Azərbaycanın yeganə təkrarsığorta şirkəti kənd təsərrüfatı sığortasına dəstək verəcək
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllü kənd təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub.
"Report" ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı sığortası ilə məşğul olan sığorta şirkətlərinin nümayəndələri, bu sahə üzrə ekspertlər iştirak edib.
Görüşdə Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin təqdimatı olub. Şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib ki, bundan sonra kənd təsərüfatı risklərinin təkrar sığortalanması sahəsində heç bir çətinlik olmayacaq. Belə ki, əvvəllər könüllü kənd təsərrüfatı sığortasında təkrarsığorta problemləri olduğuna görə sığorta şirkətləri bu sahədə satışın həyata keçirilməsində ciddi problemlərlə üzləşirdilər. “AzRe Təkrarsığorta” ilə bu sahədə sazişin imzalanmasından sonra mövcud problemin aradan qaldırılması mümkün olub. Şirkət kənd təsərrüfatı sığortasına dəstək verəcək.
Göstərilən təqdimatda sığorta şirkətlərinin münayəndələrinə kənd təsərrüfatı sığortasının hansı şərtlər əsasında təkrar sığortalanması, verilən təminatlar, təminatın növləri, müqavilə şərtləri, zərərin tənzimlənməsi, sığorta ödənişi və məbləği, minimum tariflər və ümumilikdə, “AzRe Təkrarsığorta” şirkətinin buna dair təklifləri barədə məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət