Slimfit
  1. SİYASƏT

Bakıda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın açılışı olub

Bakıda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın açılışı olub
Sakura

Bakıda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın açılışı olub

Aprelin 28-də Bakıda Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftamologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbirdə çıxış edərək tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın şərəfli həyat yolu keçdiyini, elm fədaisi kimi oftalmologiyanın, ümumilikdə, tibb elminin inkişafında əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, Zərifə xanım Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, yeni cığırlar salıb, elmi araşdırmaları üçün praktiki əhəmiyyət daşıyan aktual mövzular seçib. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də həmin dövrdə həllini tələb edən ciddi problemlər idi. Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsilə oldu. Elmi tədqiqatlar zamanı Zərifə xanım araşdırdığı xəstəliyin yayıldığı bölgələri gəzir, yerlərdə müayinələr aparırdı. Peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratmış, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin iş yerində araşdırmışdı.

Nazir qeyd edib ki, Zərifə xanımın təkcə bu xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmələri, bədxassəli şişləri, göz yaşı yolu xəstəlikləri və digər problemləri əhatə edən ümumilikdə 200-ə qədər monoqrafiya, məqalə və məruzələri həm ölkəmizdə təbabət elminin, həm də bütünlükdə dünya oftalmologiyasının inkişafına dəyərli töhfələr idi. Məhz buna görə o, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuş, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.

Teymur Musayev diqqətə çatdırıb ki, Zərifə xanımın xoşbəxt ailə həyatı onun peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu. Ümummilli Lider Zərifə xanımı həmişə bir şəxsiyyət kimi yüksək dəyərləndirir, ailənin onun elmi fəaliyyətinə mane olmaması üçün lazımi şərait yaradır, elmi ekspedisiyalarını, ezamiyyətlərini anlayışla qarşılayırdı. Məhz bu anlayış, bu dəstək Zərifə xanıma elmi və pedaqoji fəaliyyətində özünü reallaşdırmasında köməkçi olmuşdu. Zərifə xanımın ailə həyatı indiki və gələcək nəsillər üçün hər cəhətdən nümunədir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov, AMEA-nın prezidenti İsa Həbibbəyli, Rusiya Tibb Elmləri Akademiyasının professoru, tibb elmləri doktoru Alevtina Brovkina, Rusiya Tibb Elmləri Akademiyasının üzvü, akademik Larisa Moşetova, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıblar.

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında video təqdimat olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR