Bakıda Avropa Banklar Federasiyasının assosiativ üzvlərinin 48-ci iclası keçirilib
Bu gün Bakıda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib.
“Report” bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, iclasda qurumun prezidenti Zakir Nuriyev və Avropa Banklar Federasiyasının siyasəti üzrə Baş İcraçı direktoru Sebastiyan De Brauver açılış nitqi ilə çıxış edib. Daha sonra qonaq, Avropa bank-maliyyə sektorunda baş verən inkişaf trendləri haqqında iclas iştirakçılarına məlumat verib, ardınca ABA-nın icraçı direktoru Yunus Abdulov ölkənin bankçılıq sektorunda inkişaf meylləri ilə bağlı çıxış edib.
Tədbirdə rəqəmsallaşma, ödəniş ekosistemin inkişafı, girovun realizasiyası, məhkəmə qərarlarının icrası sahəsində tətbiq olunan yeniliklər və innovativ metodlar ətrafında geniş fikir mübadiləsi aparılıb, Avropa bankları bu istiqamətdə öz təcrübələrilə bölüşüblər. İclasın sonunda 49-cu iclasın Brüsseldə (Bekçika) keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Avropa Banklar Federasiyası Avropada bank sektorunun səsi olmaqla Avropanın 32 milli bank assosiasiyasını birləşdirir, bu assosiasiyalar qitədə ümumilikdə 4 500 bankı, 2,5 milyon bank əməkdaşını təmsil edir. ABA 2008-ci ilin fevral ayından Federasiyanın assosiativ üzvüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət