Slimfit
  1. AZƏRBAYCAN

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi Respublika Veteranlar Təşkilatında qeyd edilib

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi Respublika Veteranlar Təşkilatında qeyd edilib
Sakura

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi Respublika Veteranlar Təşkilatında qeyd…

Sentyabrın 12-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik qüvvələrinin işğalından azad etməsinin 100 illiyinin yaxın günlərdə qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarımızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq.

Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakının daşnak-bolşevik işğalından azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub.

Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi.

 

Bildirilib ki, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib və Göyçaya yaxınlaşıblar. Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam edib. Müqavimətə baxmayaraq, Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri düşməni məğlub ediblər. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişib, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının daşnak-bolşevik işğalından azad edilməsi üçün ilk zəmin yaradıb. Daşnak-bolşevik birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi olub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkilib. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edib. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsi üçün ardıcıl iş aparıblar. Peşəkar Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən çox əsgər və zabiti şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad edib. Bu tarixi günü qeyd etdiyimiz bir vaxtda hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir. Biz inanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan Ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və döyüş əzmini bir daha aydın göstərdi, işğalçıya Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi. Biz veteranlar erməni işğalı altındakı Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Prezident yanında Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu və başqaları çıxış edərək Bakının düşmənlərdən azad olunması ilə bağlı 1918-ci ilin aprel-sentyabr aylarında Cümhuriyyət xadimlərinin fəaliyyətindən, Qafqaz İslam Ordusunun şücaətindən danışıblar. Qeyd ediblər ki, bu tarix Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və birliyin nümunəsidir. Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyinin qeyd olunması tariximizin geniş auditoriyaya, xüsusilə də gənclərə aydın çatdırılması və cəmiyyətdə təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış edənlər Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildiriblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR