Azərbaycanlı qrafik dizayner Bakı kəndlərinin gerblərini yeniləyib
Məlum olduğu kimi, dünyanın əksər ölkələrində vaxtilə mədəni, ictimai-siyasi mərkəz rolunu oynamış şəhərlərin müxtəlif simvolları ilə yanaşı, gerbləri də olub. Azərbaycan şəhərləri, xüsusilə ölkəmizin paytaxtı da bu cəhətdən istisna deyil. Aparılan tədqiqatlar göstərir ki, şəhərlərimizin ilk gerbləri çar Rusiyasının müstəmləkəçiliyi dövründə - 1843-cü ildə yaradılıb. Bakının bizə məlum olan ilk gerbi də həmin ildə ərsəyə gətirilib.
1883-cü ildə isə Bakının gerbi dəyişdirilərək qalxan üzərində qara fonda qızılı rəngdə üç alov işarəsi əksini tapıb.
Lakin Azərbaycan paytaxtının rəsmi gerbinin qəbul olunduğu gün 1967-ci 14 apreldir.
Maraqlıdır ki, ayrı-ayrı dövrlərdə paytaxtımızın 32 kəndinin də gerbləri hazırlanıb. Sovet dövründə yaradılan Bakı kəndlərinin gerblərində söz yox ki, həmin dönəmin ictimai siyasi tələbləri də nəzərə alınıb və bir sıra hallarda həmin kəndlərə aid elementlər, xüsusiyyətlər nəzərə alınmayıb, əksinə çox vaxt tamamilə yad, aidiyyatsız təsvir və simvollardan istifadə olunub. Lakin istənilən halda bu gerblər paytaxtımızın tarixinin maraqlı bir hissəsidir.
Görünür, məhz bu amilləri nəzərə alan qrafik və motion dizayner (Graphic və Motion Designer) Mirzə ağa Gündüzlü Bakının 27 kəndinin gerbini yeniləyib. Onun bildirdiyinə görə, sosial şəbəkələrdə "Bakının 32 kəndinin gerbləri" adlı paylaşım diqqətini çəkib. Karantin günlərində evdə qalmasından səmərəli istifadə edən Mirzə ağa Gündüzlü əldə etdiyi köhnə təsvirlər əsasında 27 kəndin gerbini yeniləyərək öz facebook hesabında paylaşıb. Müəllifin özünün də qeyd etdiyi kimi, bərpa zamanı təsvirlər olduğu kimi saxlanıb, sadəcə kəndlərin adları latın əlifbası ilə qeyd olunub. Söz yox ki, M. Gündüzlünün bu maraqlı təşəbbüsünü paytaxtımızın rəsmi gerbinin təsdiqləndiyi günün ildönümünə hədiyyə kimi də qəbul etmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox