Bakıda çətin tərbiyə olunan uşaqlar üçün müəssisə yaradılıb
“Layihədə əks olunsa da, islah edilməsi mümkün olmayan uşaqlar üçün müəssisələr fəaliyyət göstərmir”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Layihədə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Cinayət Məcəlləsinin qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquq pozuntularına görə daxili işlər orqanlarında profilaktik qeydiyyatda olan, lakin islah edilməsi mümkün olmayan uşaqlar üçün açıqtipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərmək səlahiyyəti əks olunub.
Mövcud reallıq ondan ibarətdir ki, bu tipli müəssisələr fəaliyyət göstərmir. Layihədə nəzərdə tutulan həmin bəndlərin icrasının təmin olunması məqsədilə sözügedən müəssisənin təsis edilməsi və fəaliyyətinin təşkili ilə bağlı məsələlərin aktuallaşdırılmasını məqsədəuyğun hesab edirik”, - deyə Agentlik sədri vurğulayıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev isə qeyd edib ki, Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasının 2024-cü il üçün tədbirlər planında çətin tərbiyə olunan uşaqların saxlanılması üçün müəssisənin oktyabr ayında açılması nəzərdə tutulmuşdu.
“Bunun icrası Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinə həvalə olunmuşdu. Hazırda Suraxanı rayonunda həmin müəssisə təşkil olunur və açılışı olmayıb”, - deyə şöbə rəisi əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət