Baş katib: "ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Milan görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə…
"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında ahəngli və konstruktiv danışıqlar üçün əlverişli ab-hava yaradılmalıdır".
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair brifinq zamanı ATƏT-in Baş katibi Tomas Qreminger bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair oturuşmuş format var. Burada Minsk qrupunun üç həmsədri iştirak edir. Biz burada nitq söylədiyimiz zaman onlar regiona səfər edirlər. Məncə, Düşənbədə çox uğurlu görüş keçirilib, bu, bütün nümayəndələr arasında etimadın bərpasına kömək edər. Ümidvaram ki, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Milan görüşü həmsədrlərin fəaliyyətinə dəstək bildirməyimizə, habelə bu məsələni həll etmək üçün bütün tərəfləri müvafiq siyasi iradə ortaya qoymağa dəvət etməyimizə imkan yaradar”, - Baş katib deyib.
Onun sözlərinə görə, hazırda münaqişə tərəfləri “kəskin ibarələrdən uzaq olmaq və təmas xətti boyu gərginliyi səngitmək” üçün konstruktiv səpkidə çalışmalıdırlar.
ATƏT baş katibi həmçinin münaqişə tərəfləri arasında ahəngli və konstruktiv danışıqlar üçün əlverişli ab-hava yaratmağın vacib olduğunu dilə gətirib: Davamlı və əhatəli sülh razılaşmasının zəruri şərti olan çətin güzəştlərə tərəflərin getməsi üçün belə ab-havanın yaradılması çox vacib məsələdir”.
Xatırladaq ki, ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Milan görüşü bu il dekabrın 6-7-də keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət