Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlıların tez və qəflətən ölmələrinin SƏBƏBİ BİLİNDİ

Azərbaycanlıların tez və qəflətən ölmələrinin SƏBƏBİ BİLİNDİ
Sakura

Azərbaycanlıların tez və qəflətən ölmələrinin SƏBƏBİ BİLİNDİ

Dünyada trans yağların istehlakı nəticəsində ölüm hallarının üçdə ikisinə qədəri ABŞ, Azərbaycan, Banqladeş, Butan, Ekvador, Hindistan, İran, Kanada, Koreya Respublikası, Latviya, Meksika, Misir, Nepal, Pakistan, Sloveniyanın payına düşür. Bu siyahıda Azərbaycanın da adının hallanması, təbii ki, təşvişə səbəb olur.

Bəs Azərbaycanla bağlı bu rəqəm reallığı əks etdirirmi, sağlamlığımız üçün əsas təhlükə hesab edilən belə yağlardan uzaq olmağın necə, bir yolu varmı?

Qida üzrə ekspert İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Düzü, Azərbaycanla bağlı açıqlanan bu məlumatla razı deyiləm. Çünki qeyd edim ki, Azərbaycanda yalnız şəhər əhalisi bu cür yağları istehlak edir. Rayon əhalisinin çoxu isə öz məhsullarından istifadə edir. Bu sadəcə olaraq sensasiya xətrinə deyilən fikirdir. Fikrimcə, Azərbaycanla bağlı vəziyyət deyildiyi kimi deyil.

Düzdür, razıyam ki, Azərbaycanda mağazalardan aldığımız bütün yağların tərkibində trans yağlar var, bu, sirr deyil. Sovet dövründə marqarin-kərə yağı ifadəsi vardı, camaat marqarindən qaçırdı. Mağazalarda indi kərə yağı yoxdur, hamısı spreyddir. Onların tərkibində trans yağlar var. Amma bu, o demək deyil ki, Azərbaycanda bütün ölüm və xəstəliklər məhz trans yağların hesabına olub. Trans yağlardan ölümlər deyildiyi səviyyədə deyil".

Bəs satışda olan yağların nə qədəri trans yağdır, sualına cavab olaraq isə İ.Əhmədov onlar tərəfindən bu istiqamətdə hansısa araşdırmanın aparılmadığını bildirib: "Biz sadəcə olaraq belə yağların elmi əsası ilə məşğul oluruq. Gələn yağların tərkibini analiz etmirik. Bu yağların nə qədəri gəlmədir, nə qədəri yerli istehsaldır, bilmirik. Sadəcə olaraq onu deyə bilərəm ki, bu yağlar kifayət qədər təhlükəlidir, qaraciyərin, ürək, qan-damar sisteminin bir nömrəli düşmənidir".

Ekspert deyir ki, yağ alarkən dadına görə onu fərqləndirmək lazımdır: "Bizim bundan başqa əlacımız yoxdur. Kənd yeri deyil ki, özümüz istehsal edək. Kənd yağı adı ilə satanların da babalı öz boyunlarınadır. Nə bilək ki, tərkibinə marqarin qatılıb, ya yox. Yalnız laborator üsullarla yağın tərkibini təyin edib ona qiymət vermək olar".

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə açıqlamasında trans yağlarla bağlı onlara çoxsaylı müraciətlərin daxil olduğunu deyir: "Azad bazar olduğundan istehlakçının seçim hüququ var. Təəssüflər ki, bəzən bitki yağları, spreyd yağlar da kərə yağı adı altında satılır. Biz illərlə bu cür müxtəlif yağların bazardan çıxarılmasına nail olmuşuq".

Duru yağların qatılaşaraq trans yağlara çevrildiyini deyən E.Hüseynov Azərbaycanın yağ bazarında hərc-mərcliyin olduğunu diqqətə çatdırıb. O, bundan başqa, ölkədə malların markalanmasında problemlərin olduğunu deyib.

E.Hüseynov bu gün Azərbaycanda istehlakçıların daha çox maraq göstərdiyi Yeni Zellandiyadan gətirilən yağlar haqda da danışıb: "Yeni Zellandiyada konfransda olduğum müddətdə Azərbaycan üçün də yağların istehsal olunduğu zavoda getdim. Bütün prosesi izlədim. Məlum oldu ki, Yeni Zellandiyadan Azərbaycana gətirilən yağlar normal kərə yağlarıdır".

"Bəs əsl kərə yağını necə fərqləndirək?" sualına cavab olaraq isə həmsöhbətimiz deyir ki, əsl kərə yağı kəsəndə parçalanır, donanda isə çox bərk və sümük rəngində olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə bildirilib ki, trans yağlar gövşəyən heyvanların (inək, qoyun, dəvə) orqanizmində təbii halda yaranır: "Habelə bitki yağlarının rafinə edilməsi zamanı da trans yağların əmələ gəlməsi məlumdur. Belə ki, rafinasiya prosesindən sonra duru yağlarda 3,5%-dən çox trans izomerin yarandığı müəyyən edilib. Hətta məişətdə qidaların qızardılması zamanı istifadə olunan yağlarda da trans yağ turşularının əmələ gəldiyi məlum olub".

AQTA-dan bildirilib ki, son zamanlar hazır qida məhsullarının - "fastfood"ların istehlakının artımını nəzərə alsaq, tərkibində trans yağlar olan ərzaqları tanımaqla sağlamlığımızın qeydinə qala bilərik: "Daha çox hamburger, pizza, səhər yeməyi üçün hazır qidalar, qəlyanaltılar (snack), peçenye, çips, vafli, kreker, şokolad, konfet, marqarin, qızartma yağları, qat-qat xəmir, keks, biskvit, sous, mayonezin istehalında bu yağlardan istifadə olunur".

Bu yağların zərərinə gəldikdə isə qeyd olunub ki, gündəlik qida rasionunda trans yağ turşularının qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər: "Trans yağ turşuları sis yağ turşuları ilə müqayisədə daha yuxarı temperaturda (25±5°C) əridiyindən qidalanma fiziologiyası və ürək-damar xəstəlikləri baxımından mənfi təsirə malikdir. Belə ki, trans yağlar aşağı sıxlıqlı lipoproteini (“zərərli” xolesterol) artırıb, yuxarı sıxlıqlı lipoproteini (“xeyirli” xolesterol) azaltmaqla ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Həmçinin trans yağ turşuları orqanizmin hüceyrələrində insulinə qarşı rezistentlik əmələ gətirərək diabetə meyilliliyin yüksəlməsinə, aterosklerozun və xroniki iltihabi proseslərin inkişafına şərait yaradır".

"Trans yağlardan qorunmaq üçün nə etməliyik?" sualına cavab olaraq isə bildirilib ki, paketlənmiş hər hansı bir qidanın trans yağa malik olub-olmadığını öyrənmək məqsədilə, etiket məlumatlarını və məhsulun tərkibi barədə məlumatların qeyd edildiyi bölmələri diqqətlə oxumaq lazımdır. Belə ki, bəzi qablaşdırma məlumatlarında "trans yağ" əvəzinə "hidrogenləşdirilmiş bitki yağı" ifadəsi yazılır. Buna diqqət etməklə, özümüzü trans yağların mənfi təsirindən və sağlamlığımıza yarada biləcək təhlükədən qoruya bilərik.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21%, ölüm riskini isə 28% artırır. Bundan başqa, trans yağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, Alzheimer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur. Bundan başqa, belə yağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir.

Böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sistemində pozuntuların yaranmasına səbəb olur. Trans yağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyi də sübut olunub. Bundan baqşa, digər araşadırma  ilə trans yağ turşularının istehlakı ilə postmenopauza (klimaks) dövründə olan qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi riski arasında qarşılıqlı əlaqənin olduğu sübut edilib.

 

Mənbə: Baku.ws

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR