Slimfit
  1. AZƏRBAYCAN

Bakıda güllələnməsini istəyən Cümhuriyyət tələbəsinin acı taleyi

Bakıda güllələnməsini istəyən Cümhuriyyət tələbəsinin acı taleyi
Sakura

Bakıda güllələnməsini istəyən Cümhuriyyət tələbəsinin acı taleyi

Nilgün xanımın Bakıya ikinci səfəri idi. Bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin xaricə təhsil almağa yolladığı 100 tələbədən biri olan babasının “Bakı rüzgarı” xatirə-romanının təqdimatı üçün gəlmişdi.

Nəsib bəy Yusifbəylinin xalası oğlu olan babası Məhəmməd Əmin Rəsulzadənin də xüsusi rəğbətini qazanan insanlardan biri olub. Elə onun evlənməsinə də Rəsulzadə həyat yoldaşı Leyla xanımla birlikdə yaxından dəstək olub.

Nilgün xanımın zamanı çox dar idi. Təqdimatın əsas təşkilatçısı və kitabın redaktoru Nüşabə Vəkilovanı (Vaqif Səmədoğlunun həyat yoldaşı) ləngidib, Nilgün xanımla qısa da olsa söhbətləşdik. 

AzEdu.az həmin söhbəti təqdim edir: 

DOSYE: İsmayıl Saryal (Seyidzadə) 1896-cı il fevralın 13-də Gəncədə Vəqflər müdiri Mir Hacı Seyid Əhməd və Minabəyim xanımın ailəsində dünyaya gəlib. O, ibtidai təhsilini Gəncədə alıb, Lənkəranda gimnaziyanı bitirib, Kiyev Politexnik İnstitutunun elektrik mühəndisliyi fakültəsinə daxil olub.

1917-ci il inqilabından sonra təhsilini davam etdirə bilməyən İsmayıl Seyidzadə Bakıya qayıdıb, Milli Hökumət tərəfindən Almaniyaya, Berlin Texniki Universitetinə göndərilib. 1924-cü ildə təhsilini tamamlayan gənc mühəndis evləndiyi alman qızı Helena ilə Azərbaycana qayıdıb, Bakı-Sabunçu-Suraxanı dəmir yolunda mühəndis kimi çalışıb, eyni zamanda N.Nərimanov adına Politexnik Texnikumunda dosent və M.Əzizbəyov adına Politexnik İnstitutunda assistent işləyib. Amma amansız Stalin repressiyası təhlükəsi altında 1929-cu ilin sentyabrında ailəsilə birgə İrana, 1930-cu ilin yayında isə Türkiyəyə qaçmağa məcbur olub.

Sonradan Saryal soyadını götürən İsmayıl Seyidzadə Ankarada məskunlaşıb, Elektrik və qaz fabrikində işə girib, həmin müəssisənin baş mühəndisi vəzifəsinədək yüksəlib. 

İsmayıl Saryal 1982-ci il fevralın 13-də Ankarada vəfat edib. 

Onu da qeyd eləyək ki, İsmayıl Saryal Cümhuriyyət Hökumətinin sədri və naziri olmuş Nəsib bəy Yusifbəylinin yaxın qohumu, unudulmaz şairimiz Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanımın dayısıdır.  

Bakı təəssüratları, burada gördüyü mehribanlıq Nilgün xanımı çox kövrəldib. Elə söhbətə də “babamın vəsiyyəti yerinə yetdi” deyərək başladı. Çünki babasının ən böyük arzularından biri də “Bakı rüzgarı” kitabının Bakıda təqdimatının keçirilməsi, Azərbaycan oxucularının onunla tanış olmasıymış. Lakin ömrünün çox hissəsini Türkiyədə yaşayan Saryal heç zaman özünü qürbətdə hiss etməyib:

- Doğrudur, öz ölkəsindən kənarda idi. Amma onun qürbətdə yaşadığını demək düzgün olmaz. Babam Almaniyada oxudu. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Məhəmməd Əmin Rəsulzadə 99 tələbə ilə birlikdə onu da ölkə xaricinə oxumağa yollamışdı. Babam Almaniyada mühəndislik ixtisası üzrə təhsil aldı. Elə orada alman qızı ilə evləndi. Ömürlərinin çox hissəsi Türkiyədə keçdi. Yəni, əslində qürbətdə yaşayan babam yox, nənəm olub. Çünki İsmayıl baba üçün Türkiyə də vətən torpağı idi. Azərbaycanda çıxan dərgiləri, qəzetləri, kitabları izləyir, hamısını bir-bir oxuyurdu. Azərbaycanı çox yaxından izləyirdi. Burada nə baş verirdisə, hamısından xəbərdar olurdu. O zaman mən uşaq idim. Bütün bunlar xəyal kimi gözlərimin qarşısına gəlir. Ən çox da rus, sovet siyasətini təqib edir, orada nələrin baş verdiyini bilmək istəyirdi. Çünki bilirdi ki, SSRİ-də baş verənlərin özü də birbaşa Azərbaycana təsir edəcək. İnanırdı ki, Azərbaycan nə zamansa tarixi şansı dəyərləndirib, yenidən müstəqil dövlət olacaq. Amma çox təəssüf ki, babam Azərbaycanın müstəqil olduğu günü görmədi. Hər dəfə bu haqda danışanda kövrəlirəm. 

AXC dövründə Məhəmməd Əmin Rəsulzadə özü arasında İsmayıl Saryal da olan tələbə qrupunu təhsil almaq üçün xaricə yola salmışdı. Hələ zarafatla onlara tapşırmışdı ki, buraya əcnəbi gəlinlərlə qayıtmayın. Amma əksəriyyət rəhbərin sözünü qəribçiliyə salmışdı. Həmin 100 tələbənin böyük faizi - 64 nəfəri Almaniyaya göndərilmişdi. Onlardan biri də gəncəli İsmayıl olub. Həmin vaxt –Sabunçu vağzalında Rəsulzadənin öyüd-nəsihəti ilə Bakıdan ayrılanda hələ bilmirdi ki, bir də bu şəhərin belə xoşbəxt günlərini görməyəcək. 1924-cü ildə qayıdacaq və Avropa təhsilinə rəğmən, bolçevikləşmiş şəhərdə savadsız rus və erməninin əlinin altında çalışacaq.... İsmayıl Saryal bunu özünə sığışdıra bilmədiyi üçün Türkiyəni özünə əbədi vətən seçdi. Nəvəsini dinləyək:


Babam ömrünün son illərində çox kövrək olmuşdu. Azərbaycan həsrəti onda daha da artmışdı. Görün, bu insan öz vətənini nə cür sevirdi ki, ora bir də qayıtmayacağını, daha doğrusu, qayıda bilməyəcəyini  bilə-bilə vətənin bütün adətlərini, mədəniyyətini, mətbəxini övladlarına və nəvələrinə öyrədirdi. Biz Azərbaycanla bağlı hər şeyi babamızdan öyrənmişik. O, bizə Azərbaycan musiqisi, mədəniyyəti, ədəbiyyatı haqqında hər şeyi danışardı. Mən ilk dəfə Bakıya 5 il bundan əvvəl gəldim. Yaşım 50-ni haqlamışdı. Amma Azərbaycan türkcəsində hər şeyi başa düşürdüm. Burada bişirilən yeməkləri mən də bilirdim. Elə bilirdilər ki, mən hər zaman Azərbaycanda olmuşam. Bütün bunlar babamın sayəsində olub.

Bir də xatırlayıram ki, ömrünün son günlərində tez-tez “Ayrılıq” mahnısını oxuyardı. Onun ilk misralarını tez-tez öz-özünə zümzümə edərdi: “Ayrılıq, ayrılıq, aman ayrılıq. Hər bir dərddən olur yaman ayrılıq”...

İsmayıl Saryal həm də xoşbəxt idi. Çünki Türkiyədə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əli bəy Hüseynzadə və  başqa bu kimi aydınların ailələri ilə dostluq edər, övladlarını o mühitdə böyüdərdi. Türkiyənin böyük fikir adamlarından biri Nuri Saryal da (müsahibimizin atası) məhz bu mühitdə yetişdi. Bu da son deyil. Bakıdan da tanınmış ziyalılar Türkiyəyə gedərkən məhz bu ailənin qapısını açardılar. Nilgün xanımın bu barədəki xatirələri də maraqlıdır: 

-Bakıdan bizə bir çox dəyərli ziyalılar, incəsənət xadimləri qonaq gələrdilər. Daha çox  gələn isə Mayestro Niyazi idi. Hər dəfə gələndə bizə Bakıdan bir torba konfet gətirərdi. İndi o konfetlərdən Bakıda axtarsam da, tapa bilmirəm. Niyazinin bizə hədiyyələri arasında “Koroğu” operasının valı da var idi. Babam mənə “Koroğlu” operasını başdan-ayağa əzbərlətmişdi. Hərdən evdə “Koroğlu”nu babamla biz “oynayırdıq”. O, Koroğlunun səsi ilə danışar, biz isə cavab verərdik. Niyazi kimi adamlar həm də Vətəndəki qohumlarımız barəsində məlumat mənbələri idilər. Onların heç biri ilə əlaqəmiz yox idi. Amma babam Niyazidən hamısını bir-bir soruşardı. Çox təəssüf ki, başqa cür əlaqə yaratmaq mümkün deyildi. Məsələn, babam Nüşabə xanımın dayısı olub. Onun anası qardaşı İsmayıl Saryaldan, o da bacısından 35 il xəbər tuta bilməyiblər.  


Mən sonradan öyrəndim ki, əslində, onlar –yəni, babamla qohumları gizli-gizli məktublaşıblar. Çünki bəzən, söhbətlərində nə dərəcədə məlumatlı olduqları görünürdü. Bütün bunların hamısını sizə mənim atam, İsmayıl Saryalın oğlu Nuri Saryal daha yaxşı danışa bilər. Ondakı xatirələr tükənməzdir. Babamın dostları, əqidədaşları, mühiti hamısı onun gözləri önündə keçib. Mənim danışdıqlaırm isə 10 yaşlı bir uşağın uşaqlıq dünyasından süzülənlərdi.

Nəsib bəy Yusifbəylinin ailəsi isə onlara bir köynək daha yaxın olub. Çünki əqidə sirdaşı olmaqla yanaşı, onlar həm də yaxın qohum idilər. Bu barədə yuxarıda məlumat vermişik. Nilgün xanım indi də Nəsib bəyin xanımı Şəfiqə xanımı kövrəkliklə yad edir: 

-Nəsib bəy Yusifbəylinin Türkiyədə yaşayan ailəsinin evinə tez-tez gedərdik. İndi də onun xanımı Şəfiqə xanımı, qızı Zöhrəni yaxşı xatırlayıram. Şəfiqə xanım sadəcə, möhtəşəm qadın idi.  Bizim ailədə heç zaman əl öpməzdilər. Bu, bizdə adət deyildi. Amma onlara gedəndə anam hər dəfə deyərdi ki, Şəfiqə xanımın əlindən öpüm. Mən bunun səbəbini sonradan anladım. Şəfiqə xanımın necə bir qadın olduğunu, həqiqətən də əl öpülməyə layiq olduğunu sonradan bildim. Zöhrə isə çox “tatlı” insan idi. Oğlanları atamla dostluq edib. 

“Bakı rüzgarı”ndan əsintilər... Adıçəkilən kitab həqiqətən də çox maraqlıdır. Oradakı xatirələr AXC dövrü və ondan sonrakı illəri çox gözəl təsvir edir. Quru tarixi-xronikal kitablardan, sənədlər toplusu olan monoqrafiyalardan dafa faydalıdır... “Bakı rüzgarı” həm də İsmayıl Saryalın hansı əziyyətlərdən çıxmasının bir sübutudur. Nilgün xanım o əziyyətlərdən yalnız cüzi bir hissəni danışır:

-Babam həyatında çox əziyyətlə çəkib. Bunların hamısı “Bakı rüzgarı” kitabında verilib. O kitab başdan-başa atamın öz həyatı haqqındadır. Xatirə romandır. Amma bəzi səbəblərdən qəhrəmanı öz adı ilə yox, Oğuz adlandırıb. Romandakı bütün hadisələr babam haqqındadır. Bizə isə o əziyyətlər barəsində nəsə danışmazdı. Daha çox nənəmiz bundan bəhs edərdi. Biz də ondan nələrisə öyrənirdik, bir də  təbii ki, adını çəkdiyim kitabdan... 
Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra İsmayıl babanın ömrünün acı illəri başlayıb. Sonradan Bakıya gəlsə də, artıq burada işləyə bilməyib. Bir neçə ildən sonra gizli yollarla İrana, oradan isə Türkiyəyə gedib. Romanı oxusanız, onun Türkiyəyə necə böyük çətinliklə getdiyini görərsiniz. Çünki artıq burada qaralanmışdı və təqib edilirdi. Elə özü kimi izlənilən bir neçə adamla birlikdə böyük çətinliklər hesabına Türkiyəyə gediblər.  

Almaniyada oxuyub Bakıya gələndən sonra özünü çox bəlli etməməyə çalışıb. Amma yenə də təqib olunub. Alman xanımla evli olması və türkçülüklə bağlı düşüncələri səbəbindən ona qapılar bağlı olub. Həm də universitetdə çalışırdı. Orada tələbələrinə türkçülüyü aşılayırdı. Bu fakt artıq lazımi yerlərə çatdırılmışdı. Bir gəncəli komissar atamın uşaqlıq dostu idi. Ona deyir ki, “sən buradan mütləq get, yoxsa səni də güllələyəcəklər”. Amma getmək istəmir. Deyir ki, “güllələyəcəklərsə, güllələsinlər. Bura mənim vətənimdi, buradan heç yerə gedən deyiləm”. Ondan sonra nənəm deyib ki, “oğlun sarışındı, mən də almanam. Səni güllələyib, məni sürgün edəcəklər və simaca onsuz da rusa bənzəyən oğlunu rus təfəkküründə böyüdəcəklər”. 
İsmayıl babam buna hiddətlənir. Deyir, “bu mənə ölümdən də ağır olar”. Məhz bu səbəbdən Türkiyəyə getməli olur. Yəni, o, ölümdən qorxduğu üçün deyil, oğlunun rus zehniyyəti ilə böyüməməsi üçün bu addımı atır. Bütün bunların hamısını bizə sonradan nənəm danışıb. 

İsmayıl Saryalı tanıyanlar onun haqqında ortaq bir fikirdədirlər: o, əsasən, alman düşüncəsi ilə yaşayırdı. Yəni intizamlı, məntiqli və  yalana yol verməyən bir insan kimi ömür sürürdü. Amma Şərq tolerantlığı onda hər zaman qalıb: 

-Babam çox tolerant insan idi. Heç zaman hansısa millətə qarşı pis fikirdə olmazdı. Deyərdi  ki, rusun da, ingilisin də, erməninin də yaxşısı var. Amma onları pis edən başlarında olan rəhbərlər və onların idarəçiliyidir. Danışardı ki, mənim babam Gəncə qiyamı zamanı ermənini ölümdən xilas edib. Özü onu sərhədə kimi gətirib və deyib ki, bununla işiniz olmasın. O günahsızdı. 

Nilgün xanımın son olaraq danışdığı fakt isə babasındakı Azərbaycan sevgisinin nə dərəcədə böyük olduğuna bir işarədir: 

-Həyatında çox ağrı-acı görmüşdü. Amma onların heç birini bizə danışmazdı. Uşaq idik, bunları həzm edə bilməyəcəyimizi anlayırdı. Amma vətən həsrətini öz içində çəkirdi. Atam uşaq olanda ona ilk öyrətdiyi Azərbaycanın himni olub. Atam balaca olarkən ona himnin sözlərini  öyrədirmiş. “Azərbaycan, Azərbaycan” deyəndən sonra, “Nurinin yurdu Azərbaycan” misralarını da ona söylədərmiş. Elə ömrünün axırına qədər bu sevgi ilə yaşadı. 

Son söz əvəzi... 

-Bakıda Saryallar ailəsinə, bizim yaxın qohumlara olan münasibətdən çox razı qaldım. Elə qohumlarımız var idi ki, onları birinci dəfə idi görürdüm. Amma fikir verin ki, hamımız eyni cür düşünür, eyni yeməkləri yeyir, eyni musiqidən zövq alırıq. Çoxlarının yaşı 50, 60-ı ötüb  və onları ilk dəfə idi ki görürdüm. Amma elə bil, bu neçə illər ərzində hər zaman birlikdə yaşamışıq.

Bakıya diqqətimi bir məqam çəkdi: tellərin üzərində quşlar oxuyurdular. Mən ilk dəfə 2012-ci ildə Bakıya gələndə də o səhnəni görmüşdüm. Bu dəfə də görəndə məni çox ağrıtdı. Demək, biz insanlar o quşlar qədər də olmadıq. Onlar köçdükləri yerlərdən aid olduqları yerlərə hər il gəlirlər. Amma mən yaşı 60-dan çox olan yaxın qohumumu ilk dəfə görürəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR