Dərc edildi: Baxış sayı: 934
Azərbaycanlı Gənc Alim Tanınmış Rusiya Alimləri Ensiklopediyasında
Hər zaman öz gözəlliyi, əsrarəngizliyi ilə seçilən Azərbaycan yurdu qədim zamanlardan bu günədək bir çox elm xadimləri, ziyalılar və alimlər yetişdirmişdir. Azərbaycan alimləri Şimali Amerikadan Qərbi Avropaya qədər eləcə də Şərq ölkələrində məskunlaşmış və orada böyük elmi nailiyyətlər əldə etmişlər. Bütün bu amillər Azərbaycan xalqının və millətinin elmə, təhsilə verdiyi önəmi bir daha sübut edir. Həmçinin ölkə başçımız Cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycan elminin inkişafıdır. Çox sevindirici haldır ki, bu siyasəti dəstəkləyərək bir çox gənc alimlərimiz Azərbaycan elmini başqa dövlətlərdə təmsil edir və bütün dünyaya tanıtdırırlar.
Həmin gənc alimlərdən, tədqiqatçılardan biri də siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının həqiqi üzvü Elvin Bəhruz oğlu Talışınskidir. Nəzərinizə çatdırım ki, E.Talışınski hələ tələbəlik illərində elmə, təhsilə bağlı olmuşdur. O, öz təhsilini orta məktəbi bitirdikdən sonra Azərbaycanın görkəmli akademiki Arif Mircəlal oğlu Paşayevin rəhbərlik etdiyi Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq fakültəsində davam etdirir. Bakalavr və magistr təhsilini bu ali təhsil müəssisəsində əla qiymətlərlə bitirəndən sonra Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında qloballaşan dünyada ən aktual mövzulardan biri olan "İnformasiya müharibəsində Azərbaycanın yeri və rolu" adlı dissertasiyasını müdafiə edir. Nəhayət ki, bu mərhələdən sonra gənc alim elmdə yeni bir nailiyyətə imza atır. E.Talışınski siyasi elmlər üzrə fəlsəfə doktoru adını qazanır. O, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Gənc alimlər şurasının sədri vəzifəsində çalışmışdır. Elə bu müddət ərzində AMEA-nın əməkdaşı kimi dəfələrlə xaricə ezam olunmuş və Azərbaycan elmini layiqincə təmsil etmişdir. Bu günə qədər gənc alimin 50-dən çox elmi məqaləsi, biri Almaniyada nəşr olunmaqla 3 monoqrafiyası çap olunmuşdur. Elvin müəllimin dil bilgisi sayəsində Azərbaycan elmini bir sıra xarici dövlətlərə də çatdıra bilmişdir. O, xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumların iştirakçısı olmuş və məruzələrlə çıxış etmiş, elmi müsabiqələrin qalibi və laureatı olmuşdur. Bundan əlavə olaraq Elvin Bəhruz oğlu Talışınski Beynəlxalq Təhsil Akademiyasının da yeganə azərbaycanlı həqiqi üzvüdür.
Gənc tədqiqatçının və Azərbaycan elminin ən əsas uğuru isə adının "Tanınmış Rusiya Alimləri Ensiklopediyası"nda yer almasıdır. Bu isə heç də təsadüfi deyildir. Çünki o, Rusiyanın Dağıstan və Tatarıstan, həmçinin bir çox şəhərlərində, Ukrayna, Qazaxıstan, Özbəkistan və MDB məkanında bir neçə dəfə olmuş, dövlətimizi, elmini təmsil edərək bu ölkələrdə hörmət qazanmışdır. E.Talışınskinin Kanada və Ukraynada nəşr edilən beynəlxalq elmi jurnallarda xarici əlaqələr üzrə redaktor müavini olması da elmimizin inkişafı istiqamətində atılan bir uğurdur.
Gənc alimə ilk növbədə bir azərbaycanlı kimi, eyni zamanda elmə, təhsilə önəm verən şəxs olaraq Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə, azərbaycançılığın təbliğinə sərf etdiyi əməyə görə öz təşəkkürümü bildirir və bundan sonrakı işlərində, nailiyyətlərində müvəffəqiyyətlər arzulayıram! Hər zaman Elvin müəllim kimi vətəninə, xalqına, dövlətinə və millətinə bağlı insanlar zəfər çalsın!
Mənbə: faktor.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət