənd Təsərrüfatı Departamenti ilə yaxşı bir proqram hazırlamışam və bu proqrama əsasən, nazir buraya gəldikdə yüksək səviyyədə qarşılanacaq, fermalara, Milli Fermərlər Birliyinə ziyarət təşkil ediləcək, kiçik və böyük sahibkarlarla görüşlər keçiriləcək.

İcmalar Palatası tərəfindən seçiləndə mənim ilk seçki məntəqəm Böyük Britaniyanın ən böyük kənd təsərrüfatı dairələrindən biri hesab olunurdu. Mən 10 il burada fermerləri təmsil etdim. Daha sonra Avropa Parlamentinə seçildiyimdə Əkinçilik komitəsinə daxil edildim. Yəni qısacası mən qida istehsalı, qida emalı və bölgüsü ilə yaxından maraqlanıram.

Mən çox ümid edirəm ki, Azərbaycanın kənd təsərrüfatı naziri ilə Böyük Britaniyanın kənd təsərrüfatı naziri arasında çox yaxşı bir əlaqə qura bilərik. Bu, reallaşmasını çox arzuladığım, istədiyim bir məsələdir.

Mən də tezliklə Azərbaycanda olacağıma ümid edirəm. Son dəfə Bakıda qadınlara səsvermə hüququ verilməsi və demokratiyanın 100 illiyi münasibətilə təşkil olunan tədbirə görə səfərdə olmuşam. Mən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə yaxın dostam və növbəti dəfə birlikdə daha çox işləyə biləcəyimizə ümid edirəm.

 

- Azərbaycanda neçə Britaniya şirkəti fəaliyyət göstərir və hansı sahələrdə işləyirlər?

- Azərbaycanda, təxminən, 250 Britaniya şirkəti fəaliyyət göstərir. Bunun ikiqat, üçqat daha çox olmasını istərdim. Onlar, əsasən, neft və qaz sənayesini təmsil edirlər. Azərbaycan Prezidenti İlham Əliyev mənə ölkədə diversifikasiyanın daha da artmasını arzuladığını bildirib. Mən də yeni insanlar, yeni fikirlər gətirirəm və Böyük Britaniyanın Bakıdakı səfirliyi də bu baxımdan inanılmaz şəkildə çox əmək sərf edir. Mən hesab edirəm ki, dünyanın ən böyük şəhərlərindən biri olan London şaxələndirməyə çox kömək edə bilər.

Mən həmçinin ictimai səhiyyə məsələlərini Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə müzakirə etmişəm. Azərbaycanda ictimai səhiyyənin inkişafı üçün böyük imkanlar var. Bu ailələr üçün çox vacibdir. Biz Böyük Britaniyada çox şanslıyıq, çünki bizdə NHS (Milli Səhiyyə Xidməti) var.

- “Brexit” və Böyük Britaniyanın Avropa İttifaqı ilə olan bir sıra razılaşmalardan çıxması gələcəkdə Azərbaycanla münasibətlərə təsir edə bilərmi?

- “Brexit” Britaniyaya istədiyi qədər sərbəst ticarət etmək, qlobal dünyada öz yerini geri qaytarma imkanı tanıyır. Buna görə də mən “Brexit”ə dəstək verirəm. Aİ-nin tərkibində keçirdiyimiz 43 il çox gözəl idi və biz bu müddətdə ikinci ən böyük iqtisadiyyat olmuşuq. Ən başından etibarən Aİ maddi cəhətdən Almaniya və Böyük Britaniya tərəfindən dəstəklənib. Biz bunu etməkdən çox məmnun qalmışıq. Biz Qərbi Avropanı stabilləşdirməyə kömək etdik və gözəl gözəl addımlar atdıq, amma indi hər şeyə yenidən daha geniş baxmaq vaxtıdır. Birləşmiş Krallıq da hazırda bunu edir.

“Brexit” Aİ-nin dərin üzvlüyünə görə bir müddətdir bizə bağlı olan daha çox qapının açılmasına səbəb olacaq və bu da daha geniş baxıb daha çox güclü olmağımıza imkan yaradacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR