Slimfit
  1. CƏMİYYƏT

Bakı metrosu ilə bağlı şad xəbər

Bakı metrosu ilə bağlı şad xəbər
Sakura

Bakı metrosu ilə bağlı şad xəbər

“Bakı metropoliteni”ndə bənövşəyi xəttin “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntı işləri tamamlanıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Digər tərəfdən, tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir. Bunlar nəzərə alınaraq, bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb.

 

Beləliklə, sağ tunel kimi, diametri 5,5 metr olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib. 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. “Herrenknecht” və “Robbins” tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq, növbəti stansiyaların tikintisində davam etdirilib. Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.

Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üst quruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

Onu da qeyd edək ki, hər iki tuneldə yollar ağac şpallar deyil, dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı metropoliteninin özünün istehsal sahəsinin məhsuludur. Bu da valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almaqla yanaşı, külli miqdarda vəsaitin qənaətinə, xarici istehsalçılardan asılılığı aradan qaldırmağa, həmçinin ən münasib istismar şərtləri və şəraitinə nail olmağa imkan verir.

Müstəqillik dövründə tikilmiş ilk metro xətti olan Bənövşəyi xəttin 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun özündə də inşaat işləri davam etdirilir. Metro inşaatının norma və qaydalarına uyğun olaraq, istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq. Bununla yanaşı, intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayı da artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır.

“Xocəsən” deposunun inşası üç mərhələdə nəzərdə tutulub. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR