Slimfit
Babək
Sakura

Babək Xürrəmi — Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı azadlıq…

Babək Xürrəmi — Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş böyük sərkərdə. Fars mənbələrində adı Papak, erməni mənbələrində Bab, Baban kimi də qeyd edilir. Babək Azərbaycanın xalq qəhrəmanlarından biridir.

 

Həyatı

Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin “Babəkin tarixi” əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün “əl-Fehrist” əsərində məlumat vermişdir.

O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: “Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur”. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabadkəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşağı — Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.

Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır.

Bəzz qalasının indiki vəziyyəti

Bilalabad yaxınlığındakı Bəzzadlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür[7].

Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm - de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq."

Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: "Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildə baş verdi."

 

Fəaliyyəti

Xürrəmilər hərəkatına rəhbərliyi

Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi.

Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsi qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Bundan sonra üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə - Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilirlər.

Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Məmun ardıcıl məğlubiyyətlərə məruz qaldı və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirir.

Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar. Məmun bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qalır. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini də ona verir. Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Müasirlər danışırlar ki, hazırcavab əskərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik." Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.

Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı təlim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Məmun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və yenə də onu eyni zamanda Ərməniyyə və Azərbaycan hakimi təyin edir. Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətinmdə qalır. Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur. Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Əgər Babəkin ehtiyatda saxladığı dəstə olmasaydı, bu döyüşdən kimin qalib çıxacağını müəyyənləşdirmək olmazdı. Döyüşün gərgin çağında həmin xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub, qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.

Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur. Məmun təzə ordu toplamaq istəsə də, Bizansla müharibə onu Babəklə mübarizədən yayındırır. Babək bir müddət rahatlaşır və öz daxili problemləri ilə məşğul olur.

Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər.

833-cü ildə xəlifə əl-Məmun öz taxtına qardaşı əl-Mötəsimi əyləşdirərək, dünyadan köçür. Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı:

"Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."

— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158

Babəkin Naxçıvan şəhərindəki heykəli

Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir. Bəbəkin ordusunda da türklər çoxluq təşkil edirdi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayırlar.

Mötəsim xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaç-maqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.

Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir. Babəkin sürsat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini- Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda onu Azərbaycan, Ərməniyyə, Arran, Muğan və Cibəl hakimi təyin edir.

836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir.

Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasınayaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir.

 

Son günləri

Ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Afşin Babəkin qaçdığını bilən kimi Azərbaycan, Arran, Beyləqan və Ərmən (İrəvan xanlığı) hökmdarlarına xəbər verdi ki, "Babək bir neçə adamla və dərəyə çatmışdır, oradan isə Ərmən tərəfə yollanmışdır və sizin yanınızdan ötüb keçəcəkdir". Onlara əmr etdi ki, bütün şübhəli adamları tutub saxlasınlar.

Babək Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837-838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."

Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır".

Babəkin müttəfiqi Bizans imperatoru Feofil(829-842)

Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi.. Necə olsa da, Feofil 100 min nəfərlik ordu ilə ərəblərin üstünə getdi. Ət-Təbəribildirir ki, o, Zibatranın üstünə həmin Mühəmmirə ilə birlikdə getmişdi ki, onlar Cibalda üsyan edəndə və İshaq ibn İbrahim ibn Müsəb onlarla vuruşanda bunların bir hissəsi bizanslıların yanına qaçmışdı (onların rəisi Barsis idi). Bizans padşahı onlara təqaüd təyin edib onları evləndirdi, özünə əsgər etdi və özünün ən mühüm işləri üçün onlardan istifadə etdi[46][47].

Feofil, gec də olsa, Babəkə qoşunla kömək etdi və bu qoşunun içərisində xürrəmi hissələri də var idi; ola bilər, imperator üsyanın müvəffəqiyyətlə nəticələnəcəyi və Xilafət üzərində qələbə əldə ediləcəyi halda, Babəkin tərəfdarları içərisində dəyişiklik əmələ gələcəyi ümidində idi. Afşin Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət paytaxtından xəlifənin qızıl möhürü ilə bir məktub gəldi, Mötəsim Babəkə aman bəxş edirdi, Afşin bu əhvalatdan lap çaşıb qaldı. O, Babəkin əsir edilən böyük oğlunu yanına çağırıb dedi: "Mən bunu Əmir əl-Möminindən heç gözləmirdim və onun (Babəkin) indiki vəziyyətində aman haqqında ona şəxsən özüm bir şey yazmaq fikrində deyiləm".

Lakin Babəkin oğlu atasına xəlifənin məktubunu aparıb verməkdən imtina etdi. Əsir düşmüş iki xürrəmi göndərildi. Onlar xəlifənin məktubundan əlavə, Babəkin oğlunun məktubunu da apardılar; bu məktubda o, atasından xahiş edirdi ki, xəlifənin verdiyi amanı qəbul edib həyatını saxlasın. Oğlunun məktubunu oxuyan kimi, Babək bərk qəzəbləndi, qasidlərdən birini öldürdü və xəlifənin məktubunu açmadan ikinci qasidə belə dedi: "Get, o fahişə oğlundan soruş, bunu nə məqsədlə mənə yazmışdır?" Bundan sonra Babək öz oğluna belə cavab yazdı: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmişsən ki, ondan bir nəfər ləyaqətli [adam] çıxmamışdır və mən [ucadan hamıya] deyirəm ki, sən mənim oğlum deyilsən, çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq yaxşıdır".

Belə bir rədd cavabı Afşinin, xoşuna gəldi, çünki, Babəklə danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarını axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babək, azuqəsi qurtaranadək "Azərbaycandan Ərmənə gedən" dərədə (Sunikdə)gizlənirdi. Babəklə birlikdə onun iki qardaşı - Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi. Yəqin ki, İbnət əl-Kələndaniyyə Sünikknyazı Vasakın qızı idi və Babək Vasaka ərəblərə qarşı kömək edəndən sonra onun qızı ilə evlənmişdi, Babək 828-ci ildə ərəbləri darmadağın etdikdən sonra "onun [Vasakın] qızı ilə evləndi və öz hakimiyyətini bu vilayətə (Sünikə) də şamil etdi.

Babəkin məhz bu arvadı onu dilə tutmuşdu ki, Bizansa qaçmaq üçün yolu onun vətənindən salsın. Babək və onunla gedənlər heç şübhələnmirdilər ki, onları təqib edib güdürlər; yolda dincəlmək üçün bir yerdə dayandıqları zaman Afşinin göndərdiyi dəstə gözətçilərin işarəsi ilə onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdılar. Müaviyə, Babəkin arvadı, anası və qalan xidmətçilər isə ələ keçdilər. Babək ilə qardaşı gizlicə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və həmin vilayətin (Şəkinin) hökmdarı knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən".

Ac və yorğun olan Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız yaxşı deyildir, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər, çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xəlifimiz yoxdur. Ət-Təbəri, III, səh. 1223-1224 Səhl Afşinə xəbər verdi ki, Babək onun yanındadır; bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu; Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər"

Az sonra Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi. Səhl ibn Sumbat "öz səyinə görə saraydan (xəlifə sarayından) böyük mükafat aldı: Ermənistanİberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi, o da bütün bu yerlərə padşah kimi hökmranlıq etdi.".

Afşin Babəkin və onun qardaşının əsir alındığını Mötəsimə xəbər verdi, xəlifə onların paytaxta gətirilməsi üçün əmr verdi. Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: "Mən səninlə [İraqa] yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək belə cavab verdi: "Mən öz şəhərimə baxmaq istərdim". 837-ci il 15 setyabrda Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci il 4 yanvarda Samarraya gətirildilər.

Məsudinin dediyinə görə, xəlifə Babəkin əsir alındığını xəbər alan kimi "onu sevinc bürüdü və o öz sevincini açıq bildirdi. Qələbə (Babək üzərində qələbə) haqqında ölkənin hər yerinə xəbər göndərildi". Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samarrada asıldı.

Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər 225500 nəfər əsgər və çoxlu ərəb sərkərdəsini məhv etmişlər.

Xürrəmilər üzərindəki qələbə Xilafət üçün asan bir iş olmadı. Bunun üçün əsasən öz yüksək döyüş keyfiyyətlərinə görə ərəblərdən fərqlənən türk hərbi birləşmələrin səfərbərliyə alınmışdı. Bundan əlavə, Babəkin üsyanını yatırmaqda "Xilafət qoşunları ilə birlikdə erməni naxararları da öz qoşunları ilə iştirak edirdilər". Babəkin rəhbərliyi ilə xürrəmilərin üsyanı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. M.Kazımbəyinsözlərinə görə, Abbasilər xilafətində xalq üsyanlarının müvəffəqiyyətləri "qısamüddətli və keçici olsa da, heyrətli idi" Babəkin üsyanı müvəffəqiyyətsizliyə uğramasına baxmayaraq, Xilafətin şimal vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları IX əsrin axırınadək Xilafətdə baş verən bütün yeni üsyanların özəyi oldular. Xürrəmilərdən bir çoxları X əsrdə ismaililərin təbliğatına uydular və təsadüfi deyildir ki, İranın şimalşərq və şimal-qərb, Xəzər dənizi sahili və Kuhistanrayonları sonralar xürrəmilərin ardıcılları olan batinilərin dayağı oldu.

 

Babək bir hökmdar kimi

Ənənəvi tarixşünaslıqda Babəkin sadə xalq kütlələrinin mənafelərinin müdafiəçisi olmuş bir üsyançı kimi göstərilməsi sovet tarix konsepsiyasının tələblərindən irəli gələn bir baxış idi və bu gün müstəqil Azərbaycanda tarix elminin inkişaf yoluna qədəm qoyması bir çox digər məsələlər kimi, bu problemə də yeni baxış sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əlbəttə, nə cür təqdim olunmasından asılı olmayaraq, Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz ismini qızıl hərflərlə yazmış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amallarını hər hansı ictimai quruluşun tələbləri çərçivəsində yox, məhz tarixi həqiqətlərin bərpası düşüncəsi ilə obyektiv tədqiq etmək lazımdır.

Babəkin həyat və mücadiləsinin bir dövlət başçısı şəklində indiyədək araşdırılmaması müxtəlif səbəblərlə izah oluna bilər. Bu yöndə ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da, Azərbaycan tarixinin IX yüzillik dövründə mövcud olmuş dövlət qurumlarımızın adları sırasında Xürrəmilər dövlətinin ismi keçmir. Ən başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tarixşünaslığının xüsusi konsepsiyasının olmasıdır. Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil milli dövlətçilik tarixinə hansısa Xürrəmilər dövləti kimi bir faktoru əlavə etməyə imkan verə bilməzdi. Bu baxımdan Xürrəmilər hərəkatının nəticə etibarilə heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin qurulmasına gətirib çıxarması və Babəkin də 22 il ərzində bu dövlətin ilk hökmdarı olması fərziyyəsinə diqqətdən kənarda qalmış bir sıra obyektiv tarixi faktların gözü ilə baxmaqda, düşünürəm ki, böyük fayda vardır.

Babəkin bir dövlət başçısı olması faktını ortaya qoyarkən hər şeydən əvvəl erkən orta əsrlərdə tarix səhnəsində olmuş hər hansı bir tarixi dövlətin mövcudluğunu təsdiqləyən ən başlıca amilləri nəzərdən keçirməyə və bunların Babək dövrü Azərbaycanında nə dərəcədə əks olunduğunu təhlil etməyə ehtiyac var. Hər hansı bir tarixi dövlətin müəyyən ərazilərdə qurulduğunu əsasən aşağıdakı amillər təsdiq edə bilər:

  • xalqın yekdil iradəsini ifadə edən kütləvi xalq üsyanı, işğalçı qüvvəyə qarşı milli-azadlıq hərəkatı dalğasının və ya kütləvi etirazın təşkilini həyata keçirən qüvvənin varlığı;
  • konkret ərazilər üzərində üsyan yaxud hərəkat rəhbərliyinin davamlı nəzarəti;
  • konkret idarəetmə orqanının fəaliyyətinin mövcudluğu;
  • dövlətçilik atributlarının (bayraq, taxt-tac, möhür, pul sikkəsi və s. atributların) mövcudluğu;
  • nəzarət edilən ərazilərin başkəndinin olması;
  • nəzarət edilən ərazilərin qorunması missiyasını daşıyan ordunun varlığı;
  • tarixi mənbələrdə həmin ərazilərdə dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu;
  • sözügedən əraziləri idarə edən şəxsin digər xarici dövlətlərin hökmdarları ilə əlaqələr qurması;
  • idarə edən şəxsin idarəetmə sahəsindəki əməli fəaliyyətinin mövcudluğu.

Bunları sadaladıqdan sonra Babək dövrü Azərbaycanında adları çəkilən amillərin mütləq əksəriyyətinin var olduğunu çəkinmədən qeyd edə bilərik. Ərəb imperializminə qarşı Azərbaycan xalqının başlatdığı və Hürrəmilik tərəfdarları tərəfindən yönləndirilən xalq-azadlıq hərəkatının öndəri olmuş Babəkin Bəzz adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçılarından ibarət Hərbi Şura adlı idarəetmə orqanı, Al rəngli bayrağı, uzun müddət (22 il 5 ay) ərzində nəzarət etdiyi konkret ərazilər vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd yönümlü üsyan və qiyamları yatırdır, Bizans imperiyası ilə, eləcə də Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla və Təbəristan valisi Məzyarla rəsmi şəkildə məktublaşırdı.       

Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar kimi təqdim olunması sovet hakim konsepsiyasından çox-çox öncə onu səviyyəsiz və quldur birisi kimi göstərməyə çalışmış Abbasilər sarayının maraqlarına zidd idi. Bu baxımdan xilafət sarayının tarixçiləri öz əsərlərində Babəki daha çox bir qiyamçı kimi göstərməklə onun mücadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə çalışırlar, bununla yanaşı, bir çox əsərlərdə Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə geniş müzakirələr açıb fikirlər söyləyirlər. “Adi bir qiyamçının”, yaxud “üsyan başçısının” əsil-nəcabətinin bu qədər geninə-boluna təhlil edilməsi əlbəttə ki, anlaşılmaz və şübhə yaradandır.

Qədim tarixi mənbələrdə müəyyən ərazidə konkret dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu məsələsinə gəlincə, bu haqda mənbələrdə kifayət qədər məlumatlar vardır ki, bu günədək diqqətdən kənarda qalmışdır. Bu məlumatları bölüşməyə o səbəbdən ehtiyac vardır ki, ənənəvi tarixşünaslıq IX yüzilliyin ilk yarısında Azərbaycan ərazilərini sadəcə müvəqqəti olaraq Abbasilərin nəzarətindən kənarda qalmış və heç bir idarəetmə mexanizminə malik olmayan torpaqlar kimi göstərməyə çalışmışdır. Buna görə də mənbələrdə diqqəti cəlb edən bir sıra mühüm məlumatları bir daha incələmək lazım gəlir.

Bizə görə, Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha önəmli mənbə məlumatları onun özünün dilindən söylənən fikirlərin əks olunduğu məlumatlardır. Bizlər üçün Abbasi saray tarixçilərinin yaxud onların məlumatlarını qeydsiz-şərtsiz obyektiv qəbul edərək onlara istinad etmiş digər tarix yazarlarının fikirlərindən daha çox Babək Xürrəminin özünü hansı məqamda görməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Abbasilər yox, məhz Babək Xürrəmi bizim tarixi qəhrəmanımız və dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir.

Təbərinin «Tərix ər-rüsul və-l-müluk» adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlundan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib: ”Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram və mən harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar - yenə də mən hökmdar olaraq qalıram.” Z.Bünyadovda Babəkin bu məktubundakı «hökmdar» kəlməsi «padşah» və «şah» olaraq qeyd olunub.

Sözügedən məktubda diqqəti cəlb edən daha bir məqam Babəkin özünü konkret bir sülalənin banisi olaraq görməsi və oğlunun varislik hüququndan danışmasıdır: ”Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın”. Eyni sülalə məsələsi və Babəkdən sonra onun varisinin kim olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz narahatlığını dilə gətirir və məlum olur ki, Babəkin oğul övladlarının bir çoxu idarəetmədə naşı, digərləri də azyaşlı olduqları üçün Babək Bəzz qalasının süqutundan sonra qardaşı Abdullanı öz yerinə varis təyin etmək fikrində idi və məhz bu səbəbdən onu qorumaq məqsədilə Abdullanı Beyləqan hakimi Əbu Musa Yesainin (İstifanusun) yanına göndərir. Mənbədə bu haqda məlumat aşağıdakı şəkildə verilmişdir: «- Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşayacaqdır. Mən özüm səninlə qalacağam, qardaşım Abdullah isə ibn İstifanusun yanına gedəcəkdir, çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur». «- Sənin çoxlu oğlanların vardır», - deyə İbn Sumbat ona müraciət etdi. Lakin Babək cavab verdi ki, onların arasında bir nəfər də münasib olanı yoxdur, buna görə qardaşını inandığı ibn İstifanusun qalasına göndərməyi qərara almışdır».[85] Babəkin bu sitatdakı sözlərindən açıq-aydın görülür ki, o, özünü müstəqil dövlətin hökmdarı hesab edir, özündən sonra hökmdar sülaləsinin varisinin kim olacağını düşünürdü.

Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin “Kitab-əl-Fütuh” adlı əsərində Babəkin oğluna yazdığı cavab məktubunda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olunub: «Babək oğlunun məktubu ilə tanış olandan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: «Oğlumun yanına get və bu sözləri ona çatdır: bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!»». Burda Babəkin özünü hökmdar qismində görməsi asanlıqla anlaşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam «qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır» formasında əks olunub.

Babəkin bir hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Abdürrəhman ibn Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin Əsyutinin) “Tərix-ül-xülafə” adlı əsərində əks olunmuşdur. Tarixçi-alim Z.Bünyadov öz əsərində Süyutinin «837-ci ildə Mötəsim Azərbaycan padşahını (məlikini) əsir almışdır»  deyə yazdığını bildirir.

Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq etdiyi ərazilər”dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir. Təsvirdən sonra tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökmranlıq etməsini” qeyd edir. “Hökmdarlıq” və “hökmranlıq” arasında leksik-semantik fərqlər olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət qədər geniş bir əraziyə kifayət qədər uzun bir müddət ərzində nəzarət etdiyini və bu ərazilərdə öz idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təsdiqləyir.

Mənbələrin məlumatları ilə yanaşı, Babəkin hökmdar olduğunu sübut edən digər məqamlara da diqqət cəlb etməkdə fayda vardır. Bu məqamlar üzərində tarix sahəsində bu günədək müəyyən səbəblərdən sistemli iş aparılmamışdır, bununla bərabər, bu faktların ciddi fərziyyələr irəli sürmək üçün kifayət qədər əsas verdiyini mütləq qeyd etməliyik.

Əvvəla, onu bildirmək lazımdır ki, Babəkin çoxlu sayda cəlladının olması barədə bir sıra mənbələrdə, o cümlədən, Təbərinin “Tərix-ər-rüsul və-l-müluk”, Nizamülmülkün “Siyasətnamə”, Həmdullah Mustovfinin “Tarixi-qozide”, Qazi Əhməd Ğəffarinin “Nigaristan”, Fəsih Herəvinin “Mücməli-fəsih” əsərlərində, habelə, “Zinət-əl-məcalis” əsərində məlumatlar verilib, hətta Füzuni Astarabadinin “Kitabi-Büheyrə” əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər göstərilib. Sıradan bir üsyan başçısının bu qədər cəlladının olması heç bir məntiqə sığmır, verilən məlumatlardan aydın olur ki, Babəkin idarəetməsində konkret məhkəmə və cəza mexanizmi də olmuşdur. Əks təqdirdə, bu qədər cəllada da ehtiyac olmazdı. Bu fakt öz-özlüyündə Babəkin bir müstəqil dövlətin hökmdarı olduğunu təsdiqləyir.

Babəklə bağlı bu günədək aparılmış tədqiqatlarda diqqətdən demək olar ki kənarda qalmış daha bir fakt Babəkin hərəmxanasının olması faktıdır. Sovet dövründə məlum səbəbdən bu faktın üzərindən sükutla keçilmişdir. Tarixi mənbələr onun arvadlarından ikisi – Bəzz qalasının sahibi olmuş Şəhrək oğlu Cavidanın dul qalmış qadını və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə barədə daha ətraflı məlumat verir. S.Nəfisi qeyd edir ki, “Görünür ki, onun (Babəkin) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular”. İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə bunu yazır: “Onun (Babəkin) on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi”.

Elə bu yerdəcə onu da qeyd etmək lazımdır ki, Babəkin 827-ci ildə Sünikknyazı Vasakla qohum olaraq onun qızını alması faktı əslində Babəkin hökmdar statusunu təsdiqləyən bir hadisə kimi dəyərləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vilayətinin hakimi kimi bir adamın ən azı əsilzadəlik meyarları baxımından adi bir üsyan rəhbərinə qız verib qohum olması o qədər də tez-tez baş verən hadisə deyildi. Deməli, ən azı Sünik və digər Qərbi Azərbaycan ərazilərində Babək adi bir üsyan başçısı yox, məhz hakim, hökmdar qismində qəbul olunurdu.

Daha bir məqam pavlikianların üsyanının yatırdılması məqsədilə Babəkin quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da diqqət yetirmək lazım gəlir. Belə ki, bu üsyanın yatırılması üçün Alban (Alpan) knyazları özləri Babəkə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər. Azərbaycan tarixində belə bir hal görülməyib ki, bir hökmdar yaxud vilayət hakimi öz ərazilərində çıxan üsyanı yatırtmaq üçün başqa bir üsyançını öz dəstələri ilə birlikdə dəvət etsin. Burdan aydın olur ki, həm Sünik knyazı Vasak, həm Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər Alban (Alpan) hakimləri və feodallar Babəkə özlərindən daha yüksək məqama sahib, hökmdar statusunda olan bir insan kimi yanaşırdılar.

Babəkin bir hökmdar kimi atdığı addımlar arasında onun 827/828-ci ildə pavlikianların üsyanını yatırtması, erməni-hayların təşkil etdiyi qoşunu məğlub edərək erməni din xadimlərini ölkənin şimal-qərbindən qovması, onların əmlakına isə od vurub yandırması ilə yanaşı, eyni zamanda, ölkəni işğal etmək niyyətindən əl götürməyən Abbasi xilafətinin ordularına qarşı daha təsirli addımlar atmaq məqsədilə Azərbaycan ərazilərindən kənarda – xilafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-cü ildə (hicri 218-ci il) İsfahan şəhərində hürrəmilərin tərəfdarları üsyan qaldırdığı zaman xəlifə Mötəsim Babəkin ordusunun İsfahana girə biləcəyindən narahat olaraq qabaqlayıcı tədbir kimi xilafət sərkərdəsi İshaq ibn İbrahimin rəhbərlik etdiyi çoxsaylı xilafət ordusunu Xürrəmilər üzərinə göndərdi, hürrəmilər Həmədan yaxınlığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da, Babək taktiki gediş edərək Hürrəmi ordusunun bir qismini Azərbaycan ərazilərindən kənarda yerləşən İsfahan şəhərini almaq üçün göndərdi. Xürrəmi ordusu İsfahanı ərəb qoşunlarından təmizlədi. Bu hadisə onu göstərir ki, Azərbaycanın hökmdarı olan Babək artıq xilafətlə istənilən formada barışığın və dinc yanaşı yaşamağın mümkün olmadığını qəbul etmiş, birbaşa xilafətin ərazilərinə hücuma keçməyi və Abbasilərin dövlətçilik təməllərini sarsıtmağı qərara almışdı.

Bəzz qalasının süqutundan sonra Babəkə Abbasi xəlifəsi tərəfindən qızıl möhürlü fərman göndərilməsi də diqqət yetirilməsi vacib olan bir nüansdır, belə ki, adi bir üsyan başçısına, üstəlik qüvvələri zəiflədilmiş və resursları tükədilmiş bir adama qızıl möhürlü fərman göndərilməsi ağlasığmazdır. Xəlifənin bu addımı, aydın məsələdir ki, heç də onun Babəkə simpatiya ilə yanaşması yaxud aşırı humanistlik nümayiş etdirməsi demək deyildi, bu, Babəkin özünün istər-istəməz hökmdar qismində görülməsindən irəli gələn addım idi – yalnız bir hökmdara bu cür təntənəli şəkildə xəlifə fərmanı göndərilə bilərdi. Bu yanaşmamızın doğruluğunu Babəkin əsir alınaraq xilafət paytaxtı Samarraya gətirilməsi hadisəsi də təsdiqləyə bilər. Təbəri “Tərix əl-rüsul və-l-müluk” əsərində, İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” əsərində, Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində, Məsudi “Müruc-əz-zəhəb” əsərində qeyd edirlər ki, Babək hökmdarlara məxsus dəbdəbə ilə geyindirilmiş, başına hökmdarlarda tez-tez müşahidə olunan, xəzlə əhatə olunmuş şiş papaq qoyulmuş, məxsusi bəzədilmiş olan nəhəng bir filə mindirilmişdi. Babəkin əsir götürülmüş oğlanlarına xəlifənin öz geyimlərini geydirməsini, onların hərəsini bir atın belinə mindirməsini və şəxsən hər bir atın ayağına ləl-cəvahirat bağlayaraq onları anaları ilə birlikdə azad etməsini biz dövlətə asi olmuş adi bir üsyançıya göstərilən nəvaziş kimi qəbul edə bilmərik, bu, məntiqdən kənar olardı. Bu addım yalnız hökmdar yaxud əsilzadə kimi qəbul edilən adamın özünə və ailəsinə xəlifə səviyyəsində nümayiş etdirilən etiket (süni də olsa) kimi dəyərləndirilə bilər.

Babəkin hökmdar olması fikrini dəstəkləyən tədqiqatçılar adətən əks fikirdə olanların belə bir sualı ilə üzləşirlər – Babək müstəqil bir dövlətin hökmdarı olubsa, niyə 22 il ərzində öz adına pul sikkəsi kəsdirməyib? Doğrudan da, ilk baxışda məntiqli və maraqlı sualdır. Lakin bu sualın cavabını verərkən ilk növbədə onu qeyd etmək lazım gəlir ki, Babəkin əsas fəaliyyət məkanı olan Güney Azərbaycan ərazisində arxeoloji qazıntılar aparmaq uzun müddətdir ki, İran hökumətinin icazə verməməsi səbəbindən müşkülə çevrilib. Belə olduğu halda, heç kim əminliklə deyə bilməz ki, Babəkin bir hökmdar kimi pul sikkəsi yox idi. Faktı bu cür söyləmək lazımdır ki, müxtəlif maneə və əngəllər ucbatından güney Azərbaycan ərazilərində, ələlxüsus, Bəzz nahiyəsində arxeoloji qazıntılar aparmaq mümkün olmadığına görə bu günədək Babək Xürrəminin adına kəsilmiş hər hansı pul sikkəsi hələ ki aşkara çıxarılmamışdır. Digər tərəfdən, Babəkin öz adına pul sikkəsinin olmamasını da izah edə biləcək üç ciddi səbəbi görməzlikdən gəlmək olmaz, bu səbəblərə toxunmaq lazımdır:

  1. Babəkin vətən torpağını işğaldan qorumaq məqsədilə apardığı bitib-tükənməyən savaşlar, onun xalq ordusu üçün silah əldə etmək, lokal xarakterli gündəlik çatışma və vuruşların baş verməsi, hətta Babək istəsəydi belə, onun pul sikkəsi buraxdırmasına çətin ki imkan verəydi. Təkcə Afşin Hidr ibn Kavus və onun çoxsaylı qoşun sərkərdələri ilə ayrı-ayrılıqda aparılan gündəlik savaşlar iki il yarımdan artıq çəkib. Bundan əvvəlki xilafət sərkərdələri ilə də eyni dərəcədə gərgin savaşlar yaşanıb. Bu cür gərgin bir durumda olan hər hansı bir hökmdarın pul sikkəsi buraxdırması müşkül işdir, ən azı böyük xərc çəkilərək kəsdirilən sikkələrin həmin hökmdarın hökmünün işlədiyi bütün ərazilərdə dövriyyəyə buraxılması qədər çətin, hətta bəlkə qeyri-mümkün bir işdir. Bu qədər çoxsaylı işğalçı orduların cavabını verə bilmək üçün külli miqdarda silah düzəldilməsi lazım gəldiyi bir halda, Babəkin öz adına sikkə buraxdırmaq üçün pul ayırması ağlabatan görünmür.
  2. Babəkin İslamın sufi yolunda olduğunu bir çox mənbələr qeyd edir, sufilikdə isə insanın şəxsi “mən”i arxa plana keçməlidir. Belə olduğu halda, Babək niyə öz adına pul sikkəsi buraxdırmalı idi ki? İslam dünyasının hər yerində istifadə edilən pul vahidi, ola bilər ki, Babək üçün də keçərli olmuşdur və Babək bu cür, necə deyərlər, ikinci dərəcəli məsələyə diqqət ayırmağı artıq hesab etmişdir.
  3. Babək 14 mart 838-ci il tarixdə Samirə şəhərində vəhşicəsinə edam edildikdən və guya İslamın qəddar düşməni kimi elan olunduqdan sonra onun öz adına buraxdırmış olduğu pullar da dövriyyədən yığışdırıla və ya müsadirə oluna bilərdi. Dəyərini itirən hər hansı pul vahidi, hər halda, heç bir dövrdə insanlara gərək olmur. Nəzərə almaq lazımdır ki, bir ucu orta Asiyada, digər ucu Afrikanın şimalında olan bir dövlət hər halda onun işğalından azad olmaq üçün 22 il dirəniş göstərmiş bir ölkənin Bəzz adlı böyük başkənd-qalasını yerlə-yeksan edərək xəritədən silibsə, bu qüvvə üçün düşmən bir hökmdarın adına kəsilmiş pul vahidini dövriyyədən yığışdırıb müsadirə etmək elə də çətin bir iş deyildi.

Babəkin rəhbərliyi altında 816-cı ildən başlayaraq geniş vüsət almış Xürrəmilər hərəkatının Azərbaycan ərazilərinə nəzarəti ələ keçirməsi ilə faktiki olaraq qurulmuş olan Xürrəmilər dövlətinin ideya əsasları əsasən İslami yönümlü olsa da, ortodoksal İslama yox, heterodoks İslama mənsub olmaqla Abbasi sarayının rəsmi məzhəbi olan Mötəziliyyəyə qarşı idi. Və bu dövlətdə şəriət qanunları dövlətin idarə olunmasında heç də mühüm rola malik deyildi. Bunu isbatlayacaq kifayət qədər fakt tərəfimizdən “Babək və Hürrəmilik: yalanlar və gerçəklər” adlı kitabda sadalanmışdır. Bu gün ortaya daha bir məntiqi sual çıxmaqdadır: Xürrəmilər dövlətini tarixdə ilk türk-müsəlman dövləti olaraq qəbul edə bilərikmi və bunun üçün əldə hansı ciddi əsaslar vardır?

İlk əvvəl onu bildirək ki, tarix elmində ilk türk-islam dövləti olaraq Qaraxanlılar dövlətinin qəbul edilməsi fikri yanlışdır. Çünki bundan çox-çox əvvəl İslam xilafətinin təsir dairəsində olan torpaqlarda türk sülalələrinin qurmuş olduqları dövlət qurumlarının mövcudluğu faktı vardır. Bu sırada Azərbaycanda IX əsrin II yarısından etibarən siyasi səhnəyə çıxmış olan Sacoğulları (Sacilər) dövlətini xatırlamaq kifayət edər. Lakin Xürrəmilər hərəkatının 816-cı ildən etibarən yenidən vüsət alaraq genişlənməsi və qarşısıalınmaz qüvvəyə çevrilməsi ilə İslam coğrafiyasında müstəqil bir dövlət qurulmuşdur ki, bu faktı isbatlayacaq dəlillərdən bəzilərini bundan əvvəl qeyd etdik. Bu dövlətin təməl prinsiplərinin Xürrəmilər hərəkatının və cərəyanının ideya prinsipləri ilə eyniyyət təşkil etməsi aydındır və heç bir şübhə doğurmur. O zaman Xürrəmilər hərəkatının ideyalarında ən ümdə yeri tutan prinsiplərin milli təşəkkül, türk özünüdərki və islam inancından ibarət olmasını təsdiqləyə biləcək faktları da demək lazımdır ki, Xürrəmilər dövlətinin təməl prinsiplərinin türk-islam sintezinə əsaslanması tezisinin ciddi əsaslara malik olması üzə çıxsın.

Xürrəmilərin milliyyətçi dünyagörüşünə sahib olmalarını təsdiqləyən faktlar çoxdur, lakin bunun ən bariz nümunəsinə İbn Vazeh Yəqubinin “Tarixi-Yəqubi” əsərində rast gəlmək mümkündür: «Sonra o, (xəlifə əl-Məmun nəzərdə tutulur) Hatim ibn Hərsəmə ibn Əyunu Ərminiyyəyə vali təyin edir. O, ölkəyə gəlir və mütəzililərlə ifrat milliyyətçilər arasında qalmış olur. Onlar bir-biri ilə elə vuruşurlar ki, az qala məhv olacaqdılar, sonra barışırlar. Hatim ibn Hərsəmə elə bir neçə gün ölkədə qalmışdı ki, ona atası Hərsəmənin ölüm xəbəri və onun necə şəraitdə ölməsi çatır». Burda söhbət xilafət dövründə “Ərminiyyə” adlandırılan quzey Azərbaycan torpaqlarında xəlifə Məmun dövründə hakim mötəziliyyə cərəyanının tərəfdarları ilə onlara qarşı etiraz çıxışları edən ifrat milliyyətçilərin olduqca sərt qarşıdurmasından gedir. İfrat milliyyətçi adlanan cinahın mənsublarının məhz Xürrəmilərdən ibarət olması tarix yazarlarının qeydlərindən də aydın görünməkdədir. Əks təqdirdə bu cinahın mənsubları Xürrəmilərdən ayrı bir qüvvə olaraq daha ətraflı və məxsusi olaraq qeyd olunardı, İbn Vazeh Yəqubi isə öz əsərində 212-ci hicri ilində (827-828-ci illərdə) baş verən hadisələrə və Xürrəmilərin fəaliyyətinə toxunarkən bu hadisəni qeyd edir. Deməli, Xürrəmilər məhz Azərbaycanın milliyyətçi qüvvələri idi ki, bölgəyə nəzarəti əllərinə keçirmiş, Abbasi ordularını ard-ardına məğlub etmiş, müstəqil dövlət qurmuşdular.

Babək başda olmaqla Xürrəmilərin İslam inancına sahib olmaları və imanlı müsəlmanlar olaraq da İslam adından sui-istifadə edən xilafət sarayının zülmünə qarşı cihad etmələri ilə bağlı faktlar müxtəlif mənbə məlumatlarına istinad edilməklə “Babək və hürrəmilik: yalanlar və gerçəklər” adlı kitabımda sadalanmışdır. Xürrəmilərin məhz heterodoks İslamın bir qolu olduqları sözügedən faktlarla öz təsdiqini tapmaqdadır. Azərbaycan tarixində bu cür türk milli özünüdərk məfkurəsinə əsaslanan və İslamın heterodoksal yönümünə uyğun prinsiplərə dayanan dövlət qurulması hadisəsinə Xürrəmilərdən təxminən yeddi əsr sonra – Səfəvi Qızılbaş dövlətinin qurulması dönəmində də rast gəlinmişdir, bu üzdən Xürrəmilər dövlətinin ideoloji tərəflərini dəqiq müəyyən etmək üçün onu sonrakı dövrlərlə də müqayisə etmək və paralellər aparmaq lazım gəlir. Azərbaycan Səfəvi-Qızılbaş dövlətinin təməl prinsiplərinin özülü hələ bu dövlət qurulmamışdan əvvəl – Qızılbaşların mürşidi Şeyx Cüneydin və oğlu Şeyx Heydərin zamanında qoyulmuşdu. Şeyx Heydərin təliminin Hürrəmilik ideyaları ilə nə dərəcədə bağlı olduğunu isə müxtəlif mənbələrdən bilmək olar. Sözügedən mənbə məlumatlarından birini bu yazıda xatırlamaq, məsələyə aydınlıq gətirməyə kömək edər.

Fəzlullah ibn Ruzbehxanın fikrincə, “Şeyx Heydər öz müridlərinə Babəkin dini qayda-qanunlarını təbliğ edirdi”. Burdan belə bir nəticə hasil edə bilərik ki, Şeyx Heydər oğlu Şah İsmayılın qurduğu Səfəvi Qızılbaş dövləti öz dini-ideya məzmununa görə məhz Babəkin qurmuş olduğu Hürrəmilər dövlətinin məntiqi davamı olmaqla onun təməl prinsipləri ilə eyniyyət təşkil edirdi.

Yuxarıda sadalanan tarixi mənbə məlumatları və bir sıra tarixi faktlar onu söyləməyə əsas verir ki, Babək Abbasilərin yürütdüyü siyasətə qarşı xalq-azadlıq hərəkatının öndəri olmaqdan əlavə, həmçinin, bu hərəkatın nəticəsi kimi bölgədə ortaya çıxmış, türk-islam düşüncəsinə əsaslanan müstəqil Xürrəmilər dövlətinin də hökmdarı olmuşdur. Mənbə müəllifləri bu dövlətin ismini o səbəbdən öz əsərlərində qeyd etməmişlər ki, ilk növbədə iqtidarda olan işğalçı Abbasi xanədanı mənsubları bunu yazmağı qadağan etmişlər. Sonrakı yüzilliklərin tarix yazarları isə Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı və Xürrəmilər dövləti barədə yazdıqları qeydlərdə özlərinə əziyyət vermədən, sadəcə olaraq özlərindən əvvəlki dövrlərin saray tarixçilərinin qərəzli məlumatlarına istinad etməyi daha doğru hesab etmişlər.

Babəkin hökmdarı olduğu Xürrəmilər dövləti barədə ilk növbədə bunları demək olar ki, bu dövlət Azərbaycan türklərinin 816-cı ildə yenidən baş qaldıran milli-azadlıq hərəkatının məntiqi nəticəsi kimi təxminən 820-ci ildə meydana çıxmışdır. Azərbaycan Xürrəmilər dövlətinin banisi olan Babək Xürrəminin konkret ərazilərdə idarəetmə sisteminə malik olması bunu söyləməyə əsas verir. Xürrəmilər dövlətinin təməlində dayanan ideoloji prinsiplər türklük və heterodoks islam düşüncəsi idi, dövlət şəriət qanunları ilə idarə olunmurdu. Qonşuları Xəzər xaqanlığı ilə Bizans imperiyasının tənəzzül dövrünə təsadüf edən Xürrəmilər dövləti mövcud olduğu 22 il ərzində İslam dini adı altında İslama tamamilə zidd mövqe tutan və ərəb imperializmi düşüncəsi ilə işğal siyasəti yürüdən Abbasilər dövlətinin davamlı təhdid və müdaxiləsi ilə baş-başa qalmış, özünümüdafiə məqsədilə bu işğalçı dövlətlə arasıkəsilmədən müharibələr aparmalı olmuşdur. Bu müharibələr zamanı Azərbaycan Xürrəmilər dövlətinin orduları hökmdar Babəkin başçılığı altında uzun müddət nəinki vətən torpaqlarını yadellilərin təcavüzündən qorumuş, hətta Abbasilər xilafətinin bir sıra digər əraziləri (Xorasan, İsfahan, Təbəristan və s.) üzərində nəzarəti zaman-zaman ələ keçirmişdir.

Bir sıra tarixçilərimiz ilk türk-islam dövlətinin Volqa Bulqarlarının dövləti olması fikrini müdafiə etməkdədir. Bu fikirdə az da olsa həqiqət payı vardır. Lakin onu nəzərə almaq lazımdır ki, Volqa Bulqarlarının dövləti yaranışında İslam inancına söykənməmişdi, sonradan İslam dinini qəbul etməklə öz təməl prinsiplərində dəyişiklik etmişdi. Babəkin qurucusu olduğu Xürrəmilər dövləti isə məhz türklük və islam düşüncəsi üzərində qurulmuş dövlət idi, bu baxımdan Xürrəmilər dövlətini çəkinmədən ilk türk-müsəlman dövləti olaraq qəbul etmək mümkündür. İnanmaq olar ki, bu səmtdə aparılacaq gələcək tədqiqatlar Xürrəmilər dövləti ilə bağlı daha qaranlıq məqamları üzə çıxarmaqla yanaşı, onun türklük və İslam prinsipləri üzərində bərqərar olması fikrini də möhkəmləndirəcəkdir.

 

Xürrəmi-Bizans əlaqələri 

Xürrəmilər hərəkatının tarixşünaslığında ən çox marağa səbəb olan, lakin tarixçilərin bu günədək ən az diqqət yetirdiyi məsələlərdən biri də xürrəmilər hərəkatı rəhbərlərinin Bizansla münasibətləri, Xürrəmi-Bizans əlaqələri və xürrəmilərin Bizansdakı fəaliyyəti məsələləridir. Xüsusən də, xürrəmilər hərəkatının Babək dövrünün sonlarına yaxın qonşu Bizans imperiyasının ərazilərinə köç etmiş xürrəmilər barədə tarix elminə çox az şey məlumdur. Qədim dövrün ərəb və fars qaynaqlarında bu haqda məlumatlar da çox deyil. Avropa tədqiqatçıları tərəfindən xristian Bizansın IX əsrin ilk yarısında yürütdüyü xarici və daxili siyasətin araşdırılması və təhlili kontekstində Xürrəmi-Bizans əlaqələrinə və xürrəmilərin Bizansdakı fəaliyyətlərinə də müəyyən səviyyədə və qismən toxunulmuşdur. Məhz Avropa tarixşünaslığı sayəsində xürrəmilərin bir qisminin 833-840-cı illərdə Bizans imperiyası daxilində yaşaması və fəaliyyəti barədə maraqlı tarix faktlar elmi dövriyyəyə buraxılmışdır.

Hər şeydən öncə bu xüsusa diqqət yetirmək gərəkdir ki, VIII əsrin sonu-IX əsrin əvvəllərində xürrəmilər hərəkatı rəhbərləri ilə Bizans dövlətinin qarşılıqlı münasibətlərinin formalaşmasında hər iki tərəfin ortaq düşməninin bölgədə o dövrdə hakim güc olan Abbasilər xilafəti olması faktorudur. Və Abbasilərə qarşı Azərbaycanda baş qaldırmış xalq-azadlıq hərəkatının məntiqi nəticəsi olaraq bölgədə ortaya çıxmış, qurucusu Babək əl-Xürrəmi olan və xilafətdən heç bir asılılığı olmayan müstəqil Xürrəmilər dövlətinin də qonşu Bizans dövləti ilə diplomatik münasibətləri olmuşdur. Hər iki tərəf arasında uzun illər boyunca rəsmi yazışmalar aparılmış, müəyyən ticarət dövriyyəsi mövcud olmuşdur. Bizans imperiyasının regional xarici siyasətdə xürrəmilər faktorunu özünə tərəfdaş kimi görməsi ilə yanaşı, xürrəmilər hərəkatının öndəri və özünü müstəqil dövlətin hökmdarı kimi görən Babəkin də öz siyasətində Bizansı Abbasilər xilafətini zəiflədə biləcək bir güc mərkəzi kimi görməsini nəzərə almaq lazım gəlir. Abbasi hökmdarı xəlifə Məmunun 833-cü ildə ölməsindən sonra taxta keçən qardaşı xəlifə əl-Mötəsim Billah qısa müddətdə istər xarici və daxili siyasətdə, istər Abbasilər sarayında, istərsə də xilafət ordusunda köklü dəyişikliklər etmiş, həmin vaxt xilafətin şərq torpaqlarına gedən yol üzərində yerləşmiş Həmədan şəhərini əlində saxlayan xürrəmi qoşunlarına qarşı İshaq ibn İbrahimin sərkərdəliyi ilə böyük bir ordu göndərmişdir. Tərəflər arasında 833-cü ilin sonlarında baş verən Həmədan döyüşündə xürrəmilər məğlub olduqdan sonra Cibəl və Həmədan xürrəmilərinin böyük bir hissəsi xilafətin artan təzyiqləri və basqıları altında dinc yaşamağın mümkün olmadığını görərək, şərqi Anadolu və Bizans torpaqlarına kütləvi köç etmişlər. Bu, tarixdə Bizansa ilk xürrəmi köçü kimi qiymətləndirilir. Xəlifə Mötəsimin sərkərdə Afşin Hidr ibn Kavusun başçılığı ilə xürrəmilərə qarşı 835-ci ilin yayında başlatdığı yeni hərbi kompaniya uzandıqca xürrəmi ailələri hissə-hissə şərqi Anadoluya doğru köç etməyə davam etmiş, ən nəhayət, 837-ci il avqustun sonlarında xürrəmilərin paytaxtı olan Bəzz qala-şəhərinin süqutundan və Babəkin satqınlıqla ələ keçirilməsindən sonra, xilafətin zülmü altında yaşamaq istəməyən və ailələrinin təhlükəsizliyini təmin etməyi düşünən xürrəmilərin Bizansa daha bir kütləvi köçü gerçəkləşmişdir. Bu köçlər nəticəsində imperiyanın paytaxtında və şərq hüdudlarında çoxsaylı xürrəmi kütləsi məskun olmuşdur.

Köç etmiş xürrəmilərin Bizans ərazilərində və aralıq bölgə olan şərqi Anadoluda məskunlaşmalarının elmi-dini nöqteyi-nəzərdən təhlili zamanı bu köçlərin əsas səbəblərindən biri kimi tarixin müxtəlif dövrlərində İslam dünyasının gündəmində dayanmış “zalım müsəlman hökmdar yoxsa ədalətli qeyri-müsəlman hökmdar” dilemması qarşısında qalan xürrəmilərin ikinciyə üstünlük vermələrini göstərmək olar. Xürrəmiləri düşmən gözündə görən və xilafət sarayının təsiri altında kitab yazan tarix yazarları öz əsərlərində xürrəmiləri həm də xilafətin nəzarəti altında olan ərazilərdən çıxıb Bizans torpaqlarına pənah apardıqlarına görə “İslamdan çıxmış başıpozuq qüvvə” kimi təqdim etməyə çalışmışlar. Halbuki müsəlman olduqları tarixi qaynaqların bir sıra məlumatlarından aydın görünən xürrəmilər müsəlmanlar arasında məzhəb ayrıseçkiliyi salan Abbasi sarayının mötəziliyyə inancını qəbul etməyən digər təriqət və cərəyanlara qarşı ifrat repressiv siyasətinin əziyyət və məşəqqətini daim öz üzərlərində hiss etmişlər, bu durumda onların bir hissəsi ailələrinin təhlükəsizliyini təmin etmək məqsədilə, İslamın ümdə prinsipi olan Tövhidin əsas qayəsi kimi Ədl (ədalət) düşüncəsinə (Qurani-Kərimin Ali-İmran surəsi, 21, Ən-Nisa surəsi, 135, Maidə surəsi, 8, Ənam surəsi, 115, Əraf surəsi, 29, Hicr surəsi, 85, Ənbiya surəsi, 47, Səbə surəsi, 26-cı ayələri) uyğun olaraq, hicrət etmək yolunu seçmək məcburiyyətində qalmışlar. Pravoslav Bizansın İslamın kitabına görə əhli-kitab hesab edilməsini və Bizansın şərq hüdudlarında xürrəmilərin çoxlu sayda soydaşlarının yaşamasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu seçim və düşüncə, göründüyünə görə, Qurani-Kərimin ehkamlarına (Ali-İmran surəsi, 195, Ən-Nisa surəsi, 89, 97-100, Ənfal surəsi, 72-75, Tövbə surəsi, 20, Nəhl surəsi, 41,110, Həcc surəsi, 58, Həşr surəsi, 9-cu ayələrə) uyğun olmuş, hətta məzmun və mahiyyət etibarilə İslam peyğəmbərinin öz təbliğatını qurduğu ilk illərdə bir qism müsəlmanın onun tövsiyəsi ilə xristian Nəcaşinin hökmdarlıq etdiyi Həbəşistana etdikləri hicrətlə tam uyğunluq təşkil etmişdir.

Tarixi qaynaqların məlumatlarından aydın olur ki, xürrəmilərin şərqi Anadoluya və Bizans torpaqlarına ilk kütləvi köçü 833-cü ilin sonlarında-834-cü ilin əvvəllərində baş vermişdir. Bu köçə xürrəmi ordusunun sərkərdələrindən biri, Mohammed Rekayanın fikrincə, o vaxtadək Cibəl xürrəmilərinin öndəri olmuş Nəsir (Nasir) adlı şəxs başçılıq etmişdir. Avropalı alim K.Bosvort bu şəxsi “Nüsayr” kimi qeyd edir. Lakin ilk köçə başçılıq edən şəxs barədə Uilfred Madelunqun fikri fərqlidir, belə ki, o, bu şəxsin ismini “Bars” (Barsis) kimi təqdim edir. Avropa tədqiqatçılarının araşdırmalarına görə, bu köçdə ailələri ilə birlikdə iştirak edən xürrəmi döyüşçülərinin sayı təxminən 15 min nəfər olmuşdur. İslamda təriqət mənsublarının öz şeyxlərinin, piri-mürşidlərinin yaxud öndərlərinin izni olmadan addım atmadığı gerçəyinə əsaslanaraq təxmin etmək olar ki, mənbələrdə adı təriqət kimi qeyd olunan xürrəmiyyənin həmin dövrdə öndəri olan Babək əl-Xürrəmi hər halda öncədən bu köçdən xəbərdar olmuş və mühacirət edənlərə getməyə izin vermişdir. Babəkin özünün ələ keçirilənədək göstərdiyi fəaliyyət, xüsusən də Sünik knyazı Vasakın qızı ilə evlənməsi sayəsində ondan miras qalan Sünik ərazilərində möhkəmlənməyi düşünərək atdığı addımlar onun heç də bəzi ərəb müəlliflərinin iddia etdiyi kimi, Bizans torpaqlarına getmək niyyətində olmadığını və mübarizəsini öz vətənində sonadək davam etdirmək əzmində olduğunu göstərir.

İlk xürrəmi köçünə rəhbərlik etdiyi bildirilən Nəsirin mənşəyi ilə bağlı məlumatı Bizans tarixçisi Kontinuatus Feofanesdən öyrənmək mümkündür, o yazır ki, Nəsir (Nasir) İranın əsilzadə ailələrindən birinin övladı idi. Eyni zamanda, adı çəkilən Bizans müəllifi Nəsirin Bizans təbəəliyini və xristianlığı qəbul etdiyini, Bizans paytaxtında xaç suyuna çəkildiyini, imperator Teofil (hakimiyyət illəri 829-842) tərəfindən ona “Teofob” (yunanca Θεόφοβος – “Allahdan qorxan” deməkdir) isminin və ehtiram əlaməti olaraq patrik ünvanının verildiyini, hətta Nəsirin imperatriçə Teodoranın bacısı ilə evləndiyini də qeyd edir. Bir sıra ensiklopedik qaynaqların məlumatlarında isə Nəsirin (Teofobun) evləndiyi qadının imperatorun xalası İren olduğu və bu nigahdan sonra onun Bizans ordusunun generalı rütbəsini də aldığı bildirilir.

XIX əsr İrland tarixçisi Uilyam Kuki Teylor isə özünün Roma imperiyasının devrilməsinə dair əsərində xürrəmi rəisi Nəsirin (Teofobun) keçmişi ilə bağlı fərqli məlumatlar verir. Onun yazdığına görə, Teofobun atası İran şahlarının nəslindən olub, xəlifələrin təqibindən qurtulmaq üçün Konstantinopola gəlmiş, diqqətdən uzaq olmaq üçün bir karvansarada mehtər işləmiş, kasıblıq içində ölərkən isə bir körpə oğlu qalmışdır. İranlıların hökmdar nəslindən olan bu gənci tapmaq üçün yolladıqları adamlar Xalkedon yaxınlığında bir yerdə anası ilə yaşayan Nəsiri tapmışlar. Onun barəsində imperator Leoya məlumat verildikdə, o, oğlanın əsil-nəsəbinə uyğun olaraq təhsil alması üçün əmr vermişdir. Şahzadə Teofil isə onun tələbə yoldaşı idi, bu səbəbdən taxta keçdikdən sonra o, Nəsirin (Teofobun) yüksək mövqelərə gəlməsini təmin etmiş, öz bacısını ona ərə vermişdir. U.Teylor yazır ki, “xilafətə qarşı üsyan qaldırmış iranlılardan bir dəstə Bizans ərazilərində sığınacaq tapdığı zaman, onlardan ibarət bir qoşun bölüyü yaradılaraq Teofobun ixtiyarına verilmişdir. Onlar irsən şahzadə hesab etdikləri Teofoba dərin bir səmimiyyətlə bağlanmışlar, ölkələrini tərk edib Bizansa gələn bir çox İranlı da Teofobun qoşununa qatılmışdır, nəticədə bir neçə il ərzində Teofobun ordusu 30 min nəfərə çatmışdır”. Tarixçi bədii ifadələrlə qəsbkarlara qarşı amansız nifrətin və öz sərkərdələrinə olan böyük inamın bu döyüşçüləri Abbasi ordularının qəniminə və imperiyanın tərkibində olan şərq vilayətlərinin də alovlu müdafiəçilərinə çevirdiyini qeyd edir. Nəsirin keçmişi barədə U.Teylorun digər mənbə müəlliflərinin məlumatları ilə ziddiyyət təşkil edən bu fikirlərində böyük miqyasda həqiqət payı ola bilər və belə olduğu halda təxmin etmək olar ki, Nəsir (Teofob) gənclik illərini Konstantinopolda təhsil almaqla keçirsə də, xürrəmilər hərəkatının Babək dövründə vətəninə qayıtmış, Cibəldə xürrəmi dəstələrinə rəhbərlik etmiş, 833-834-cü illərdə isə digər xürrəmi döyüşçüləri ilə birlikdə Bizans ərazilərinə köç etmişdir. Hər halda, bu ehtimalların nə dərəcədə gerçək olduğunu müəyyənləşdirmək üçün U.Teylorun yanaşmasını ayrıca tədqiq etməyə ehtiyac vardır.

Bu məlumatlardan ümumən aydın olan budur ki, Bizans imperatoru Teofil onun ərazilərinə gəlmiş xürrəmi döyüşçülərinə isti münasibət bəsləmiş, onların ailələri ilə yerləşmələrinə şərait yaratmış, hətta xürrəmilərə bu köçdə rəhbərlik etmiş Nəsiri öz yaxın ailə üzvlərindən biri ilə evləndirmişdir. Amerika tədqiqatçı-alimi Uorren Tredqold Bizans mənbələrinə istinad edərək yazır ki, Nəsirlə birlikdə Bizans ərazilərinə gəlib yerləşmiş xürrəmi döyüşçülərinin bir qismi də xristianlığı qəbul etdilər, bundan sonra Bizans döyüşçülərinin dul qalmış qadınlarının onlara ərə verilməsinə icazə verildi və həmin xürrəmilər Bizans ordusunda xidmətə alındılar. Tədqiqatçı həmçinin haqqında söhbət gedən xürrəmi döyüşçülərindən ibarət təşkil olunmuş xüsusi imtiyaza sahib Bizans qoşun bölmələrinin “İran turması” (Persian turmae) adlandırıldığını da qeyd edir /həmin yerdə/. Digər əsərində də o, imperator Teofilin xürrəmi köçkünlərini qəbul edərək onların Bizans ərazilərində sərbəst yaşamalarına şərait yaratmaqla onların qüvvəsindən istifadə etmək və imperiya daxilində öz gücünü artırmaq məqsədi güddüyünü bildirir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, xürrəmilər hərəkatı dövrünü tədqiq etmiş digər qərb tədqiqatçıları Bizansa gəlib yerləşən xürrəmi döyüşçülərinin xristianlığı qəbul etməsi fikrinə o qədər də ciddi əhəmiyyət vermir və belə hal olubsa da, xürrəmilərin sonrakı siyasi fəaliyyəti fonunda bunun sırf sözdə olub, görüntü xarakteri daşıdığını düşünürlər. İngilis tədqiqatçısı Simon B. Cons Bizans ordusunda Nəsirin rəhbərlik etdiyi qoşun bölüyündə otuz minədək atlı döyüşçünün olduğunu qeyd edir.

837-ci ilin avqustunda xürrəmilərin əsas istinadgahı və paytaxtı sayılan Bəzz qala-şəhərinin süqutu və işğalından sonra, sağ qalan xürrəmilərin daha bir hissəsi öz ailələri ilə şərqi Anadolu və Bizans ərazilərinə köç etmişlər, təxmin olunduğu üzrə, bu köçdə əvvəlkinə nisbətən sayca daha çox insan iştirak etmişdir. Hərçənd U.Tredqold bu köçdə təxminən on altı min xürrəmi döyüşçüsünün öz ailələri ilə iştirak etdiklərini bildirir, eyni məzmunda məlumata biz Evangelos Venetisdə də rast gəlirik[121]. Ümumən Avropa tarixçiləri köç etmiş xürrəmi ailələrinin paytaxt Konstantinopolda və imperiyanın digər bölgələrində kompakt şəkildə məskunlaşdıqları qənaətindədirlər.

Xürrəmilərin Bizansdakı fəaliyyətləri haqda da Azərbaycan tarix elmi üçün maraqlı faktlar vardır. Bizans imperatorundan diqqət görən xürrəmilər tezliklə Bizans ordusunun ayrıca bir bölümünü təşkil etmiş, Teofobun rəhbərliyi ilə Abbasilərə qarşı mübarizələrini birlikdə bu yolla davam etdirməyə qərar vermişlər. Məlumdur ki, Bizans imperatoru Teofil (Feofil) 837-ci ilin yayında Abbasilərə qarşı yeni hərbi kompaniyanın başlanmasına qərar vermiş, bu məqsədlə təxminən 70 minlik ordu ilə indiki kiçik Asiyanın mərkəzindən hərəkətə gələrək, cənuba doğru irəliləyib, bəzi qalaları ələ keçirmiş, Fərat çayının mənbəyində yerləşən Zibatra (Zapetra və ya Zosopetra) şəhərini mühasirəyə almışdır. M.Rekaya və C.Rosser qeyd edirlər ki, Teofilin bu yürüşündə Bizansda məskunlaşmış xürrəmilər də iştirak etmiş, aktiv surətdə Bizans ordusu tərəfdən Abbasilərə qarşı döyüş əməliyyatlarına qatılmışlar. U.Tredqold imperator Teofilin öz hərbi yürüşlərində Nəsirin rəhbərlik etdiyi xürrəmi dəstələrinə böyük ümidlər bəslədiyini yazır. Tədqiqatçılar xürrəmi döyüşçülərinin 838-ci il ərzində də Bizans ordusunun tərkibində Abbasilərə qarşı keçirilən hərbi əməliyyatlarda fəal iştirak etdiklərini bildirir. C.Rosser qeyd edir ki, Nəsirin (Teofobun) rəhbərliyi altında xürrəmi döyüşçüləri Bizans imperiyası və Abbasilər xilafətinin orduları arasında 21-22 iyul 838-ci il tarixində baş vermiş Əncan (Anzen) döyüşündə də vuruşmuşlar. İmperatorun 40 minə yaxın qoşunla şəxsən iştirak etdiyi bu döyüşdə hərbi üstünlük Bizansın tərəfində olsa da, Abbasi sərkərdəsi Afşin Hidr ibn Kavusun orta Asiya türklərindən ibarət atlı oxatanlarının gözlənilməz hücumu nəticəsində Bizans ordusu məğlubiyyətə uğramışdır. O, qeyd edir ki, xürrəmilərin rəhbəri Nəsir (Teofob) məhz bu döyüşdə Bizans imperatoru Teofilin həyatını qurtarmış və onun sağ-salamat geri çəkilməsini təmin etmişdir. Bu faktı Evangelos Venetis də özünün “Xürrəmilər Bizansda” adlı araşdırmasında təsdiqləyir. U.Tredqold baş sərkərdə Manuelin (Manvelin) və Nəsirin (Teofobun) ərəb qoşunlarına gecə hücum etmək təklifindən imperatorun imtina etdiyini yazır. Əncan döyüşünün gedişini təhlil edən Simon B.Cons da qeyd edir ki, bu döyüşdən öncə sərkərdə Nəsir (Teofob) imperatora qəfil gecə hücumu ilə savaşa başlamağı təklif etsə də, imperator bunu öz şəninə sığışdırmadığı üçün qəbul etməmişdir, üstəlik, döyüş zamanı Nəsirin (Teofobun) rəhbərliyi altında Bizans ordusu sağ cinahda xeyli irəliləyərək uğur qazanmağa yaxın olduğu vaxt imperator Teofil əks cinahı möhkəmləndirmək və qələbəni tamamlamaq məqsədilə sağ cinahda olan qüvvələrin böyük bir hissəsini meydanın sol tərəfinə çəkib aparmış, nəticədə sağ cinah zəifləyərək Afşinin oxatanlarının əks-hücumuna məruz qalmışdır. Tədqiqatçı Bizans ordusunun baş sərkərdəsi Manuelin (Manvelin) xürrəmi döyüşçülərinə etibar etməmək barədə çağırışlarına aldanan imperator Teofilin nəticə etibarilə döyüş meydanında təcrid olunduğunu bildirir, onun yaxınlıqdakı təpəyə sığındığını, Afşinin oraya yönəltdiyi qüvvələrdən özünün bir bölük əsgəri ilə müdafiə olunmağa çalışdığını, Nəsirin (Teofobun) də sağ qalan qüvvələrlə onun köməyinə gəldiyini, güclü yağış başlanması və gecənin düşməsindən yararlanaraq öz döyüşçülərinə düşməndə çaşqınlıq yaratmaq üçün təbillərlə səs-küy salıb ucadan mahnı oxumağı əmr etdiyini və qarşı tərəfin geri çəkilməsindən istifadə edərək imperator Teofili həmin mövqedən uzaqlaşdırdığını qeyd edir.

Digər Bizans sərkərdəsi Manuelin xürrəmi döyüşçülərinə etibar etməməsinin səbəbinə gəlincə, bu barədə fikir yürütmək çətindir, bununla yanaşı, irland tarixçisi U.K.Teylorun əsərində maraqlı bir məqam diqqəti cəlb edir, belə ki, U.K.Teylor öz kitabında Bizans ordusunun sərkərdəsi Manvelin əslən erməni olduğunu və daim imperatorun gözünə girməyə çalışdığını yazır. Erməni mənbələrində bir qayda olaraq xürrəmilərin və onların öndəri Babəkin pisləndiyini, eləcə də, Babəkin öz hökmranlığı dövründə Göyçə gölü həndəvərində toplaşan erməni-hay silahlı dəstələrini darmadağın etməsini nəzərə alsaq, haqqında söhbət gedən Bizans sərkərdəsinin xürrəmiləri gözdən salmaq cəhdlərinin səbəbini təxmin etmək olar.

Əncan döyüşündən sonra imperatorun ən yaxın və sadiq adamlarından birinə çevrilən Nəsir (Teofob) tədricən Bizans sarayında böyük nüfuz sahibi olan ciddi siyasi fiqurlardan biri kimi qəbul olunmağa başlamışdır. Əlbəttə, bu durum sarayda olan bir sıra qüvvələri narahat etməyə bilməzdi. Onların gözündə Nəsir (Teofob) imperatorun yaxın ailə üzvü ilə evli olması səbəbindən də Bizans taxt-tacına real təhlükə kimi görülməkdə idi. 842-ci yaxud bəzi tədqiqatçılara görə 840-cı ildə imperator Teofil xəstələndiyi zaman, paytaxt Konstantinopol və ətraf nahiyələrdə onun öldüyü barədə şaiyələr yayılmağa başlayır. Bu durumda Sinopda (indiki Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşir) bir yerə toplaşan mühacir xürrəmilər üsyan qaldırır və Nəsiri (Teofobu) yeni imperator elan etməyə cəhd göstərirlər. C.Rosser bu üsyanın əslində Nəsirə qarşı köklənmiş saray əyanlarının işi olduğu, Nəsirlə hər hansı bir əlaqəsinin olmadığı və onun istəyindən kənar baş verdiyi qənaətindədir. Tədqiqatçı Simon B. Cons isə Sinopdakı xürrəmi üsyanının Əncan döyüşündən dərhal sonra baş verdiyini, həmin savaşdan sağ çıxan xürrəmi döyüşçülərinin onları “döyüşdə tək qoyan imperatora qəzəblənərək” Sinopa doğru hərəkət etdiklərini və burda üsyan bayrağı qaldırıb Teofobu imperator elan etdiklərini yazır və əslində Əncan döyüşündə Bizans ordusunun baş sərkərdəsi Manuelin xürrəmi qüvvələrinə etibar etməmək barədə söylədiyi fikrin doğru olduğunu iddia edir. Hər halda, Nəsir (Teofob) heç də onun xeyrinə olmayan bu vəziyyətdə tədbirli addım ataraq imperatorun yanına gedib ona öz sədaqətini bildirmiş, bundan sonra üsyan Bizans ordusu tərəfindən yatırılmışdır. Müqavimət göstərib təslim olmaq istəməyən xürrəmilər öldürüldükdən sonra isə, sağ qalan xürrəmi döyüşçüləri bir daha bir yerdə toplanmasınlar deyə, onları hər biri iki min nəfərdən ibarət dəstələrə ayırmış və pərən-pərən salınaraq Bizans imperiyasının müxtəlif ərazilərində yerləşən qoşun bölmələrinə göndərmişlər.

Bu hadisələr zamanı, göründüyünə görə, Bizansdakı xürrəmilərin rəhbəri Teofob hər halda saraydakı nüfuzunu və mövqelərini qoruyub saxlaya bilmişdir. Hətta U.Tredqoldun fikrincə, Abbasilərlə aparılan danışıqlar zamanı öz sərkərdəsi Basillə xəlifəyə çoxlu sayda qızıl və qiymətli hədiyyələr göndərən imperator Teofil Abbasi hökmdarının əsirliyində olan sərkərdəsi Etiusun geri verilməsi müqabilində əsir saxlanılan ərəb döyüşçülərinin azad olunacağı vədini vermiş, xəlifə Mötəsimin elçiləri isə Abbasi xəlifəsinin Teofildən Bizans sərkərdələri Manuelin və Nəsirin xəlifəyə təhvil verilməsini tələb etdiyini bildirmişlər, həmin vaxt Nəsir (Teofob) Bizans sarayında olduğuna baxmayaraq, Bizans tərəfi Manuelin artıq öldüyünü, Nəsirin (Teofobun) isə üsyan qaldırdığını və Teofilə tabe olmadığını söyləməklə bu tələbi dolayısı ilə rədd etmişlər. Nəticə etibarilə imperator Teofilin Nəsiri hətta əsir sərkərdə Etiusun həyatı bahasına xəlifəyə təhvil verməyib qoruması onun Teofoba hələ də inandığının sübutu sayıla bilər. Xəlifə Mötəsim isə, göründüyünə görə, tərəflər arasında baş tutmayan bu sövdələşmənin yekununda göndərilən hədiyyələri Basil vasitəsilə geri qaytarmış, ardınca isə əsir Bizans sərkərdəsi Etiusu edam etdirmişdir.

Yeri gəlmişkən, U.K.Teylor öz əsərində xəlifənin nə üçün danışıqlarda Bizans tərəfindən Manuelin də onlara təhvil verilməsini tələb etməsinə aydınlıq gətirir, o qeyd edir ki, imperator Teofilin gözündən düşən Manuel Bizansdan qaçaraq xəlifənin yanına getmiş, ondan yüksək iltifat və hörmət görmüş, hətta xəlifədən əsir Bizans döyüşçülərindən ibarət qoşun yaradılıb, öz ixtiyarına verilməsini xahiş etmiş, bu qoşunla Xorasan üsyançılarının müqavimətini qıracağını söyləmişdi. Xəlifənin razılığını aldıqdan sonra Manuel həmin qoşunla Xorasan bölgəsindəki üsyanı yatırmış, buna görə xəlifədən böyük mükafat və imtiyazlar əldə etmişdi. Lakin imperator Teofil məktubla Manuelə yüksək mənsəb müqabilində Bizansa geri qayıtmağı təklif etdikdən sonra Manuel bu dəfə xəlifə Mötəsimə xəyanət edərək (U.Teylor xristian təəssübkeşliyindən çıxış edərək bunu “vətən sevgisi” kimi qələmə verir) Bizans sarayına dönmüş, imperator tərəfindən Bizans ordularının baş sərkərdəsi təyin olunmuşdu.

Lakin Bizans qaynaqlarının yazdığına görə, Nəsir (Teofob) ilə imperatorun isti münasibətləri uzun sürməmişdir. 841-ci ilin sonlarında imperator Teofilin vəziyyəti daha da ağırlaşdıqda və o, bu xəstəlikdən ayağa qalxmayacağını başa düşdükdə imperatriçə Teodoranın qardaşı Petronasa taxta iddialı ola biləcək Nəsiri aradan götürməyi tapşırmışdır. Petronas tərəfindən Nəsirə (Teofoba) sarayda sui-qəsd təşkil olunmuş və o, öldürülərək başı xəstə imperatora göstərilmişdir. Avropa tədqiqatçıları, o cümlədən, U.Tredqold və E.Venetis Nəsirin öldürülməsinin əsas səbəbi kimi imperator Teofilin taxta çıxacaq övladının qalmadığını, buna görə də imperatriçənin qardaşı Petronasın oğlu III Mixailin taxta çıxarılmasının öncədən planlaşdırıldığını öz araşdırmalarında qeyd edirlər, hərçənd yunan tarixçiləri 2 yaşında ikən taxta çıxarılan III Mixaili məhz imperator Teofilin kiçik oğlu kimi təqdim etməyə çalışırlar. Bizans imperatoru Teofilin 842-ci il yanvar ayının 20-də 28 yaşında öldüyünü nəzərə alsaq, Nəsirin (Teofobun) sarayda sui-qəsdlə öldürülməsi hadisəsinin təxminən 841-ci ilin sonu – 842-ci ilin əvvəlində baş verdiyini söyləmək mümkündür. U.Tredqold Bizans qaynaqlarına istinadən, Nəsirin (Teofobun) 842-ci il yanvar ayının əvvəlində öldürüldüyünü bildirir və ərəb mənbələrinin Nəsirin 841-ci ildə edam olunması barədə məlumatlarında yanlışlığın olduğunu yazır. Simon B.Cons XI əsr yunan tarixçisi İohan Skilitzesə istinadən qeyd edir ki, Nəsirin (Teofobun) kəsik başı ölüm yatağında olan imperator Teofilin önünə qoyularkən, imperator başı əlində tutaraq ağlamış və “artıq nə sən Teofobsan (Allahdan qorxan), nə də mən Teofil (Allahın dostu)” demişdir. U.K.Teylor da Teofobun qətlinə fərman verdiyinə görə imperatorun sonradan böyük sarsıntı keçirdiyini, peşman olduğunu və ölüm ayağında özünü suçlayıb, tövbə etməyə çalışdığını qeyd edir.

Xürrəmilərin Bizansdakı fəaliyyətləri, Bizans sarayının onlara yönəlik siyasəti və baş verən hadisələrlə bağlı yunan tədqiqatçısı Denetrios Letsiosun “Teofil və onun “xürrəmi” siyasəti: bəzi təhlillər” adlı yazısında da oxşar məlumatlara rast gəlinir

Xürrəmiliyin şərqi Anadolu və kiçik Asiyanın digər bölgələrində yaşayan ələvi toplumuna təsiri məsələsi də tarix elmində bu günədək öz həllini tapmamış problemlərdən biri kimi qalmaqdadır. Məlumdur ki, bu gün ələvilik inancında olan insanların mütləq əksəriyyəti istər etnik soykökü, istərsə də dini inanc və əqidə baxımından Azərbaycan türklüyü ilə üzvi surətdə bağlıdır. Ələviliyin Anadoludakı tarixi ilə bağlı ədəbiyyatlardan aydın olur ki, VIII-X əsrlərdə şərqi Anadoluda və kiçik Asiyanın digər bölgələrində çoxlu sayda ələvi kütləsi yaşamışdır. Şərti olaraq “mədrəsə İslamı” kimi qeyd edə biləcəyimiz ortodoksal İslamdan fərqli olaraq, “xalq İslamına” mənsub olan ələvi toplumu İslamda peyğəmbərin əhli-beytinə mənsub olan üsul və qaydalara əsaslanan bir cəmiyyət kimi, xürrəmiliyin dini-məzhəbi dünyagörüşlərinə olduqca yaxındır. Xürrəmilik və ələviliyin yaşam tərzi normalarının və nəzəri-ideya əsaslarının müqayisəli təhlili göstərir ki, bir çox batini məzmunlu təriqətlər kimi, xürrəmiliyin nəzəri-ideya əsaslarında diqqəti cəlb edən tənasüx (ruhların qayıdışı), ricət (imamın qayıdışı), hülul, təcəlla və digər mühüm məqamlar ələvi toplumunda da eyni dərəcədə ciddi qəbul edilməkdədir. Xürrəmi toplumunda da, eynilə ələvilərdə olduğu kimi, qadınlı-kişili ayini-cəm rituallarının təşkil olunduğu, bu mərasimlərdə müxtəlif musiqi alətləri ilə zikrlərin edildiyi, həmçinin, xürrəmi və ələvi toplumlarında qadınların hüquqlarına eyni dərəcədə hörmət və ehtiram bəsləndiyi məlumdur. Bu mənada şərqi Anadoluda və vaxtilə Bizans imperiyasının əraziləri olmuş digər kiçik Asiya bölgələrində VIII-IX əsrlərdə xürrəmiliklə ələviliyin tarixi təmaslarının olması ehtimalları üzərində tarix elmində ciddi araşdırmaların aparılmasına ehtiyac vardır. 

 

Xürrəmilər və erməni-haylar

Xürrəmilər hərəkatı və onun öndəri Babək Xürrəminin fəaliyyəti ilə bağlı tədqiqatlarda diqqətdən kənarda qalmış məsələlərdən biri də xürrəmilər hərəkatının geniş vüsət aldığı dövrlərdə erməni-hayların bölgədə gedən siyasi proseslərdə tutduqları mövqe və xürrəmilərin onlara qarşı atdıqları addımlardır. Xürrəmilər hərəkatının Babək dövründə (816-838-ci illər ərzində) erməni-hayların bölgədəki fəaliyyəti və tutduqları mövqe barədə həm ərəb mənbələrində, həm fars mənşəli tarix yazarlarının kitablarında, həm də erməni tarix yazarlarının öz əsərlərində maraqlı məlumatlara rast gəlinir. Bunlar arasında erməni-hayların xürrəmilər hərəkatı və onun öndəri Babək Xürrəmiyə olan mövqeyini dəqiq müəyyən etmək üçün daha çox məhz erməni yazarlarının əsərlərindəki faktlara nəzər salmaq məntiqəuyğun olardı. Əvvəla, ona görə ki, erməni-hay tarix yazarları öz əsərlərində bir qayda olaraq öz etnik maraqlarından çıxış edərək baş verən hadisələrə qiymət verməyə çalışmışlar və onların tutduqları mövqe bir qayda olaraq erməni-hay elitasının mövqeyi ilə üst-üstə düşmüşdür. Digər səbəb isə ondan ibarətdir ki, Abbasilər xilafətinə qarşı alovlanmış xürrəmilər hərəkatı dövründə xilafət sarayının birbaşa dəstəyini əldə edən erməni-hay faktoru əsasən pərdə arxasında və diqqət çəkmədən fəaliyyət göstərməyə daha çox çalışmışdır. Ermənilərin xürrəmilərə və Babəkə qarşı olan fəaliyyətini araşdırmaq üçün ilk növbədə onların ərəb xilafəti ilə olan münasibətlərinə nəzər salmaq və bunun kökünə və qarşılıqlı maraqlara diqqət yetirmək lazım gəlir.

         İslam xilafətində erməni-haylara loyal münasibətin kökləri xəlifə Osmanın hakimiyyəti illərində Dəməşq (Şam) valisi olan Müaviyə ibn Əbu Süfyana gedib çıxır. Başqa sözlə ifadə etsək, Sasanilərin çöküşünü kənardan seyr edən erməni-hay din xadimləri və feodalları xilafət daxilindəki qüvvələr nisbətini nəzərə alaraq hakimiyyətdə tədricən söz sahibi olan gələcək Əməvilər sülaləsinin banisi Müaviyə ilə uzunmüddətli münasibətlər formalaşdırmağa nail oldular, hətta onu bir sıra doğu Anadolu və qərbi Azərbaycan torpaqlarının guya onların vətəni olmasına belə inandıra bildilər. Bununla qalmayan erməni-haylar Alban kilsəsi barədə dəfələrlə xəlifəyə və onun Dəməşqdəki valisinə böhtan və iftiralarla dolu məktublar yazmış, nəticədə xəlifədə və onun valisində Alban kilsəsinə qarşı soyuq münasibət yaratmağa nail olmuşlar. Bəzi mənbələrə görə, xəlifə Osman (Sebeosa görə isə, o vaxt Dəməşq valisi olan gələcək Əməvi hökmdarı Müaviyə ibn Əbu Süfyan) 654-cü ildə Ərməniyyə, Albaniya (Alpan eli), İberiya, Sünik və Qafqaz dağlarından Dərbəndə qədər olan ərazilərə milliyyətcə erməni (hay) olan feodal Teodor Rştunini məlik təyin etmişdi. Bizans imperatoru II Konstans da eyni ərazilərə Albaniya hökmdarı Cavanşiri böyük knyaz təyin etdi. Elə təxminən həmin dövrlərdən başlayaraq xilafət taxtında mövcud olan hakim sülalə mənsubları Qafqaz və doğu Anadolu yaylasında erməni-haylara özlərinə sadiq bir təbəə kimi baxmağa başlamış, onları hər cür hərbi və digər köməklə təmin etmiş, türk soylu isəvi albanların taleyinə isə biganə və laqeyd yanaşmışdır. Müaviyənin həmin dövrdə bölgədə məhz erməni-haylarla isti münasibətlər formalaşdırmasının daha bir səbəbi ondan ibarət idi ki, Azərbaycan türklərinin isəvi olan hissəsi həmin dövrdə Bizans və Xəzərlərlə münasibətləri normal saxlamağı uyğun görür, İslamı qəbul etmiş qismi isə əsasən Müaviyənin düşmən gördüyü Əli bin Əbu Talibi və onun rəhbərliyini qəbul edirdi. Yalnız Əli ibn Əbu Talibin 661-ci ildə öldürülməsindən sonra alban hökmdarı Cavanşir Müaviyə ilə münasibətlər qurmağa məcbur qaldı. Cavanşirin ölümündən sonra Əməvilərin Azərbaycan xalqına olan bu soyuq münasibəti yenidən davam etdi, Abbasilərin iqtidarı dövründə Azərbaycan türklərinə olan münasibət daha da pisləşdi. Belə ki, Azərbaycan xalqı vaxtilə Abbasiləri iqtidara gətirmiş olan Əbu Müslüm Xorasanin xilafət sarayında öldürülməsindən və peyğəmbər və Əli nəslinə aid olan insanların hakim Abbasi xanədanı tərəfindən başlarına gətirilənlərdən sonra nəinki Abbasilərə olan inamlarını itirmişdi, hətta batinilərlə birlikdə çıxış edərək xilafətə qarşı uzunmüddətli kütləvi etirazlara başlamışdı. Bu fonda erməni-hayların fürsətdən yararlanma cəhdləri tamamilə anlaşılandır.

         Erməni-hayların Qafqazdakı isəvi Alban kilsəsinə qarşı əməlləri və onlar əleyhinə zaman-zaman xəlifələrə məkrli niyyətlə məktublar ünvanlamaları barədə mənbə məlumatları mövcuddur. Tarixçi-alim Nailə Vəlixanlı qeyd edir ki, 699-cu ildə alban katolikosu Nersesin alban knyazı I Varaz Tiridatın arvadı Sparama ilə əlbir fəaliyyətinin albanları gücləndirəcəyindən əndişələnən erməni-hay katolikosu İlya Əməvi xəlifəsi Əbdülməlikə məktub yazıb alban katolikosunun fəaliyyətini Bizansa satılmaq kimi qiymətləndirir. “Bizansın cənubi Qafqazda nüfuzunu sarsıdan hər bir addımı razılıqla qarşılayan xəlifə Əbdülməlik öz cavab məktubunda İlyaya Nersesi və onun tərəfdarlarını cəzalandırmaq əmrini verir. Nəticədə ərəblərin siyasi-hərbi qüdrətinə arxalanan erməni katolikosu İlya xilafətin köməkliyi ilə Albaniyanın və ümumiyyətlə Azərbaycanın sonrakı taleyində həyati əhəmiyyətə malik mühüm bir addım atır – alban kilsəsinin erməni katolikosuna tabe olmasına nail olur”. Tarixçi-alimimizin bu məlumatına Moisey Kaqankatvatsinin “Aqvan tarixi” əsərində daha geniş formada rast gəlinir.

         İstər Moisey Kalankatvatsinin, istər keşiş Vardapet Vardanın, istərsə də Yegişenin əsərlərində Babəkin ismi “Bab” yaxud “Baban” kimi qeyd olunmuşdur V.Abazanın “Ermənistan tarixi” əsərində də Babəkin adı “Baban” şəklində çəkilmişdir /13, səh.70/. Səid Nəfisi yazır ki, erməni mənbələri «Babəkin adını bəzən Bab ya Baban, bəzən də Babək şəklində yazmışlar». Məsələn, 1270-ci ilində ölmüş erməni tarixçisi, keşiş Vardapet Vardanın yazmış olduğu «Ümumi tarix» adlı kitabda 826-cı il hadisələrinə dair belə bir fikir vardır: «Bu günlərdə Bağtatdan(Bağdaddan) çıxmış Bab adlı bir nəfər iranlı ismail irqinə (ərəb mənşəlilər nəzərdə tutulur) mənsub olanların bir çoxunu qılıncdan keçirib bir parasını da əsir tutub apardı. O, özünü Cavidan, yəni ölməz hesab edirdi». Rusiya İmperator Akademiyasının üzvü, prof. Kerop Patkanyan VIII əsrin erməni-hay tarix yazarı vardapet Gevondun “Xəlifələr tarixi” əsərinin ruscaya tərcümə olunmuş nəşr variantına (1862) yazdığı izahlarda Babəkin ismini “Baber-al Horremi” şəklində qeyd edir və onun “məşhur təriqət rəhbəri” (izvestnıy sektonaçalnik) olduğunu yazır.

         Ermənilərin xürrəmilər hərəkatına və onun öndəri Babəkə olan mövqeyi ilə bağlı danışarkən ilk öncə bunu qeyd etmək yerinə düşər ki, demək olar ki, bütün erməni-hay yazarları, eynilə ərəb və fars mənşəli tarix yazarları kimi, öz əsərlərində Babək və xürrəmiləri pisləyir, onlara mənfi münasibət bəslədiklərini bir sıra kobud ifadələrlə göstərirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, Babək 22 ildən artıq tarixi Azərbaycan ərazilərinə nəzarət edən bir hakim qismində indiki Ermənistan ərazilərində erməni-hayların hər cür fəaliyyətinə əngəl olmuş, onlara qarşı cəbhə açmış və ordusu ilə savaşaraq onlara çoxsaylı zərbələr vurmuşdur.

         Mənbə məlumatlarından aydın olur ki, xürrəmilər hərəkatı zamanı Abbasi ordularının Azərbaycan ərazilərini xilafətin nəzarətinə qaytarmaq məqsədilə bu torpaqlara ardıcıl yürüşlərinin səngidiyi bir vaxtda, daha konkret desək, xilafət sərkərdəsi Əhməd ibn Cüneyd İskafi 824-825-ci illərdə Babəkə məğlub olub əsir düşdükdən sonra – 826-828-ci illərdə Babək fürsət taparaq diqqətini Arazın quzeyində olan torpaqlara yönəltmiş, burda qayda-qanunu bərpa etmiş, qurduğu dövlət qurumunun qanunlarına zidd üsyan və digər fəaliyyətlərin qarşısını almaqla yanaşı, qərbi Azərbaycan torpaqlarında bir araya gəlib güc mərkəzinə çevrilməyə çalışan erməni-hayların planlarını puça çıxararaq onlara öldürücü zərbələr endirmişdir. Uzun müddət tarix elmində diqqətdən kənarda qalmış bu hadisələrin təhlilini apararkən bir faktı nəzərə almaq lazımdır ki, həmin dövrdə quzey Azərbaycan torpaqlarında çoxsaylı müsəlman əhali ilə yanaşı, Qafqaz bölgəsindəki xristian və isəvi əhalini öz təsirinə almaq istəyən qriqorian kilsəsinin məkrli əməllərinə boyun əyməyən isəvi Albanlar (alpan) da var idi. Və isəvi Alban feodalları Babəki Azərbaycan torpaqlarında hakimi-mütləq kimi qəbul edərək onunla birlikdə fəaliyyət göstərmişlər.

         Moisey Kalankatvatsinin (Musa Kalankaytuklunun) “Alban ölkəsinin tarixi” adlı əsərində bu hadisələr aşağıdakı kimi təsvir olunmuşdur: «Həmin ildə (827-ci il nəzərdə tutulur) Sünik hökmdarı Vasak öldü. Baban Sünik hökmdarı Vasakın qızını özünə arvad aldı. Bundan sonra Baqk vilayəti Babanın təqsiri üzündən hakimiyyətsiz qaldı. İrandan səfərə çıxan Baban, ölkəni alıb viran etdi, Baqkın qadın və uşaqlarını qılıncdan keçirtdi. Sonrakı ildə Baban Geqarkunik vilayətinə (təxminən Göyçə gölünün qərbindəki ərazilərə ermənilərin verdiyi addır) gəldi, 15 minədək əhalini qılıncdan keçirtdi, böyük Makenos monastrını yandırdı. [Burada] ancaq bir dəyirmandan başqa heç bir şey qalmadı». Digər erməni-hay tarix yazarı Mxitar Ayrivanetsi də özünün “Xronoqrafik tarix” adlı əsərində eyni hadisəni “Baban müqəddəs Makenatsi qardaşlığını yandırdı” deyə qeyd edir. Ümumiyyətlə, Moisey Kalankatvatsinin əsərində Babək «dinsiz»«ölüm saçan»«qani­çən»«yırtıcı» kimi təsvir olunur, onu aldadıb xəlifənin sərkərdəsinə təslim etmiş Səhl Sumbat isə tərif­lənir və mədh olunur.

         Daha bir tarixi mənbədə haqqında danışılan hadisələr bu cür təsvir olunub:

         «Müsəlman sərkərdəsi Mruvan Sünik üstünə gedir. İranlı Baban bu ölkənin hökmdarı Vasakın kürəkəni olur, Makenik monastırını yandırır, Geqarkuni vilayətini, habelə Baqasakanı qarət edir»/Stepannos Orbelian, Sünik tarixi, XXXIII fəsil, səh. 95-97/. «Mruvan» isminin Mərvan adlı sər­kərdə olması başa düşülür, «Baban» ismi isə, az öncə qeyd etdiyimiz kimi, Bizans və erməni-hay mənbələrində Babək isminin başqa şəklidir. Bu iki mənbənin məlumatlarında Babəkin Sünik vilayətinə sahib olması göstərilir. Stepannos Orbelianın bu qeydləri Z.Bünya­dovda aşağıdakı şəkildə əks olunub: «Balasakan vilayətinin əhalisi Babana tabe olmaqdan boyun qaçırtdılar, buna görə də o, albanlı Ablasadın (Əbül Əsəd) köməyi ilə vilayəti rəhmsizcəsinə talayıb viran etdi, hətta qadın və məsum uşaqları qırdı».

         Qeyd olunan bu məlumatlar onu söyləməyə əsas verir ki, Sünik knyazı Vasakın qızı ilə evləndikdən və Vasak öldükdən sonra Babək bu ərazilərin erməni-hayların nəzarətinə keçməsinə imkan verməmək üçün Göyçə gölü və Çuxursədd torpaqlarına qoşun çəkmiş, mənbələrdə “əhali” kimi qeyd olunan 15 minlik erməni-hay qoşun dəstələrini darmadağın etmiş, o zaman Makenos (Makenasos) yaxud Makenik adıyla bilinən monastırı yandırıb külünü göyə sovurmuşdur. Hərçənd Stefanus Orbelian öz xronologiyasında 827-ci ildə Sünik knyazı Vasakın Babəkə qarşı vuruşmaq üçün xəlifədən xeyir-dua alıb qoşun hazırladığını, lakin yola düşmədən öldüyünü qeyd edir, ancaq bu məlumat inandırıcı gəlmir, çünki həmin dövrdə Babəkin qoşunlarının sayı yüz minlərlə ölçülürdü və təkcə 833-cü ildə Həmədan yaxınlığında xilafət sərkərdəsi İshaq ibn İbrahimin ordusu ilə Babəkin özünün iştirak etmədiyi qeyri-bərabər döyüşdə 60 mindən artıq xürrəmi həlak olmuşdu. N.Vəlixanlı qeyd edir ki, “ərəb mənbələrinin məlumatına görə, Azərbaycanın cənubunda və Deyləmdə xürrəmilərin sayı 300 min nəfərə çatırdı”. Bu qədər çoxsaylı qüvvəsi olan bir sərkərdəyə qarşı Sünik kimi kiçik bir vilayətin hakiminin güclü qoşunla çıxış etməsi qeyri-mümkün idi. Olsun ki, qüvvələr nisbətini gözəl anlayıb-bilən Sünik knyazı Babəklə dostluğu daha uyğun görmüş və qızını ona ərə vermişdir. Eyni zamanda, IX əsrin əvvəlində ermənilərin Gegarkunik vilayəti adlandırdığı Göyçə gölü civarında erməni-hayların yaşadığını sübut edən dəlillərin olmaması mənbə məlumatlarında Babəkin guya on beş minədək əhalini qırması barədə yazılanları şübhə altına alır. Təxmin etmək olar ki, həmin torpaqların nəzarətdən kənarda qaldığı bir şəraitdə erməni-haylar həmin yaylaq ərazilərinə nəzarəti əllərinə keçirmək istəmiş, lakin Babək vaxtında addım ataraq ələ keçirilmiş qədim Alban monastırında (nəzərə almaq lazımdır ki, erməni-hayların dini inancında monastır yox, məhz qriqorian kilsə sistemi olmuşdur) toplaşan erməni-hay din xadimlərinin planlarını gözündə qoymuşdur. Və bəzi tədqiqatçıların guya Vasakın erməni-hay olması barədə fərziyyəsi də bu fonda əhəmiyyətini itirir, burda quzey Azərbaycan ərazilərində, o cümlədən də, indiki qərbi Azərbaycanın ərazilərini əhatə edən Sünik knyazlığındakı xristian (isəvi) alban feodallarından söhbət gedə bilər ki, bunu da tarixçilərimiz Z.Bünyadov, N.Vəlixanlı və digərləri hələ sovet dövründə yazdıqları əsərlərində müxtəlif formalarda dəfələrlə qeyd etmişlər.

         Stefanus Orbelianın yazdığına görə, təxminən 828-ci ilin əvvəllərində Babək Geğarkuniyə (Göyçə gölü civarına) gedərək Makenik din xadimlərinin əmlakını qarət etmiş, onların imarətlərinə od vurmuşdur. Babək təhlükəsinin yaxınlaşdığını duyan erməni-hay din xadimləri iki dəstəyə bölünərək bölgəni tərk edib aradan çıxmışlar.

         Babəkin erməni-haylarla bağlı fəaliyyəti bu söylədiklərimizlə məhdudlaşmır. Tarixi mənbələrin məlumatlarından bilirik ki, təxminən 827-828-ci illərdə Babək quzey Azərbaycanın bir sıra yerli feodallarının, o cümlədən Beyləqan hakimi olan Əbu Musa Yesainin (erməni mənbələrində İstifanus və ya İsa ibn İstifanus) xahişi ilə onlara kömək etmiş, Balasakanın xristian əhalisinin və pavlikianların üsyanını sərt bir şəkildə yatırmışdır. Babək qoşunları tərəfindən məğlub edildikdən sonra üsyançı pavlikianlar pərən-pərən düşüb dağılışmış, mənbələrin məlumatlarına görə, onların böyük bir qismi Bizans ölkəsinə qaçmışdır.

         Pavlikian­ların kimliyi barədə araşdırmalar ənənəvi fərziyyələrdən fərqli bir baxış bucağını ortaya çıxarır. Babək hərəkatı dönəmində güclənmiş bu təriqət hətta bir sıra Arran knyazlarını özləri ilə hesablaşmağa məcbur etmişdilər. Məsudinin əsərində onların adları “bəyaliqə” (baylakani) kimi çəkilir. Pavlikianların dini inancı barədə Z.Bünyadovun gəldiyi nəticə bu olmuşdur ki, bu təriqət Albaniyaya aid olsa da, xristianlıqla atəşpərəstlik arasında orta mövqe tutmuşdur. Türkiyəli alim Osman Turan bildirir ki, «Gerçekten Mani dini Bizans Anadolusunda Pavlakiler (Arapça cemi’ şekli ile Bayalıka, fransızca Pauliciens), Balkanlarda Bogomil’ler, Dalmaçya sahillerinde Kathar’lar ve cenubi Fransa’da Albigeois’lar adı ile meydana çıkarak cihan-şümül bir din olmağa başladı». Digər Türkiyəli alim, dr.Harun Güngör isə «Orta Asya’da Mani dininin yayılması ve Türk kültürüne etkisi» adlı araşdırmasında Mani dininin ermənilər arasında Pavlikian məzhəbi adı altında öz varlığını sürdürməsini qeyd edir.

         Moisey Kaqankatvatsinin “Aqvan tarixi” əsərində Babəkin 828-833-cü illər ərzində erməni-haylara və onlara məxsus xristian təriqətlərinə qarşı mübarizəsinə geniş yer verilmişdir. Bu barədə sözügedən əsərdə, yuxarıda qeyd etdiklərimizlə yanaşı, Babəkin Makenatsi monastırını yandırmasından sonra baş vermiş hadisələr barədə aşağıdakı maraqlı məlumatlar da vardır: “Bu hadisə erməni təqviminin 276-cı ilində (828-ci ildə) baş vermişdi. İki ildən sonra Baban Tavusini talan etdi və təxminən 150 min nəfəri ordan qovdu. Növbəti ildə Baban Getanın oğlu İbrahimi (güman ki, bu ad İbrahim ibn Əta olmalıdır) məğlub etdi. Elə həmin il dostluq və sülh bəhanəsi ilə, Davon və Şapur Balakanlıları məğlub edən Babanı ora dəvət etmiş Ablasad (Əbül Əsəd) adıyla tanınan İstifanı xəyanət yolu ilə öldürdülər, və Bertsor vilayətini və Uryaç, Karnakaş, Qakari (Həkəri çayı vadisi ola bilər), Tafat adlı yerləri viran qoyub boşaltdılar. Onlar yenə də Babana qarşı qəzəblənib döyüşlə müqavimət göstərərək Horoz qalasında möhkəmləndilər və 12 il ərzində Verin Vaykunik, Bertsor, Sisakan, Qaband, Amaras, Pazkani, Mxank və Triqavar vilayətlərini əllərində saxladılar. Bundan sonra yaxınlaşan qüvvələr Ablasadın qatillərini ələ keçirərək işgəncə ilə öldürdülər, və Ablasadın əmisi oğlu, sülhpərvər bir adam olan, Əbu Musa kimi tanınan Yesai bu vilayətləri ələ keçirərək hər kəsin üzərində hakim oldu. Elə həmin il İranlı Baban Araz çayını keçib Amaras vilayətinə yürüş etdi, oranın əhalisi ilə sülh dilində danışıb onları öz hakimiyyəti altına almaq istədi. Çoxları müəyyən müddətə inanıb ona tabe oldular, ancaq sonradan aldandıqlarını görüb hiddətləndilər. Baban Rüstəm adlı birisini orda qoşun sərkərdəsi kimi qoyaraq ordan İrana Atrpatakana qayıtdı və ona tapşırdı ki, qaladakılarla savaşmasın, onları sülh yolu ilə tabe olmağa cəlb etsin. Ancaq Rüstəm Babanın əmrinə laqeyd yanaşıb qalada möhkəmlənmişlərlə müharibəyə başladı...”.

         Babəkin 830-cu ildə yürüş edərək aldığı Tavusin adlı yer, heç şübhəsiz ki, bizim indiki Tovuz rayonu yox, Göyçə gölünün şimalındakı bölgələr ola bilər (xatırladaq ki, indiki Ermənistan Respublikasının həmin ərazilərində də hazırda Tavuş adlı inzibati rayon mövcuddur). Mənbə məlumatlarından demək olar ki, erməni-haylar xilafətlə savaşların qızışdığı həmin dövrdə fürsəti əldən vermədən Göyçə ətrafı vilayətləri ələ keçirməyə və bu torpaqlarda olan alban kilsəsinin mirasına yiyələnməyə çalışmış, onların niyyətini anlayan Babəksə yerli feodalların da birbaşa dəstəyi və xahişi ilə bölgəyə qoşun yeridərək erməni-hayların çoxsaylı qüvvələrini məğlub edib həmin bölgələrdən çıxartmış, bu torpaqları özünün rəhbərlik etdiyi faktik dövlət qurumunun tərkibinə qatmışdır. Beyləqan hakimi və mənbələrdə K.tiş adlanan qalanın sahibi olan yerli alban feodalı Əbu Musa Yesai də həmin ərazilər üzrə çox güman ki, Babək tərəfindən vali (vilayət hakimi) təyin edilmişdir. Bundan sonra 831-832-ci illərdə Babək erməni-hayların qalıqlarını sıxışdırıb bölgədən tam çıxarmaq məqsədilə onların cəmləşdiyi Amaras vilayətinə də qoşunla yürüş etmişdir.

         Sovet tarixşünaslığında hakim partiyanın maraqlarından irəli gələrək belə bir müddəa ortaya atılmışdır ki, guya bölgədəki erməni-haylar Azərbaycan xalqının ərəb xilafətinə qarşı xalq-azadlıq hərəkatına əvvəldən axıra kimi hərtərəfli dəstək vermişlər. Əslində isə həmin dövrlərdə Dvin istisna olmaqla, indiki Azərbaycan Respublikası və Ermənistan ərazilərini əhatə edən tarixi Azərbaycan torpaqlarında erməni-haylar hələ kompakt yaşamırdı və yalnız isəvi Alban (Alpan) əhalisinin tolerantlığı sayəsində quzey Azərbaycanın müxtəlif şəhərlərinə səpələnmiş halda idilər. Beyləqan, Bərdə kimi şəhərlərdə isə xristianlığın təsir dairəsindən istifadə edərək, onların müxtəlif dini sektalar formasında fəaliyyət göstərmələri ehtimalı istisna olunmur, yuxarıda gətirilən sitatlardan bu deyilənlər anlaşılır. Bundan əlavə, erməni-haylar nəinki xilafətə qarşı mübarizədə xürrəmilərə hər hansı formada yardım etməmiş, əksinə, xürrəmilərə qarşı Abbasi xəlifələrinin göndərdiyi ordulara hərtərəfli dəstək vermişlər. Akad. Z.Bünyadov bununla bağlı erməni tədqiqatçısı Y.A.Manan­dyana və V.A.Abazaya istinadən 835-837-ci illərdə Babək üsyanının yatırılma­sında erməni-hay naxararlarının (erməni-hay yerli feodalları) da öz qoşunları ilə xilafət ordusu tərəfdən iştirak etdiklərini qeyd edir.

         Xürrəmilər hərəkatı dönəminin tarixinin tədqiqi zamanı təhrifə uğramış daha bir məsələ Babəki Afşinin adamlarına təhvil vermiş feodal Səhl Sumbatın etnik-milli mənsubiyyəti məsələsidir. Bununla əlaqədar olaraq uzun illər boyu ənənəvi sovet tarixşünaslığında belə bir fikir formalaşdırılmışdır ki, Şəki qalasının sahibi olan feodal Səhl Sumbat erməni-hay mənşəli olmuşdur. Bu fikrin formalaşmasında bir qayda olaraq Moisey Kaqankatvatsinin bu günümüzə erməni-hay və rus dillərində gəlib-çatmış “Aqvan tarixi” əsərində Səhl Sumbatın müsbət qəhrəman kimi təsvir edilməsi faktı, bir də bəzi ərəb mənbələrində onun “erməni” olduğu barədə qeydlər əsas olaraq götürülmüşdür. Əlbəttə, bu müddəanın tarix elmində özünə yer tutmasında onlara aid olmayan “erməni” etnonimini öz adlarına çıxan erməni-hay tarixçilərinin də cəhdlərini qeyd etmək lazımdır, belə ki, onlar özünəməxsus bir tərzdə Səhl Sumbatın erməni-hay mənşəli qala sahibi olması müddəasından gələcəkdə hay feodallarının hələ erkən orta əsrlərdən bu yana quzey Azərbaycan ərazilərində böyük təsir gücünə və geniş torpaqlara sahib olmaları fikrini ortaya ata bilmək üçün yararlanmaq niyyəti güdmüşlər. Təəssüf ki, bəzi tədqiqatçılarımız da onların bu niyyətini anlamadan Səhl Sumbatı erməni mənşəli feodal kimi qeyd etmişlər. Lakin elə sovet dövründə bu əsassız iddiaların cavabı Azərbaycan tarixçi-alimləri tərəfindən mümkün olduğu qədər, lakin tutarlı faktlarla verilmişdir.

         Bu haqda ilk öncə onu qeyd etmək lazımdır ki, mənbələrin bir çoxunda bu tarixi surət Səhl ibn Sumbat yaxud Səhl Smbat kimi qeyd olunur. Pers yazarı Xondəmir onun ata adını “Sunbad” kimi qeyd edir, Məhəmməd Üfvi də “Cəvami əl-hekayət və ləvami-ər-rəvayət” əsərində həmin adı “Sunbat” olaraq yazır, İbn Xəldunun “Kitab əl-ibər” əsərində isə bu adamın adı “Səhl ibn Sabat” kimi yazılıb. Baxmayaraq ki, mənbələrə istinad olunarsa, bu şəxsin ismini Səhl ibn Sumbat kimi yazmağa daha çox əsas var, hər halda, onun ata adının “Sunbad” kimi qeyd olunması daha ağlabatan görünür, çünki Sunbad ismi həmin dövrdə müəyyən qədər yayılmış bir isim olmaqla yanaşı, xürrəmilərlə eyni mövqedən çıxış etmiş Sunbadilərin rəhbərinin adında da rastımıza çıxır. Muhəmməd Əbdülkərim əş-Şəhristani İsfahanda xürrəmilər adlanan qüvvənin Reydə Sünbadilər adlandığını yazır və hər iki qüvvəni eyniləşdirir. Təbəri də “Tərix ər-rüsul və-l-müluk” əsərində yazır ki, “Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi”. Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi ehtimalı daha inandırıcı görünür.

         Mütəhhər ibn Tahir Müqəddəsi “Kitabül-əl-bəd və-t-tarix” əsərində, Məsudi “Müruc-əz-zəhəb” əsərində, həmçinin, İbn Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alim Clement Huart da bunların əsasında “Encyclopedie de L’Islam”da  Səhlin erməni olduğunu yazır. Xondəmir “Həbib-əs-siyar fi əxbari əfrad-əl-bəşər” əsərində Səhlin erməni olduğunu yazsa da, digər əsəri olan “Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar” kitabında belə bir ziddiyyətli məlumatı verir: “O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sumbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi”.

         Səhl ibn Sumbatın etnik-milli kimliyi ilə bağlı ən maraqlı və həqiqətəuyğun hesab edilə biləcək məlumatlardan birinə Moisey Kalankaytuklunun “Alban tarixi” əsərində rast gəlmək olur, belə ki, mənbə müəllifi həmin adamı “çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat”adlandırır, bir yerdə də onu vəsf edərək “Albaniyanın qədimdən bəri sahibi olan Arranşahlardan olan biri” kimi təqdim edir. Qeyd edək ki, erməni-hay tarix mənbələrində Arran adlı insan “Nuh oğlu Yafətin törəmələrindən Sisak nəslinə mənsub” biri kimi qeyd olunur və bu bölgədəki Arran toponimi onun ismi ilə əlaqələndirilir. Yafətin türklərin əcdadı olması tarix elminə çoxdan məlumdur. Akad.Z.Bünyadov apardığı araşdırma nəticəsində “Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu” bildirir, daha bir yerdə də onu “alban knyazı Səhl ibn Sumbat” adlandırır. N.Vəlixanlı da eynilə bu fikri dəstəkləyir, sadəcə Səhlin mənsub olduğu nəslin adını “Zermirh” şəklində qeyd edir. Digər alimimiz S.Əliyarlı da həmçinin mənbələr əsasında “Səhl ibn Sumbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olduğunu” yazır. Z.Bünyadov həmçinin Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir.

         Səhl ibn Sumbatın etnik mənsubiyyətinə görə erməni (hay) olmamasını təxmin etməyə əsas verən daha bir faktı Səid Nəfisi öz əsərində qeyd edir: “Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü”. Burdan bilmək olur ki, erməni-haylar, heç də öz mənbələrinin qeyd etdiyi kimi, Səhli dəstəkləmirdi, əksinə, onların bir hissəsi xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürsün.

         Səhl ibn Sumbatın xristian (isəvi) olması isə dəqiqdir. Bu haqda Məhəmməd Üvfi yuxarıda adını çəkdiyimiz əsərində, eləcə də, İbn-İmad Hənbəli “Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb” əsərində, Şəmsəddin Əbu Abdullah Zəhəbi “Düvəl-əl-İslam” əsərində, Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində, Abdullah ibn Əsəd Yafei “Mirat-əl-cünan və ibrət-əl-yəqzan” əsərində və bir çox başqa tarix yazarları qeydlər ediblər. Səid Nəfisi Səhlin patrik (petrik) kimi bəzi mənbələrdə qeyd olunmasını araşdıraraq bu nəticəyə gəlir ki, Səhl Babəki tutdurduqdan sonra xəlifə Mötəsimin xeyir-duası ilə patrik olub. Səhlin dini inancının öncədən nə olduğunu müəyyən etmək çətindir, çünki onun xristian olması barədə mənbələrdə ümumən məlumatlar çoxdur. Onun etnik kimliyi ilə bağlı söylənilən faktlar bu fikri bildirməyə imkan verir ki, Səhl ibn Sumbat isəvilik dinində qalmağı münasib bilən Qarabağ albanlarından olub, əks təqdirdə erməni-haylara qarşı cəbhə açmış Babək kimi ayıq-sayıq bir sərkərdə heç bir zaman erməni-haylardan olan bir qala sahibinə etibar etməzdi. Üstəlik, daha bir incə məqama diqqəti cəlb etməkdə fayda vardır. Belə ki, yazının əvvəlində erməni-hayların bir qayda olaraq Əməvi və Abbasi xəlifələrindən mədət umduqlarını və Bizansın çökməsindən sonra xəlifələrin ətəyindən bərk yapışdqlarını bir sıra mənbə məlumatları əsasında qeyd etmişdik. Onlardan fərqli olaraq, Səhl ibn Sumbat konkret olaraq hələ 821-822-ci ildə Mehranilərin son nümayəndəsi II Varaz Trdat öldürüldüyü zaman Abbasi xəlifəsinin bölgəyə göndərdiyi qoşuna qarşı çıxış etmiş, xəlifənin ordusunu məğlub edərək onların əldə keçirdikləri çoxsaylı əsirləri azad etmişdi. Bu hadisəni Təbəri də öz əsərində qeyd edir. Z.Bünyadov bu hadisəni xatırladaraq bildirir ki, “gördüyümüz kimi, Səhl hələ müttəfiqi Babək məğlub edilməzdən əvvəl özü qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə “xəlifə bilə-bilə etinasız buraxmışdı””. Buna bənzər daha bir maraqlı məlumata Səhl ibn Sumbat barəsində İbn-Vazeh Yəqubidə rast gəlinir: “Afşin Azərbaycana gəldikdə Ərməniyyəyə vali Məhəmməd ibn Süleyman əl-Azdi əs-Səmərqəndini təyin edir. O, (ölkəyə) gəldikdə Ərranda Səhl ibn Snbat üsyan qaldrmışdı. Məhəmməd buranı (Arranı) alır və onun ölkəsinə daxil olur. Lakin Səhl ona hücum çəkir və onu qaçmağa vadar edir. Bu vaxt Varsanda Məhəmməd ibn Übeydullah əl-Varsani üsyan qaldırır”. Nəticə etibarilə, digər alban feodalları kimi, Abbasi xəlifəsi tərəfindən öldürtdürülən Səhl ibn Sumbatın mübarizəsinin mahiyyətinə bu yazı daxilində toxunmaq istəmədiyimizə görə bu haqda danışmırıq.

         Beləliklə, qeyd olunan faktlar əsasında söyləmək mümkündür ki, IX əsrin ilk yarısında Azərbaycanı və Abbasilər xilafətinin bir çox yerlərini geniş əhatə etmiş xürrəmilər hərəkatı dönəmində bölgədə mövqeyə sahib olmaq istəyən erməni-hay feodalları və erməni kilsəsi xürrəmilərə və Azərbaycan xalqına qarşı xilafət sarayı ilə əlbir fəaliyyət göstərməyə çalışmış, xürrəmilərə hər hansı bir dəstək verməmiş, əksinə, güclünün yanında yer almaqla öz etnik-milli maraqlarından çıxış etmiş və xürrəmilər hərəkatının yatırılmasında xilafət qoşunları ilə birlikdə hərəkət etmişlər. Erməni-hayların tutduqları bu mövqeni əvvəlcədən uzaqgörənliklə görüb-anlayan Azərbaycan torpaqlarının faktiki hökmdarı Babək onların bu məkrli fəaliyyətinin qarşısını almaq məqsədilə real addımlar atmış, bir neçə dəfə onların cəmləndikləri quzey Azərbaycanın qərbinə doğru yürüşlər etmiş, erməni-hay kilsəsinin hərtərəfli yardım etdiyi erməni-hay feodallarının qüvvələrinə müxtəlif istiqamətlərdə ağır zərbələr endirərək onları bu bölgələrdən sıxışdırıb çıxarmağa nail olmuşdur.

 

Babək Xürrəmi Vətən tarixşünaslığında

Müasir dövrdə həyatın müxtəlif sahələrində baş verən qloballaşma ilə birlikdə milli dərketmə və milli kimlik ətrafında müzakirlərin daha intensiv şəkil aldığı müşahidə olunur. Milli kimliyin dərk edilməsi üçün zəruri faktorlardan biri Vətən tarixinin keçmiş səhifələrinin dərindən, şüurlu şəkildə  öyrənilməsidir. Məhz bu baxımdan tariximizin bir sıra səhifələri daha dərindən öyrənilməli, bəzi hallarda əvvəlcədən uydurulmuş saxta konsepsiyalardan imtina edilməlidir. Azərbaycanın ayrı-ayrı tarixi şəxsiyyətlərin rolu ilə bağlı məsələlər də bu qəbildəndir. Bu baxımdan uzaq və yaxın keçmişdə tariximizin müxtəlif mərhələlərində mühüm rol oynamış, özündən sonra dərin iz buraxmış şəxsiyyətlərin fəaliyyəti konkret faktlar əsasında yenidən və daha dərindən araşdırılmalıdır.

Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri onun Ərəb Xilafətinin tərkibində olduğu (VII – IX əsrlər) dövrdür. Bu dövrün özündən sonra ən böyük iz buraxmış şəxsiyyəti isə şübhəsiz, Xürrəmilər hərəkatının rəhbəri Babəkdir. Xürrəmilər, onların rəhbərləri Əbu İmran, Cavidan və Babək haqqında tarixi mənbələrdə bir sıra məlumatlara rast gəlinir. Bu hərəkat haqqında, xüsusilə onun ən məşhur rəhbəri sayılan Babək, və onun fəaliyyəti haqqında bir sıra Vətən və xarici ölkə tədqiqatçılar tərəfindən müəyyən fikirlər söylənilmiş, müxtəlif dövrlərdə fərqli mülahizələr irəli sürülmüşdür.

Azərbaycan tarixçilərindən Z.M.Bünyadov, N.M.Vəlixanlı və başqaları öz əsərlərində Xürrəmilər hərəkatının mahiyyəti və onu rəhbəri Babəkin fəaliyyəti haqqında xüsusi olaraq bəhs etmişlər.[193][194]

Ədalət naminə qeyd etmək lazımdır ki, Babək haqqında araşdırmalar aparmış tədqiqatçların böyük əksəriyyətinin əsərlərinin ana xəttini Babəkin cəsur və yenilməz qəhrəman obrazı təşkil edir. Bununla, belə onların bir çoxlarının əsərlərində bir sıra sübyektiv yanaşmalara yol verilmiş, Babəkin fəaliyyətinin yalnız zahiri cəhətlərinə diqqət yönəldilmiş, mənbələrdə rast gəlinən məlumatlara tənqidi münasibət bildirilməmişdir.

Maraqlı cəhət budur ki, Sovet hakimiyyəti dövründə İslam dinini gözdən salmaq üçün Babək obrazından istifadə edilirdi və o, İslam dininin qatı əleydarı kimi qələmə verilirdi. Hal-hazırda isə əksinə, Babəki gözdən salmaq üçün onun yalnız İslam əleydarı olması kimi səthi yanaşmalar ön plana çəkilir. Əlbəttə, hər iki yanaşma tərzi kökündən yanlışdır və mənblərdə rast gəlinən faktların elmi şəkildə araşdırılmamasından qaynaqlanır. Digər tərəfdən bu ayrı-ayrı şəxslərin sırf ideoloji yanaşma tərzi ilə bağlıdır.

Babək və onun fəaliyyəti haqqında məlumatları əsasən, ərəbdilli mənbələrdən əldə etmək mümkündür. Lakin bu mənbələrdə bir sıra yalanlara və adi həqiqətlərin təhrifinə yol verilir. Digər tərəfdən ərəbdilli müəlliflərin özləri də bilmədən Babək və hərəkat iştirakçıları haqqında bəzi həqiqətləri etiraf edirlər. Babəki İslam dininin düşməni kimi tədqim edən həmin müəlliflər, nədənsə öz xalqının azadlığı uğrunda vuruşan Babəki “əxlaqsız”, “quldur” əksinə, öz həyatını eyş-işrətlə keçirən, sərxoşluğu adi həyat normasına çevirən xəlifələri isə “möminlərin əmiri”, “müdrik xəlifə” kimi tədim etməkdən çəkinmirlər. Həmin mənbələri süzgəcdən keçirmədən Babək haqqında əsərlər yazan bir çox tədqiqatçılar, eləcə də bəzi siyasətçilər onu bədnam etmək və gözdən salmaq üçün müxtəlif üsullara əl atırlar. Bir sıra ərəb tarixçiləri Z.M.Bünyadovun qeyd etdiyi kimi, mümkün olmayan bir şeyi – xəlifələrin, onları əhatə edənlərin mənəvi təmizliyini və qüsursuzluğunu sübut etməyə, tarix qarşısında onların üzünü ağartmağa cəhd edərək, xəlifələrin əleyhinə çıxan hər kəsi, o cümlədən Babəki heç bir elmi təhlil vermədən gözdən salmağa çalışırlar.

Babəkin tarixi şəxsiyyət kimi həqiqi obrazını ilk dəfə Z.M.Bünyadov öz monoqrafiyasında əks etdirməyə çalışmış və buna böyük ölçüdə nail olmuşdur. O, yazır ki, tarix elmində Babəkilər hərəkatı Abbasilər dövlətinin parçalanmasına səbəb olan siyasi qüvvələrdən biri və möhtəşəm xalq hərəkatı kimi təqdim edilir. Lakin bu, Babəkin rəhbərlik etdiyi hərəkatın və Babəkin özünün tarixi rolunu yalnız təhrif edilmiş şəkildə göstərir. IX əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi qiymətləndirmək azdır. Bu, Azərbaycan xalqının qüdrətli azadlıq müharibəsi idi.

Xatirəsi

  1. Naxçıvan Muxtar Respublikasının rayonlarından biri Babəkin adını daşıyır.
  2. Babəkin Naxçıvan şəhəri, Babək rayonuvə Xaçmaz şəhərində heykəlləri qoyulmuşdur.
  3. Babəkin adı Bakıvə Gəncə şəhərlərində prospektə verilmişdir.
  4. 1979-cu ildə "Azərbaycanfilm" kinostudiyası"Mosfilm" kinostudiyası ilə birlikdə Eldar Quliyevin rejissorluğu ilə Babək haqqında filmçəkmişdir.
  5. 1996-cı ildən başlayaraq hər il Babəkin doğum günü kimi qeyd edilən 26 iyuntarixində Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri Bəzz qalasına yürüş keçirirlər.
  6. Azərbaycan bəstəkarı Aqşin Əlizadə1979 - cu ildə şərəfinə Babəkbaletini bəstələmişdir.
  7. Xalq yazıçısı Ənvər Məmmədxanlı"Babək" romanını yazmışdır. "Babək" filmi də onun ssenarisi əsasında çəkilmişdir.
  8. Cəfər Cabbarlının "Od gəlini" faciəsinin qəhrəmanı Elxanın prototipi də Babəkdir.
  9. Azərbaycan yazıçısı Taleh Şahsuvarlının 2009-cu ildə çapdan çıxan "Canlanma" tarixi metaromanında Babəkdən bəhs olunub
  10. Akif Əli Babəkin şərəfli mübarizəsindən bəhs edən "Azman" əsərini yazmışdır (2013)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR