Slimfit
  1. CƏMİYYƏT

Bakıda bağlanan, köçürülən, yandırılan ticarət mərkəzləri...

Bakıda bağlanan, köçürülən, yandırılan ticarət mərkəzləri...
Sakura

Bakıda bağlanan, köçürülən, yandırılan ticarət mərkəzləri...

Ticarət mərkəzləri ilə bağlı baş verənlər hər zaman xüsusi vəziyyət yaradır. Belə obyektlərdə yanğınlar, başqa qəza halları, eləcə də bağlanması, başqa ərazilərə köçürülməsi əhali arasında narahatlıq, narazılıq doğurur.

Ens.az Globalinfo.az-a istinadən xəbər ki, indiyə kimi kifayət qədər ləğv edilən, yeri dəyişdirilən, köçürülən, yandırılan ticarət mərkəzləri (TM) olub.

Məsələn, aeroport yaxınlığındakı nəhəng “tolkuçka”lar 2000-ci illərin ortalarına doğru köçürüldü. Lökbatandakı “Sədərək” və “Binə” yarmarkaları təzə yaradılanda kütləvi etirazlar var idi. Deyilirdi ora heç kim getməyəcək, alver “öləcək”. Zamanla yeni məkana satıcılar da alışdı, alıcılar da.

“Gənclikdə” yerləşən AMAY Ticarət Mərkəzi nəhəngliyi ilə seçilirdi. Şəhərin ən uyğun ərazisində yerləşən AMAY da böyük ticarət dövriyyəsinə malik yarmarkalardan sayılırdı. Bu obyektin sahibi Abdulla Abdullayev uzun illər sözügedən “tolkuçka”dan böyük pullar qazandı. Onun nəzarətində idmançı dəstələr var idi. Adı tez-tez qanunsuz əməllərdə hallanırdı.

AMAY-ın və Abdullanın çarxı 2005-ci ildən sonra tərs dönməyə başladı. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə ticarət mərkəzi söküldü. Yerində daha müasir "Gənclik Mall" açıldı.

Tağı Əhmədov Metropoliten rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra stansiyalarda ticarət yığışdırıldı. Metronun bütün stansiyalarında əsl “tolkuçka” fəaliyyət göstərirdi. Sərnişinlərin gediş-gəlişi mümkünsüz hala çevrilmişdi. Təxminən 10 il əvvəl həmin obyektlər söküldü, metroda ticarətə rəsmən qadağa qoyuldu. O vaxt da ticarətçilər etiraz etdilər. Onlar da zamanla yeni bazarlara yerləşdilər və təzə şəraitə alışdılar.

Metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən böyük ticarət mərkəzi də vaxtilə ən əlverişli obyektlərdən sayılırdı. Amma onu da ərazidən köçürdülər.

Vaxtaşırı “Şərq bazarı” kimi tanınan ticarət mərkəzinin də yerinin dəyişdiriləcəyi haqda şayiələr dolaşır. Bu obyekt şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. Həmçinin “Yaşıl bazar”ın da söküləcəyi xəbəri də tez-tez medianın gündəminə gəlir.

Bundan başqa, Bakıdakı ticarət mərkəzlərində vaxtaşırı yanğınlar olur. Sahibkarlara böyük məbləğdə ziyan dəyir. Son 20 ildə ticarət mərkəzlərində bəlkə də 20 yanğın hadisəsi baş verib.

İndi də “8-ci km bazarı”ın köçürüləcəyi mövzusu gündəmə gəlib. Deyirlər, yalandı, köçürülməyəcək. Amma gedişat onu deməyə əsas verir ki, ora da ləğv ediləcək.

Maraqlıdır, yerində nə olacaq? Park, çoxmərtəbəli binalar, yoxsa daha müasir ticarət şəbəkəsi? Yəqin ki, bunu yaxın aylarda hər kəs biləcək.

Əslində “8-ci km bazarı”nın taleyi “Diqlas” yanandan sonra həll edilib. 2019-cu ilin mart ayının 26-da sözügedən ticarət obyekti qəfildən alışdı. Yüzlərlə sahibkarın malı kül oldu. Ticarətçilər üzləşdikləri dəhşətli vəziyyətə görə etiraza qalxdılar. Onları Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımov qəbul etdi. Sahibkarlara söz verdi ki, dəymiş zərərin ödənilməsinə köməklik göstəriləcək. Müəyyən məbləğdə kompensasiya verildi. Amma ticarətçilər bundan razı qalmadılar. Sonda da taleləri ilə barışıb, işlərini başqa obyektlərdə davam etdirdilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR