Bakının bu qəsəbəsində sakinlər suya həsrət qalıb
Xəzər rayonu Qala qəsəbəsində “Xaşaxuna” adlanan ərazidə yaşayan minlərlə sakin uzun illərdir ki içməli su problemindən əziyyət çəkir.
Son ümüd yeri kimi, problemin işıqlandırılması üçün “Baku TV”yə müraciət edən əlacsız sakinlərin şikayətləri göz yaşardır desək, yanılmarıq.
Belə ki, ərazidə yaşayanlardan kimin imkanı varsa, vaxtlı-vaxtında pulunu verərərk, suyunu alır. Digər sakinlər isə acınacaqlı vəziyyətdə qalaraq kanalizasiya xətləri axıdılan, çirkab mənbəyi olan sudan istifadə edirlər.
Ərazidə yerləşən 19 saylı Kəlbəcər məktəbinin çənindəki su isə əlavə şərh verməyə şans vermir. Sakinlər hazırkı vəziyyətlərini belə izah edirlər:
- “Əlacsızlıqdan çirkab su içirik. Uşaqlarımız xəstəliyə tutulur, həkimə aparırıq deyir sudandır”.
- “Susuz məktəb olar? Şagirdlər məktəbdə su tapmırlar əllərin yumağa”.
Ərazidə yaşayanlar davamlı olaraq həm Xəzər rayon icra nümayəndəliyinə, həm də “Azərsu” ASC-yə etdikləri müraciətlər isə sadəcə vaxt itkisi olub:
“Dəfələrlə həm Azərsu ASC-yə, həm də rayon icra hakimiyyətinə müracitlər etmişik. Bir neçə dəfə kütləvi şəkildə qəbullarda olmuşuq. Hər dəfə yaxın vaxtlarda su olacaq deyib, bizi yola verirlər”.
Ölkədə su təchizatının təşkili ilə məşğul olan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemdən xəbərdar olduqlarını və sakinləri bir az da səbirli olmağa çağırdı.
Qurum rəsmisi yaxın iki il ərzində sözügedən ərazinin su problemi öz həllini tapacağını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət