Bakı və Ankara hava müdafiəsini birləşdirir – Hərbi müqavilə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın budəfəki səfəri əlamətdar bir dövrə təsadüf etdi. Xüsusilə də regionda son zamanlar artan gərginlik bu görüşün əsas müzakirə mövzusu oldu.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq hər il keçirilən görüşlərlə daha da inkişaf edir:
“Əslində, Ərdoğanın Azərbaycana rəsmi səfəri təbii haldır. Çünki hər il ölkə başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bu səfərlərin xüsusilə də ilin yekunları və əvvəllərində edilməsi heç də təsadüfi deyil. Səfər zamanı bir çox məsələlər geniş müzakirə olundu, önəmli qərarlar qəbul edildi, sənədlər imzalandı. Siyasi əlaqələr haqqında geniş fikir mübadiləsi aparıldı. Mənim ən çox diqqətimi çəkən məqam iki ölkənin müdafiə nazirlərinin hərbi sahədə imzaladığı müqavilələr oldu. Bu müqavilə gələcəkdə hər iki ölkənin birgə hava hücumundan müdafiə sistemləri yaratması ilə bağlıdır. Bu mənada deyə bilərəm ki, iki ölkənin hərbi sahədə əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək”.
Politoloq görüş zamanı əldə edilən əsas razılaşmaları və diqqət çəkən nüansları da qeyd edib:
“1. İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara qədər çatdırılması hədəfləndi. Bu, əslində çox böyük rəqəmdir və düşünürəm ki, yerinə yetirilsə, iki ölkə arasında iqtisadi əlaqələr misli görülməmiş bir həddə çatacaq. 2. Türkiyənin dəstəyi ilə ölkəmizdə bir sıra yeni müdafiə sənayesi komplekslərinin tikintisi nəzərdə tutulub. Bu da Azərbaycanın müdafiə qabiliyyətinin inkişafına gətirib çıxaracaq. Əslində, bu, regionda Türkiyənin Azərbaycanın güclənməsini nə dərəcədə istəməsini göstərir. 3. Ərdoğan görüş zamanı “Qarabağ Azərbaycanındır!” ifadəsini işlətdi. Bu, iki ölkə arasında vahid siyasi maraqların, o cümlədən dəyərlərin möhkəmliyini göstərirdi. Ərdoğanın açıqlamalarında Xocalı faciəsinə də toxunması, bu soyqırımı “insanlıq cinayəti” adlandırması da diqqətçəkən məqam və dəstəkdir ”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət