Slimfit
  1. İQTİSADİYYAT

Bakı neftinin 100 dollar olacağını aylarla gözləməli olacağıq

Bakı neftinin 100 dollar olacağını aylarla gözləməli olacağıq
Sakura

Bakı neftinin 100 dollar olacağını aylarla gözləməli olacağıq

Neft qiymətlərinin 70 dolları aşmaması Qərb, xüsusilə də ABŞ-ın marağında olan prosesdirDünya neft bazarında qiymətlər ilin əvvəlindən bəri 14 faiz ucuzlaşmaqla bir barel üçün 74-75 dollar civarında qərarlaşıb. Hazırda bazar iştirakçılarının diqqəti böyük iqtisadiyyatlara malik inkişaf etmiş ölkələrdədir: iqtisadi artım sürəti, mərkəz bankların monetary siyasəti, maliyyə-bank sektorunun dayanıqlığı kimi məsələlər diqqətlə izlənilir. Çünki neft bazarında qiymətlərin hərəkəti məhz bu amillərə bağlıdır.

Ens.az Musavat.com-a istinadən xəbər verir ki, Martın əvvəlində ABŞ-da 3 bankın iflası neft bazarında qiymətlərin 71-72 dollara qədər düşməsinə səbəb oldu. Ötən müddət ərzində ABŞ bank sistemində prosesin böhrana keçməsinin qarşısını alsa da, bazar iştirakçılarında nikbinlik hələ də bərpa olunmayıb. Buna mərkəz bankların faiz dərəcələrini artırmaq siyasətində qərarlı olmaları, ötən həftə ərzində ABŞ, Böyük Britaniya, Avropa Birliyi kimi aparıcı iqtisadiyyatların mərkəz banklarının uçot dərəcəsini artırmaları imkan verməyib. Uçot dərəcələrinin davamlı artırılması iqtisadiyyatın zəruri maliyyə vəsaitləri ilə daha az təmin olunması, bu isə iqtisadi artımın zəifləməsi, nəticədə xammala tələbin azalması deməkdir. Bugünlərdə Pekində çıxış edən Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, aparıcı iqtisadiyyatlara malik ölkələrdə mərkəz bankların inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini kəskin artırması  dünya maliyyə sabitliyi sahəsində riskləri yüksəldir. Onun sözlərinə görə, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik yüksək olaraq qalır və bunun bir səbəbi də geoiqtisadi parçalanmadır. Belə parçalanma hamını kasıb və az müdafiə olunan vəziyyətə gətirəcək düşmənçilik aparan iqtisadi bloklaşmaya səbəb ola bilər. Bu isə dünya iqtisadiyyatının ortamüddətli inkişaf  perspektivlərinin zəif olaraq qalması demək olacaq: “Həmçinin maliyyə sabitliyi üçün də risklər güclənib. Borclanmanın artdığı bir dövrdə aşağı faiz dərəcələrindən yüksək dərəcələrə kəskin keçid təbəddülatlara səbəb olur. Biz bunun bir nümunəsini inkişaf etmiş ölkələrin bank sektorunda müşahidə etdik”.

BVF rəhbərinin dediyinə görə, bank böhranı ilə bağlı atılan addımlar bazarda gərginliyi müəyyən qədər azaldıb. Lakin qeyri-müəyyənlik davam etdiyinə görə, ehtiyatlı olmaq lazımdı: “Biz vəziyyəti diqqətlə izləməyə davam edirik. Daha həssas, aşağı gəlirli və yüksək borclanması olan ölkələrə xüsusilə diqqət yetiririk”.

Dünya xammal, o cümlədən neft bazarında tələbin artımının əsas lokomotivi olan Çində iqtisadiyyatın bərpası gözlənildiyindən ləng gedir. İstehsala əsaslanan Çin iqtisadiyyatının aparıcı şirkətlərinin gəliri kəskin azalıb. Bu ilin yanvar-fevralında ölkənin iri sənaye şirkətlərinin ümumi mənfəəti illik ifadədə 22,9 faiz azalaraq 887,2 milyard yuan, yazxud 129 milyard dollar təşkil edib. Çin Dövlət Statistika İdarəsinin məlumatına əsasən ölkədə illik gəliri 20 milyon yuandan yüksək olan şirkətlər iri şirkətlər hesab olunur. Ötən il belə şirkətlərin ümumi mənfəəti 4 faiz azalmışdı. Bu ilin iki ayında 41 sənaye sahəsindən 28-də gəlirlərin kəskin azalması qeydə alınıb. O cümlədən kompüter və digər elektron avadanlıqlar istehsalçılarının gəliri 77 faiz, əlvan metal emalçılarının gəliri 57,2 faiz, kimyaçıların gəliri 56,6 faiz, avtomobil istehsalçılarının gəliri isə 41,7 faiz azalıb. Göründüyü kimi, Çin ixracının hərəkətverici sahələrində gəlirlər azalır, bu isə istehsalın da azalmasını şərtləndirir.

Çində iqtisadi bərpanın ləngliyini beynəlxalq səviyyəli şirkətlərə qeydə almağa başlayıblar. Danimarka mənşəli beynəlxalq yükdaşıma şirkəti olan “AP Moeller-Maersk”in rəhbəri Vinsent Klerk  Financial Times-a bildirib ki, pandemiyanın nəticələri hələ də Çində istehlak sektoruna təzyiqini saxlayır ki, bu da ölkə iqtisadiyyatınn gözlənildiyindən daha ləng bərpasına səbəb olur: “İlin əvvəlində gözləntilər vardı ki, pandemiya məhdudiyyətləri götürüldükdən sonra Çində iqtisadi artım kəskin sürətlənəcək. Lakin hələ də bir bunu görmürük. Çin istehlakçıları hələ də aktiv xərcləmələrə getmirlər”.

Qeyd edək ki, Çin hakimiyyəti 2023-cü ildə ölkədə iqtisadi artımın 5 faiz olacağını açıqlayıblar. Bu, gözləntilərdən aşağı hədəfdir və artıq qlobal bazarlarda Çində vəziyyətin heç də yaxşı olmadığına dair qənaətlər formalaşır. Hesab olunur ki, Çin hakimiyyətinin daha aşağı iqtisadi artım hədəfi məhz ölkə iqtisadiyyatındakı problemlərdən qaynaqlanır.

Neft hasilatında gözlənilən artım da bazar üçün neqativ təsirə malik prosesdir. Belə ki, bu ilin fevral ayında dünyada aktiv neft və qaz qazma qurğularının sayı ardıcıl ikinci ay artıb və demək olar ki, son ilin - 2020-ci ilin martından indiyədək maksimum həddinə çatıb. ABŞ-ın “Baker Hughes” neft xidmətləri göstərən şirkətinin məlumatına əsasən fevralda dünyada orta hesabla 1 921 qurğu fəaliyyət göstərib. Yanvarda bu göstərici 1 889 idi.

ABŞ-da keçən ay qurğuların sayı yanvarla müqayisədə 14 ədəd azalaraq 758-ə düşüb. Kanadada isə bu rəqəm 22 vahid artaraq 248-ə çatıb. Afrikada qazma qurğularının sayı fevralda 2 ədəd artıb və 94-ə çatıb. Bu, 2020-ci ilin aprelindən bugünədək maksimum göstəricidir. Latın Amerikasında qurğuların sayı 11 ədəd (181 olub), Yaxın Şərqdə isə 9 ədəd artıb (327 olub). Eyni zamanda Avropada say 6 ədəd (111 olub), Asiya-Sakit okeanı regionunda isə 2 ədəd (202 olub) azalıb.

Qazma qurğularındakı artım yaxınmüddətli dövrdə bazara daha çox neft çıxarılacağı deməkdir. Bu isə tələbin az olduğu bir dövrdə qiymətlərə endirici təsir göstərə bilər.

Neft qiymətlərinin 70 dolları aşmaması Qərb, xüsusilə də ABŞ-ın marağında olan prosesdir. ABŞ həm özü hasilatı artırır, həm də qiymətlərin aşağı düşməsinə gətirəcək addımlar atır. Belə addımlardan biri OPEK+ razılaşmasının ləğvi sayılır. Bayden hökuməti razılaşmanın kartel sövdələşməsi kimi qiymətləndirilməklə, iştirakçılara qarşı ABŞ məhkəmələrində iddiaların qaldırılmasına imkan yaradan qanunun təsdiqlənəcəyi siqnallarını ötürməkdədir. Artıq Səudiyyə Ərəbistanı bu ehtimalın bazar kobud müdaxilə kimi qiymətləndiriləcəyini açıqlayıb. Bu mövqe ABŞ senatorlarını çəkindirməyib və onlar qanunun qüvvəyə minməsi prosesinin sürətləndirilməsini tələb edirlər.

Baş verənlərə rəğmən, bir sıra analitik mərkəzlərdə nikbinlik qalmaqdadır. Məsələn, qlobal investisiya bankı “Goldman”ın əmtəə araşdırmaları departamentinin rəhbəri Geoff Curry "Bloomberg"ə müsahibəsində bildirib ki, 2023-cü ilin dördüncü rübündə neftin qiyməti bir barel üçün 100 dollara qədər yüksələcək. Onun fikrincə, neft dünyadakı ehtiyatlarının azalması və pul kütləsinin sabitləşməsi hesabına bahalaşacaq. Bundan əlavə, Curry qeyd edib ki, qiymət artımına Çinin sərt anti-COVİD məhdudiyyətləri siyasətinin ləğvi də təsir göstərməlidir.

Neft bazarı iştirakçıları üçün pozitiv siqnal kimi Rusiyanın gündəlik neft hasilatını 500 min barel azaltmaq qərarının müddətinin iyunun sonunadək uzadılmasıdır. Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Urals neftinin satışında Brent markasına nisbətən tətbiq olunan diskont (endirim) 34 dollara qədər azalıb. Bu azalmanı davam etdirmək üçün hasilatın azaldılması müddəti iyunun sonuna qədər çəkilib. Qərb ölkələri Rusiya neftinə tavan tətbiq etdikdən sonra bu ölkənin əsas məhsulu olan Urals neftinin qiyməti kəskin ucuzlaşıb. Bunun qarşısını almaq üçünsə mart ayından hasilatın gündəlik 500 min barel azaldılmasına qərar verilib. Hasilatı azaltmaqla yanaşı, rəsmi Moskva OPEK+ ölkələrinin ötən ilin oktyabrında 2023-cü ildə gündəlik hasilatı 2 milyon barel azaltmaq qərarının qüvvədə qalmasına da çalışır. Artıq razılaşmanın digər əsas iştirakçısı olan Səudiyyə Ərəbistanı da qərara əməl olunacağını bəyan edib.

Bu ölkənin milli neft şirkəti olan Saudi Aramco aprel ayından etibarən Avropa və Asiyadakı müştəriləri üçün bütün növ neft markalarının qiymətində artım edib. Artım Avropadakı müştərilər üçün 1 barelə görə orta hesabla 1-1,5 dollar, Asiyadakı müştərilər üçünsə 2-2,5 dollar civarındadır. Treyderlər bunu yaxınmüddətli dövrdə bazarda tələbin artmasının əlaməti kimi qəbul edirlər.

İqtisadiyyatı əsasən neft gəlirlərinə bağlı olan Azərbaycan üçün dünya bazarındakı proseslər mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə neft ixracının azalması fonunda qiymətlərin yüksək olması vacib amildir. Gömrük statistikasından aydın olur ki, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan 4 milyon 900 min 369,59 ton neft ixrac edib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisindən 13,9 faiz azdır.  İki ayda ixrac olunan neftdən ölkə 2 milyard 943 milyon 901,18 min dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artım deməkdir. Bu göstəricilər o deməkdir ki, neft qiymətlərinin kəskin azalması Azərbaycan üçün çox ciddi problemlər yarada bilər...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR