Slimfit
  1. MARAQLI

Balıq alarkən nəyə diqqət edək - Dəyərli məsləhətlər

Balıq alarkən nəyə diqqət edək - Dəyərli məsləhətlər
Sakura

Balıq alarkən nəyə diqqət edək - Dəyərli məsləhətlər

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.

Mağazalarda, bazarlarda, əsasən, diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş və qaxac edilmiş, həmçinin duzlu və konserv edilmiş balıq və digər dəniz məhsulları satılır. Bunların arasında keyfiyyətini dəyişmiş dəniz məhsullarının satılması istisna edilmədiyi üçün ekspertlər balıq alarkən diqqətli olmağı tövsiyə edirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı balıq satılan mağazalara baş çəkib, balıq bazarındakı real vəziyyətlə tanış olub, satıcıların fikirlərini öyrənib.  

Satıcı Nail Hacıyev bildirib ki, mağazada dondurulmuş, hisə verilmiş, duzlu və təzə balıq satılır: "3-4 ildir satıcı işləyirəm hələ ki, balıqdan zəhərlənmə şikayəti ilə müraciət edən olmayıb. Etiraf etmək lazımdır ki, bizim mağazaya müxtəlif firmalar məhsul gətirir. Məhsulu aldığımız zaman onun keyfiyyətinə diqqət yetiririk".

"Balığın yaxşı görünməsi, pis qoxu verməməsi onun keyfiyyətli olması üçün əsas deyil. Bəzən olur ki, dondurulmuş balıq alırıq. Alanda məhsul keyfiyyətli görünür. Ancaq donu açılan zaman qoxu verir və əti parçalanır. Yəni çox zaman biz özümüz də aldana bilirik. Belə olanda, həmin məhsulları geri qaytarırıq" – deyə satıcı əlavə edib.

Satıcı onu da vurğulayıb ki, soyudulmuş balıq gövdəsinin temperaturu əzələ toxumasının dərinliyində mənfi 1C-dən müsbət 5C-yə qədər olan balıqdır: "Turşu vari iyi və ya qəlsəmələri qaralmış, bədəni selikli olan soyudulmuş balığın satışı qadağandır. Biz özümüz də alanda buna diqqət edirik. Belə balıqları almırıq və satmırıq".  

Mağazalarda dondurulmuş balıq 7-20, hisə verilmiş balıq 8-16 manata satılır. Təzə balıqların qiyməti isə müxtəlifdir. Kütüm 8, xanı 5, sazan 7 manata təklif olunur. Satış yerlərinə görə balıqların qiymətlərində də müxtəlif fərqliliklər müşahidə edilir.

Nə qədər qəribə olsa da, satıcılar satdıqları balığın mənşəyini, haradan gətirildiyini, göl, çay və ya dəniz məhsulu olduğunu müəyyən edə bilmirlər. Bu da alıcıda istər-istəməz şübhə yaradır.

Qida eksperti Elsevər Fərzəliyev qeyd edir ki, balıq əti, ümumiyyətlə, insan orqanizmi üçün çox xeyirlidir. Amma qidalanmaq üçün yararsız balıqlar da var: "Balıq əti tez xarab olan qida məhsullarına aid edilir. O, normal rejimlərdə saxlanılmadığı zaman ətinin tərkibində toksin maddələri yarana və zəhərlənmə baş verə bilər".

E.Fərzəliyev bildirir ki, donmuş halda balıq ətində toksiki maddələr yarana bilməz: "Ovlanmış balıq düzgün rejimlərdə saxlanarsa, yenə də heç bir mənfi təsiri ola bilməz. Xaricdən gətirilən balıqlar zəhərlənmə verirsə, deməli, onlar düzgün saxlanmayıb. Həmçinin balıqların yaşadığı mühitdə zərərli, zəhərli birləşmələr olarsa, onlar bu haldan zəhərlənə bilərlər. Bu da insan orqanizminə mənfi təsir edə bilər". 

Ekspert qeyd edir ki, təzə balığın səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış, gözləri parlaq olur: "Təzə balığın qəlsəmələri spesifik təzə balıq iyinə malik olur və tünd qırmızı rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Qəlsəmələri boz rəngli olan balığı almayın".

Ekspertlər hesab edirlər ki, balığın zəhərlənməyə səbəb olmasının ilk səbəbi saxlanma şəraitinin düzgün olmaması, buna görə də keyfiyyətinin dəyişilməsidir.

Qida mühəndisi Xalid Əhmədov deyir ki, balığın köhnəliyini onda çürümə qoxusunun olması ilə müəyyən etmək olar: "Balıq köhnədirsə, qəlsəmələrinin rəngi qırmızı-qəhvəyi, çəhrayı, rəngsiz və s. olur və balığın gözünün rəngi bulanıqlaşır".

X.Əhmədov bildirir ki, növündən asılı olaraq balıq məhsullarının saxlanma müddəti, şəraiti və temperaturu müxtəlifdir: "Yayda təzə balığı mağazada 24, soyuq vaxtlarda 48 saat saxlamaq olar. Duzlu balıq çəlləklərdə 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakum şəraitdə 20-25 sutka, vakumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq —8-10 dərəcədə 8-10 ay saxlanıla bilər".

Qeyd edək ki, bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağandır.

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir. 

 

Agentliyin xəbərdarlığında o da qeyd olunur ki, təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir: "Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur. Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır".

"Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur. Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur. Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir" – deyə vurğulanır.

Məlumatda o da bildirilir ki, balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır: "Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir".



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR