Slimfit
  1. İQTİSADİYYAT

Bank sistemində rəqəmsallaşma: problem nədədir?

Bank sistemində rəqəmsallaşma: problem nədədir?
Sakura

Bank sistemində rəqəmsallaşma: problem nədədir?

Beynəlxalq agentliyin hesabatı və real vəziyyət

Bu günlərdə "Moody’s" beynəlxalq reytinq agentliyi öz hesabatında Azərbaycan banklarının rəqəmsallaşma prosesində MDB-nin digər ölkələrindən geridə qaldıqlarını açıqladı. Hesabata görə, hazırda Azərbaycanda plastik kartların dövriyyəsi əhalinin gəlirinin təxminən 6 faizini təşkil edir ki, bu göstərici üzrə ölkəmiz yalnız Tacikistanı qabaqlayır.

Onlayn bank hesablarının sayı ümumi bank hesablarının cəmi 7 faizini təşkil edir. Bu göstəriciyə görə isə Azərbaycan MDB ölkələri arasında sonuncudur.

Azərbaycanın mobil rabitə baxımından da regionun digər ölkələrindən bir qədər geridədir. Belə ki, MDB ölkələrində orta hesabla hər 100 nəfərə 136 SIM-kart düşürsə, Azərbaycanda hər 100 nəfərə 103 SİM-kart düşür. MDB məkanında bu göstəriciyə görə Azərbaycan yalnız Moldova, Tacikistan və Özbəkistanı qabaqlayır.

Maraqlıdır ki, İnternet istifadəçilərinin sayına görə Azərbaycan MDB-də liderdir. Belə ki, ölkə əhalisinin 79 faizi internet istifadəçisidir. MDB üzrə isə bu göstərici orta hesabla 68 faiz təşkil edir.

Rəqəmsallaşma nədir?

Qeyd edək ki, rəqəmsallaşma kağız daşıyıcılarındakı məlumatların minimallaşdırılması və onların elektronlaşdırılmasıdır. Eyni zamanda rəqəmsallaşdırma daha geniş məfhumdur və nağdsız ödənişləri də özündə ehtiva edir. Yəni rəqəmsallaşdırma bütün sahələrdə tətbiq olunur və maliyyə, kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələri üzrə onun tətbiqi daha da genişləndirilə bilər.

Azərbaycanın bank sistemində rəqəmsallaşmanın genişləndirilməsi 2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əsas prioritetlərindən biridir. Bu prioritetə əsasən 2020-ci ilədək  bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur.  Yol xəritəsində nəzərdə tutulan prioritet çərçivəsində ötən il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Bu proqramda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dörd inkişaf istiqaməti müəyyən olunub. Bunlar rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və Rəqəmsal ödənişlər üzrə təbliğatın və maarifləndirmənin gücləndirilməsidir.

Bank sistemində rəqəmsallaşma sahəsində hansı işlər görülür

Rəqəmsal xidmətlərin inkişafı nəticəsində banklar müştərilər üçün özünəxidmət imkanlarını genişləndirir və bu, vəsaitlərin qənaət olunmasına gətirib çıxarır. Belə ki, "McKinsey" şirkətinin təqdim etdiyi rəqəmlərə əsasən, rəqəmsal kanallarla aparılan tranzaksiyaların maya dəyəri ənənəvi bank xidmətərinin maya dəyərindən 20-25 faiz azdır. Rəqəmsallaşmanın geniş təşəkkül tapdığı ölkələrdə bank filial və şöbələri ilə əhatəlilik önəmini itirir. Çünki vətəndaşlar filial və ya şöbəyə getmədən bank xidmətlərini İnternet üzərindən əldə edə bilirlər. Azərbaycanda bu sahədə ciddi problemlərin olduğu göz önündədir: bu gün ən adi bir məsələ üçün vətəndaş mütləq banka getməli olur. Yaxud bankların xeyli hissəsi kredit ödənişlərini belə İnternet üzərindən qəbul edəcək sistemə malik deyillər.

Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun dediyinə görə, ötən illə müqayisədə bu il bank sektorunun rəqəmsallaşmasında uğurlar əldə edilib. İ.Alışov deyib ki, hər bir bankın rəqəmsal transformasiyası üzrə ayrıca bir model müəyyənləşdirilib, hər bir banka individual yanaşılıb: “Keçən illə müqayisə etdikdə, həm elektron ödənişlərin həcmində, həm də bankların rəqəmsallaşmasında müsbət dinamikanı görürük. Artıq Azərbaycanda fəaliyyət göstərən 30 bankın 27-də internet bankçılıq, 25-də Mobil bankçılıq xidmətləri təşkil edilib. Cari ilin birinci rübündə açılmış hesablar üzrə aparılan əməliyyatların təxminən 31 faizi elektron bankçılıq xidmətləri vasitəsi ilə həyata keçirilib.  Bu, keçən ilin müvafiq dövründə 22 faizin üzərində idi. Bu artım bizi sevindirir”.

İ.Alışov qeyd edib ki, hazırda ölkədə 6,8 milyon ədəd kart var: “Bu ilin birinci rübündə 700 72 min ədəd təmassız ödəniş kartı dövriyyəyə buraxılıb. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Digər tərəfdən, hazırda elektron ticarət sürətlə həyatımıza daxil olur. Elektron ticarətin statistikasına baxsaq, 2019-cu ilin birinci rübündə aparılan əməliyyatlar keçən ilin müvafiq dövrünü 2 dəfə üstələyir. Bu, mütləq ifadədə, bu ilin birinci rübündə təxminən 573 milyon manat, keçən ilin birinci rübündə isə 266 milyon manat olub”(ONA).

Kölgə iqtisadiyyatı yüksək, nağdsız dövriyyə kiçikdirsə...

İqtisadçı-ekspert Samir Əliyevin musavat.com-a dediyinə görə, bank sektorundakı rəqəmsallaşma səviyyəsi bütövlükdə ölkə iqtisadiyyatındakı rəqəmsallaşma səviyyəsinə uyğundur: “Yəni ölkə iqtisadiyyatı necədirsə, bank sektoru da elədir. Özü də nəzərə almaq lazımdır ki, müasir texnologiyaların tətbiqi baxımından, xidmət keyfiyyətinə görə bank sektoru həmişə ümumi iqtisadiyyatdan bir addım öndə olur. Əlbəttə, banklarımızın ideal olduğunu da söyləmək niyyətində deyil. Azərbaycanda iri holdinqlərin kassası rolunu oynayan, şübhəli əməliyyatlar aparmaq üzrə ixtisaslaşan banklar da olub. Bunlar göstərdikləri xidmətlərin keyfiyyətinin artırılmasından daha çox çirkli, korrupsiya yolu ilə əldə olunmuş pulların yuyulmasında maraqlı olublar. İqtisadiyyat bank sektorundan şəffaflığı tələb etmədiyinə görə bu sahədə addımlar da ləngiyib”.

Ekspertə görə, rəqəmsallaşmanın aşağı səviyyədə olmasının ən mühüm səbəbi nağdsız dövriyyənin kiçik həcmi ilə bağlıdır: “Nağdsız dövriyyə istər-istəməz rəqəmsallaşma tələb edir. Yəni uzun illər boyu Azərbaycanda qeyri-nağd dövriyyənin həcminin artırılmasına yönəlik addımlar atılsa da, nəticə heç də ürəkaçan olmayıb. Bunun da əsas səbəblərindən biri kölgə iqtisadiyyatının həcminin həddindən artıq yüksək olmasıdır. Son vaxtlar kölgə iqtisadiyyatının qarşısının alınması, nağdsız dövriyyənin artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirləri mükəmməl hesab etməsək də, onların getdikcə təkmilləşdirilməsi şərtilə daha da inkişaf etdirilməsinin, ölkədə nağdsız dövriyyənin həcminin dünya səviyyəsinə çatdırılmasının gərəkdiyini düşünürük. Banklarımızın kredit və depozitlərdən əlavə də məhsullarının olması, onların çeşidinin artırılması, beynəlxalq bazarlara çıxışı rəqəmsallaşmanı da zərurətə çevirəcək”.

Moody`s köhnə rəqəmlərə istinad edib

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, bank sektorunda rəqəmsallaşmanın ləng inkişafının əsas səbəblərindən biri banklardır: “Bank sektorunun rəqəmsal transformasiyası, maliyyə və rəqəmsal texnologiyaların inteqrasiya olunması baxımından ciddi problemlər var. Lakin düşünürəm ki, Moody`sin istinad etdiyi rəqəmlər bir qədər köhnədir. Çünki son vaxtlar bank sektorunda rəqəmsallaşmanın genişləndirilməsi üçün bir sıra işlər görülüb. Bu işlər prezidentin ötən il təsdiqlədiyi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ilə bağlıdır. Amma ümumiyyətlə, maliyyə-bank sektoru hələ də çox konservativdir. Sanki bir çəpərləmə həyata keçiriblər, müasir texnologiyaları çox çətinliklə içəri buraxırlar. Adını da qoyublar təhlükəsizlik məsələləri. İmkan verilmir ki, tutalım, mobil operator girib orada özü xidmət yaratsın, yaxud ayrı-ayrı şirkətlər özləri nələrsə tətbiq etsinlər. Azərbaycanda elektron ticarətin, mobil bankçılığın, internet bankçılığın, fintekslərin, finteks sahəsində yeni startapların inkişafının qarşısını alıblar. Bu sahəyə maraq göstərən bir startapçı girməlidir bankın xidmət sisteminə onun üzərindən nəsə etməlidir. Mobil operator bankla birlikdə elə bir sistem qurmalıdır ki, siz telefon aparatına harasa yaxınlaşdırmaqla ödəniş edə biləsiniz, yaxud hesabınıza pul qəbul etməlisiniz. Bizdə bunlar hələ də yoxdur”.

O.Gündüzün sözlərinə görə, rəqəmsallaşma sahəsində proseslərin tənzimlənməsi üçün Azərbaycanda bir qanunun qəbuluna ehtiyac var: “Bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” adlanan qanun layihəsinin hazırlanmasına dörd il əvvəl başlayıblar, hələ də ortaya bir sənəd çıxarılmayıb. Bu qanunun qəbulu rəqəmsallaşma istiqamətində proseslərin tənzimlənməsi baxımından çox mühüm rol oynayır. Qanun olmadan digər şirkətlərin bank sisteminə inteqrasiyası mümkün deyil”.

Forum rəhbəri Moody`sin hesabatında Azərbaycanda mobil rabitə ilə bağlı vəziyyətə dair qeyd olunanları haqlı hesab edir: “Dünya hazırda 5G üzərindən işləyir. Bizdə isə 4G yalnız Bakıda və az sayda region mərkəzlərində var. Rayon mərkəzlərinin əksəriyyətində 3G-dir, kəndlərdə isə bu da yoxdur. Bu sahədə ciddi problemlər və onların həllində məsuliyyət daşıyan qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Mobil rabitə şirkətlərinə lisenziyanı bu nazirlik verir və o, hər bir şirkət üçün 4 G-nin tətbiqi üzrə konkret qrafik müəyyənləşdirə bilər. Bizdə mobil internetin, ümumiyyətlə, genişzolaqlı internetin qiyməti çox bahadır. Qonşu ölkələrlə müqayisə etsək, eyni pula onlar bizdən 2-3 dəfə artıq sürət əldə edirlər. Bu, düzgün deyil və adını çəkdiyim nazirlik bu sahədə tənzimləyici funksiyalarını lazımi qaydada icra etmir. Məsələn, nazirlik monitorinq apararaq, nəticələri açıqlamalıdır. Lakin indiyədək belə nəzarət monitorinqinin aparılıb-aparılmadığı məlum deyil. Bu vəziyyət mobil bank xidmətlərinin tətbiqi sahəsində inkişafın qarşısını alan amillərdən biridir”.

Bir sıra bank mütəxəssisləri hesab edirlər ki, müvafiq qanunverici baza və şərtlər formalaşarsa, banklar rəqəmsallaşma ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcəklər. Bunun üçün beynəlxalq standartlara uyğun hesabatlılıq, nağdsız ödənişlərlə bağlı sistemlər, ATM və POS-terminal şəbəkəsi və s. infrastruktur, eləcə də lazımi bünövrə var. Sadəcə olaraq, mövcud infrastrukturu genişləndirmək üçün yeni texnologiyaların, şəbəkələrin daha da genişləndirilməsi vacibdir. Bu gün banklar üçün plastik kartlarla ATM və POS-terminallarda əməliyyatlar, SWIFT, AZIPS, XÖHKS, sürətli pul köçürmələri sistemləri adi sistemlərə, adi əməliyyatlara çevrilib. Əsas məqsəd bu sistemlərin təsir dairəsinin genişləndirilməsi, əməliyyat həcminin artırılmasıdır ki, bunu da real sektorla qarşılıqlı əməkdaşlıqla həyata keçirmək mümkün olacaqdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR