BBC Azərbaycanca üçün "Azərbaycan əhalisi istirahətini necə keçirir?" - sualına sakinlər cavab verir…
Fotoqraf İradə Qədirova artıq bir ildən çoxdur ki, ölkədaxili turizmə, xüsusi ilə yürüş və kəmpinqə üstünlük verir.
"İstirahət üçün əvvəllər bir neçə xarici ölkəyə səyahətə gedirdim. Son bir il ərzində isə həm maddi vəziyyət, həm işimi nəzərə alıb ölkə daxilində səfərlərə çıxıram. Amma bu da ucuz başa gəlmir,"- gənc fotoqraf deyir.
Qədirova bildirir ki, ucqar dağ kəndlərinə bir günlük yürüşün 45-50 manat xərci var. Ayda 2-3 dəfə yürüşə qatılarsa, aylıq məvacibindən bunun üçün 150-200 manat ayırmalı olur.
"Fərdi səyahətlər baha başa gəlir. Təkcə çadırın qiyməti 150-200 manatdır. Bundan əlavə digər ləvazimatlar da var ki, kifayət qədər qiymətləri bahadır. Qısa müddətli yürüşlər üçün qrup şəklində yola çıxmaq daha sərfəlidir. Kəmpinqə ehtiyac olarsa təxminən 150 manata yaxın xərc çıxır. Bu zaman çadır, yataq torbası və başqa vasitələri tur təşkilatçısı özü təmin edir," - o deyir.
Gənc fotoqrafın sözlərinə görə, bu cür səyahətlər ölkə daxilində tədricən inkişaf etməyə başlayır. Sosial şəbəkələrdə vaxtaşırı yürüş və kəmpinqin təbliği gənclərin marağına səbəb olur.
"Azərbaycanda əhali komfort mühitə, istirahətə öyrəşdiyi üçün bu cür aktiv həyatdan uzaq qalır. Bəzən komandamıza 70-75 yaşlı əcnəbilər qoşulur. Amma bizdə hələlik ən yuxarı yaş həddi 40-45 olub,"- Qədirova bildirir.
"Avropada olarkən müşahidə etdim ki, səyahət, xüsusi ilə tələbələr üçün bir həyat tərzi, maraqdır və buna görə heç də onlara çox pul lazım olmur. Azərbaycanda isə bir çoxları üçün hələ də istirahət Türkiyəyə gedib, 2-3 həftəni çimərlikdə keçirməkdən ibarətdir," - 38 yaşlı Hüseyn Sultanoğlu deyir.
Səyyah səfərlərində şəhərdaxili ictimai nəqliyyatdan minimum istifadə və ucuz qonaq evlərindən yararlanmaqla bir il öncə planlaşdırdığı marşrut üzrə ekonom səyahət edib. Son yay mövsümündə isə o dörd Avropa ölkəsi və on şəhəri gəzmək üçün toplam 800-900 avro xərclədiyini qeyd edir.
Hüseyn Sultanoğlunun fikrincə azərbaycanlıların istirahət və səyahətə vaxt ayırmamasına səbəb heç də çox zaman maddi durum olmur. O qeyd edir ki, hətta aylıq gəliri yüksək olanlar arasında istirahətinə prioritet kimi baxmayanlar, xarici dil biliyi olmadığınıdan səfər etmək istəməyənlər də var.
"Avropa ölkələri üçün viza rejimi sadələşsə Azərbaycana turist axını çox olacaq. Belə olanda isə yerli əhali avropalılarla daha çox ünsiyyət qura biləcək, onlarda da digər ölkələri səyahət etmək marağı yaranacaq."- o deyir.
Hüseyn Sultanoğlu bildirir ki, ölkədaxili turizmin zəif inkişaf etməsinə səbəb təbliğatın və infrasturkturun düzgün olmamasıdır.
"Azərbaycanda avtobus marşrutlarının cədvəli, gəziləcək şəhərin xəritəsi, məkanlar haqqında çox informasiya olmadığınıdan insanlar rahatlıqla səyahət edə bilmir. Turizmə maraq oyatmaq üçün ilk növbədə dövlət tədbir görməlidir, bunun təbliğatı olmalıdır,"- səyyah bildirir.
"Bölgələrdəki 4-5 ulduzlu hotellərin qiyməti çox bahadır. Ucuz hotel, hostel olmalıdır ki insanlar seçim edə bilsin,"- Şahnaz və Hüseyn İsmayılovlar deyir.
Gənc ailənin fikrincə Azərbaycanda yalnız imkanlı təbəqə dəbdəbəli istirahətini bahalı hotellərdə keçirə bilir. Ekonom turizm, ucuz səyahət mədəniyyəti hələ ki formalaşmadığından az büdcə ilə səyahət edənlər üçün seçim imkanları demək olar ki, yoxdur.
"Öz büdcəmizlə ildə ən azı bir-iki dəfə xaricə səyahət edirik. Həmişə də ekonom büdcə ilə səfərə çıxırıq. Həm ailənin xərclərini nəzərə alırıq, həm də bu cür aktiv istirahət daha maraqlı olur. Qalacaq yer kimi hotel deyil, hostelləri seçirik," - Hüseyn İsmayılov əlavə edir.
İsmayilovlar ailəsi bildirir ki, bu il maddi xərcləri çox olduğundan xaricə səyahət edə bilməyiblər. Əvəzində yay tətilini ölkə daxilində bölgələrə səfər edərək keçiriblər. Bu istirahətlərinə görə onlar təxminən 200-300 manat xərcləməli olublar.
"Adətən hansısa bölgəyə istirahətə gedəndə sosial şəbəkədə yazaraq kömək istəyirəm. Dostlarımız çoxdu deyə sərfəli qiymətlə qalacaq yeri tapa bilirik. Amma hamının ətrafı geniş deyil. Ona görə ekonom səyahət etmək imkanları olmur," - Şahnaz Hüseynova bildirir.
Gənc ailənin fikrincə, xaricə səyahət edən birinin aylıq gəliri minimum 500 manat olmalıdır. Bu halda o ekonom büdcədən yararlanmaqla səyahətini planlaya bilər.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət