Slimfit
  1. MEDİA

Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz

Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
Sakura

Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz

Bu gün Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın anım günüdür. Ens.az  Kulis.az-a istinadən bu münasibətlə Xədicə Qayıbovanın həyatına dair maraqlı faktları təqdim edir.

Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhanilərdən olan Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX əsrdə Tiflisdə məskunlaşan tatar Terequlovlar ailəsindən idi.

***

Hər iki valideyni ziyalı olduğu üçün qızlarının yaxşı təhsil almasını istəyiblər. Odur ki, Xədicə ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində alır.

***

1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi Xədicənin atasını, bacısını, və qardaşını əlindən alır. Ona görə, də o təhsilini yarımçıq qoymalı olur.

18 yaşında ailəsini itirən Xədicə Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu, mühəndis Nadir Qayıbovla ailə qurur. Bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-cu ildə Qayıbovlar Bakıya köçür.

***

Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSRİ Xalq Təhsil Komissarlığında Şərq musiqi şöbəsinə rəhbər təyin edilib. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edib, Ü. Hacıbəyov, R.M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M.L. Presman, L. Rudolf, L. Ab, Q. Primov kimi sənətkarlarla əlaqə saxlayıb, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynayıb.

***

İctimai həyatda da fəal olan Xədicə Qayıbova Hacı Zeynalabdin Tağıyevin qadınlara təhsil verilməsi ilə bağlı keçirdiyi layihələrdə iştirak edir, qadınları təhsilə çağırırdı. 1927-ci ildə belə çıxışlarından birində deyir:

"Qadın istərsə, bacarar, nail olar. Tək gərək olan savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm."

Xədicə xanıma Tağıyevin xüsusi hörməti olub. Fəaliyyətinə görə ona üstündə öz şəkli olan servis və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıb.

***

Cümhuriyyətin süqutundan, sovet işğalından sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdi, ona görə də insanlar hər kəs öz sahəsində fəaliyyəti ilə məşğul idi. Elə ki aldandıqlarını, istismar olunduqlarını anladılar, etirazlar başladı. Bu və ya digər formada etirazlar isə kütləvi sürgünlər və qətllərlə qarşılanmağa başladı. Bu dalğanın içində Xədicə Qayıbova da vardı.

***

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə Qayıbovanı 3 ay müddətinə həbs edirlər. O da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad etməli olurlar.

***

Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır. Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətində çalışır. Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.

Çox keçmir 1937-ci ildə Xədicə Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.

***

16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:

"Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir".

***

Xədicə xanımın həbsindən qızı Alanqunun xatirələrində belə bəhs olunur:

"Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər..."

Ziya Bünyadov “Qanlı illər” kitabında Xədicə Qayıbova haqqında məqalədə yazır:

“1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin 4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə xanım Şah döngəsi 16 nömrəli evdə həbsə alınmışdı (Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi)”.

***

1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirmədə heç kimim əleyhinə ifadə verməyib və heç birində güllələnməyə rəvac verən ifadəsi də yoxdur. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.

Altı aydan sonra belə qərar çıxarılır: “Qayıbova Xədicə xanım Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!”

***

Onun dindirilmə prosesində o vaxt dövlətə rəhbərlik edən Mir Cəfər Bağırov da bəzən iştirak etdiyinə dair söhbətlər gəzsə də, bu barədə heç bir sənəddə və araşdırmalarda onun adı keçməyib. Hətta Mir Cəfər Bağırovun Xədicə xanımı sevdiyinə dair söz-söhbətlər də dolaşıb. Deyilənlərə görə onun başına gələnlərin səbəbi Bağırovun evlənmə təklifini rədd etməsi olub. Xədicə Qayıbovanın qətlində Bağırovun bilavasitə iştirakı da iddialar arasındadır. Guya cəza kəsiləndən sonra Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov tapançasını çəkib onu vurur və sonra da meyitinin yanında çöküb, göz yaşı tökür.

***

1953-cü ildə Mir Cəfər Bağırovun məhkəməsində Qəmər Əlizadə adlı bir qadın şahid ifadəsi verir.

Bu qadın evli ola-ola Mir Cəfər Bağırov ona sevgisini izhar edir, qarşılıq görməyəndə isə qadına əzab verir, təqib edirmiş. Məhkəmənin hakimi Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyət verdiyini soruşanda Bağırov - mən onu sevirdim – deyə cavab verib. Qəmər Əlizadənin Xədicə Qayıbovaya çox bənzədiyi deyilir.

Sonralar "Xalq düşməni"nin arvadı kimi həbs olunan Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva Xədicə xanım haqqında yazır: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər..."

***

1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək, anası haqqında məlumat istəyib. Ona 1956-cı ildə anasının bəratə alması haqqında arayış təqdim olunub.

***

Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR