Bakıda Türkmənistanın milli bayramı qeyd edildi
Oktyabrın 10-da Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.
Türkmənistanın ölkəmizdəki səfiri Məkan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.
Azərbaycan-Türkmənistan əlaqələrindən bəhs edən diplomat deyib ki, qarşılıqlı münasibətlər bir çox sahələri əhatə edir. Səfir iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, 28 illik müstəqilliyi dövründə Türkmənistan böyük uğurlara imza atıb. Türkmənistan Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib.
“Dost ölkə olaraq biz sevinirik ki, Türkmənistan inkişaf edir, güclənir”,- deyən Baş Nazirin müavini Azərbaycan ilə Türkmənistan arasında yüksək səviyyəli əlaqələrin olduğunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında tarixən dostluq münasibətləri olub. Bu gün iqtisadi və siyasi sahələrdə əlaqələrimiz daha da genişlənir.
Prezident İlham Əliyevin hazırda Türkmənistanda işgüzar səfərdə olduğunu diqqətə çatdıran Əli Əhmədov ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət