Azərbaycanın fövqəladə hallar naziri Polşada səfərdə olub
Fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-də Polşada səfərdə olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Polşanın hökumət nümayəndələri ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.
Nazir Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yadviqa Emileviç, infrastruktur nazirinin müavini, Azərbaycan Respublikası – Polşa Respublikası nəqliyyat və logistika işçi qrupunun Polşa tərəfindən həmsədri Andjey Bittel ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı və komissiyanın növbəti iclasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilib. Həmçinin iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində keçirilən “dəyirmi masa”da ölkələrimiz arasında iqtisadi inkişafın hazırkı səviyyəsi müzakirə edilib, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət