Slimfit
  1. MARAQLI

Bakı XX əsrin 70-80-ci illərində

Bakı XX əsrin 70-80-ci illərində
Sakura

Bakı XX əsrin 70-80-ci illərində

XX əsrin 70-80-ci illəri Bakıda şəhərsalma və memarlıq sahəsində dönüş nöqtəsi olub. 70-ci illərdə Bakının ilk beş mikrorayonuna daha dördü əlavə olunub. 


Yaşayış binalarının və ictimai binaların nomenklaturasının genişlənməsi mikrorayonların memarlıq obrazını müasirləşdirməyə imkan verib. Geniş və yaşıl həyətli doqquzmərtəbəli binaların yerləşdiyi yığcam yaşayış massivləri salınıb.

Şəhərin ən iri yaşayış rayonlarından biri Bakının şərqində salınıb. 400 min nəfərin məskunlaşması üçün nəzərdə tutulan bu massivdə aparılan intensiv tikinti işləri qısa müddətdə abad və müasir yaşayış rayonu yaratmağa imkan verib və minlərlə bakılı pulsuz mənzillər alıb.

Mənzil tikintisinin geniş miqyas alması şəhər ərazisinin abadlaşdırılması, uşaq müəssisələri şəbəkəsinin, xəstəxanaların, poliklinika və kinoteatrların tikintisi ilə müşayiət olunub.

Kütləvi yaşayış tikililəri bu illərdə öz səviyyəsinə görə əvvəlki illərə nisbətən daha yüksək idi. Sənaye tikililərinin inkişafı yaşayış evlərinin tipik layihələr əsasında metodologiyasını mükəmməlləşdirib və məsələlərin kompleks həllini nəzərdə tutan memarlıq-konstruktiv və texnoloji sistem hazırlanıb.

Qeyd edək ki, məhz bu dövrdə memarlıqda plastik və obrazlı ifadəliliyin yeni üsullarının axtarışı başlanır. Bu, hər şeydən əvvəl ictimai və yaşayış binalarının xarici görünüşündə öz əksini tapıb.

Həmin dövrdə eyvanların, şüşəbəndlərin və gündən qoruyucu qurğuların tərtibatında zavod üsulu ilə hazırlanmış elementlərdən istifadə olunub. Bu elementlərin üzərində Azərbaycan milli memarlığına xas olan naxışların təkrarlanma üsulları tətbiq edilib.

Belə tipli binaların elementlərindən 1970-1980-ci illərdə salınmış mikrorayonların yaşayış tikililərində geniş istifadə olunub.

Mikrorayon prinsipi ilə inşa olunmuş bu kompleks tikililər əhalini bütün xidmət növləri ilə təmin edərək, həyat, fəaliyyət və istirahət üçün hər cür şərait yaradıb. 1970-ci illərdə inşa edilmiş mikrorayonların hər bir yaşayış kompleksinin öz fərdi ictimai mərkəzi var: ticarət mərkəzi, məktəb, məişət obyektləri, idman meydançası.

O dövrün ən uğurlu tikililərindən biri də şəhərin şimalında yerləşən 8-ci mikrorayondur. Rayon, əsasən, 9 və 16 mərtəbəli binalardan ibarətdir. Çox və az mərtəbəli evlərin dəqiq və ritmik düzülüşü memarlıq məkanının düzgün təşkil olunmasına şərait yaradıb.

Şəhərin şimal-qərbində yerləşən doqquzuncu mikrorayon maraq doğurur. Mikrorayonun daxili mühiti Bakı memarlığı üçün xarakterik olan yarıqapalı həyətlərdən ibarətdir. Şimaldan inşa edilən doqquzmərtəbəli evlər elə tikilib ki, onlar həyətləri şimal küləklərindən qoruyur.

Maraq kəsb edən ərazilərdən biri də 1980-ci illərdə salınan Əhmədli qəsəbəsidir. Əhmədli yüksəkliyinin əlverişli landşaftı şəhərin mənzərəsini seyr etməyə gözəl imkan yaradır.

Memarlığına görə seçilən bu qəsəbədə əhaliyə mədəni-məişət və ticarət xidməti göstərmək üçün hər cür şərait təşkil olunub. Yaşayış rayonu mikrorayonlara bölünüb.

Bloklaşdırılmış doqquzmərtəbəli evlər şimal küləklərinin qabağını alan səth rolunu daşıyır. Onlar yarıqapalı ərazi təşkil edir, bu ərazidə uşaq müəssisələri yerləşdirilib. Bloklaşdırılmış beşmərtəbəli evlər isə həyətdaxili küləklərin qarşısını alan ikinci səth təşkil edir. Bloklaşdırma nəticəsində alınan iri həyətlər uşaqların oynaması və sakinlərin dincəlməsi üçün bütün şərait yaradıb.

Mənbə: Oxu.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR