Slimfit
  1. SİYASƏT

“Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır” - Rəsmi Bakıdan cavab

“Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır” - Rəsmi Bakıdan cavab
Sakura

“Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır” - Rəsmi Bakıdan cavab

"25 oktyabrda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pisləyirik".

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur.

Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi anti-terror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir.

Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub. Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur.

Bununla yanaşı, Qranada görüşünün yekun açıqlamasına istinadən müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsipləri növbəti dəfə xatırlayan Ermənistan tərəfi unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə sözügedən prinsipləri bütün səyləri ilə pozan tərəf olub.

Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır.

Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.

Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.

 

Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - deyə XİN-dən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR