Slimfit
  1. BİOQRAFİYA

Azərbaycanın ilk qadın balet ustası Qəmər Almaszadə

Azərbaycanın ilk qadın balet ustası Qəmər Almaszadə
Sakura

Azərbaycanın ilk qadın balet ustası Qəmər Almaszadə

eyli vaxt idi ki, Azərbaycanın ən məşhur, ən gözəl, ən şöhrətli qadınlarından biri Qəmər xanım Almaszadə haqqında, janrından asılı olmayaraq, nəsə hazırlamaq istəyirdim. Sözün düzü, xeyli vaxt dedikdə bu istəyin məndə nə vaxtdan yarandığını dəqiq deyə bilmərəm. Çünki, hələ tələbəlik illərində, konservatoriyada oxuduğum zaman məndə Qəmər xanımın şəxsiyyətinə, adına böyük maraq oyanmışdı. Həmişə onunla yaxından tanışlıq, səsini dinləmək, xatirələrini eşitmək arzusunda olmuşam.

1992-ci ilin yanvar ayından Azərbaycan Dövlət Televiziyasında işləməyə dəvət olundum. Elə o vaxtdan da ilk Azərbaycan balerinası, səhnəmizin şahzadəsi Qəmər xanım Almaszadə haqqında televiziya verilişi hazırlamaq istəyi məni rahat buraxmırdı. Lakin hər dəfə göstərdiyim cəhdlər boşa çıxır, mən veriliş hazırlamaq planımı ildən ilə keçirirdim. Keçən ilin əvvəllərindən başlayaraq XX əsr Azərbaycan mədəniyyəti salnaməsinin televiziya variantını hazırlamağı qərara aldım. Yüzilliyin son ilində mədəniyyətimizin keçdiyi şərəfli yola bir daha nəzər salmaq məqsədi ilə "Azərbaycantelefilm" Yaradıcılıq birliyində 20 filmdən ibarət sənədli filmlərin çəkilişinə razılıq aldım. Neç şübhəsiz ki, bu çox məsuliyyətli, olduqca ağır və gərgin zəhmət tələb edən bir layihədir. Eyni zamanda bu iş şərəfli olmaqla yanaşı məndən və bütün yaradıcı qrupumuzdan böyük məsuliyyət tələb edir. 20 filmdən ibarət "Hər şey olduğu kimi" silsiləsinin bir filmini mütləq əfsanəvi Qəmər xanıma həsr etməyi planlaşdırmışdım. Çünki Qəmər xanım XX əsrdə Azərbaycan mədəniyyətinin ən parlaq, ən təkrarolunmaz simalarından biri olmaqla yanaşı, həm də əsrin son ilində, yəni 2000-ci il mart ayının 15-də onun 85 yaşı tamam olurdu. Mən hər vasitə ilə Qəmər xanımla görüşməyə can atırdım. Lakin onun yaxınları hər dəfə sevimli sənətkarın səhhətinin ağır olduğunu bildirərək, görüşməyimizə imkan yaratmırdılar. Qəmər xanımın qardaşı, qocaman teatr rəssamı Ənvər Almaszadəni, qardaşı oğlu bəstəkar Çingiz Almaszadəni heç cür yola gətirə bilmirdim. Bu filmin çəkilişinin tarixi bir hadisə, gələcək nəsillər üçün vacib olması haqqında söylədiyim fikirlər də karıma gəlmirdi. Nəhayət, Çingizdən tam açıq danışmağı, bütün çılpaqlığı ilə hər şeyi izah etməsini tələb etdim. Çingiz xeyli tərəddüd keçirdikdən sonra əsəbi halda bildirdi: "Mənim bibim bugünkü vəziyyətində tamaşaçıların qarşısına çıxa bilməz. Siz başa düşməlisiniz ki, o, cavanlığında çox gözəl və yaraşıqlı bir qadın olub. Qəmər xanım canlı əfsanədir. Qoy insanların yaddasında elə də qalsın. Biz istəmirik ki, tamaşaçılar onu bu vəziyyətdə görsünlər. O, artıq yaşa dolub. Yaddaşı korlanıb. Bir saat bundan əvvəlki hadisəni belə xatırlamır. Yalnız keçmiş günləri ilə yaşayır. Ona görə də qorxuruq ki, film yaxşı alınmasın..."

Sözün açığı mən Qəmər xanımın yaxınlarının təşvişini başa düşürdüm. Çingiz Almaszadə ilə şərtləşdik ki, biz çəkilişlərə başlayaq. Əgər Qəmər xanıma layiq film alınmasa, efirə buraxmarıq. Bir sözlə, uzun mübahisələrdən sonra çəkilişə başlamaq üçün razılıq əldə etdik. Çəkiliş gününü də təyin etdik. Mən çəkilişə bir neçə gün qalmış ssenarini bütünlüklə dəyişməli oldum. Tamamilə yeni bir forma taparaq klassik sənədli film janrından imtina etməyi qərara aldım. Mən Qəmər xanımla bağlı Azərbaycan Dövlət foto-kino arxivində qorunan bütün kinokadrları əldə edərək onları video kassetə köçürdüm və özümlə videomaqnitofon götürərək həmin arxiv kadrlarını Qəmər xanıma göstərdim. Qəmər xanım bu kadrları gördükcə 50 il, 60 il bundan əvvəlki dövrə qayıdaraq həyatında, yaradıcılığında baş verən bütün hadisələri yenidən yaşamağa başladı. Bu priyom sanki onun yaddaşını silkələdi. O, uşaqlıq dövründən başlayaraq son vaxtlara qədər özü ilə bağlı verdiyim bütün suallara aydıncasına cavab verirdi. Kameramız da bütün bunları çəkirdi. Həqiqətən də olduqca maraqlı bir film alındı. Filmlə bağlı Qəmər Almaszadə haqqında əldə etdiyim məlumatları istəkli oxucularla bölüşmək istəyirəm.

Qəmər Almaszadə 1915-ci il mart ayının 15-də Bakıda anadan olub. Ğşaqlıq illəri Azərbaycan tarixinin çox ziddiyyətli bir dövrünə təsadüf etsə də, eyni zamanda bu dövr mədəniyyətimizin, incəsənətimizin formalaşdığı, inkişaf etdiyi bir dövr idi. Bakıda bir neçə teatr fəaliyyət göstərirdi. Üzeyir bəy Hacıbəyov musiqimizin, mədəniyyətimizin inkişafı üçün yeni cığırlar açır və həmkarları ilə gələcəkdə bütün dünyanı heyrətə gətirəcək böyük bir məktəbin əsasını yaradırdı.

O dövrdə Bakıda balet məktəbi yox idi. Sadəcə olaraq 1923-cü ildə özəl, şəxsi bir studiya yaradılmışdı. Bu balet studiyasında əsasən qeyri millətlərdən olan uşaqlar məşğul olurdular. Kiçik Qəmərlə qonşu olan bir rəfiqəsi də həmin studiyaya yazılır və müəllimlərdən öyrəndiyi hərəkətləri evə gəlib Qəmərə göstərirdi. Qəmər rəfiqəsinə həsəd apararaq hər gün onun balet studiyasından qayıtmasını səbirsizliklə gözləyir və öyrəndiyi yeni rəqs hərəkətlərini təkrarlamağa tələsirdi. Getdikcə Qəmərin rəqsə, baletə olan marağı, həvəsi onu nəhayət ki, studiyaya gətirir. O, evdəkilərdən xəbərsiz rəfiqəsi ilə balet studiyasına gəlir. Bu studiya şəxsi olduğuna görə ora yazılmaq üçün 6 manat pul ödəmək lazım idi. Balaca qızcığaz heç kimə bildirmədən bir müddət studiyaya ödəmək üçün xəlvəti pul toplamağa başlayır. 5 manat topladıqdan sonra yenidən studiyaya gəlir. 1 manat çatmasa da müəllimləri onun baletə olan həvəsini görüb Qəməri studiyaya qəbul edirlər. Beləcə, əfsanəvi balet ustası çox parlaq və şöhrətli yaradıcılıq yolunun ilk cığırlarını keçməyə başlayır. Qəmər elə ilk gündən müəllimlərinin diqqətini özünə cəlb edərək sonsuz həvəslə verilən bütün tapşırıqları yerinə yetirir. O, studiyada oxuyan sagirdlərin iştirakı ilə oynanılan "Billur çarıq və Zoluşka", "Karnaval", "Sehirli fleyta", "Koppeliya", "Kavaleriya düşərgəsi" və b. tamaşalarda çıxış edir.

1926-cı ildə Qəmərin həyatında əlamətdar və maraqlı bir hadisə baş verir. Opera teatrının səhnəsində balet studiyasının şagirdləri L. Delibın "Koppeliya" əsərini oynayırdılar. Qəmər də bu tamaşada iştirak edir. İkinci akt başlanır. Pərdə açılır. Ğsta Koppeliusun düzəltdiyi kuklalar səhnədə düzülüblər. Zalda tam sakitlikdir. Birdən zalda oturan uşaqlardan biri qışqırır:

"- Ana, ana! Bax, o, Qəmərdir". Cəhrayı rəngli çox gözəl paltarda olan kukla - Qəmər hərəkətə gəlir. O, səhnənin önünə yaxınlaşaraq onu görüb qışqıran qardaşı Ənvəri sakit olmağa çağırır. Sonra yerinə qayıdaraq yenidən "cansızlaşır" və kuklaya çevrilir. Tamaşaya mane olduqlarına görə Qəmərin qardaşı Ənvəri və anasını zaldan çıxarırlar. Balaca Qəməri də tamaşadan sonra müəllimləri möhkəm danlayırlar. Lakin sonralar hamı bu hadisəni bir lətifə kimi sevə-sevə, gülə-gülə xatırlayırdı. Onu da qeyd etməliyəm ki, Qəmərin baletlə məşğul olmasından atasının uzun müddət xəbəri yox idi. O, bu haqda yalnız anasına söyləmişdi. Anası qızının baletə olan sonsuz həvəsini görüb studiyada dərslərini davam etdirməyə razılıq vermişdi. "Koppeliya" tamaşasında sonra Qəmərin atası qızının xəlvəti məşğuliyyətindən xəbər tutur. Bu xəbər onu dəhşətə gətirir. Atası heç cürə qəbul edə bilmir ki, qızı teatrda səhnəyə çıxıb tamaşalarda iştirak edir. Qəmər xanım atasının qəzəbini belə xatırlayır: "Atam baletlə məşğul olmağımı və səhnəyə çıxdığımı biləndə qəzəbindən evdə hər şeyi sındırıb dağıtmağa başladı. Mən qorxumdan gizlənmişdim. O, məni tapanda gizləndiyim yerdən çıxıb otağın ortasındakı dəyirmi stolun ətrafında dövrə vurmağa başladım. Atam əlində ağacla qaçaraq qışqırırdı: "Səni öldürəcəyəm. Ay qız, sən dəli olmusan? Məşədi Hacıağanın qızı... açıq camaatın qabağına çıxır. Bu nə deməkdir? Öldürəcəyəm səni".

Həmin gün bir təhər canımı atamın əlindən xilas edə bildim. Bir neçə gün studiyaya getmədim. Anam əzab çəkdiyimi görüb atamı yavaş-yavaş sakitləşdirməyə və onu yumşaltmağa başladı. Nəhayət, atamın qəzəbi keçdikdən sonra o, mənim studiyaya getməyimə razılıq verdi. Lakin dönə-dönə tapşırdı ki, bir daha səhnəyə çıxmayım. Biz anamla atamın studiyaya getməyimə razılıq verməsinə çox sevindik. Ümumiyyətlə, həkim işləyən anam çox mütərəqqi bir qadın idi. O, teatrı, xüsusilə də baleti çox sevirdi. Anam mənim ilk tənqidçim idi. Hələ uşaqlıqdan və hətta sonrakı illərdə də, peşəkar səhnədə çalışdığım zamanlarda da mən bütün rəqslərimi ilk olaraq anama göstərirdim. Anam mənə çox qiymətli məsləhətlər verirdi. Hərdən hətta elə olurdu ki, onun tənqidlərindən mən hönkür-hönkür ağlayırdım. Lakin sonra başa düşürdüm ki, anam haqlıdır".

20-ci illərdə Azərbaycanda müxtəlif teatr truppaları fəaliyyət göstərirdi. Həmin truppalar həm dram əsərlərini, həm də operaları tamaşaya qoyurdular. Üzeyir bəyin, Müslüm Maqomayevin, Ərəblinskinin xidmətləri sayəsində teatr truppaları iki yerə ayrılır. Üzeyir bəy həmkarları ilə birlikdə ayrıca opera teatrının fəaliyyət göstərməsini vacib bir məsələ kimi qaldırır və nəhayət, 1925-ci ildə teatr truppalarının iki yerə bölünməsi nəticəsində Azərbaycanda "Türk opera teatrı" yaranır. 1930-cu ildə gənc Qəmər Almaszadə balet studiyasını bitirərək opera teatrına işə qəbul olunur. Atası qızını müəllim görmək istəyirdi. Onun Qəmərin opera teatrına işə girməyindən xəbəri yox idi. Qəmər paralel olaraq atasının məsləhəti ilə pedaqoji texnikuma daxil olur. Texnikumda təhsil almaqla yanaşı Qəmər opera teatrında yaradıcılıqla ciddi məşğul olmağa başlayır. Onun iştirak etdiyi bütün tamaşalar böyük uğurlar qazanır. Üzeyir bəy 15 yaşlı Qəməri hər vasitə ilə müdafiə edir və onun gələcəyi haqqında ciddi düşünür. Qəmər Üzeyir bəyin diqqət və qayğısından, məsləhətlərindən ruhlanaraq öz üzərində ciddi surətdə çalışır. Lakin atasının buna heç cür razı olmayacağını dərk edərək vəziyyətdən çıxış yolu axtarır. Qəmər xanım Opera Teatrında çalışdığı ilk illərini belə xatırlayır: "Hər dəfə səhnəyə çıxandan sonra evə qorxa-qorxa gedirdim. Atamın qəzəbindən çəkinirdim. Bilirdim ki, nə qədər gizlətsəm də, əvvəl-axır o səhnəyə çıxmağımdan xəbər tutacaq. Həmin dəhşətli anın qorxusu məni rahat buraxmırdı.

Günlərin birində qrim otağında idim. Tamaşanın başlanmasına lap az qalırdı. Birdən qarderobçu qadın otağıma girərək dəhşətdən bərəlmiş gözlərini mənə zillədi və "Atan zaldadır"- dedi. Mən özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Dizlərim əsirdi. Tamaşanı pozmamaq üçün birtəhər özümü ələ alaraq səhnəyə çıxdım. Tamaşadan sonra qrim otağına qayıtdım və tez-tələsik qrimi sildim. Evə getməkdən qorxurdum. Xeyli gözlədikdən sonra qorxa-qorxa evə gəldim. Həmin gün atam mənə heç bir söz demədi. Deyəsən çıxışım onun xoşuna gəlmişdi. Həm də sonralar bildim ki, Üzeyir bəyin mənə öz doğma qızı kimi göstərdiyi münasibət atamı bir qədər sakitləşdirib. O, sonralar tez-tez mənim oynadığım tamaşalara baxmağa gələrdi. Lakin bu haqda heç vaxt mənə bir söz deməzdi".

Qəmər xanım Almaszadə beləliklə böyük, peşəkar səhnəyə qədəm qoyur. Bu addımı atmaq o dövrdə olduqca çətin idi və sonsuz cəsarət tələb edirdi. Çünki elə bir dövr idi ki, Azərbaycan qadını hələ çadra altında gəzir və heç bir hüquqa malik deyildi. Elə bir dövr idi ki, səhnədə qadın rollarını kişilər ifa edirdi. Məhz belə dövrdə böyük səhnəyə gəlib kütləvi tamaşalarda iştirak etmək, tamaşalardakı rəqsləri ifa etmək böyük qəhrəmanlıq və mətanət tələb edirdi. Qəmər xanım lap gənc yaşlarından bu cəsarəti, qəhrəmanlığı özündə tapır və cəmiyyətin heç cür qəbul edə bilmədiyi bir addımı atır.

1932-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə Qəmər xanım peşəkar balet təhsili almaq üçün Moskvaya göndərilir. O, Böyük Teatrın nəzdindəki balet məktəbinə daxil olur. M. Leontyeva, A. İ. Çekrıgin, Monaxov kimi tanınmış balet ustalarından dərs alan Qəmər xanım təhsilini uğurla davam etdirir. Həmin ildə Bakıda

M. F. Axundov adına Dövlət Böyük Türk Teatrında

R. M. Qlierin məşhur "Şahsənəm" operası yenidən səhnəyə qoyulmaq üçün hazırlanır. "Şahsənəm" operası ilk dəfə 1927-ci ildə səhnəyə qoyulmuşdu. Lakin həmin vaxt əsər uğur qazana bilməmişdi. Çünki operanın librettosu olduqca zəif yazılmışdı və tamaşa rus dilində göstərilirdi. "Şahsənəm" operası hazırlanarkən ilkin olaraq librettonu yazmaq görkəmli dramaturq Cəfər Cabbarlıya tapşırılır. Lakin hansı səbəbdənsə sonralar ədibə inamsızlıq göstərilir və əsərin librettosunu yazmaq M. Qalperinə tapşırılır. Bir dramaturq kimi olduqca zəif olan Qalperinin librettosu əsasında yazılan opera 1927-ci ildə uğursuzluğa düçar olur. Ona görə də 1932-ci ildə Azərbaycan dilində libretto yazmaq yenidən Cəfər Cabbarlıya tapşırılır. Eyni zamanda həmin dövrdə Moskva konservatoriyasının dirijorluq fakültəsində təhsil alan Əfrasiyab Bədəlbəyli də operanın yeni redaksiyasının hazırlanmasında iştirak etmək üçün Bakıya çağırılır. "Şahsənəm" operasını ikinci redaksiyada səhnələləşdirmək üçün qızğın iş gedir. R. M. Qlier əsərdəki "Vakxanaliya" və fars rəqslərinin yalnız Qəmər Almaszadənin ifasında etməsini arzuladığını təkidlə bildirir. Ona görə də Qəmər xanımı Moskvadan Bakıya çağırırlar. "Şahsənəm" operası ikinci redaksiyada çox böyük uğurlar qazanır.

Təhsilini davam etdirmək istəyi Qəmər xanımı rahat buraxmır. Nəhayət, 1933-cü ildə gözəl Qəmər xanım Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki qocaman, dünyaca məşhur xoreoqrafiya məktəbinə daxil olur. Özü də Mariya Feodorovna Romanova-Ğlanovanın sinfinə. O, dünya baletinin sönməz ulduzu Qalina Ğlanovanın anası və müəllimi idi. Əlbəttə, Qəmər xanım üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Mariya Feodorovna Qəmər xanımın istedadına valeh olur və onunla hamıdan fərqli, çox ciddi məşğul olur. Xoreoqrafiya məktəbində Qəmər xanımı hamı istedadına görə "Almaz"- deyə çağırırdı.

1936-cı ildə Qəmər xanım təhsilini böyük müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıdır. Azərbaycanın xoreoqrafı, milli baletimizin yaradıcısı artıq fəaliyyət göstərən balet məktəbində və opera teatrında çalışır. Həmin il Qəmər Almaszadənin yüksək səviyyədə təhsil alıb Bakıya dönməsini nəzərə alaraq Üzeyir bəy filarmoniyanın nəzdində Azərbaycan xalq rəqsləri ansamblını yaradır. O, gənc Qəməri ansamblın bədii rəhbəri təyin edir. Eyni zamanda Üzeyir bəy Azərbaycanın bütün bölgələrindən xalq rəqslərini toplayıb böyük səhnəyə gətirməyi çox vacib bir vəzifə kimi ansamblın qarşısında qoyur. Qəmər xanım xoreoqrafiya məktəbində, opera teatrında və yeni yaranmış ansamblda yorulmaz fəaliyyətə başlayır. Üzeyir bəyin göstərişi ilə ansamblın nəzdində xüsusi ekspedisiya qrupları yaradılır. Musiqiçilərdən, bəstəkar və kinooperatordan ibarət olan bu ekspedisiya qrupları Qəmər xanımın rəhbərliyi ilə Azərbaycanın müxtəlif rayonlarına səfərə çıxır və xalq rəqslərini toplamağa başlayırlar. Həmin rəqslər sonra ansamblın repertuarına daxil edilərək peşəkar səviyyədə ifa olunur. Qəmər xanım bu sahədə misli görünməmiş xidmətlər göstərərək Azərbaycanın müxtəlif bölgələrindən saysız-hesabsız xalq rəqslərini toplayır və onları böyük səhnəyə gətirir.

Ansambldakı əvəzolunmaz fəaliyyəti ilə yanaşı görkəmli sənətkar opera teatrına da olduqca məhsuldar xidmət göstərir. O, M. Maqomayevin "Şah İsmayıl", "Nərgiz", Qlierin "Şahsənəm", Üzeyir bəyin "Koroğlu" operalarında rəqsləri qeyri-adi yüksək səviyyədə ifa edir və tamaşaçıların rəğbətini qazanır.

1939-cu ildə Bakı xoreoqrafiya məktəbinin ilk buraxılışı olur. Bu münasibətlə bəstəkar Əfrasiyab Bədəlbəyli uşaqlar üçün bir pərdəli "Tərlan" baletini yazır. Hələ Moskvadan və Leninqraddan bir-biri ilə yaxından tanış olan, sonralar ailə həyatı quran bu iki görkəmli sənətkar Azərbaycan mədəniyyətinə çox böyük xidmətlər göstərmişlər. 1936-cı ildə Üzeyir bəyin təşəbbüsü ilə yaradılan rəqs ansamblında da hər iki sənətkar birgə fəaliyyət göstərmiş və Azərbaycanın rayonlarını bir-bir gəzərək yüzillərdən bəri mövcud olan xalq rəqslərimizi toplayaraq onlara əbədi həyat vermişlər. Ə. Bədəlbəylinin "Tərlan" baletini Qəmər xanım xoreoqrafiya məktəbinin tələbələrinin qüvvəsi ilə səhnələşdirir. Bu onun xoreoqraf kimi ilk işi idi. Məhz Əfrasiyab Bədəlbəyli - Qəmər Almaszadə birliyi 1940-cı ildə Azərbaycan baletinin bünövrəsini qoyur. Görkəmli bəstəkar sevimli həyat yoldaşına həsr etdiyi "Qız qalası" baletini yaradır. Mədəniyyətimizin ən parlaq incilərindən olan "Qız qalası" baletindəki əsas rolu - Gülyanaq rolunu Qəmər xanım qeyri-adi yüksək ustalıqla ifa edir və Azərbaycan balet məktəbinin əsasını yaradır.

Bir jurnal məqaləsində görkəmli sənətkar Qəmər Almaszadənin keçdiyi böyük, uğurlu və müqayisəolunmaz yaradıcılıq yolunu bütünlüklə işıqlandırmaq mümkün deyil. Milli mədəniyyətimizin ən parlaq simalarından olan Qəmər xanım Almaszadənin yaradıcılığı xüsusi tədqiq olunmalı və araşdırılmalıdır. Onun göstərdiyi təkrarolunmaz xidmətlər hər zaman sənətşünasların diqqətini cəlb edəcəkdir. Lakin mən bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. Qəmər xanım özü qeyd edir ki, onun iki dahi müəllimi olub. Biri

M. F. Romanova-Ğlanova, digəri isə ölməz Azərbaycan xalqı. Görkəmli sənətkarın əlçatmaz yaradıcılıq uğurları məhz bu iki böyük məktəbin vəhdətindən yaranmışdır. Qəmər xanım klassik baletlə Azərbaycan milli rəqs elementlərinin sintezi əsasında dünya balet tarixində yalnız özünəməxsus orijinal bir məktəb yaratmışdır. O, dünyanın ən məşhur səhnələrində Azərbaycan baletinin şöhrətini göylərə qaldırmış və balet tarixində bütöv bir dövr yaratmışdır. Qəmər xanım mədəniyyət tariximizdə ən parlaq bir səhifədir. Mən yalnız bircə dəfə onunla görüşsəm də bu günə qədər həmin zərif, incə, olduqca gözəl və qeyri-adi, əsil Azərbaycan qadınının təsir dairəsindən çıxa bilməmişəm.

Çəkilişimizi başa vurduqdan iki gün sonra xəbər aldım ki, Qəmər xanım evdə yıxılıb və ayağını sındırıb. Bütün dünyanı heyrətə gətirən, quş kimi süzən bu ayaqlar ömrü boyu ona şan, şöhrət, uğur, pərəstiş, sonsuz sevgi gətirdiyi halda indi əzab və iztirablar verir. Dünyanın bu amansız işlərindən heç baş açmaq olmur. Bu qədər zərif və nəcib, xeyirxah və gözəl, istedadlı və təvazökar qadın ömrünün 85-ci ilində yataq dustağına çevrilib.

Allah Sizə şəfa versin, Qəmər xanım. Kaş ki, mən bu xəbəri eşitməyəydim. Heç cürə qəbul edə bilmirəm ki, sevimli, əziz, mehriban, gözəl Qəmər xanımın ayağı sınıb və məhz ayağı ona əzab verir...

Qəmər Almaszadənin ifa etdiyi rollar:

1931-ci il - Tao Xoa. R. Qlier. "Qırmızı lalə".

1936-cı il - Medora. A. Adan. "Korsar".

1939-cu il - Mariya. B. Asafyev. "Baxçasaray fontanı".

1940-cı il - Gülyanaq. Ə. Bədəlbəyli. "Qız qalası".

1943-cü il - Raymonda. A. Qlazunov. "Raymonda".

1945-ci il - Odetta-Odilliya. R. Çaykovski. "Qu gölü".

1945-ci il - Kitri. L. Minkus. "Don Kixot".

1949-cu il - Maşa. P. Çaykovski. "Şelkunçik".

1950-ci il - Gülşən. S. Hacıbəyov. "Gülşən".

1952-ci il - Ayşə. Q. Qarayev. "Yeddi gözəl".

Qəmər Almaszadənin quruluş verdiyi əsərlər:

1939-cu il - Ə. Bədəlbəyli. "Tərlan" (Xoreoqrafiya məktəbi).

1948-ci il - Ə. Bədəlbəyli. "Qız qalası".

1949-cu il - İ. Morozov. "Doktor Aybolit".

1949-cu il - S. Hacıbəyov. "Gülşən".

1951-ci il - S. Hacıbəyov. "Gülşən" (SSRİ Dövlət mükafatına layiq görülüb. Yeni redaksiya).

1951-ci il - B. Asafyev. "Baxçasaray fontanı".

1952-ci il - Q. Qarayev. "Yeddi gözəl".

1954-ci il - R. Qlier. "Qırmızı lalə".

1955-ci il - P. Çaykovski. "Yatmış gözəl".

1956-cı il - A. Kreyn. "Laurensiya".

1957-ci il - B. Zeydman. "Qızıl açar".

1958-ci il - Ə. Bədəlbəyli. "Qız qalası" (yeni redaksiya).

1959-cu il - R. Driqo. "Arlekinada".

1959-cu il - S. Hacıbəyov. "Gülşən" (yeni redaksiya).

1959-cu il - C. Cahangirov. "Məhsul" süitası (Qəmər xanım bu əsərin solo hissəsini Moskvada, Böyük Teatrın səhnəsində ifa etmişdir. Bu onun səhnədə son rəqsi idi. Həmin il sənətkar SSRİ xalq artisti adına layiq görülür).

1961-ci il - A. Adan. "Jizel".

1963-cü il P. Çaykovski. "Qu gölü".

1965-ci il - Ə. Abbasov. "Qaraca qız".

1968-ci il - F. Əmirov. "Şur".

1973-cü il - L. Minkus. "Don Kixot.

1974-cü il - C. Cahangirov. "Şənlik rəqsi" (konsert süitası).

1977-ci il - Ə. Bədəlbəyli. "Qız qalası" (Yeni redaksiya).

Qəmər Almaszadənin operalarda ifa etdiyi rəqslər:

S. Quno. "Faust".

M. Musorqski. "Boris Qodunov".

A. Borodin. "Knyaz İqor".

C. Verdi. "Aida".

Ü. Hacıbəyov. "Leyli və Məcnun", "Koroğlu".

M. Maqomayev. "Şah İsmayıl".

R. Qlier. "Şahsənəm".

Onu da qeyd etməliyəm ki, 1970-ci ildə İraq Mədəniyyət Nazirliyinin dəvəti ilə Qəmər xanım Almaszadə bu ölkə tarixində ilk dəfə olaraq milli rəqs ansamblı yaratmaq üçün Bağdada gedir. İki illik gərgin əməyin nəticəsində görkəmli sənətkar İraqda çox gözəl bir rəqs kollektivi yaradır. Bu kollektiv nəinki İraqda, dünyanın bir çox ölkələrində də böyük şöhrət qazanır. Qəmər xanım İraqda da milli rəqsləri həvəslə öyrənir və onları böyük səhnəyə gətirir. İraq milli rəqs ansamblı Qəmər xanımın rəhbərliyi ilə 50-dən artıq ölkədə konsertlər vermiş və müxtəlif beynəlxalq rəqs festivallarında iştirak edərək qələbələr qazanmışdır. Bu günə qədər də İraqda Qəmər xanımın adı hörmət və ehtiramla yad edilir.

Qəmər Almaszadənin yetirdiyi görkəmli balet ustaları:

Leyla Vəkilova - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.

Nailə Nəzirova - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.

Vera Tsiqnadze - Gürcüstan xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.

Rəfiqə Axundova - Azərbaycanın xalq artisti.

Tamilla Şirəliyeva - Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.

Çimnaz Babayeva - Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı laureatı.

Tamilla Məmmədova - Azərbaycanın əməkdar artisti.

Güllü Xuda Qulu - Varna opera teatrının baletmeysteri (Bolqarıstan).

Olqa Arifulina - Azərbaycanın əməkdar artisti.

İrina Nizamətdinova - Azərbaycanın əməkdar artisti.

Valentina Zeynalova, Lüdmila Letyaqina - M. F. Axundov adına Azərbaycan Dövlət Akademik opera və balet teatrının solistləri.

Olqa Pavlova -"Moskva klassik baleti" ansamblının solisti.

A. Putinova - Leninqrad "Xoreoqrafik miniatürlər" ansamblının solisti.

M. Abdullayeva, V. Nekrasova - Kirov adına Leninqrad opera və balet teatrının solistləri.

V. Klevşinskaya-Budarina - Novosibirsk opera və balet teatrının solisti və başqaları.

 

Müəllif: K. Şaxverdiyev

 

Mənbə: Musigi-dunya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR