Slimfit
  1. ARAŞDIRMA

Bakıda kirayə edilmiş avtomobili xaricdə təhvil vermək mümkündürmü?

Bakıda kirayə edilmiş avtomobili xaricdə təhvil vermək mümkündürmü?
Sakura

Bakıda kirayə edilmiş avtomobili xaricdə təhvil vermək mümkündürmü?

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da avtomobil kirayəsi biznesi ("Rent a car") geniş yayılıb. Yəni, vətəndaşlar həm ölkə daxilində, həm də ölkə xaricində səyahət etmək üçün avtomobil kirayələyə bilər. Bununla belə, azərbaycanlıların Bakıda kirayəyə götürdükləri nəqliyyat vasitəsini xaricdə, məsələn, Tbilisidə təhvil vermək kimi imkanı yoxdur. Bunun yalnız ölkənin sərhədləri daxilində etmək mümkündür. Halbuki, Avropa İttifaqı (Aİ) daxilində hansısa şəhərdə kirayəyə götürülmüş avtomobillə geri qayıtmaq vacib deyil. Yəni, həmin maşını ittifaq ölkələrindən istənilən birində təhvil vermək mümkündür. 

"Report" bu mexanizmin Azərbaycanda tətbiqi imkanlarını araşdırıb. 

"Müştəri maşının dəyəri qədər depozit qoysa ..."

Paytaxtdakı “Rent a car” şirkətlərindən birinin rəhbəri Rövşən Tağıyev deyir ki, onlar müştərilərdən belə bir xidmətdən yararlanmaq üçün kirayəyə götürdüyü maşının dəyəri qədər depozit qoymağı tələb edirlər: "Bu halda bizim nümayəndəmiz həmin ölkəyə gedərək avtomobili götürə bilər. Amma hələ ki, belə bir müraciətlə rastlaşmamışıq. Adətən müştərilərimiz xarici ölkəyə gedərkən avtomobili özləri geri qaytarmaq şərtilə kirayəyə götürürlər”.

Digər bir “Rent a Car” şirkətinin sahibi Elnur Nəsibov da müştərilərinə yalnız depozit qoymaqla sözügedən imkanı yarada biləcəklərini bildirir: Bizdə ölkə xaricində təhvil vermək şərtilə avtomobillərin kirayəyə verilməsi sistemi hələ inkişaf etməyib. Çünki ölkə xaricinə çıxanda avtomobilin sığortası etibarlı sayılmır. Yalnız müştəri əvvəlcədən avtomobilin dəyəri məbləğində depozit ödəsə, onda həmin maşını Azərbaycanda kirayəyə götürərək xaricdə bizim şirkət tərəfindən göndərilən nümayəndəyə təhvil verə bilər. Bu ödənişə isə heç kəs razılaşmır. Azərbaycanda hələ ölkə hüdudları daxilində avtomobil kirayəsi tam qənaətbəxş deyil. Ona görə də kirayəyə götürülən avtomobilin xaricdə təhvil verilməsi barədə Avropa təcrübəsini araşdırmaq mənim üçün bir o qədər maraqlı deyil”.

 

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı

"Bəzən olur ki, “qız qaçırtmağ”a gedən şəxs kirayəyə maşın götürür". 

 

"Cəmiyyət bu sistemə hazır deyil"

 Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Report”a bildirib ki, hazırkı şəraitdə sözügedən sistemin Azərbaycanda tətbiqi inandırıcı görünmür: “Azərbaycanda avtomobillərin kirayəyə götürülməsi təcrübəsi hələ yeni formalaşmaqdadır. Bu proses 5-6 il əvvəl daha intensiv şəkildə vüsət almağa başladı. Xüsusən Bakıya ərəb turistlərin axınları başlayan ərəfədə “Rent a Car” şirkətlərinə tələbatın artdığı müşahidə olundu. Aİ-na daxil olan ölkələr arasında viza rejimi və sərhəd anlayışı olmadığına görə orada avtomobili bu ölkədə götürüb, birliyə daxil olan başqa bir ölkədə təhvil vermək mümkündür. Bu məqsədlə Avropa ölkələrində fəaliyyət göstərən qlobal şirkətlər var. Bakıda isə bu sistemin tətbiqi hələ ki, bir qədər müşkül məsələdir.

Bizdə maksimum 5-10 maşına sahib olan bir hüquqi şəxsin öz maşınlarından birini hansısa müştəriyə Moskvada kiməsə təhvil verməsi şərtilə kirayəyə verməsi bir qədər real görünən mənzərə deyil. Bizim “Rent a Car” şirkətləri avtomobillərindən birini hər hansı bir şəxsə kirayəyə verəndə ehtimal edir ki, həmin şəxs aparıb o avtomobili xarici ölkədə sata bilər. Bir də gördün kirayəyə götürülən avtomobili aparıb xaricdə hansısa cinayətkar aləmin nümayəndəsinə verdilər, yaxud ehtiyyat hisələrini satdılar. Odur ki, mən hələ ki, cəmiyyətimizin bu sistemə hazır olduğuna inanmıram. Bəzən olur ki, “qız qaçırtmağ”a gedən şəxs kirayəyə maşın götürür. Yəni ki, Azərbaycanda normal bir fəaliyyət və yaxud ailəvi istirahət üçün kirayəyə maşın götürənlər azdır. Bizdə yalnız günlük və aylıq kirayəyə maşınlar verilir, o da ki, məhdud çərçivədə. Ölkəmizdə belə bir sistemi formalaşdırmaq istəyiriksə, bunun üçün dövlət tərəfindən müəyyən bir proqram tərtib edilməli və bütün addımlar ciddi nəzarət altında atılmalıdır. MDB məkanında, Ermənistan istisna olmaqla həmin ölkələrin iş adamlarını cəlb etməklə belə bir sistem yaratmaq ola bilər”.

"Rent a car" şirkətləri şəbəkə yaratmalıdır"

Nəqliyyat üzrə digər bir ekspert Azər Allahverənov isə Azərbaycda belə bir sistemin fomalaşması üçün aradan qaldırılmalı olan maneələri sadalayıb: “Azərbaycanda avtomobillərin kirayəyə veriməsi elə də uzun tarixə malik deyil. Ölkəmizdə bu sahə hələ yeni yaranır. Hardasa 8-10 il əvvəl bir sıra şirkətlər gündəlik ödəniş etmək şərtilə avotmobillərini kirayəyə verməyə başladılar. Sonradan ölkədə turizm sektoru inkişaf etdikcə bu sahəyə də tələbat artdı. Xüsusən bir neçə il öncə Azərbaycana ərəb turistlərin axınının artması ilə bu məsələ daha da aktuallaşdı. Bakıya gələn ərəb turistlər ova çıxmaq, bölgələrə müxtəlif səfərlər etmək mqəsədi ilə bu şirkətlərin xidmətlərindən yararlanmağa başladılar. Amma bizdə hələ ki, maşınların kirayəyə verilməsində özünü tam təsdiq etmiş bir yanaşma forması yoxdur. Burada vacib məsələ hamı üçün maraqlı olan və işlək bir mexanizmin yaradılmasıdır. Ölkədəki “Rent a Car” şirkətlərinin xarici ölkələrdə nümayəndəlikləri qurulmalı və onları ehtiva edən bir şəbəkə yaradılmalıdır. Lakin nümayəndəliklərin yaradılması əlavə sərmayə tələb edən bir məsələdir. Burada ofisin saxlanılması, müvafiq sənədləşmə işlərinin aparılması, insan resurslarının prosesə cəlb edilməsi, bəzi hallarda elektronlaşdırma elementləri geniş vaxt və xərc tələb edir. Bunun müqabilində əldə olunan gəlir çəkilən xərcə nə qədər adekvat ola bilər, onu müəyyən etmək lazımdır. Xüsusən, burada önəmli məqam peşəkar kadr heyətinin yaradılmasıdır. Bizdə hələ kirayəyə götürülmüş avtomobillərin ölkəmizin hüdudları daxilində bir bölgədən başqa bölgəyə aparılarkən etibarnamə verilməsi, inzibati xəta törədildiyində cəza sanksiyalarının tətbiq edilməsi və digər məsələlərdə problemlər yaşanır. Bir məsələni də diqqətə çatdırım ki, “ASAN Pay” sisteminə inzibati xəta barədə informasiya 24 saat ərzində yüklənir. 

 

Azər Allahverənov

Nəqliyyat üzrə ekspert Azər Allahverənov 

"Ölkədəki “Rent a Car” şirkətlərinin xarici ölkələrdə nümayəndəlikləri qurulmalı və onları ehtiva edən bir şəbəkə yaradılmalıdır".

 

Tutaq ki, bir turist Bakıda maşını kirayəyə götürüb Qazax istiqamətində gedir, ora çatana qədər 15-20 dəfə sürət həddini aşır, yaxud başqa qayda pozuntularına yol verir, sonra da həmin avtomobili “Qırmızı körpü”də başqa birinə təhvil verərək sərhəddi keçib gedir, amma hələ həmin inzibati xəta barədə informasiya DYP-nin sitemində görünmür. Nəzərə alsaq ki, kirayəyə götürülən avtomobilin xarici ölkəyə çıxarılması və orada təhvil verilməsi üçün ən azı 3 nəfərə etibarnamə vermək lazımdır, bu zaman inzibati xətalar zamanı DYP-ni sitemində yaranacaq qarışıqlığı təsəvvür etmək çətin deyil. Ona görə də ölkəmizdə avtomobil kirayəsi ilə bağlı sözügedən mexanizmi sınaqdan keçirmək üçün inzibati cəza sanksiyalarının necə tətbiq ediləcəyi məsələsini xüsusi götür-qoy etmək lazımdır. Digər tərəfdən, burada müxtəlif ölkələrdə yol hərəkəti qaydalarında olan fərqlilikləri də nəzərdə tutmaq çox önəmlidir. Bir ölkədə yol hərəkəti haqqında qanunla normal hal kimi qəbul edilən məsələ digər ölkədə qayda pozuntusu hesab edilə bilər və turist səfərdə olduğu ölkədə mövcud olan bu qaydanı bilmədiyini əsas gətirərək özünü haqqlı çıxartmağa çalışar".

Onun sözlərinə görə, Avropada bir ölkədə kirayəyə götürülən maşının başqa bir ölkədə rahat şəkildə təhvil verilə bilməsinin səbəbi bu ölkələr arasında şəffaf sərhəd sisteminin mövcud olmasıdır: "Amma bizdə, məsələn, Azərbaycandan Gürcüstana keçəndə avtomobilə bir dəfə Azərbaycanın, bir dəfə də Gürcüstanın gömrük məntəqəsində baxış keçirilir. Bu yoxlanışlar zamanı hər hansı problemlər aşkarlansa onları hansı qaydada nizamlamaqla bağlı məsələlər də dəqiqləşdirilməlidir. Elə bir platforma qurulmalıdır ki, insanlar bu şəbəkədən rahatlıqla istifadə edə bilsinlər. Düşünürəm ki, ölkənin hüdudları daxilində bu şəbəkə tam işlək vəziyyətə salındıqdan, sadaladığımız fors-major halları qarşılayıcı tədbirlər görüldükdən sonra biz bu sahədə beynəlxalq müstəviyə çıxa bilərik. “Rent a car” şirkətləri özləri bu sahədə təcrübəni araşdırmaq, öyrənmək üçün Avropa ölkələrinə nümayəndələr göndərməli, əldə etdikləri məlumatlar əsasında burada əsaslı bir şəbəkə tətbiq etməlidirlər”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR