Slimfit
  1. MEDİA

“Bakı da, Təbriz də mənə əzizdir” - məşhur professor: “Azərbaycan üçün arzuladığım iş alınmadı”

“Bakı da, Təbriz də mənə əzizdir” - məşhur professor: “Azərbaycan üçün arzuladığım iş alınmadı”
Sakura

“Bakı da, Təbriz də mənə əzizdir” - məşhur professor: “Azərbaycan üçün arzuladığım iş alınmadı”

Səid İrandost: “Müəllimin, alimin, professorun rüşvət aldığını heç yerdə görmədim”

      
Səid İrandostla  hər görüşüm mənim üçün bir bayram, bir neçə illik dərs vəsaitidir desəm, inanın mənə. Səid İrandost - böyük fəlsəfi fikir adamı, ictimai xadim, professor, məşhur kimyaçı texnoloq... daha nələr, nələr yazım ki, onun kim olduğunu dostlarımla bölüşə bilim. Bütün bunların fonunda o həm də ən böyük AZƏRBAYCANLIDIR!!!

      
Ürəyində iki şəhər sevdası var: Bakı və Təbriz. Bakını ona görə sevir ki, bura  Avropaya açılan pəncərədir. Təbriz ona görə əzizdir ki, Təbriz  Azərbaycanın və bütün İranin qədim paytaxtıdır.

     
Onunla növbəti dəfə  görüşmək üçün Ekvator xəttinin üzərindən uçub getmişəm. Bu həmin Ekvator xətti idi ki, uşaqlığımda sevimli coğrafiya müəllimim Sərraf  Məmmədovun dərslərində ona həsrətlə baxar, heyrətamiz təbiət görüntüsü ilə xəyallar qursam da, bu xətti nə zamansa keçəcəyimi ağlımın ucundan belə keçirməzdim. O sovet illərində dünya mənə çox böyük görünərdi. Rəhmətlik atam özünün gəzdiyi-gördüyü yerlər haqqında danışanda və mənə xitabən “Qızım sən gedib o yerləri görəndə ürəyin dünya boyda olacaq” deməyinin fərqinə dünyanın müxtəlif ölkələrini gəzib-görəndən sonra vardım.

      
Səid İrandostun bizim üçün ayırdığı mənzilin qapısından içəri girəndə isə Məhəmməd Füzulinin “Heyrət ey büt, surətin gördükdə lal eylər məni...” misralarını xatırlamaya bilməzdim. Onun evi modul tipli, kiçik bir o taylı-bu taylı Azərbaycan idi. Uzaq İndoneziyanın 2 milyonluq əhalisi olan Tangerang  şəhərində bu türk oğlunun mənzilində Azərbaycanın atributları, qədim və əntiq  Azərbaycan xalçaları, məişət əşyaları, rəsm əsərləri  toplanıb. Sanki bir mənzil deyil, Azərbaycanın mədəni tarixi abidələr muzeyi, incəsənət adlı qərargahdır.  Bu muzeydə həm də digər xalqlara məxsus xalçalar, əl işləri, nadir əşyalar toplanıb. 

    
Dünyanın harasında yaşasa, haraya köçsə özünəməxsus olan müqəddəs saydığı atributları, əntiq əşyaları da yeni məkana daşıyır.

   
Yəqin artıq maraq sizi də üstələdi ki, niyə Səid İrandostu indiyə kimi tanımamışıq?  Onu xalqıma, Vətənimə yaxından tanıtmağı özümə şərəf və borc  bildiyimdən, istəyirəm ki, tanımayanlar da bilsinlər ki, bizdən uzaqlarda, papaq altında necə fədakar oğullarımız var.

    
Onun  tərcümeyi-halını nəzərdən keçirirəm. Bütün titulları, adları ilə birlikdə diqqətimi bir məqam da cəlb edir. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevdən aldığı “Tərəqqi” medalının adını birinci yerdə yazır. Soruşanda dedi ki, bu günə qədər aldığı mükafatların içərisində ən çox dəyər verdiyi “Tərəqqi” medalıdır.

CV-sində isə belə maraqlı qeyd var: “Mən İsveçin məşhur Chalmers, Boras universitetlərindən tutmuş Avropa, Şimali Amerika və Asiya ölkələrinin ali təhsil ocaqlarında işləməklə böyük təcrübə qazanmışam. Azərbaycan Respublikası  prezidentinin “Tərəqqi” medalı, Rusiyanın Plexanov adına İqtisadiyyat İnstitutunun fəxri doktoru, Filipinin Cordilleras universitetinin elmlər üzrə fəxri doktoru, Hindisatanda Beynəlxalq Təhsil  konqresinin “Təhsilə verdiyi töhfələrə görə medalı” da aldıqlarım yüksək mərtəbəli təltiflər sırasındadır”. 
Bu titulların daşıyıcısı olan  kimya elmləri doktoru, professor Səid İrandostla söhbətimin əvvəlini Vətənlə  başladım. Azərbaycandan apardığım çaydan içə-içə söhbətimizə davam edirik:


- Səid bəy, Azərbaycan sizin üçün daha nə deməkdir?


- Azərbaycan mənim dogum yerim və aldığım nəfəsdir.


 - Təbrizli Səid və professor Səid İrandost arasında hansı fərq böyükdür?


- Maraqlı yanaşmadır. Onda gərək mən gəncliyimdən danışım. Atam coğrafiya müəllimi, anam evdar qadın idi. 3 qardaş, 1 bacıyıq.  1960-cı ildə Təbrizdə doğuldum. 1978-ci ildə  məktəbi bitirib universitetin kimya fakültəsinə qəbul olundum. Biz dərslərə bir həftə gedəndən sonra Təbrizdə şaha qarşı etirazlar başladı, artıq siyasi hakimiyyət dəyişirdi, tələbələr şahı devirmək üçün mitinqlər edirdilər. Biz də həmin tələbələrə qoşulduq. Ailəmizdə belə qərara gəldilər ki, məni də böyük qardaşımın yanına İsveçə göndərsinlər. Mən Təbrizdən sonuncu dəfə uçan Skandinaviya təyyarəsi ilə  sevdiyim şəhərimi tərk etdim. Uppsala şəhərində qərar tutmuşduq. Burada mənim üçün hər yer, hər şey təzə idi. Xarakter etibarı ilə gördüyüm maraqlı olan hər şeyi tez öyrənmək istəyirəm. Dil kurslarına getdim,  bitirəndən sonra, yenidən kimya, fizika və riyyaziyyat elmlərini oxudum. Orada dərslər həqiqətən də keyfiyyətli keçirilirdi və müəllimlər tələbələrə xüsusi qayğı, məhəbbətlə yanaşardılar. Sonralar  profilimi dəyişib, texniki kimyanın üzərində dayanmağa qərar verdim və uğurlar qazanmağa başladım. İllər ötdükcə, kimyanın dərinliynə vardıqca, daha çox öyrənmək məqsədi ilə, təhsilimi Höteborg şəhərində davam etdirdim. Zəhmətimin bəhrəsi olaraq 1989-cu ildə artıq doktorluq dissertasiyasını müdafiə etdim. 2001-ci ildə  41 yaşım olanda məni İsveçin  Boras  Universitetininə rektor təyin etdilər.


- Bütün bu illər içərisində Azrbaycanı, Vətəni də özünüzlə gəzdirdiniz...


- Vətəni unudan özünü unudar. Bir yerdəki dünyaya göz açasan, xoşbəxt gənclik illərini keçirəsən, oranı unutmaq olarmı? İndi bir baxın, 40 ildir Təbrizdən çıxmışam, ancaq  İran vətəndaşlığından çıxmamışam. Mənim ikili vətəndaşlığım var. Həm də İsveçin vətəndaşıyam. İlk əvvəllər Təbrizdən İsveçə gələndə çox darıxırdım. Cavan idim də. Vətəndən uzaq yaşamaq çətindir. O qəribçilik illərində bir gün özüm-özümə sual verdim ki, mən kiməm? Haradan gəlmişəm?! Bu sualın cavabını tapmaq üçün  baş vurdum qədim kitablara, kitabxanalara. Avropa ölkələrində Şərqin böyük kitabları saxlanılır. Azərbaycan, türk tarixini öyrəndim. Gördüm ki, Azərbaycanın bir dövrü olub ki, dünyanın axarı-baxarı bu torpaqlardan keçib. Təbrizin qədim tarixi məni həm mat qoydu, həm də qürurlandırdı. Azərbaycan bütün dünya ilə həm siyasi, həm də iqtisadi cəhətdən alış-veriş edib, Təbriz dünyanın Londonu, Parisi olub. Fikirləşdim ki, mən necə də  ulu, güclü  tarixə malik imişəm. Özümü dünyanın xoşbəxti saydım. Azərbaycan eşqim daha da böyüdü. O zamandan İsveçdə hər zaman vüqarla gəzib-dolandım.
 

“Elə insanlar var ki, sufini tanımır, ancaq sufi kimi yaşayır”  

     
- İstərdim ki, 18 yaşınızda İbrahim Hacıyevlə olan görüşünüzü xatırlayasınız. Oxucularımız üçün də maraqlı olar.

 
 - 1979-cu il idi. Uppsalaya təzəcə öyrəşirdim. Bir gün qəzetdə bir elan oxudum ki,  Azərbaycan Sovet Respublikasından  buraya konsert verməyə böyük mahnı və rəqs ansamblı gəlir. Bizim olduğumuz şəhərdə də konsert verəcəklər. Gedib bilet aldım. Rəşid Behbudov, Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadəni üz-üzə görəcəkdim. Bu vaxta qədər onların səslərini radioda  eşidib, üzlərini görməmişdik. Azərbaycan eşqli bir insan üçün bundan bötyük xoşbəxtlik ola bilməzdi. Konsert zalı ağzınacan dolu idi. İsveçlilər də gəlmişdilər tamaşaya. Arada  gözüm boylu- buxunlu cavan bir kişiyə sataşdı. Bakıdan olduğunu bildim. Həvəslə ona yaxınlaşıb tanış oldum. Dedi ki, mən bu ansamblın rəhbəri kimi gəlmişəm. Dedim ki, gəlib oteldə də sizinlə söhbət etmək istəyirəm. Razılaşdıq.  Bir Allah bilir ki, səhəri dirigözlü açdım. Həyatımda ilk dəfə Şimali Azərbaycandan olan insanla üz-üzə, göz-gözə söhbət etdəcəkdim. Bir qutu şokolad da alıb, səhər saat 7-8 radələrində getdim onların qaldığı otelə. Zəng vurdum. Lobiyyə düşdü, hardasa yarım saat  söhbət etdik. O zamandan sonra həmin xoş xatirəni unutmadım. Qəlbimdə o işıqlı insanı- İbrahim Hacıyevi  bir xoş xatirə kimi hər zaman yaşatdım. 
2008-2010-cu illər idi. Tailanddan İndoneziyaya rəsmi görüş üçün gəlirdim. Qardaşım mənə zəng vurub dedi ki, Səid, Azərbaycan İndoneziyada təzə səfirlik açıb.  Oradakı səfirin adı da İbrahim Hacıyevdir. O, bizim 1979-cu ildə gördüyümuz kişi olmaya? Bir maraqlan. 
Cakartada oteldə yerləşəndən sonra Azərbaycan səfirliynə telefon açdım. Bir kişi dəstəyi qaldırdı. İngilis dilində özümü təqdim edib, səfiri soruşdum, onunla  görüşmək istəyimi bildirdim. Birdən dəstəyin o üzündəki adam da ingilis dilində “İsveçdən olan Səid İrandost?”- deyə soruşdu.  Özümü təsdiq etmək əvəzinə çaşbaş qalıb “Siz həmin İbrahim Hacıyevsiniz”,- deyə yenə sual etdim. Dedi, “Əlbəttə”. Dedim ki,“Siz məni necə unutmamısınız?”.  Cavab verdi ki, “...necə ki, sən unutmamısan, eləcə də mən səni unutmamışam. Necə ola bilər ki, sən məni unutmayasan, mən səni unudam?!”.

  
İlk görüşümüzdən 30 il keçmişdi.  Hələ lap gənc ikən etdiyim seçimimdə, hissiyatımda yanılmamışdım. Mən adi bir gənc tələbəni hələ sovet illərində belə böyük bir  mənsəb sahibi olan İbrahim Hacıyev xatirində saxlamışdı. O gündən yaranan əlaqələrimiz indi də davam edir. Mən çox sevinirəm ki, doğma Azərbaycanımızı uzaqlarda belə mötəbər, tərbiyəli və peşəkar, ciddi, işini bilən  bir diplomat təmsil edir. Nə zaman Hindistana yolum düşsə, mütləq oradakı Azərbaycan səfirliyinə baş çəkirəm.

                                        

“Bizim 
Azərbaycan eşqimiz gendən gəlir”

- Siz 2001- 2005-ci illərdə  İsveçin Boras Universitetinin rektoru təyin edildiniz.  Gördüyünüz işlərdən biri də  Azərbaycanın  təhsil ocaqları ilə əlaqə yaratmaq  oldu. Lakin...   Ardını yenə özünüz danışın.


- Bizim Azərbaycan eşqimiz gendən gəlir. Biz bu dünyaya azərbaycanlı kimi gəlmişik.  İstəyirdim ki, yeni-yeni addımlamağa başlayan  Azərbaycana akademik kömək edək ki, adı yüksəlsin, hər yerdə eşidilsin. Təmsil etdiyim ölkənin Ali Təhsil Nazirliyinə Azərbaycanla əlaqələr yaradılması barədə bir layihə verdim. Bəyənildi. 2002-ci ildə Azəbaycandan 10-11 nəfər ali məktəb rektorunu  İsveçə dəvət etdim ki, təhsil, universitet, müəllim, tələbə mübadiləsi edək, elmi biliklərimizi, əlaqələrimizi genişləndirək. Qonaqlarımız gəldilər. 1 həftə qaldılar. Ən yüksək səviyyədə görüşlər keçirdik, sənədlər imzaladıq. Lakin o universitet rəhbərləri mənim başladığım işi davam etdirmək üçün dönmədilər. Bütün dediklərimiz, elə oradaca  qaldı. Azərbaycan üçün arzuladığım, həyata keçirmək istədiyim layihə alınmadı.


- Bildiyim qədər sabiq rabitə naziri Əli Abbasov sizdən  onlar üçün  İCT adlı bir təhsil ocağı layihəsi hazırlanmasını xahiş edib.  Hətta sizə böyük vədlər verərək deyiblər ki, bu layihə həyata keçiriləndən sonra, universitetin rektoru ola bilərsiniz.


- Bəli, cənab Əli Abbasovla aramızda belə bir anlaşma oldu. Mən onların qurmaq istədikləri yeni innovasiyalar və texnologiyalar sahəsində təhsil ocağının nizamnaməsini əvvəlindən sonuna qədər hazırlayıb göndərdim, böyük bir universitetdə o layihəyə uyğun qrup açdılar. Məni isə unutdular. Mən o işi təmənnasız görmüşdüm. İndi də hər zaman Azərbaycan üçün elm sahəsində hər hansı bir iş görməyə hazıram. Yetər ki, bunu istəsinlər, arzu olsun, əməl düz gəlsin.


- İstərdim ki, 2005-2013-cü illərdə Tayland Krallığındakı fəaliyyətiniz haqqında da danışasınız.


- İsveçin Boras Universitetində çalışdığım dövrdə Taylanddan Beynəlxalq AİT universitetin akademik sistemini təzələmək üçün təklif gəldi. İsveç hökuməti məni ora göndərdi. Çox qısa bir zamanda Tayland kralının dəstəyi ilə 1959- cu ildə təşəkkül tapmış universitetin profilini dəyişib, yeni bir sistem yaratdım. Bu beynəlxalq universitet ikinci ali təhsil almaq istəyənlər üçün baza rolunu oynayır. 
8 il  ərzində Asiya ölkələri üçün mütəxəssis yetişdirən bir mərkəz yaradıb, hökumətə təhvil verdim. Hazırda İndoneziyada təhsil məsələləri ilə əlaqədar ofisin rəhbəriyəm. Artıq Cakartada və Malaziyada İsveçdən olan komandamla birlikdə 2 universitet yaratmışıq. Yaratdığımız universitetlər yeni dünya, yeni innovasiyalar üçün baza rolunu oynayır və yüksək səviyyəli mütəxəssislər yetişdirir.


- Onu da bilirəm ki, siz İsveçin  məşhiur Chalmers universitetinin vitse-prezidenti olduğunuz  dövrdə  bir çox təhsil və universitet quruculuğu sahəsində beynəlxalq aləm üçün peşəkar mütəxəssilər hazırlanması sahəsində çox sayda layihələr işləmisiniz və bunların hamısı həyata keçib. Mənim bu gün fəxr etdiyim azrbaycanlı professor Səid İrandost İsveç dövlətinin Riyaziyyatın inkişafı üzrə Komitənin sədri,  Mütəxəsislərin və Peşəkarların seçilməsi üzrə İsveç komitəsinin üzvü,  İsveçin STİNT –  ali təhsil və tədqiqatlar üzrə Beynəlxalq Əməkdaşlıq  Fondunun və Milli Dünya Mədəniyyəti Muzeyləri İttifaqının üzvü olub.  Təhsilin və inkişafın yüksəlişinə həsr olunmuş bu sayda  mötəbər yerlərdə təmsil olunduğunuza baxmayaraq, çox sadə və təvazökarsınız.  Belə mötəbər yerlərdə işləyən  bir rektor və professor olaraq,  İsveçdə bir eviniz  və indi də Tangerangda  mənziliniz və  bir ofis-iqamətgahınız var.  Azərbaycandakı rektorlar qədər varlı deyilsiniz.  Obyektləriniz, restoranlarınız da yoxdur.


- Mən pedaqoqam, müəlliməm, professoram. Tacir deyiləm ki, nəyimə lazımdır restoran və ya obyektlər.  Zövq aldığım muzey eksponatları və milli tariximizə, kimliyimizə aid olan əntiq əşyalardır. Hara gedirəmsə onları özüm ilə daşıyıram. Daşıya bilmədiklərim isə İsveçdəki mənzilimdədir, qızlarımın  evində və bir azərbaycanlı dostumun müzeyindədir.



- Heç müəllim, rektor  işlədiyiniz dövrlərdə rüşvət aldınızmı?


- Rüşvət? Kimdən? Nə üçün?..


- Tələbələrdən, əlinizin altında işləyən müəllimlərdən.


- Yooooxxxx!!! Bu çox ayıb bir işdir. Bir təhsildə korrupsiya varsa, cəmiyyəti, dövləti dağıda bilər. Əgər korrupsiya, rüşvət varsa, deməli hardasa müəllimin aldığı əmək haqqı çox aşağıdır. Bilirsiniz, təcrübəmdən görmüşəm. Finlandiya dünyanın 3-4 inkişaf etmiş ölkəsindən biridir ki, burada təhsil səviyyəsi çox yüksəkdir.Eləcə də Sinqapur, Koreyada da müəllimə çox böyük dəyər verirlər. Bu ölkələrdə müəllimlik və  dərs demək ən şərəfli peşə sayılır. Hamı müəllimə hörmətlə yanaşır. Əgər bir təhsil ocağı istəyirsə, dərsin keyfiyyəti yuxarı olsun, müəllimlər, pedaqoqlar dərsə öz canlarını qoysunlar, o zaman müəllimlərin əmək haqqı çox yüksək olmalıdır. Bir müəllim ki, rüşvət ala, əli korrupsiyaya bulaşa, onun tələbəsi ondan betər olacaq.


- Sizin rəhbərlik etdiyiniz təhsil ocaqlarında pul verib diplom almaq, sertifikat yazdırmaq kimi təcrübə olubmu?


- Bizim universitetlərdə oxuyan tələbələr müəyyən bir ödəniş edərək, təhsil alırlar. Lakin bu rüşvət deyil axı. Bu təhsilin metodudur, bütün dünyada qəbul olunub. O pullar bir şəxsin cibinə getmir. Təhsil ocağının büdcəsinə gedir, dövlətə hesabat verilir. Bir də ki, həmin universitetlərə bəzən imkanlı şəxslər himayədarlıq edir. Məsələn, mənim uzun illər  rəhbəri  olduğum AİT universitetinə Taylandın kralı himayədarləq edirdi. Yaxşı oxuyan tələbələr, imkanı az olan tələbələr ödənişdən azad olunurdular. O yerdə ki, pul verib sertifikat alacaqlar, diplom alacaqlar bu çox iyrənc bir mənzərədir.  O pulu alan  alim, professor sonra o tələbənin üzünə necə baxa bilər?..


- Mühazirə oxuduğunuz ölkələrin universitetlərində də korrupsiya problemi ilə rastlaşmadınız?


- Çox ölkələr korrupsiyadan əziyyət çəkir. Lakin müəllimin, alimin, professorun rüşvət aldığını heç yerdə görmədim. Çətin sualdır, heç bilmirəm ki, daha neçə cavab verim. Hər bir halda təhsildə korrupsiya varsa, bu çox təhlükəlidir.


- Siz texniki kimya elmləri doktorusunuz. Heç kimya sahəsində  sizə hər hansı bir dərmanı hazırlamaq üçün müəyyən məbləğdə pul təklif edən olubmu? Çünki mafiya şəbəkələrindən bəzən kimyaçılara hər hansı bir məhlulu, dərmanı hazırlamaq üçün gizli laboratoriyalarda işləmək təklifi gəlir.


- Əsla. Lakin Taylandda 2011-ci ilin oktyabrında güclü musson yağışları ara vermirdi və sunami gözlənilirdi. Rəhbərlik etdiyim uniersitetin 3 min nəfər tələbə, müəllim və texniki heyəti var idi. Əksəriyyət də kampusda yaşayırdı. 3 həftə idi ki, sel gəlməsini gözləyirdik. Həmin 3 həftə ərzində mən şəhərdəki evimə getmədim. İşçilərimlə kampusda yaşadım. Gecələr saat 2-3-də çıxıb kampusun həyətini, ərazisini gəzirdim ki, əməkdaşlarım rahat olsunlar, qorxmasınlar, görsünlər ki, mən də onlarlayam. 3 həftə ərzində 20-yə qədər avtobusu kirayə edib, kampusun həyətində saxladım.  Gözlədiyimiz kimi sel gəldi. Su universitetin 3-cü mərtəbəsinə qədər qalxdı. Bəzi adamlar ərazini tərk etmək istəmirdilər. Dövlətin mənə yardım üçün göndərdiyi mühafizə əsgərləri ilə qayıqla bir -bir binaların həyətlərini yoxladıq, zirzəmilərinə qədər düşdük, hamını ərazidən çıxarandan sonra, özüm oranı tərk etdim. Mən öz rütbəmə və səlahiyyətimə görə hamıdan artıq maaş alırdım, əgər belə etməsəydim, onlar deməzdimi ki, hamıdan çox maaş alır, gedib oturub şəhərdə. Biz sonradan AİT-i yenidən qurduq.



- Sizə rüşvəti də AİT-i ikinci dəfə quranda təklif etdilər, verilən məbləği götürməyib, həyatınızı təhlükəyə atdınız.


Universitetə sel gələndən sonra, yenidən qurulması üçün Tayland hökuməti pul ayırdı. Tayland da korrupsiyalaşmış bir ölkədir. Burada tenderləri udmaq üçün maraqlı şirkətlər var ki, onlar korrupsiyadan mafiyaya keçiblər. Onlardan biri mənə təklif göndərdi ki, tenderdə deyiləcək məbləği əvvəlcədən onlara ötürüm ki, bunlar daha aşağı məbləğ deyib, udsunlar. Böyük pullar və böyük oyunlar gedirdi. Bu ölkədə bütün pullar 20-30 familyanın əlindədir. Üstümə çox adamlar gəldi, çox hədələr oldu. Lakin onların dediyini etmədim. Bu səbəbdən də Tayland hökuməti məni 2 il müddətində mühafizə ilə təmin etdi və 2013-cü ili başa vurana qədər, ölkədə sivil polisin müşayiəti ilə gəzdim. Lakin universiteti yenidən daha gözəl, daha perspektivli qurdum. Mən o pulu götürsəydim, tələbələrin haqqına girmiş olardım. Doğrudur, bunu nə tələbələr biləcəkdi, nə də ətrafımda heç kim. Lakin mən hər gün aynaya necə baxa bilərdim?! Özümdən utanardım. O aynadan mənə iyrənc, tələbələrin pulunu yeyən bir rüşvətxor, yalançı baxacaqdı. Sonra hansısa siyasətçini rüşvətxor, korrupsioner adlandıra bilməzdim. Bu mənim həyat tərzim deyil.


- Belə zənn edirəm ki, oxucularıma Sizi artıq peşəkar bir pedaqoq və rəhbər kimi təqdim edə bildim. İndi istəyirəm ki, Sizə bir qədər Azərbaycandakı təhsil sistemi haqqında danışım. Çünki siz artıq bir neçə ölkədə yeni təhsil sistemini reforma etmisiniz.  Reformalarınız da çox böyük uğurla davam edir. Professor, hazırda bizdə təhsil ocaqlarında kurikulum sistemi tətbiq edilir. 
1-ci sinfə gedən uşaqlarımız çantasında 5 kiloqrama qədər kitab-dəftər yükü daşıyır, repetitorsuz keçinmirlər. Həm uşaq yorulur, valideyn də əlacsız qalıb, qazandığını repetitorlara verməli olur.


- Öncə məktəblərdə, təhsil ocaqlarında şagirdlərin hansı plan üzrə oxumaları təyin edilməlidir. Pedaqoq və müəllim heyəti hədəf seçməlidir, dərsin içərisində neçə dərs verilə bilər. Uşaqları çox yükləməklə heç bir nəticə əldə etmək olmaz. Yorğun beyin yaxşı nəticə verə bilməz. Bilirsiniz, indiki uşaqlar da, cavanlar da internet əsrində böyüyürlər. Buna görə də istər-istəməz təhsilə olan münasibət də dəyişir. Bu cür şagird və tələbələrə yeni innnovasiya və kommunikasiyalara cavab verən pedaqoqika lazımdır. Yoxsa ki, onlar məktəbdən, universitetdən qaçacaqlar. Çünki bütün biliklər, kitablar  əllərinin altındadır.  
Google-da bir düyməni basdılarmı, 1 dəqiqənin içərisində informasiyanı tam əldə edə bilirlər. Bu gün hər tələbənin özünə bir universitet kimi baxmaq lazımdır. Bir-birləri ilə fikir mübadiləsi edir, yeni dünya ilə təmasdadırlar. Ona deyə bilməzsən ki, sən 8 saat sinifdə oturub, mənim 2 saatlıq dərslərimi dinləməlisən. Bu artıq mümkünsüzdür. Artıq bir çox ölkələr bu qocalmış dərs metodu sistemindən çıxıblar. İsveçdə, Finlandiyada, Sinqapurda, lap elə İndoneziyanın özündə kurikulum metodu ilə aparılan dərslər həm kitablar, həm də internet, videolayihələr və annimasiyalar ilə tətbiq olunur. Bununla belə çox hazırcavab, məntiqli və savadlı yetişirlər. İstirahət etməyə də vaxtları qalır. Mənim bildiyim kurikulum budur. 5 kilo çanta daşımaq həm məktəbli, həm tələbə üçün çox ağır yükdür, hər mənada. Təbii ki, yeni müstəqilliyini qazanan Azərbaycanda yavaş-yavaş bizim tətbiq etdiyimiz sistemə keçəcəklər.


-Kitabların yerini yeni texnologiyalar tutur. Bəs bir uşaq və ya tələbə kitabı elektronik oxuyacaqsa, əlinə kitab almayacaqsa, onu vərəqləməyəcəksə, bizim indi  çox böyük nemət və miras kimi qoruyub saxladığımız Əlyazmalar İnstitutunun aqibəti necə olacaq?  Bu gün təhsil alan o uşaqlar böyüyəndən sonra, onların tarixi araşdırmalarının, şerlərinin, bədii əsərlərinin əlyazmaları olmayacaqsa,  50 ildən sonra onların yaratdıqlarını və ya elə bu gün bizim mənbə kimi istifadə etdiyimiz qalaq-qalaq dəyərli əsərləri necə qoruyub saxlayacağıq?


- Texnoloji innovasiyalar əsrinin bir şərti var ki, cəmiyyət üçün çox sayda mühəndis, səhiyyə mütəxəssisləri lazımdır. Həyat elmlərini öyrənməyə daha çox üstünlük verilməlidir. Nəzərə alın ki, indiki cavanların əksəriyyəti online oxuyur.


- Axı kimyaçı və riyaziyyatçıdan da heç nə qalmayacaq.

- Əsla elə deyil. İndiki bütün formulalar elektronik formada yazılır və köçürülür, o formulaların saxlandıqları disklər sınmır, yanmır, məhv olmur. Kitabxanaların yanması isə an məsələsidir.


- Bizim ölkədə bir axsayan sahə də var. Bu gün coğrafiya, metro sahəsi, biologiyanın müxtəlif sahələri, elmi-texnikanın, lap elə riyaziyyatın, kimyanın bir çox sahələri üzrə mütəxəssislər yetişmir. Bu problemdən çıxış yolunu göstərə bilərsinizmi?


- Azərbaycan yeni dövlətdir. Təzə müstəqillik qazanan ölkələrin hər işi həmən rəvan getmir. Mən belə düşünürəm ki, vurğuladığınız sahələrə yaxşı pul ayrılsa, universiteti bitirən gənc də oxuduğu təhsil ocağında qalıb, təhsilini davam etdirər. Elmə 10 faiz pul xərcləsən, ondan  götürdüyün faizləri heç bir ticarət sistemində tuta bilməzsən. Bu nəticəni almaq üçün illərlə gözləmək lazımdır. Ancaq ki, bir kimyəvi ixtira ilə bütün dünyanı ayağına gətirə bilərsən. Yeni texnologiyalar əsrində bir çox sənətlər, peşələr aradan gedir və gedəcək. Ona görə də təhsil ocaqları işlərini elə qurmalıdırlar ki, yeni dünyaya cavab verən tələbələr və peşəkarlar yetişdirsinlər. Mən layihə verdiyim universitetlər və institutlar, yazdığım nəzəriyyələr üzərindən təhsil proqramı hazırlayırlar, yeni təhsil proqramı qururlar. Bu mənada həm də Əmək nazirlikləri, İqtisadiyyat nazirlikləri üçün də nəzəriyyələr yazıb verirəm. Həm də həmin məqalələrimi Amerikanın, İndoneziyanın, İsveçin, Asiya qitəsinin aparıcı dövlət nəşrlərində ictimaiyyətin müzakirəsinə buraxıram.

      
“Məzhəblər, dinlər insana yol göstərməli, sevinc gətirməlidir”        


- Elə biz burada ikən də sizin 
www.thejakartapost.com gündəlik qəzetində  böyük bir məqaləniz yayımlandı. Bir azərbaycanlı kimi bu məni çox sevindirdi. Bu qəzetdən sizə yazılan qonorarı da almırsınız. Bilirəm ki, həmin qonorarı redaksiyanın xeyriyyə fonduna keçirirsiniz.


- Bildiyiniz kimi, İndoneziya çoxmilyonlu bir ölkədir. 280 milyona yaxın əhalisi var. Onların çoxunu müsəlmanlar təşkil etsə də, çox multikultural bir dövlət və cəmiyyətdir. Lakin varlısına varlı çatmaz, kasıbı da çoxdur. Elə adam var ki, bir aya heç 100 dollr əmək haqqı almır. Hər hansı bir formada insanlara hər vaxt yardım etmək lazımdır. İnsan təkcə özü üçün yaşamamalıdır.


- İndoneziya insanlarında ən çox sevdiyiniz cəhət?


- Bu ölkədə 300 etnik qrup var. Demək 300 dil var. 280 milyona yaxın əhalinin 150 milyonu Yava  adasında - Cakarta və  Tangerangda yaşayır. Onların 100-95 faizi İndoneziyada doğulur. Vətənlərini çox sevirlər, hara getsələr Vətənə qayıdırlar. 245 qeyri-rəsmi məzhəbi var.  Rəsmi hökumət isə 6 məhzəbi tanıyır: islam, katolik, protestant, hindu dini, buddizm, çinlilərin konfusiya dini. Bu insanların dil, fikir, dini azadlıqları var. Bütün bu idaretmə sistemi onlara ingilislərin  və hollandların hakimiyyəti dövründən vərdiş kimi qalıb. Birdən görürsən ki, buraya sel gəlir, zəlzələ olur,  sunami baş verir, hər şeyi viran qoyub, aparır. Fəlakətlə üzləşən insanlara yardım üçün  yaxınlaşsan, sənə baxıb gülümsəyirlər.


- Hətta kədərin içərisində də adama baxıb gülürlər?!


 - Bəli kədərinin içərisində də yanındakına qüssə vermir. Allahın göndərdiyi faciəyə asi deyillər. Belə şeyləri adam görəndə sevinir ki, demək islam həm də ən böyük mədəniyyət kimi qabağa gedib çıxa bilər, mədəniyyət və mərhəməti təbliğ edən din kimi təbliğ oluna bilər.



- Bir islam ölkəsi kimi də burada çox fərqliliklər gördüm. İnsanlar azaddırlar, hətta müsəlman məscidi ilə buddist məbədi yan-yana dayanıb.  Qadınları başlarına alabəzək, İndoneziyanın öz təbiətinin rənglərinə uyğun örtüklər örtürlər.


- Hindu və buddist dininə malik olan indoneziyalılar 13-cü əsrdə islamı qəbul ediblər. Burada islam çox rahat və dostluq dini kimi bərqərar olub. Hökumət sekulyardır. İnsanın hansı məhzəbdə olmasının kimsəyə dəxli yoxdur. Məscidlər iki məzhəbə ayrılmayıb. Özünüz gördünüz ki, gecə həyatı səhərə kimi davam edir.  Restoranlarda, meyadnlarda, ticarət mərkəzlərinin hər yerdində çal-çağır, musiqi səsləri aləmi başına götürüb. Bir buddist oğlanla bir baş örtüklü müsəlman qız həmin musiqi sədaları altında oxuyub, rəqs edirlər. Bir kəs də həmin cütlük haqqında pis fikirləşməz. 
Yadıma bir əhvalat düşdü: 1988-ci ildə İsveçdən bura konfransa gəlmişdik. Xaricdən gələn qonaqlar üçün ziyafət verilirdi. Bir də gördük ki, bir molla gəldi  ayin oxudu, mollanın ətrafında isə 15 qız var idi. Sanki bu qızlar bir pəri idilər, molla oxuduqca, onlar əllərindəki çiçəkləri ətrafa səpələyirdilər. Çiçək paylayan qızlar isə buddist idilər. Sonra elə mollanın yanındaca buddist duaları səslənməyə başladı. Bu səhnə qonaqların da əhvalına bir pozitivlik qatdı. Avropadan gələn qonaqlar artıq islam dini haqqında daha müsbət düşünməyə başladılar. Bu dini tolerantlığın təbliği idi.

Bir dəfə də İndoneziyada iş görüşməm var idi. Cakartada qaldığım otelin lobbisində adam gözləyirdim. Saçları çiyinlərinə səpələnmiş bir xanım çox gözəl piano çalırdı. Onu da deyim ki, buradakı insanların da gözəl musiqi zövqləri var.  Xanım bir qədər sonra tənəffüsə çıxdı. Gəlib yanımda dayanıb su içdi. Mənimlə  söhbətə başladı. Söhbət arası dedi ki, namazının vaxtıdır, onu qılandan sonra gəlib  ifasına davam edəcək. Mən istər-istəməz ondan soruşdum ki, (o zaman mən hələ İndoneziyanı dərindən tanımırdım) sənin otelə gəlib piano çalmağına ətrafdakılar pis baxmırlar ki? Pianoçu qadın sualımdan təəccübləndi. Mənə dərs olacaq bir cavab verdi: “Namaz Allahla mənim aramda olan bir ruh halıdır. Kimin nə işinə qalıb ki, mən düz edirəm ya yox, bu iki ruhun ünsiyyətidir. Onu Allah bilər, bir də mən. Mənim sənətim pianoçudur. Məktəbdə aldığım aylıqla ailəmi dolandıra bilmirəm, axşamlar da bu otelə gəlirəm ki, öz halal zəhmətimlə ailəmi saxlamaq üçün pul qazanım”.


- Rumi Təbrizini çox sevdiyinizi bilirəm. Onun məşhur bir hekayəti var. Deyir ki, Allahı axtarmaq üçün məscidə getdim, orada tapmadım. Getdim kilsəyə, tapmadım, getdim buddistlərin məbədinə, tapmadım, bütün ibadət yerlərini axtardım. Yox idi. Sonda  baxdım ki, Allah elə öz qəlbimdə imiş. Bu mənada bir neçə gün ərzində sizinlə apardığım fikir mübadilələri zamanı insan cəmiyyəti, din, dinin insanlara gətirdiyi ziyanlar və müsbət hallar haqqında danışdıqlarımızı istərdim ki, oxucularımızın da süfrəsində paylaşaq.


- Çində bir tanışım var. İlk dəfə tanış olduğumuzda məni restorana dəvət etdi. Söhbət əsnasında onun üçün qaranlıq olan bir məqama aydınlıq gətirməyimi istədi. Dedi: “Sizin müsəlmanlar niyə belədir?! Mənim sahibi olduğum paltar fabrikinə gəlirlər. Biznes qaydalarına uyğun olaraq onlarla restoranda görüşürəm. Süfrəyə şərab, donuz ətinin gəlməsinin tam əleyhinə olurlar ki, bu bizim dində ziyandır. Səhərisi gün, sövdələşməmiz baş tutandan sonra, deyir ki, sifariş etdiyim paltarlara Amerika, İspan, İtaliya  markası  yapışdır. Bunlar nə tip adamdırlar? Öz canlarına guya donuz əti yeyib ziyan vurmurlar ki, günahdır, ancaq alıb apardıqları paltarları başqa adla satmaqla bütöv bir kütləni aldadırlar. Bu necə ibadət, bu necə dindir?  Mən onun sualının cavabında dedim ki, mənim bir dinim var, o da Tanrıdır, Yaradndır.  Ancaq fikirləşəndə görürsən ki, həmin dostumun dediklərində böyük fəlsəfi həqiqət vardır. Mən belə düşünürəm ki, şərab içirsən iç, donuz əti də yemək istəyirsən ye, ancaq nə Allahı, nə də ətrafındakıları aldatma. Rumi onu da deyirdi ki, siz yaxşılıq edin, kimsəyə pislik etməyin, əsl din budur. Belə etdikdə insan Allah adamı olur.  Əlbəttə, əgər sən içib öz ciyərini dağıdacaqsansa, bu da günahdır. Allahın verdiyi cana ziyan etmək olmaz.

 
- Ətrafında bu qədər məscidlər, məbədlər, ibadət yerləri varkən, Səid İrandost özünü harada tapır?


- Mənim ofisimdə və evimdəki əşyaların hər birisi bir neçə insanın sevgi ilə yaratdığı əsərlərdir. Başınızı haraya döndərsəniz, bir gözəllik görəcəksiniz. Özümü iş yerimdə, ofisimdə, evimdə, bu gözəlliklərin içərisində tapıram. Hər gecə özümə hesabat verirəm ki, hansı işləri gördüm, kimə əl tutdum, kimin sənədini imzaladım, kimə xeyrim dəydi. Vicdanı olan insan hər gecə özünə hesabat verməlidir. İnsanın daxilində bir vicdan polisi yoxdursa, oraya çoxlu uydurmalar girəcək. Vicdanı olan adam heç kimə ziyan verməz, rüşvət almaz, haram yeyə bilməz, yetimin haqqına girməz. Bütün bunlar isə  insana hələ uşaq yaşlarında məktəbdə mənəviyyat dərsi kimi öyrədilməlidir.


- Gözəllikdən danışarkən, sizin bir qış günündə Azərbaycan xalçasının arxasınca getdiyinizi xatırladım. Bu xatirəniz oxucularımız üçün də maraqlı ola bilər.


- Bilirsiniz ki, İsveçin qışı çox soyuq olur. 20 ilin söhbətidir. Belə qış axşamlarınn biri idi. İnternetdə auksionları izləyirdim. Gördüm ki, qədim bir xalça satılır. Dostuma da göndərdim şəklini. Dedi ki, get al. Xalçanın sahibinin telefonunu yığıb, onunla danışdım. Bizim olduğumuz şəhərdən 3-4 saatlıq yol idi. Ünvana çatdım. Qapını üzü çox nurlu, yaşlı və gözəl bir qadın açdı.  Hiss olunurdu ki, illər gözəl cizgilərini onun üzündən azaltmamışdı. Söhbət etdik. Xalçanı mənə göstərib dedi ki, “bu xalçanı mənə ərim 1930-cu illərdə dostundan alıb. İndi tək yaşayıram. Xalça da yerdə tez-tez ayağımın altından sürüşür. Özümü qorumaq üçün satıram”.  Xalça 1905-ci ildə Azərbaycanda toxunmuş “Xəmsə” xalçası idi. Mən sevindim ki, Azərbaycanın nadir incilərindən birini qərib bir evdən götürüb, doğma ocağa gətirdim.  


- Sizi daha nə narahat edir?


- Buradan Azərbaycan mətbutaını izləyirəm, niyə kişilər arvadlarını, bacılarını, analarını öldürürlər? Niyə ailəni bu qədər miskinləşdirir, qıza-qadına bu qədər zorakılıq edirlər?


- Doğru deyirsiniz, bizim saytları açanda ilk gözə çarpan  kimlərinsə  “qeyrət-namus” soyqırımı  olur.


Bəzi insanlar dini öz mənfəətləri üçün uydurub və dəyişiblər. Deyirlər ki, Allahdan qorx, Allah belə buyurub. Bu mülahizələrin heç bir elmi əsası yoxdur.Allah qorxudan xaliq deyil, Allah eşq, sevgi  xaliqidir.  Mən xaliqə, Tanrıya inanıram. Mənim Quranım daxilimdədir. Qurana inanan adam öldürər?! Min oyundan çıxar? Allah, Tanrı insanın qəlbindədir, əməlindədir.  Məzhəblər, dinlər insana yol göstərməli, kömək etməli, sevinc gətirməlidirlər. Mənim üçün Məhəmməd peyğəmbərin ideyaları hər zaman maraqlı olub. O ərəbləri qız uşağını basdırmaq kimi çirkin bir əməldən çəkindirə bildi. İndikilər bu əməlin fəlsəfi tərəfini görməzdən gəlirlər. 14 əsr bundan əvvəl  o zamanın qız uşağına deyə bilməzdin ki, sən İsveçdəki qızlar qədər daha  böyük hüquqlara malik olacaqsan. İndi müsəlmançılıq və islam dininə sahib olanlar, onu təbliğ edənlər, ancaq Məhəmməd peyğəmbərin öz dövründə etdiklərini sübut gətirirlər. Lakin bir kimsə düşünmür ki, Məhəmməd peyğəmbər bizim üçün bu yolu, bu cığırı açdı. Biz gərək peyğəmbərin işinin ardını aparaq. Peyğəmbərin niyyəti bərabərlik idi. O vaxt ancaq bir qız uşağını xilas etmək olardı. Cəmiyyət buna hazır deyildi axı. Sonradan o qız uşağına kişilər bərabərində hüquq verilən bir cəmiyyətə yetişmək lazım olduğunu, bir çox müsəlmanlar qəbul etmək istəmirdi. Məhəmməd peyğəmbərin başladığı işlərin ardını görsəydilər, daha geniş yollar açsaydılar, yerlərində saymasaydılar, islamı lazım olduğu kimi təbliğ edə bilsəydilər, müsəlman ölkələrində yaşamaq daha rahat olacaqdı. Bəlkə belə olsaydı, Avropa bizdən öyrənəcəkdi. Deməli problem islam deyil, problem biz müsəlmanlardadır.

Dünyanın min cür problemi qalıb. Niyə “qaş almaq və namus davası edən” insanlar  indi dünyanın dəyişdiyinin fərqində deyillər? Buzlaqlar əriməyə başlayıb, meşələr yanır, təbiətin inciləri olan vəhşi heyvanlar, heyvanat aləmi məhv olur, Somalidə uşaqlar acından qırılır, dinin yaratdığı çəkişmələr üzündən müharibələr səngimək bilmir, körpə uşaqlar qırılır, bu gün dünyanın susuzluq kimi qlobal problemini necə həll etməyin yollarını düşünmək və həlli yolunu tapmaq üçün məktəblidən  aliminə, baş nazirinə,  prezidentinə qədər hamı bu yöndə çalışmalıdır. Dünyadakı ədalətsizliyə, “Yox!” deməyin vaxtıdır. Özünü qatı islamçı sayan bəzi müsəlmanlar  bu problemlərin həllinə köklənsələr, daha faydalı olmazmı? Pişiyi də, iti də Allah yaradıb. Onu necə öldürmək olar? Qadının, arvadın, qızın xoşuna gəlmirsə, boşa, ayrıl, qoy hər kəs öz həyatını yaşasın. Necə ola bilər ki, bir insan bir yerdə böyüdüyü bacısını öldürsün? Ona canı sən verməmisən ki, sən də alasan. Qeyrət TORPAQdır, qeyrət VƏTƏNDİR! Mən inkişaf etmiş ölkələrdə “qeyrət” deyiləndə  xalqın, torpağın, vətənin təəsübünün çəkildiyini gördüm.


- Səid bəy sizinlə söhbət çox maraqlıdır. Kimya kimi qarışıq bir elmin içərisindən vaxt tapıb, kitab mütaliəsi edirsinizmi?


- Uşaqlıqdan novella, roman oxuyardım. Daha cavan deyiləm. Elmi kitablar oxuyuram. Ancaq ədəbiyyat aləmində oxuduğum bütün kitabların ən gözəli  Qurban Səidin yazdığı “Əli və Nino”dur!. Onu həm ingilis, həm də İsveç dilindəki tərcümədə oxudum. Filminə də baxdım.


- Dünyanın çox ölkələrində olmusunuz?


- 70-ə qədər ölkədə olmuşam. Bütün qitələri gəzmişəm. Avstarliya, Afrika, Amerika, Latın Amerikası, Asiya...


- Özünüzü harada daha yaxşı hiss etmisiniz?


- Harada yaxşı dostlarım varsa, orada rahatam, mənə xoşdur.



- Dostlarınız çoxdur?


- Əsl dosta gəlincə bir dostum var idi, Abbas bəy.  Onunla gənclik illərində İsveçdə oxuyanda tanış olmuşdum. Konidisioner mütəxəsisi idi. Ötən il, sifarişçinin eyvanında kondisioner qoşanda, qəza oldu, oradan yıxılıb öldü. Çox sarsıldım. Qalan dostlar isə görüşdüyüm, tanıdığım, iş dostlarımdır. Abbas ilə elə dost idi ki, bir-birimizi bir sözdən anlardıq. Ürək dostu əlin barmaqlarındakı saydan az olur.


- Ağ yalan deyə bilərsiniz?


- Mən ümumiyyətlə yalan danışmıram. Ancaq ki, məcburiyyət qarşısında qalanda, kimisə xilas etmək üçün və bu xilasın da kimsəyə, cəmiyyətə heç bir ziyanı dəyməyəcəksə, danışmaq olar.


- Sizin ən mühüm xasiyyətiniz nədir?


- Çətin sualdır. Yaxşı oğlanam (gülür). İşimi ciddi tuturam. Bu günün işini sabaha qoymaram. Əvvəl vacib işimi görürəm. Sonradan vaxt qalsa, başqa işlərə baxaram. Çünki əbəs yerə deməyiblər ki, “əldən qalan əlli il qalar”.


- İnsanların hansı çatışmayan cəhətlərini onlara bağışlaya bilərsiniz?


- Mən elə bir iş bilmirəm ki, insan bağışlamasın. İnsan bağışlamalıdır. Allah bağışlayırsa, biz niyə bağışlamayaq? Birisi bir günah iş görüb, onu təkrar etmirsə, onu başığlamaq olar. Bağışlaya bilməyəcəyim elə bir günah yoxdur.

 
- Birisi gəlib evinizdən sevə-sevə aldığınız ən əntiq bir əşyanızı aparıb. Onun günahını  başğılarsınız?


- Əgər günahını boynuna alsa, bağışlaram, həmin əməli bir də təkrar edəcəksə,  onu bağışlamağın yeri yoxdur .


- Sevdiyiniz bəstəkar?

 
 - Üzeyir Hacıbəyov. Bir xalqın ki, Üzeyir Hacıbəyovu var, o xalq yox ola bilməz. O tanınmış şəxsiyyətdir. Çox az xalqın belə bir yaradıcısı olur. Dünya durduqca, o ad yaşayacaq. Gör bir nə folkloru olub, necə əsərlər  yaradıb. Klassik əsərlərin hər birində bir ideologiya, təzə yol var. “O olmasın, bu olsun” teatra çıxıb. O zaman görün insanalra nə deyirdi?! Deyirdi ki, qocaya cavan qız almazlar. Hələ 19-cu  əsrdə  köhnə fikirlərə etiraz edirdi. Onlar azərbaycanın açıq fikirli aydınları idilər. 


- Allahın qarşısında imtahana gedəndə ona nə deyəcəksiniz?


- Deyəcəm bağışla.


- Mən elə bilirəm ki, sizin heç vaxt günahınız olmayıb.


- Günah işi etmək bir təcrübədir. İnsan səhv edə-edə, günahlar edə-edə ağa çıxır.


- Siz gücü hardan alırsınız?


- Həyatdan, yaşamaqdan alıram. Mən yatmağı çox sevmirəm. Çünki deyirəm ki, yuxudan tez oyanım, bir az da işlə məşğul olum, fayda verim.


- Məsələn, 16-cı əsrə düşüb dövrün padşahı ilə rastlaşmısınız. O da sizdən soruşur ki, Səid sən kimsən?


- Ona deyərdim ki, mən əntiq işləri sevirəm, başım çıxır, icazə ver sarayında bu işlərə mən baxım, sənin sarayını bəzəyim. O padşadır. Onda pul var. Həm mən razı qalacam, həm də onun sarayına ən gözəl əsərləri axtarıb alacağam. Satan da sevinəcək. Gözəllik yaradacam. Fərq etməz ki, kimindir və ya kimin üçün edirəm.  Əsas odur ki, onu mən yaradıram, qururam.



- Nə vaxtsa Tanrı ilə görüşə bilsəydiniz, nə soruşardınız?


- Ondan soruşardım ki, bu qədər pis insanlar var, insanları öldürürlər, onların qarşısını niyə almadın? Yaxşı insanlar niyə tez ölüb gedir? Niyə milyonlarla pul yeyənlər pisliklər edirlər? Niyə bir uşaq Banqladeşdə anadan olur, acından ölür, İsveçdə isə kef və məhəbbət içində böyüyür? Pişik-it də elədir. Kasıb ölkələrdə vurub öldürürlər, İsveçdə it- pişiyi də sevirlər. Bunun fəlsəfəsi nədir? Mən onu soruşardım, çünki cavabını tapa bilmirəm.


- Həyata keçirə bilmədiyiniz ən böyük arzunuz qalıbmı?


- Mənim bir böyük arzum var. Böyük pul sahibi olsam, bir uşaq evi açıb, kasıb və kimsəsiz  uşaqları oxutmaq, təmiz geyindirmək, yatırtmaq, isti xörək yedirtmək üçün çalışardım. Yaxşı oxuyanlarını da yenə himayəyə götürüb, ali təhsil verərdim, sənət sahibi edərdim ki, küçələrdə yığıcılıq etməsinlər, insan kimi yaşasınlar, tunellərin altında yatmasınlar. Elə adamlar var ki, milyonlarla pulları var. Bu haqda düşünmürlər. Birisi müğənnini gətirib toyda oxudub milyonlar xərcləyir. İndi özünüz fikirləşin, o müğənniyə verilən pul adamara rahatlıq gətirər, yoxsa, xiyabandan, tuneldən götürüb oxutduğun uşaq üçün xərclədiyin pul?!. Mən demirəm ki, müğənniyə pul xərcləməsin, xərcləsin, ancaq, məktəb də açsın. Mən burada da böyük iş adamları ilə görüşəndə deyirəm ki, pulunuza məktəb açın, atanızın, babanızın adını verin o məktəbə. Banklarda yatan pullar çox vaxt adamın özünə qismət olmur. Məktəb isə qalır. Yoxsa ki, o xəbəri mən də oxudum, azərbaycanlı qadın bir mağazada 22 milyon dollar xərcləyir. Olmazdımı o pulun 2 milyon dollarına bir məktəb açaydı? Dünyada ən böyük və Tanrıya xoş gedən əməl məktəb və xəstəxana, qocalar evi açmaqdır. Məktəbi çox olan ölkənin qocalar evi olmaz. Çünki oxuyan uşaqlar qocasını atmayacaq.


- Həyat idealınız  kim oldu?


- Anam və İsveçdə institutda  oxuyanda rektorumuz var idi - professor Nils-Herman Schöön. Mən onu soyadı ilə çağırırdım. Bir dəfə mənə dedi ki, məni kiçik adımla çağır. Sadəcə Nils-Herman. Deyirdi ki, insanlar arasında fəhlənin də, qulluqçunun da fərqi yoxdur. Hüquqları eynidir. İnstitutda bir tələbə dostuma hər zaman yardım edirdim.  İnstitutu bitirəndə, gəldi qaldığım otağa, stolun üstündə bir konvert qoyub  getdi. Bu haqda gedib Nils-Hermana dedim. Dedi ki, sən o pulu ona qaytarsan, qəlbi sınar. Həmin pula get şirniyyat, yemək-içmək al, kafedranın uşaqlarını onun adından qonaq elə. Mən onun dediyi kimi elədim. Və zəng vurub özünə də söylədim ki, onun pulu ilə nahar fasiləsində yeyib-içdik. Gün gəldi, mən də Nils-Herman kimi rektor oldum. Kimsəni incitmədim. Taylandda işləyərkən, bir işçim gəlib dedi ki, Səid, şöbə rəisi yazdığım hesabat vərəqini alıb oxudu və çırıb zibil qutusuna tulladı. Həmin şöbə rəisini  kabinetimə çağırıb nə üçün belə etdiyini soruşdum. Dedi ki, hesabat xoşuna gəlməyib. Dedim, hesabat xoşuna gəlməyibsə,  denən yenisini yazsın, səhvini söylə. Bir işçini alçaltmaq, incitmək nə deməkdir?! Bu söhbətdən iki gün sonra, həmin şöbə müdiri ərizəsini yazıb işdən getdi. Çünki o bildi ki, özünü dəyişə bilməyəcək.


- Nəyə heyifsilənirsiniz?


- Uşaqlarımla birlikdə az oldum. Çox işlədim. Karyera üçün çox çalışdım. O zaman adam elə bilirdi ki, uşaq heç böyüməyəcək. Birdən gözünü açıb görürsən ki, yeniyetmədirlər. Artıq onun öz ətrafı var. Sən onlarla olmaq istəyəndə, o yeniyetmə, gənc uşaqların öz dövrəsi olur.


- Bunula belə cəmiyyətə çox xeyirli övladlar böyütdünüz. Ancaq qızlarınıza niyə həyat yoldaşınızın soyadını verdiniz?


- Bəli, böyük qızım Ayla indi  İsveçin bir şəhərinin baş memarıdır. İsveçli ilə ailə həyatı qurub. 1 qızı var. İkinci qızımın adı Sanazdır. O İsveçdə Hötenberg universitetində master oxuyur. Hər ikisi Azərbaycan, fin, ingilis, İsveç dilini bilir. Anaları da fin qızıdır. O da Azərbaycan dilini bilir. Ona görə həyat yoldaşımın soyadını verdim ki, Avropadır da, bilmək olmaz, birdən mənim soyadım onların gələcək karyerasına ziyan edər. Nə fərqi var ki, əsas odur ki, onlar bilirlər ki, anaları fin qızı, ataları Azərbaycan oğludur. Onlar Təbriz-Azərbaycan xalçalarının, nadir əşyaların içərisində böyüdülər. Aylanın da mənim kimi, xalçalardan başı çıxır. Evində əntiq əşyalar toplayır.


 - Nədən qorxursunuz. Ölümdən, yoxsa qocalıqdan?


- Elə adam tanıyıram ki, 20 yaşı var, 100 ilin qocası kimidir. Ancaq qoca adamlar görmüşəm ki, cavandan seçilmir.  İnsanın ruhu cavan olmalıdır. Cavan ruh məndə hər zaman olacaq. Ölümdən isə qorxmuram. Anam rəhmətə gedəndən sonra qorxmuram. Bilirəm ki, anam ordadır da. Ancaq nigarançılıq var. Fikirləşirsən ki, mən olmayanda balalarım necə yaşayacaq? İnsan doğmalarından hər zaman nigarandır.


- Olub ki, qüssədən, yaşamağın ağır günlərində hönkür-hönkür ağlayasınız?


- Doğmaları itirəndə, həsrət çəkəndə ağlamışam.


- Səid bəy, “Təbriz” deyəndə bizim gözümüzdə yaş gilələnib, həsrət olub. 17 yaşında qoyub gəldiyidiyiniz  könlünüzün təxti olan Təbrizdən danışın yenə.


- Təbrizi  çox sevirəm. Şəhərin ən gözəl məhəllərindən olan Lilava məhəlləsində evimiz var idi. Bilirsiniz, təbrizlilər xüsusilə gözəl olurlar. Onlarda bir paytaxt mentaliteti var. Mənə  elə gəlir ayrı şəhərlərdə bu yoxdur. Paytaxt adamlarının  çox incə yumorları, atmacaları, sözü yerində işlətmək qabiliyyəti olur. 
İndi ki, yeri gəldi, sizə uşaqlığımdan danışım. Təbrizdəbir kişi var idi: Qarnıyırtıq Kazım. O qədər bıçaqlanmışdı ki, belə ad qoymuşdular. Bir uşaqlıq dostumuz vardı, Fərrux. Bunun atası Əhməd dayının  elektrik dükanı var idi.  Kişiyə “Narınc” deyəndə acığı tuturdu. Bir dəfə dərsdən gələndə, döndüm onun dükanına,  soruşdum ki, Əhməd dayı sənə niyə “Narınc” deyəndə acığın tutur? Dedi ki, oğul,  bura bazradır. Təbriz bazarında axtararlar ki, bir ləqəb, ayama tapıb adama qoşsunlar. Hirsləndirsinlər. Mən də bu dükanı açanda gördüm ki, bunlar gec-tez bir söz qoşacaqlar mənə.  Bir-ikisinin yanında yalandan dedim ki, mənə “Narınc” desələr, dəli olaram. İndi bunlar küçədən keçəndə mənə “Narınc” deyirlər. Yalandan özümü elə göstərirəm ki, guya acığım gəlir, əsas odur ki, xalqın dilinə başqa adlarla düşmədim. Çox ağıllı kişi idi. Onun akademik savadı yox idi. Dərin fikirləri var idi. Akademik dərs insana ağıl gətirmir, gərək təcrübə ola insanda.  İslam inqılabından sonra İranda və Orta Şərqdə  nələr olacağını uşaq vaxtı o kişi  bizə danışmışdı. Sonradan onun dedikləri oldu.



- Taylandın şah ailəsi ilə çox gözəl münasibətləriniz olub. Şəkillərinizə baxanda görürəm ki, onların bütün məclislərində sizi başa keçiriblər.


- Kralın qızı şahzadə Maha Chakri Sirindhorn AİT universitetində tələbə idi. Təbii ki, kralın da bu uinversitetə böyük diqqəti var idi. Bütün yüksək səviyyəli qonaqları olanda məni çağırar, bütün qonaqlarını bizim instituta gətirərdi. Bizim tələbələrə diplom verərdi. Kral onlara maliyyə köməyi edirdi ki, dərs oxusunlar.


- Professor, azərbaycanlıların mentalitetində bir oturuşmuş xasiyyət yer alıb. Hamı istəyir ki, uşaqları oxuyub, diplom alsın. Buna görə nə qədər pul tökürlər, zaman sərf edirlər. Bu problemi zamanla beyinlərdən silmək mümkündürmü? Bəlkə bir yolunu görürsünüz?


- İndi bir çox ölkələrdə çox profilli universitetlər yaranmağa başlayıb.  Belə universitetlər 3 illik təhsil verir. Tələbəyə həm də sənət və sənətin elmi sirlərini öyrədir. Çünki indi artıq innovasiyalar əsrində yaşayırıq. Söhbətimizin əvvəlində dediyim kimi, nanotexnologiyalar dünyasıdır. İş dünyası dəyişir. Təbii ki, hər kəs işini savadlı bilsə, daha peşəkar olar.  


- Elə bir texniki peşə məktəblər bizdə sovet sistemində var idi. Bəziləri indi də var. Belə təhsil ocaqlarını bitirənlər, aldıqları diplomla  gedib hər hansı bir zavod və sənaye sahəsində dərhal işə qəbul olunurdular. İndi isə cavanlar üçün iş tapmaq xeyli çətinləşib.


- Yeni  texnologiyalar əsrində yeni iş metodları gərəkdir. Pulla alınan diplomlar işə yaramayacaq. Yeni iş yerləri açıb, yeni iş sistemləri qurulmalıdır ki, heç kim işsiz qalmasın.


- Ən böyük qazancınız nə oldu?


- İki qızım oldu. Bir də tələbələrim. İndi də məni axtarıb-arayırlar.


- Kimya nədir?


- Kimya həyat elmidir, yaşamaq elmidir.


- Sizin yaratdığınız formulalar insan həyatına nə verdi?


- Chalmers Universitetində bizim elmi qrupla dünyada ilk dəfə "Monolit katalizator reaktorunda Taylor axınının tədqiqi" adlı böyük bir layihəni işlədik və bu gün də kimyada bu yenilik elə katalizator olaraq işlənməkdədir. Bizim qrupa “Monolitin Məkkəsi” deyirdilər. Bu texniki kimya sahəsi və reaktorlara aid olan bir elmi yenilikdir. Nə qədər ki kimya elmi var, bu reaktor da olacaq.


- Nə vaxtsa Lütfi Zadə olmaq istədinizmi?


- Mən elmdə öz imzamı 15 il ərzində qoyandan sonra, administarsiyaya keçirdilər.  Administrativ idarəetmədə də yeniliklər etdim. İndi dünyanın bir çox ölkələrində  açdığım universitetlər, təhsil ocaqları özü də elə böyük bir missiyadır.


- Hansı yaxşıdır?


- Hər ikisindən xəbər tutdum. Alim olmasaydım, rəhbər ola bilməzdim.


- Özünüzdən razısınız?


- Yox , razı deyiləm. Razı olsam, ruhum cavan ola bilməz.


- Hansı xoşa gəlməyən xüsusiyyətiniz var?


- İnsanlara tez inanıram. Tez-tez də zərərini çəkirəm.


- Şeytan gəlib desə ki, sənə ölümsüzlük verirəm, sevinərsiniz?


- Onu nəyn müqabilində verəcək ki? Qiyməti nədir? Gərək biləsən ki, əvəzində nə istəyəcək? Şeytan mənə havayı da versə ki, dünya durduqca yaşayacaqsan, nəyimə gərəkdir. Mən ölümsüzlük alım, ancaq doğmalarım, gözümün qarşısında getsin dünyadan, istəmirəm!!! 


- Bir inandığınız qüvvə var...


- Bəli, inandığım bir qüvvə var. Qadın və ya kişi olduğunu bilmirəm, bəlkə Allahdır, bəlkə Tanrıdır adı, deyə bilmərəm. Ancaq  haqqı nahaqqa verməyən birisidir O.


- Dünya nə zaman ədalətli oldu?


- Heç vaxt.


- İsveçin pəncərəsindən dünya necə görünür.


- İsveçdən mən hər zaman yaxşılıq gördüm. Ürəkləri böyük insanlardırlar. Nə qədər tarixi araşdıranda görürsən ki, 1000 il qabaq da onlar hər yerdə olublar, Türkiyədə, Azərbaycanın çox yerlərində jandarmeriya strukturunu qurublar. Dünyanı gəziblər, ona görə ürəkləri böyükdür. Doğrudur, indi Avropa problemləri ortaya çıxıb. Antiemiqrantalr, sağçılar... inşallah bu, qısa zaman kəsiyində aradan qaldırılacaq. Bu isveçlilər mehriban və beyni açıq xalqdırlar. Onların beyinlərində var-dövlətə aludəçilik, yalan oturuşmayıb. Onlar amerikalılar kimi dinə də çox meyl etmirlər. Həmin İsveçin pəncərəsindən xoşməramlı, sülhsevər insanların hamısı Azərbaycana böyük ümidlərlə baxır. 


- Azərbaycanın daha da inkişaf etməsi üçün nə etmək lazımdır?


- Xarab adamlara hökuməti etibar etmək olmaz. Onlara kabinet, iş vermək olmaz. Birisi görürsən  siyasətə Vətənin qatır. Siyasətlə Vətəni qatıb, Vətəndən küsmək, onu satmaq olmaz. Siyasətçilər gəlib-gedir, Vətən qalacaq. Qohum-tanış gəlib nazir olanda işlər getmir. Talan baş verir. Əgər Azərbaycan müstəqilliyinin ilk illərində  Amerikada, Kanadada, İsveçdə, İranda, Türkiyədə, Afrikada - bir sözlə dünyanın hər yerində olan xalis, dəyərli və tanınmış azərbaycanlılardan gətirib, onlara vətəndaşlıq verib, dövlət idarəçiliyində hər hansı bir sahəni həvalə etsəydi, o zaman bizim uğurlarımız daha çox olacaqdı. Çünki  həmin azərbaycanlıların  oturduğu ölkələrdə ən yüksək səviyyədə əlaqələri var idi, ətrafları böyük idi. Belə həmyerlilərimiz təbii ki, istəyərlər ki, gəldikləri ölkələrlə sıx dostluq, əməkdaşlıq əlaqələri yaratsınlar. Bu təcrübbədən bir çox müstəqillik tapan ölkələr yararlanıb və xeyrini də görüblər.


- Sizin diaspor quruculuğu ilə əlaqədar da maraqlı bir təklifiniz var idi.


- Məsələn, mən belə fikirləşirəm ki, xaricdə yaranan diasporların  strukturunun içərisində bölümlər olmalıdır. Azərbaycanlı alimləri bir qrupunu qursunlar, ticarət sahəsindəkilər öz  köməkliyini öz sahələrində etsinlər. Təzə fikirləri, kontaktları işə salsınlar. Lobbi yaransın. Pul xərcləməyə əsirgəməsinlər. Çox iş görmək olar. Lakin mən həmin diasporların yığışıb, çox vaxt tribunalardan qışqır-bağırla “Biz Qarabağı alacağıq, düşməni qovacağıq” kimi şüarlar səsləndirdiyini gördüm.  Adama deyərlər ki, əvvəlcə işini gör, sonra sözünü danış. Sonra denən ki, bu işi gördüm. Qabaqcadan haray çəkəndə hamı bilir və əngəllər yaranır. Arxı hoppanmamış “mən hoppandım” demək olmaz.


- Daha nə sözünüz qaldı?

- Bayrağın hər zaman ucalarda dalğalansın, insanların firavan olsun, yüksəlsin Vətən!!!

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR