Balakəndə aztəminatlı ailələr üçün meyvə bağları salınıb
Aprelin 4-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Balakən rayonunda aztəminatlı ailələr üçün fındıq bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı rayonun Gərəkli kəndi ərazisində ayrılmış 2 hektar sahədə 1248 ədəd fındıq tingi əkilib.
Yeni salınan bağ rayonda yaşayan 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr fındıq bağına qulluq göstərərək, məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Mərasimdə bildirilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprelində başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl və Qazax rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 19 min 808 meyvə ağacı əkilib və 60 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil olunacaq.
Balakən rayonunda fındıq bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA İctimai Birliyinin təmsilçiləri aksiyada
iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət