Bakının iki rayonunda qaz kəmərləri yenidən qurulur
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni qaz sayğaclarının quraşdırılması və daşıyıcı qaz kəmərlərinin yenidənqurulması işlərini icra edir.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, Birlik tərəfindən Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.
Belə ki, Səbail rayonu, Mətbuat prospektində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.
Dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəzlənməsi, quraşdırılan sayğacların kipliyə yoxlanıldıqdan sonra yivli birləşmələrinin plomblanması və dəyişdirilən qaz xətlərinin rənglənməsi istiqamətində intensiv işlər aparılır. Son zamanlar respublikamızda aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri Nizami rayonunda da davam etməkdədir. Rayonda yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır.
Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” tərəfindən Nizami rayonunun qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilmiş və həmin layihəyə uyğun olaraq, diametri 315 mm-lik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır. Ümumi uzunluğu 4 min metr olacaq qaz kəməri Tofiq Abbasov, Əli Vəliyev və Şərifli Məmmədəli küçələrindən keçərək mövcud şəbəkəyə birləşdiriləcəkdir.
Qeyd edək ki, bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış diametri 159 mm-lik metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 1250 metrlik hissəsində işlər başa çatdırılmış, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir. Onu da bildiririk ki, yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur. Rayon ərazisində aparılan təmir-tikinti işlərinin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər nəticəsində, ümumilikdə, 5 min abonentin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət