Dərc edildi: Baxış sayı: 682
Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi
3 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib.
Trend-in məlumatına görə, Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutan yürüşdə 50-dən artıq velosipedçi iştirak edib.
Veloyürüş iştirakçıları arasında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev və səfirlik əməkdaşları, digər xarici ölkələrin diplomatik nümayəndəliklərinin işçiləri, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları olub.
Tədbir Dövlət Bayrağı Meydanından başlamaqla Xalça Muzeyinin yanında başa çatıb. Qeyd edək ki, 2018-ci ilin aprel ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistan nümayəndə heyətinin təşəbbüsü və 56 ölkənin həmmüəllifliyi ilə 3 iyun tarixinin Ümumdünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət