Slimfit
  1. DÜNYA

Bakıdakı itlərin ilk gözəllik salonunun sahibi: Heyvanlar üçün hotel açmaq arzusundayam

Bakıdakı itlərin ilk gözəllik salonunun sahibi: Heyvanlar üçün hotel açmaq arzusundayam
Sakura

Bakıdakı itlərin ilk gözəllik salonunun sahibi: Heyvanlar üçün hotel açmaq arzusundayam

Hər gün Bakıda yeni bir yer kəşf edirik. Maraqlı dizaynı ilə seçilən kafelər, kitab mağazaları, sərgi salonları və s.

Bu dəfə isə qarşımıza çıxan gözəllik salonu bizi heyrətləndirdi. Düşünəcəksiniz ki, gözəllik salonu insanı niyə heyrətləndirsin?

Bütün gözəllik salonlarında aşağı-yuxarı eyni xidmətlər göstərilir. Amma bu salonu digərlərindən fərqləndirən əsas məqam onun xanımlara yox, heyvanlara xidmət göstərməsidir. 

 

Bəli, söhbət “28 May” metrostansiyası yaxınlığında yerləşən “Doggie Couture by Nelya”  salonundan gedir.

İçəri girən kimi eşidilən, bir-birinə qarışan it-pişik səslərinə gülməmək mümkün deyil. Burada göstərilən xidmətlər bəlkə də heç xanımlar üçün xidmət göstərən salonlarda yoxdur.

Salonda itləri yuyundurub, qurudub, darayırlar. Yemək vaxtında isə yeməklərini verirlər. Hətta sahiblərinin istəyinə uyğun olaraq, tüklərini boyayıb, dırnaqlarına rəng çəkib, qulaqlarına sırğa belə taxırlar.

Oxu.Az-ın əməkdaşları Bakıda ilk və tək olan “Doggie Couture by Nelya” adlı heyvanların gözəllik salonundan hazırladığı reportajı təqdim edir.

Əvvəlcə onu deyim ki, salon artıq səkkiz ilə yaxındır fəaliyyət göstərir. Əvvəl Bülbül 81 ünavnında yerləşən salon artıq Rəşid Behbudov küçəsindədir. Bu möhtəşəm salonun sahibi isə Nailə Əliyevadır.

Nailə xanım deyir ki, salonu yaratmasına səbəb ilk növbədə öz itlərinin, daha sonra isə digər heyvanların rahatlığını təmin etməkdir:

“Bu salon heyvanlara, xüsusilə itlərə olan sevgimin bəhrəsidir. Uşaq yaşlarımdan it saxlamışam. Təəssüf ki, indi valideynlər uşaqlara itlərdən, pişiklərdən uzaq durmağı aşılayır. Amma bizim valideynlərimiz bizə onları sevməyi, əzizləməyi öyrədib. Bir gün yoldaşım mənə hədiyyə olaraq bir it bağışladı. Heç vaxt o cinsdən itim olmamışdı. Bakıda onun baxımı üçün mənə köməklik göstərə biləcək nəinki salon, mütəxəssis belə yox idi.

Bu cür çətinliklər məni vadar etdi ki, bu sahəni dərindən öyrənim. Beləliklə, mən Ukraynaya getdim. Orada bu sahə üzrə kurslara yazıldım. Peşəkar şəkildə ən xırda detallara qədər işin sirlərini öyrəndim. Ukraynada gördüm ki, bu iş çox geniş yayılıb və hər kəs buna tam ciddi yanaşır. Ancaq fikrimdə salon açmaq yox idi.

Daha sonra Bakıya qayıtdım. Əvvəl öz itlərimi, sonra dostlarımın itlərini, ondan sonra dostlarımın dostlarının itərinin tüklərini qırxdım, baxımları ilə bağlı məsləhətlər verdim. Nəhayət qərara gəldim ki, bu işi bilirəm, niyə də yox? Mən mütləq bir salon açmalıyam! Qarşıma məqsəd qoyub bu möhtəşəm salonu açdım”.

Salonun təmir işləri gedəndə ətrafda yaşayan insanlar sevinib ki, yeni gözəllik salonu açılır. Tez-tez açılışının nə zaman olacağını soruşduqarı salonun onlara yox, itlərə xidmət edəcəyini öyrəndiklərində isə məyus olublar:

“Hətta sizə deyim ki, səs-küy olacaq deyib bizi polisə şikayət edənlər də az olmayıb. Amma hər şeyi qanun-qaydasına görə etdiyimiz üçün heç bir problem olmadı. İndi isə heç kim bizdən narazı deyil”

Söhbət zamanı Nailə xanımın kinoloq olduğunu düşündük. Amma onun əsl ixtisası bizi təəccübləndirdiyi qədər sizi də təəccübləndirəcək:

“Əslində mən ixtisasca tarixçiyəm. Artıq səkkiz ilə yaxındır bu işlə məşğulam. Qısa müddətdə bu salonu çox insan tanıdı, sevdi. Mən buna çox sevinirəm”.

İnsanlar itlərə, pişiklərə oyuncaq kimi yanaşır.

Nailə xanım itlərə sahib olmağın asan olduğu qədər, baxımlarının da çətin olduğunu xüsusi vurğulayır:

“Çox adam uşaqlarına it hədiyyə etsə də, onun cinsini, hansı şəkildə baxılmasını, yeməklərini və s. araşdırmır. İtlərə sanki oyuncaq kimi baxırlar. Bu, düzgün deyil. Bəzən insanlar öz yediyi yeməklərdən, ev yeməklərindən itlərə də verirlər. Belə olmaz, ona ziyandır. Balaca itlərə qoyun əti, qızardılmış yeməklər, yağlı bişmişlər vermək qətiyyən olmaz. Amma “Alabay” kimi itlər istisnadır”.

Salonda itlər üçün xarici ölkələrdən gətirilmiş alətlərdən, şampun və kremlərdən istifadə olunur. Nailə xanım deyir ki, təəssüf ki, Azərbaycanda onları tapmaq mümkün olmur:

“Salonda istifadə olunan alətlər müxtəlif ölkələrdən əsasən, Ukrayna, Rusiya, İtalya və Amerikadan sifarişlə gətirilir. Tüklərin qırxılmasında istifadə edilən qayçıların birinin 200 dollar qiyməti var. İtlər üçün xüsusi şampun, balzam, sprey, dəri üçün maskaları isə İtaliyadan gətirirəm.

Təkcə çampunlardan birinin qiyməti 150 dollardır. Onların dərisi həssas olur. Baxım zamanı onların dərisinə maskalar qoyulur, yüksək keyfiyyətli məhsullardan istifadə edilməsi şərtdir. İnsan necə özü üçün ən bahalı, ən yaxşı vasitələri seçir, eləcə də itlər üçün də belə olmalıdır”.

Bir itin tam şəkildə hazırlanmasına ən azı 2 saat vaxt lazım olduğunu deyən Nailə xanım, qiymətlərin itlərin vəziyyətinə və cinsinə görə dəyişdiyini bildirib:

“İtlərə ilk peyvənd 3 ayları tamam olanda vurulur. Çalışırıq ki, 3 aydan balaca itləri götürməyək. Ona qədər itlər ev şəraitində qalmalıdır. Biz ancaq itlər, pişikləri yox, dovşanlar, xamyaklar,hətta bir müştərimiz bizə donuz da gətirmişdi. Əvvəlcə çətinlik çəkdik, amma onun da baxımını yüksək səviyyədə etmişdik.

Qəbulu zamanı ilk olaraq onların peyvəndinin vurulmasını yoxlayırıq. Salonda USM aparatımız və həkimimiz var. Heyvanların daxili orqanlarına baxılır. Təəssüf ki, bu gün it və pişiklərdə ən çox xərçəng xəstəliyinə, kista və daşlara rast gəlinir. Əgər hər şey qaydasındadırsa iti qəbul edirik.

Birinci mərhələdə onu yuyundururuq.

Sonra tüklərini quruduruq.

Daha sonra ehmalca darayırıq.

Qulaqlarını, burnunu təmizləyirik, dırnaqlarını kəsirik. Ağrısız və narkozsuz ultrasəs aparat ilə itlərin dişləri təmizlənir. 

Zövqə görə, tüklərini boyayır, bəzədiləndə taxma sırğa taxırıq. Hətta istəkdən asılı olaraq tatu da edirik. 

Sonda isə geyimlər geyindirilir və sahibi gələnə qədər ona nəzarət olunur.

Biz burada itlərin cütləşdirilməsinə də yardım edirik. Hətta bir dəfə itləri bəy və gəlin kimi bəzəyərək toylarını da etmişik.

Daha çox “Şpitsi” cinsindən olan itlər gəlir. Amma siz burada “Ovçarka”, “Çoban iti” , ”Golden rentriver” , ”Rotveyler” , ”Haski” , ”Akita inu” və s. digər cinslərdən olan itləri də görə bilərsiz. Qiymətlər isə itlərin vəziyyətindən, cinsindən asılı olaraq 15-20 manatdan başlayır və 60 manata, daha yuxarı məbləğə qədər gedir. İtlər isə cinsindən asılı olaraq həftədə bir dəfə, ayda iki dəfə və ya ayda bir dəfə gətirmək kifayət edir”.

Salonun işçiləri itlərə qarşı o qədər nəvazişlə yanaşırlar ki, sanki öz itləridir. Nailə xanım deyir ki, itərə kobud davranmaq olmaz:

“Salonda itlərin təmizliyi üçün ayrılan otaq var ki, qapısı bağlı olur. Yuyunduqdan sonra üşüməsinlər deyə xüsusi temperatur qorunmalıdır. Həmin otaqda kameralar var. 

İtlərə qarşı heç kimi kobud rəftar edə bilməz. Mən işçilərimi seçəndə əsas heyvansevər olmalarına üstünlük vermişəm. Qalan hər şeyi zamanla mən öyrədəcəm, onlar da öyrənəcək. Pul qazanmaq yaxşıdı, amma gərək onu halal qazanasan”.

 

Salona Azərbaycanın ən tanınmış insanları, sənət adamları, biznesmenlər öz itlərini etibar edir.

“Müğənnilər Miri Yusif, Röya, Nura Suri, Çingiz Mustafayev və başqaları itlərini bizim salona gətirirlər. Çünki buranın təmizliyinə, etibarlı olduğuna əmindirlər”.

Salonda itlər üçün bir-birindən şirin geyimlər satılır. Söhbət əsnasında bildik ki, bu geyimlər Nailə xanımın itlər üçün hazırladığı geyim kolleksiyasındandır:

“Bəli, 2 il əvvəl itlər üçün hazırladığım geyim kolleksiyamın təqdimatı oldu. Məhşurlarımız öz itləri ilə qırmızı xalça üzərində həmin təqdimata qoşuldu. Bu da bir ilk idi. Heyvanlar üçün “Fashion week” çərçivəsində daha sonra Nyu-Yorkda da belə bir geyim sərgisi keçirildi”.

Yaxın gələcəkdə Bakıda itlər üçün hotel də açılacaq.

Nailə xanım deyir ki, ən böyük arzusu itlər üçün hotel açmaqdır:

“Mən istərdim ki, küçə itləri üçün balaca evlər olsun. Başa düşürəm ki, sözüm çoxlarına qəribə gəlir.  İnsanlar, xüsusilə də azərbaycanlılar hələ bunları qəbul etməyə hazır deyil. Amma artıq bu istiqamətdə işlərə başlamışıq, danışıqlar gedir. Tezliklə cəmiyyətdə insanların itlərə qarşı daha qayğıkeş olmasını təbliğ edən verilişimiz də yayımlanacaq. İnsanlar ev heyvanlarına qarşı daha qayğıkeş olmalıdırlar. Heyvanlar oyuncaq deyil, onlar da canlıdır. Onları oyuncaq məqsədilə almaq olmaz. Bu səbəbdən mən bu layihəmin gerçəkləşmsini çox istəyirəm. Əminəm ki, yenə bizi şikayət edənlər olacaq, amma sonda bu salonu necə qəbul etdilərsə, otelimizi də qəbul edəcəklərinə inanıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR