Bakıda yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub
Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub.
“Report”un xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev bildirib ki, bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə 2015-ci ilin 30 iyun tarixli qərarından sonra edilib.
Şöbə rəisi xatırladıb ki, qərara əsasən, paytaxtda sıxlığın azaldılması məqsədilə xüsusi təyinatlı, qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı Bakı şəhərində hərəkəti məhdudlaşdırılıb.
Belə ki, oktyabrın 1-dən mayın 1-dək yük avtomobili sürücüləri səhər 7:30-dan axşam 20:00-dək Bakıya daxil ola bilməyəcək.
Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət