Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Azərbaycanın gözdən iraq düşmüş cənnəti - Burda həm dincəlmək olar, həm də yaşamaq

Azərbaycanın gözdən iraq düşmüş cənnəti - Burda həm dincəlmək olar, həm də yaşamaq
Sakura

Burada xarici və yerli turistlər yay istirahətini ucuz, səmərəli və maraqlı keçirə bilərlər

Təbii gözəlliklərlə və fərqli iqlim tipləri ilə zəngin Azərbaycanda həm yay, həm qış turizmi üçün əlverişli şərait mövcuddur. Xarici və yerli turistlərin yay istirahətini səmərəli və maraqlı keçirə biləcəyi bölgələrimizdən biri də Mingəçevir şəhəridir.

Eyniadlı "dəniz"-in sahilində yerləşən ecazkar şəhər

Mingəçevir bir çox xüsusiyyətlərinə görə Azərbaycanın ən gözəl şəhərlərindən biri, bəlkə də birincisidir. Coğrafi cəhətdən, təxminən, ölkənin mərkəzində yerləşən Mingəçevir Kür çayının sağ və sol sahillərini əhatə edir. Azərbaycanın 4-cü böyük şəhəri olan Mingəçevir, ərazisinə görə "dəniz" adlandırılan Mingəçevir Su Anbarının sahilində yerləşir.


Ölkədə ən geniş küçələrə sahib olan Mingəçevir, eyni zamanda ən yaşıl şəhər statusunu da özündə saxlayır. 1984-cü ildə SSRİ-nin "ən təmiz və ən yaşıl şəhəri" adını alan sözügedən ərazi bu gün də öz yaşıllığı və ekoloji təmizliyini qoruyub saxlamaqdadır.

Şəhərdə 10-dan çox böyük park salınıb. Eyni zamanda şəhərin geniş küçələri boyunca parklardan heç də geri qalmayan yaşıllıqlar salınıb ki, istirahət və əyləncə üçün çox əlverişlidir. Mülayim iqlim şəraitinə aid ərazidə il ərzində günəşli günlərin sayı 240-250-yə çatır. Bu da ilin yarıdan çoxunu çimərlik istirahətinin kefini çıxarmağa şərait yaradır.

Yay istirahətinin gözəl məkanı  

Şəhəri ikiyə bölən Kür çayı və "dəniz" sahili burada yay turizmi üçün əlverişli imkanlar yaradır. Mingəçevir su anbarının sahilində yerləşən, ölkənin yeganə şirin sulu çimərliyi ilin yarıdan çoxunu istirahətə gələnlərin üzünə açıq olur. Çimərlikdə ödənişli yerlərlə yanaşı tam ödənişsiz çimərlik sahələri də mövcuddur. Bundan başqa Bozdağın yamacları arasında 70 kilometr məsafəyə uzanan şirin su hövzəsi şəfalı qumlu sahilləri ilə dincəlmək, balıq tutmaq istəyənlərin yolunu gözləyir.

Həm Kür çayında, həm Mingəçevir Su Anbarında ilin bütün fəsillərində balıq tutmaq üçün şərait mövcuddur. Mingəçevir su hövzəsindəki Şah mahi (şamayka), şırvıd (sudak), xəşəm, sazan kimi balıq növləri və Kür çayında olan xərçənglər özünəməxsus dadı ilə fərqlənir.
Mingəçevirdə istənilən istiqamətlərdə balıq tutmaq üçün tilov və digər ləvazimatlar tapmaq mümkündür. Qiymətləri isə 5 manatdan başlayaraq 30 manat aralığında dəyişir. Dəniz qırağında açıq suda balıq tutmaq üçün müxtəlif tipli kiçik qayıqlar kirayələmək mümkündür. Qayıqların bir saatlıq kirayə qiyməti 20-50 manat arasında dəyişir.

Bundan başqa, istənilən vaxt, şəhərin bütün istiqamətlərində yerləşən dəbdəbəli restoranlarda və balıqçı daxmasını andıran kiçik yeməkxanalarda hazır balıq da yemək mümkündür. Bişirilən balıqların dadında fərq olmasa da qiymət və komfort baxımından turistlər büdcələrinə uyğun istənilən yeri seçə bilərlər.

Mingəçevir ovçuluq üçün də əlverişlidir. Ətrafdakı dağlarda kəklik, turac, dovşan, su hövzəsində isə qaz, ördək, qaşqaldaq, sutoyuğu və sultan quşlarına rast gəlmək olur. Lakin ilin bəzi aylarında quş ovu qadağan olunub. Ov etmək istəyən turistlər əvvəlcədən xüsusi icazə almalı və uyğun zaman seçərək aidiyyatı üzrə müraciət etməlidirlər.

Ucuz şəhər

Mingəçevirdə istirahətə gələnlər üçün istənilən büdcəyə uyğun otel, hostel və gündəlik evlər tapmaq mümkündür. Şəhərdə bir neçə mehmanxana fəaliyyət göstərir ki, onlardan biri 5 ulduzlu, 2-si isə 4 ulduzlu mehmanxanalardır.

5 ulduzlu oteldə otaqların gündəlik qiymətləri 90-240 manat arasında, 4 ulduzlu otellərdə isə 70-150 manat aralığında dəyişir. Şəhərin baxımlı yerlərində o birilərdən heç də geri qalmayan, nisbətən kiçik otellər də var ki, onlarda da qiymət 40-100 manat fərqindədir.

Bundan başqa, şəhərdə hostel və yataqxana tipli, həmçinin kirayəlik mənzillər də tapmaq mümkündür. Hostellərin qiyməti 10 manatdan, kirayə evlər isə şəraiti və ərazisindən asılı olaraq gündəlik 20-50 manat arasında dəyərləndirilir.

Mingəçevir Azərbaycanın iri sənaye şəhərlərindən hesab olunsa da, bir çox müəssisələrin tam gücü ilə işləmədiyinə görə ölkənin kasıb bölgələrindən hesab olunur. Bu səbəbdən də bir çox məhsulları burada digər bölgələrə nisbətən daha ucuz əldə etmək mümkündür.

Bəs Mingəçevirə necə getmək olar?

Mingəçevir Bakıdan 323 km məsafədə yerləşir. Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm də avtobusdan istifadə etmək mümkündür. Bakıdan Mingəçevirə, təxminən, 4,5 saat yol qət etmək lazımdır.

Mikroavtobuslar Bakıdan-Mingəçevirə hər gün Bakı Beynəlxalq Avtovağzalından səhər saat 7:00-dan axşam 18:00-dək yola düşür. Böyük avtobuslar isə 15:00-dan 18:00-dək bir saat fasilə ilə yola çıxır. Avtobusda bir yerin qiyməti 6 manat təşkil edir.

Mingəçevirə taksi ilə getmək istəyənlər paytaxtdan və əks istiqamətdə adambaşına 15 manat ödəməklə mənzil başına çata bilərlər.

Dəmir yol vağzalından hər gün Mingəçevir-Bakı-Mingəçevir marşrutu ilə müasir tipli sürət qatarı xidmət göstərir. Şəhərin dəmir yol stansiyası Bakı-Tbilisi magistral dəmir yolundan 18 km məsafədə yerləşir.

Beynəlxalq əhəmiyyətli ən yaxın hava limanı 80 km məsafədə — Gəncə şəhərində, respublika əhəmiyyətli hava limani isə 30 km məsafədə — Yevlax şəhərindədir.


Mənbə: https://sputnik.az/life/20180715/416214497/azerbaycanda-yay-turizminin-yeni-unvani.html
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR