"Azərbaycanın növbəti hərbi taktikası Paşinyanı sarsıtdı" - Hərbi ekspert
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ istiqamətində erməni hərbi birləşmələrinin güclü müdafiə xətti qurması ilə bağlı dedikləri növbəti əfsanədir.
Ens.az Konkret.az-a istinadən xəbər verir ki, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin sədri, hərbi icmalçı Ramil Məmmədli bildirib ki, Paşinyanın sələfləri də 2016-cı ilə qədər də Qarabağ istiqamətində qurulan “Ohaniyan müdafiə xətti” adlı nağıllar danışmaqla erməniləri inandırmışdılar. Bu nağıl 2016-cı ildəki aprel döyüşləri zamanı darmadağın oldu.
R.Məmmədlinin sözlərinə görə, Paşinyan Rusiyanın RBK televiziya kanalına verdiyi müsahibədə siyasi həyasızlığı ilə yanaşı, hərbi sahədə də məntiqsizliyini nümayiş etdirib:
“Separatçıların Qarabağda qoşunların təmas xəttində qurduqları müdafiə xəttinin keçilməzliyini gülməli şəkildə əsaslandırıb. Paşinyan deyir ki, Azərbaycan Dağlıq Qarabağ istiqamətindən erməni ordusunun müdafiəsindən qorxaraq hücum etmir. Çünki o istiqamətdə ermənilərin güclü müşahidə cihazları var. Bu cihazlar vasitəsilə erməni hərbi birləşmələri Azərbaycan Ordusunun hərəkətini – yerdəyişməsini nəzarət altında saxlayır. Əlbəttə, qarşı tərəfdə də müşahidə etmək üçün xüsusi cihazlar mövcuddur. Bu cihaz ermənilərdə 2016-cı ildə də var idi. Nə baş verdi? Ermənistan hərbi birləşmələri postları qoyub qaçırdılar. Qısa vaxtda ordumuz əfsanələşdirdikləri “Ohanyan müdafiə xətti”ni keçərək, düşmənə sarsıdıcı zərbələr vurdular. Bu faktdır və inkar etmək mümkün deyil. Bu mənada döyüşün taleyini görmə cihazları yox, düzgün taktika və hərbçilərin döyüş bacarığı həll edir. Paşinyan bu cür fikirlər söyləməklə özünü və erməni cəmiyyətini aldatmaqla məşğuldur”.
O bildirib ki, Paşinyanın müsahibədəki növbəti yalanı isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməməsi ilə bağlı olub:
“Halbuki iyulun 13-də Tovuza hücumun növbəti günü Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla ilə telefonla danışaraq, vəziyyətdən çıxış yolu arayıb. Zöhrab Mnatsakanyan KTMT üzvü olan ölkəyə qarşı bu cür hərəkətlərin qəbuledilməz olduğunu bildirib. Müraciətin və ya buna şikayət deyək, forması necə olur? Hətta məlumata görə, Ermənistan KTMT-nin iclasının çağırılmasına dair təkliflər irəli sürdüyü də bəllidir. Bir sözlə Ermənistan rəhbəri növbəti dəfə öz yalanları və məntiqsiz fikirləri ilə dünya ictimaiyyətini çaşdırmağa çalışıb”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət